Məhkəmə qərarları › İş №1(006)-349/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-349/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-349/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,598 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,598 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08 aprel 2023-cü il tarixdə saat 15:30 radələrində yaşadığı məhlədə, ünvan 3 ünvanın yaxınlığında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 15:50 radələrində Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki gödəkçəsinin cibindən özünə məxsus bir ədəd işlək vəziyyətdə olan “LG” markalı mobil telefonunu, bir ədəd üzərində “Attenti” yazılan məhkumluğa aid qolbağı, bir qutu “Rotmans” siqaretini masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra o, əynindəki şalvarının cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi şəffaf sellofanın içərisində qəhvəyi rəngli tozşəkilli maddənin el arasında “kakos" deyilən narkotik maddə olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar edilən təqdim etdiyi həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, narkotik vasitə istifadə etdiyini, bu məqsədlə xx.xx.2023-cü il tarixində səhər saatlarında Nəsimi rayonu “Kubinka" adlanan ərazidən “Nurlan" adlı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə ona əməliyyat məlumatı daxil olmuş, o, həmin məlumatın yoxlanılmasından ötrü Nəsimi RPİ-nin rəisinə raportla məruzə etmişdir. Nəsimi RPİ-nin NBM-nin kiçik inspektoru, Şahid2 iştirakı ilə 08 aprel 2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 3 ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq həmin gün saat 15:50 radələrində Nəsimi RPİ-nə aparılmışdır. Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik- leytenantı İlham Məmmədovun xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin cibindən özünə məxsus “LG" markalı mobil telefonu və üzərində “Attenti" yazılmış məhkumluğa aid qolbağını, bir qutu "Rothmans" markalı siqareti çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd şəffaf sellofan torbaya bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddəni çıxardaraq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı, onun əynində olan şalvarının və gödəkçəsinin ciblərinə baxılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra həmin şəffaf sellofana bükülmüş maddə bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu, eləcə də zərfin üzərini imzalamışlar. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Nəsimi RPİ-nin NBM-nin kiçik inspektoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23-24); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.96-99); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Əliyev X3 RPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.45-48); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2067 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə təmiz çəkisi 0,598 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (i.v.56-59); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2734 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.126-127); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,598 qram olan narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,548 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v.133-139); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.106-107); - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, cəzasının əvvəli xx.xx.2022-ci il, cəzasının sonu xx.xx.2024-cü il tarixə hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasından xx.xx.2023-cü il tarixədək 09 ay 17 gün çəkmiş və onun 01 il 01 ay 16 gün çəkilməmiş cəzası qalmışdır; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan göy rəngli cins şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümün içərisindəki maddənin “heroin” olduğunu və onu “Kubinka" adlanan ərazidən “Nurlan" adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, habelə təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda onun çəkilməmiş cəza müddəti 01 il 01 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə, yəni hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 212/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 15 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 06 (altı) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxsnın hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığı müəyyən olunduğundan məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2734 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİnin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,548 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 01 il 01 ay 15 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 06 (altı) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,548 narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi)manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar