Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-352/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, X1, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyətcə rus, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 08 mart 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan "Ləlö" ləqəbli şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə, təmiz çəkisi 0,353 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib özündə saxlayaraq daşımış və 08.03.2021-ci il tarixdə, saat 16:55-də Nəsimi RPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Nəsimi RPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən qızılı kağıza bükülmüş 01 bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Elan edilmiş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,353 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, özündə saxlayaraq daşımasını əsas tutaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bununla da, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin obyektiv cəhəti kimi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutur. Lakin cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən, Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarındakı sənədlərin Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə riayət etmədən tərtib olunması nəticəsində təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması və daşıması faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, uşaq evində böyümüşdür, şəxsi evi, yaşadığı ünvanı yoxdur, küçələrdə qalır. Onu polis əməkdaşları dəfələrlə polis idarəsinə çağırmış, pul təklif etmiş, üzərinə külli miqdarda narkotik vasitəni götürüb küçədə yatmaqdansa həbsdə yatmağı təklif etmişlər. Bundan imtina etsə də, polis əməkdaşları onu rahat buraxmamışlar. Tutulduğu gün, yəni 08.03.2021-ci il tarixində Nəsimi rayon polis idarəsinin əməliyyatçısı Şahid1 səhər saatlarından başlayaraq ona zəng etmiş, onun çağırışı ilə polis idarəsinə getmişdir. Polis idarəsində ona təzyiqlər göstərilmiş, üzərinə narkotik vasitə qoyulmuş, təzyiq və işgəncələrə dözməyib hər şeyi boynuna götürmüş, narkotikin guya ona məxsus olmasını, şəxsi istifadəsi üçün aldığına dair ifadəni imzalamışdır. Təqsirli olmadığını, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, artıq istifadə etmədiyini, islah olunduğunu, polislərin çağırışı ilə idərəyə getdiyini, üzərində narkotik vasitə olmadığını bildirərək, məhkəmədən heç bir təqsiri olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı etirafedici ifadəsinin verməsi ilə əlaqədar proses iştirakçılarının suallarına cavab olaraq, qeyd olunan ifadələrin müstəntiq tərəfindən yazıldığını, ona göstərilmiş qorxu və təzyiq nəticəsində həmin ifadələri imzaladığını, hətta barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı məhkəmə iclasında verdiyi ifadəsində də özünü təqsirli bilmədiyini, istintaqın qanunsuz hərəkətlərindən Ombudsmana şikayət etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin X3 əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 08.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə edilməsi, saxlanılması və istifadəsi ilə bağlı daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi 1 ünvanının qarşısında saxlanılmış, Nəsimi rayon Polis İdarəsinə dəvət olunmuş, üzərinə videoçəkilişlə baxış zamanı təqsirləndirilən şəxs narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmiş, həmin narkotik vasitəni öz istifadəsi üçün “Papanin” adlanan yerdən bir şəxsdən aldığını bildirmişdir. Şahid ibtidai istintaq zamanı geniş ifadə verərək bildirmişdir ki, 08.03.2021-ci il tarixdə Nəsimi rayonu ərazisində yaşayan «Vadim» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin X4 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra Nəsimi RPİ-nin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq “Vadim" adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Vadim” adlı şəxsin Nəsimi rayonu inzibati ərazisində ola biləcəyi ünvan müəyyən edildikdən sonra əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin tarixdə, yəni 08 mart 2021-ci il tarixdə, saat 16:55 radələrində ünvan 3 ünvanın qarşısında “Vadim” adlı şəxsin hərəkətdə olduğunu görüb Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmişdir. Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Saleh Salahzadənin, X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışın aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddəni çıxardaraq masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, lakin o, üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin üzərində başqa hər hansı bir əşya aşkar edilməmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddənin nə olduğunu və haradan əldə etməsi soruşulmuş, o bildirmişdir ki, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan narkotik maddə heroindir. Həmin narkotik maddə olan “heroini" 08 mart 2021-ci il tarixdə səhər vaxtlarında Nəsimi rayonu "Papanin" adlanan ərazidən "LəLö” ləqəbli şəxsdən öz istifadəsi üçün 10 (on) manata alaraq üzərində saxlayaraq daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş siqaretin qızılı kağızına bükülmüş 01 ədəd büküm təhqiqatçı Saleh Salahzadə tərəfindən qablaşdırılaraq, zərfə qoyulmuş və möhürlənərək bağlanılmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasına gətirilən zaman və Nəsimi RPİ-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. (i.v.143-146) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin X3 əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Həmçinin Şahid2 ibtidai istintaq zamanı da digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarının 54-60-cı vərəqlərində olan, “şəxsi axtarış və götürmə haqqında protokol”da qeyd olunur ki, 08 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üstünə qoymuşdur. Sonra üzərinə axtarış aparılmağa başlanmış, ilk öncə geyindiyi qara rəngli gödəkçəsinin boynuna, sağ, sol və iç ciblərinə baxılmış, lakin hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ-sol ciblərinə baxılmış, lakin hər hansı əşya aşkar edilməmişdir. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızılı rəngli kağıza bükülmüş 01 ədəd bükümün “heroin" olduğunu bildirmişdir. Ondan həmin vasitənin haradan əldə etdiyinin və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs 08 mart 2021-ci il tarixdə səhər vaxtı "Ləlö” ləqəbli şəxsdən "Papanin" kimi tanınan ərazidən istifadəsi üçün 10 (on) manata aldığını bildirmişdir. Cinayət işinin materiallarının 62-ci vərəqində olan, şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən DVD diskin məhkəmədə nümayişi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əvvəlcə təqsirləndirilən şəxsə üzərində olan əşyaların təqdim olunması təklif olunur. Təqsirləndirilən şəxs heç bir əşya təqdim etmədikdə, təhqiqatçı S.Salehzadə tərəfindən ona ciblərinə baxması təklif olunur. Təqsirləndirilən şəxs ciblərindən heç bir əşya çıxarmadığı zaman, təhqiqatçı ona əynində olan gödəkçəsinin sol iç yan cibinə işarə edərək – “..bu cibinə bax, bura bax..”- deyir. Təqsirləndirilən şəxs, təhqiqatçının göstərdiyi cibə əlini salır və kiçik bükümü çıxarıb təhqiqatçıya təqdim edir. Üzərində başqa nə isə olub–olmadığı soruşulur. Əynində olan gödəkçənin təkcə boyun hissəsi yoxlanılır. Sonra təqsirləndirilən şəxs kəmərini və ayaqqabısını çıxarır. Başqa heç bir əşya aşkar edilmir. Üzərindən çıxan əşyanın nə olduğu, hardan əldə etdiyi, kimdən aldığı soruşulur. Təqsirləndirilən şəxs həmin əşyanın narkotik maddə olduğunu bildirir. Həmin əşya ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Cinayət işinin materiallarının 66-69-cu vərəqlərində olan, məhkəmə-kimyəvi ekspetizasının 09 mart 2021-ci il tarixli, 6/953 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində; «...şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)» sözləri olan zərfdəki 1 ədəd bükümdə ümumi çəkisi 0.353 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərhaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. Cinayət işinin materiallarının 127-141-ci vərəqlərində olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30.09.2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə Xətai rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 ay 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qeyd olunanlardan görünür ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Cinayət işinin materiallarının 156-157-ci vərəqlərində olan, məhkəmə-narkoloji ekspertizasının 06 may 2021-ci il tarixli, 1411 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarının 159-164-cü vərəqlərində olan, sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi çəkisi 0,353 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalıq 0,303 qram narkotik vasitə heroin müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saxlanması üçün Bakı şəhəri Nəsimi RRİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir Həmçinin, "xxxx" MMC-dən daxil olmuş 02.08.2021-ci il tarixli, 15632 nömrəli məktuba əlavə olunmuş mobil operatorunun anten məlumatlarına əsasən, cinayət işi üzrə şahid qismində dindirilmiş, Nəsimi RPİ-nin X3 əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 məxsus 055 560-00-08 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus olan 050384-20-93 mobil telefon nömrəsinə 08.03.2021-ci il tarixdə, səhər saatlarından başlayaraq - 09:42, 10:16, 11:26, 12:32, 12:54, 13:39-dan təqsirləndirilən şəxsin saxlanıldığı saatadək, son zəng 16:45 olmaqla dəfələrlə zəng daxil olmuşdur. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları, o cümlədən axtarış və götürmə haqqında olan protokolu, habelə əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının, təhqiqatçının şahid qismində verdikləri ifadələrini tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, gödəkçəsinin cibində olan 0,353 qram narkotik vasitə olan herion əldə edərək, daşımaqla üzərində saxlamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə ittiham və müdafiə tərəfinin irəli sürdüyü dəlilləri, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 12.1 -ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1 -ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Məhkəmə, cinayət işinin materiallarını hərtərəfli tədqiq edib, məhkəmə araşdırması zamanı ittiham tərəfindən irəli sürülmüş sübutlara ayrı-ayrılıqda nəzərdən keçirilməsini zəruri hesab edərək, onların - şəxsin təqsirli bilinərək məhkum olunması üçün kifayət qədər əsaslı, heç bir şübhə doğurmayan, tutarlı, qənaətbəxş olmaması kimi qiymətləndirir, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar həcmi ilə bərabər, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsində nəzərə alınması zəruri olan müəyyən edilmiş ayrı-ayrı məqamları da qeyd etməyi zəruri hesab edir. Belə ki, işin hallarından da məlum olduğu kimi, Təqsirləndirilən şəxs milliyətcə rusdur. 08 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılarkən ondan (i.v.13) tərcüməçinin xidmətlərindən imtina etməsinə dair – latın qrafikası ilə kifayət qədər qrammatik səhvlərlə yazılmış ərizə alınmış, ona müdafiəçi təqdim olunmuş, üzərində axtarış və götürmə istintaq hərəkəti aparılmış, buna dair protokol tərtib olunmuş, o, şübhəli şəxs qismində dindirilmişdir. 09.03.2021-ci il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş, iş istintaq aidiyyəti üzrə göndərilmiş, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi R.Tağıyev tərəfindən icraata qəbul edilməsindən sonra həmin tarixdə təqsirləndirilən şəxsə tərcüməçi təyin olunmuş, aparılan digər istintaq hərəkətlərində tərcüməçinin olması görüntüsünü yaratmaq məqsədilə işə əlavə edilmiş sənədlər sonuncu tərəfindən imzalanmışdır. Bu hal, təqsirləndirilən şəxsin həqiqətən də tərcüməçinin xidmətlərinə ehtiyacının olmasını, onun imzası ilə tərcüməçidən imtina edilməsinin isə onun tutulmasının “təxirəsalınmazlığı” ilə əlaqədar təhqiqat orqanı tərəfində meydana gəlmiş maneənin - diktə edilmiş bir ərizə ilə aradan qaldırılmasından başqa heç bir şey deyildir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 10.03.2021-ci il tarixdə “həbs” qətimkan tədbirinin seçilməsinə dair 4(006)-120/2021 nömrəli qərarın giriş hissəsində məhkəmə iclasında iştirak etmiş şəxslərin siyahısında tərcüməçinin olmadığı müəyyən olunur. Bu hal özlüyündə iş üzrə müstəntiqin qərarı ilə təyin olunmuş tərcüməçi X2 müdafiə hüququnun təmin olunması görüntüsünə xələl gətirilməməsi məqsədilə formal olaraq bütün sənədlərə imza etməsi əslində isə işdə real iştirakının olmamasını bir daha təsdiq edir. Tərcüməçinin qeyri-real iştirakının mövcudluğunun qəbul edilməsi halında, şəxsin tutulduğu andan dərhal sonra tutulmanın səbəbini, şübhənin mahiyyətini, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarının ona aydın olan dildə izah edilməsi – hüququnun təmin edilməməsini məhkəmə müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirir. Belə ki, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həllində hər hansı halın sübut edilməsində istifadə edilə bilməz. İstintaq və digər prosessual hərəkətin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaqın keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan bu hərəkətin həyata keçirilməsi halı da aiddir. Həmçinin, “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Bundan əlavə, təqsirləndirilən şəxsin ifadəsində səsləndirdiyi “...tutulduğum günün səhərindən başlayaraq əməliyyatçı Şahid1 dəfələrlə mənə zəng vurmuş və məni polis şöbəsinə çağırmışdır...” fikrinin sorğu edilmiş mobil operatorun müvafiq məlumatından, daxil olan və çıxan telefon zənglərinin məhkəmə istintaqında araşdırılması zamanı Şahid1 məxsus 055 560 00 08 mobil telefon nömrəsindən təqsirləndirilənin istifadəsində olan 050 384 20 93 mobil telefon nömrəsinə dəfələrlə zəngin daxil olması, daxil olan hər zəng zamanı abonentlər arasında aparılan danışıqların müxtəlif müddətləri əhatə etməsi faktı ilə üst-üstə düşməsi səbəbindən məhkəmə həqiqətəuyğun hesab edir. Belə ki, Şahid1 məhkəmə iclası zamanı dindirilərkən 055 560 00 08 mobil telefon nömrəsinin özünə məxsus olmasını bildirsə də, proses iştirakçılarının təqsirləndirilən şəxsə məxsus 050 384 20 93 mobil telefon nömrəsinə onun tutulduğu gün hansı səbəblərdən dəfələrlə zəng etməsini dəqiq izah edə bilməyərək, təqsirləndirilən şəxsin yerini müəyyən etmək üçün ona zəng etdiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, sorğu əsasında daxil olmuş telefon məlumatlarının tədqiqi zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs səhər saatlarından, Şahid1 ona zəng etdiyi 09:42-dən saxlanıldığı iddia edilən 16:55dək Nəsimi Rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi Azadlıq prospekti, həmin əraziyə yaxın 28 May küçəsi, Səməd Vurğun küçələri istiqamətində, əməliyyatçının ona edilmiş son zəngi zamanı, yəni 16:45-də isə Mərdanov qardaşları küçəsi istiqamətində hərəkətdə olmuşdur. Bu hal təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən telefon vasitəsilə Nəsimi Rayon Polis İdarəsinə çağırıldığını, özünün şəxsən ora gəlməsini təsdiq edir. Qeyd olunan fakta əsaslanaraq məhkəmə, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş, cəzaçəkmə müəssisəsində cəza çəkmiş, narkomaniyadan əziyyət çəkən bir şəxsin polisin çağırışı ilə idarəyə gələrkən üzərində qeyri-qanuni hər hansı bir əşyanı, o cümlədən narkotik vasitəni daşımasını ağlabatan hesab etmir. Bundan əlavə araşdırılan fakt, ittiham olunan şəxsin səhər saatlarından polis əməkdaşının zəng edib olduğu yerlə maraqlanmasına rəğmən “almış olduğu narkotik vasitəni” saxlanıldığı axşam saatlarına qədər üzərində gəzdirməsi fikrinin də həqiqətəuyğunluğunu istisna edir və təqsirləndirilən şəxsin şərh olunan hissədə təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaəti bir daha möhkəmləndirir. Həmçinin, məhkəmə istintaqı zamanı ittihamın əsas sübutlarından biri kimi qiymətləndirilən “təqsirləndirilən şəxsin üzərinə axtarış və götürmə aparılması barədə istintaq hərəkəti”nin əks etdirildiyi DVD diskin nümayiş etdirilməsi zamanı, Təqsirləndirilən şəxs ilkin sorğu-sual zamanı protokoldan fərqli olaraq, narkotik vasitəni nə vaxt, haradan, kimdən və hansı məbləğə alması barədə heç bir söz demədiyinə baxmayaraq, görüntünün nəticələrinə dair tərtib olunmuş protokolda onun adından narkotik vasitə olan “heroini" 08 mart 2021-ci il tarixdə səhər vaxtlarında Nəsimi rayonu "Papanin" adlanan ərazidən "Ləlö” ləqəbli şəxsdən öz istifadəsi üçün 10 (on) manata alaraq üzərində saxladığı kimi qeyd olunmuşdur. Bundan başqa, sözügedən protokolda narkotik vasitənin aşkar edilməsindən sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldığı, gödəkçəsinin digər ciblərinə, boyun hissəsinə, şalvarının ciblərinə baxıldığı qeyd olunsa da, çəkilişin nümayişi zamanı qeyd olunanların yalnız kağız üzərində qeyd olunması və hadisələrin gerçək axarı ilə üst-üstə düşmədiyi məlum olur. Keçirilən baxış zamanı əvvəlcə təqsirləndirilən şəxsə üzərində olan əşyaların təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs ciblərindən heç bir əşya çıxarmadığı zaman, təhqiqatçı S.Salehzadə ona gödəkçəsinin sol iç yan cibinə işarə edərək – “..bu cibinə bax, bura bax..”- deyə sonradan maddi sübutun çıxdığı məhz həmin cibi göstərərək, təqsirləndirilən şəxsin həmin cibə əlini salmasına və oradan sonradan maddi sübut kimi tanınacaq narkotik vasitə olan heroini çıxarmasına nail olur. Təqsirləndirilən şəxsin üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını müəyyən etmək məqsədilə təşkil olunan və hətta şəffaflığını təmin etmək məqsədilə video çəkiliş vasitəsilə keçirilən “axtarış, götürmə” istintaq hərəkəti zamanı maddi sübutun axtarış aparan təhqiqatçının göstərdiyi konkret cibdən çıxması, üzərində başqa axtarış aparılmaması, ibtidai istintaqın irəli sürdüyü ittihamın qanuni və əsaslı olması görüntüsünü yaratmaq kimi uğursuz cəhdi təqsirləndirilən şəxsə bəraət verilməsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticənin tam doğru bir mövqe olmasını göstərir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş S.Salehzadə isə video görüntülərdə əks olunanlarla əlaqədar proses iştirakçılarının suallarına – maddi sübutun olduğu cibi təkidlə təqsirləndirilən şəxsə göstərməsinin tam bir təsadüf olduğunu bildirmiş, həmçinin narkotik vasitə aşkar olunduqdan sonra onun əynində olan gödəkçənin digər ciblərini hansı səbəbdən yoxlamamasını izah edə bilməmişdir. Həmçinin, ittiham aktında şərh olunan, şəxsi axtarış və götürmə protokolundakı xüsusatların faktiki olaraq olduğu kimi köçürüldüyü şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri - “Vətəndaş Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddənin nə olduğunu və haradan əldə edilməsi soruşulmuş..”, ifadənin digər hissəsində isə “.. təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroindir”, yəni, eyni şahidin bir ifadəsi daxilində gah maddi sübut olan narkotik vasitənin təqsirləndirilən şəxsin şalvarının, gah da gödəkçəsinin cibindən aşkar olunması kimi ziddiyyətli məqamların olması səbəbindən - şəxsə qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən “Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.” Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıbalınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd əks etdirməklə protokol tərtib edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq tərəfindən sübut növü kimi qəbul edilən 08.03.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol, şahid ifadələri sübut kimi qəbul edilə bilməz, onlar sübutların siyahısından çıxarılmalı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz hesab edilməlidir Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1 və 124.1.2.-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2 və 124.2.1-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması istintaq və ya digər prosessual hərəkətlərin kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17.06.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən, təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Barbera, Messegue və Jabordo İspaniyaya qarşı” işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi "X16rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36) "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair "əsaslı şübhə” obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X9rşı, § 32). Sadalanan qanunvericilik normalarından da məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları həmin Məcəllənin tələbinə uyğun qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların mümkünlüyü məsələsini müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatlar, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilər. Həmin maddə məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilə bilməməsini yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutün mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib, toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 bükümdə, təmiz çəkisi 0.353 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlaması və daşımasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir və ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ümumi xalis çəkisi 0,303 qram olan narkotik vasitə - heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Nəsimi Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,303 qram təşkil edən narkotik vasitə heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-352/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-352/2021
20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver