Məhkəmə qərarları › İş №1(006)-352/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-352/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-352/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə saat 00:15-də ünvan 4 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,028 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o, 23 aprel 2022-ci il tarixdə saat 00:15 radələrində ünvan 6 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Bölmənin xidməti otağında olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, da əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan maddəni masanın üzərinə qoymuşdur. Təqdim etdiyi siqaretin şəffaf rəngli sellofan torbanın içərisində maddənin el arasında “kakos” deyilən narkotik maddə olduğunu bildirmişdir. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi tünd boz rəngli şalvarının yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayaqqabılarını çıxarmaq tələb olunmuş, o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və üst-başını səliqəyə salmağı tələb edilmişdir. Daha sonra üzərindən aşkar edilən təqdim etdiyi həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o narkotik vasitə istifadə etdiyini, bu məqsədlə 22 aprel 2022-ci il tarixdə, səhər saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidən 10 manata tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bükümdə olan narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tozşəkilli spesifik iyi olan maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPl-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdiyini və məhkumluğunun olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə PBnin inzibati ərazisində PB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman saat 00:15 radələrində ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxsə narkotik vasitə əldə etməsi və qəbul etməsində şübhələndiklərini bildirərək, onlar həmin şəxsi Nəsimi RPl-nin 20-ci PB-nə dəvət etmişlər və həmin şəxs buna etiraz etməmişdir. Sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs onlarla PB-nə gəlmişdir. Bölmədə xidməti otaqların birində dəvət olunmuş mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmişdir. Sonuncu əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əlavə əşya aşkar edilməmişdir. Ona üstbaşını səliqəyə salması tələb edilmişdir. Sonuncu 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində heroin olduğunu, şəxsi istifadəsi üçün bir gün əvvəl Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Narkotik maddənin çəkisi və növünü müəyyən etmək məqsədilə möhürlənmiş və iştrakçılar tərəfindən imzalanmış zərf Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümün içərisində olan narkotik maddə aşkar edilmişdir. Cinayət işinin 22-23-cü vərəqələrində olan 23 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 94-98-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 aprel 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbirinin müddəti 12 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 162-163-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 59-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2022-ci il tarixli, 6/2342 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi olan, «şübhəli Təqsirləndirilən şəxs üzərindən ...» sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə təmiz çəkisi 1,028 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 1,028 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,978 qram qalıq qalmışdır. Cinayət işinin 60-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış digər maddi sübut 0,978 qram çəkidə heroin saxlanılması üçün Nəsimi RPİnin növbətçi hissəsində təhvil verilmişdir. Cinayət işinin 130-135-ci vərəqələrində olan 05 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 iyun 2022ci il tarixli, 3198 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu yəni, 7-ci dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3, 228.4, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli Qərarı ilə CM-nın 177.3.3 maddəsi həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmiş və cəzası 6 ilə endirilmiş, 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası MM xx.xx.2021-ci il tarixli “Aministiya” Qərarının 2.4-cü bəndinə əsasən sonuncu cəzadan azad edilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddəni göstərərək heroin olduğunu bildirir. Sorğu zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə şəxsi istifadəsi üçün Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu yəni, 7-ci dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3, 228.4, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli Qərarı ilə CM-nın 177.3.3 maddəsi həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmiş və cəzası 6 ilə endirilmiş, 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası MM xx.xx.2021-ci il tarixli “Aministiya” Qərarının 2.4-cü bəndinə əsasən sonuncu cəzadan azad edilmiş və 7-ci bəndinə əsasən məhkumluğu götürülmüş hesab edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik maddə hesab edilən heroinin miqdarını 1,028 qram olmasını, şəxsin əvvəllərdə dəfələrlə eyni tərkibli cinayət əməllərini törətməsinə görə cəzalanmasını və buna baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 23 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 13 iyun 2022-ci il tarixli, 3198 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,978 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,978 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar