Məhkəmə qərarları › İş №1(006)-353/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-353/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-353/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, “tramva mənşəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patologiyadan əziyyət çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə saat 10:00-da Nəsimi RPİnin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərinin nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,701 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində yaşadığı Ə.Topçubaşov küçəsi, 115 saylı ünvandan 09:00 radələrində çıxaraq Nəsimi rayonu, “Məşədi Dadaş” məscidinə doğru getmişdir. Məscidin yaxınlığında adını “Əflatun” kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manat müqabilində psixotrop maddə olan “şüşə” almışdır. Bundan sonra saat 10:00 radələrində yaşadığı ünvana geri qayıdarkən, yolda olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış özlərini təqdim etdikdən sonra onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ondan üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə tam olaraq axtarış keçirilmiş heç bir qanunla qadağan edilən başqa əşya tapılmamışdır. O sellofan bükümün içərisində kristal halında şəffaf rəngli maddənin “şüşə” olduğunu və şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, gənc olmasını və “tramva mənşəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patologiyadan əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülərvə iş materiallarında olan digər sənədlər ilətam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Nilufər” adlı şəxsin barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmə rəhbərliyinə raportla müraciət olunmuş və bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılması barədə qərar qəbul edilmişdir. Onlar həmin məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə saat 09:45-də ünvan 2 ünvanın qarşısına gələrək gözləməyə başlamışlar. Təxminən 15 dəqiqə sonra yəni saat 10:00-da “Nilufər” adlı şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələri əldə edərək üzərində daşıması və istifadə etməsi barədə məlumatlarının olmasını bildirib onu polis bölməsinə dəvət etmişlər. Bölmədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olmasını aşkar edilmiş və bölmənin təhqiqatçısı Qurbanəli Bəşirli tərəfindən müdafiəçi təyin edildikdən sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş və həmin hal DVD diskinə qediyyata alınmışdır. Təhqiqatçı tərəfindən ona üzərində ola biləcək əşyaları təqdim etmək təklif edilmiş bu zaman o masaya yaxınlaşaraq əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış keçirilmiş və başqa hər hansısa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması barədə soruşulduqda o, həmin bükümün içərisində psixotrop maddə olan “şüşə” olmasını və onu şəxsi istifadəsi üçün Nəsimi rayonu ərazisində yerləşən “Məşədi Dadaş” məscidinin yaxınlığında tanımadığı şəxsdən 15 manat pul müqabilində əldə etməsini bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırıldırılmış, möhürlənmiş və və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21 PB-nin əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar edilmişdir. Cinayət işinin 23-24-ci vərəqələrində olan 15 aprel 2022-ci tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-102-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 aprel 2022-ci il tarixdən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 118-120-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 161-164-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 175-176-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 61-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli 6/2154 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,701 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Ekspertiza tədqiqatı zamanı metamfetaminin təmiz çəkisi 0,701 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,651 qram qalıq qalmışdır. Cinayət işinin 62-civərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 3357 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 128-129-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı ilə həmin Məcəllənin 62-ci maddəsi tədbiq edilərək cəzası 4 ilə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qərarı ilə əməl həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, həmin Məhkəmənin 21 mart 2020-ci il tarixli qərarı ilə 1 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş və 12 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş və cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞnin xx.xx.2022-ci il tarixli, 122 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Tramva mənşəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patologiyadan əziyyət çəkmişdir, sonuncuda həmin potologiya hal-hazırda da davam edir və əziyyət çəkir. Hazırda o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab edilməlidir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırki psixi vəziyyətinə görə prossesual fəaliyyət qabiliyyətli hesab edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 139-143-cü vərəqələrində olan 05 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,651 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin Maddi sübütların saxlanılma otağında, digər maddi sübut şəxsi axtarışı özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 55-ci vərəqəsinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükümün içərisində psixotrop maddə olan “şüşə” olmasını və onu şəxsi istifadəsi üçün Nəsimi rayonu ərazisində yerləşən “Məşədi Dadaş” məscidinin yaxınlığında tanımadığı şəxsdən 15 manat aldığını bildirir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, gənc olmasını və “tramva mənşəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patologiyadan əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını gənc olmasını və “tramva mənşəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patologiyadan əziyyət çəkməsini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və sonuncunun 15 aprel 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək, yəni 06 (altı) ay 04 (dörd) gün həbsdə saxlandığı müddət həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 3357 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi RPİnin maddi sübutların saxlanma otağına keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,651 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili T.T.Məmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək, yəni 06 (altı) ay 04 (dörd) gün həbsdə saxlanıldığı müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 01 (bir) il 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,651 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar