Məhkəmə qərarları › İş №1(006)-353/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-353/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-353/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “ .B.M“Vəkil Bürosunun vəkili M Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Yevlax rayonu, Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, işləməyən, Yevlax şəhəri, Pişəvəri küçəsi, ev 04, mənzil 01-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza çəkən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda: • 0,385 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, polis əməkdaşları tərəfindən 22 aprel 2024-cü il tarixdə, saat 14:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə həmin psixotrop maddə; • 0,449 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, polis əməkdaşları tərəfindən 10 may 2024-cü il tarixdə, saat 13:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə həmin psixotrop maddə; • 0,251 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, polis əməkdaşları tərəfindən 21 may 2024-cü il tarixdə, saat 00:15-də ünvan 4 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir psixotrop maddə və narkotikdən istifadə edir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə metamfetamin alıb cibinə qoymuş, lakin həmin günü saat 14:30 radələrində Sulutəpə qəsəbəsində “Uğur” marketin yaxınlığında olarkən tanımadığı iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və üzərində saxlayıb gəzdirməsində şübhəli olduğunu deyib onu 40-cı polis bölməsiə aparmışlar. Bölmədə o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən bir büküm metamfetamini 10 manata alaraq üzərində daşımış və saat 13:00 radələrində Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 14 saylı ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq yenidən həmin bölməyə aparılmışdır. Orada onun üzərindən bu maddə aşkar edilmişdir. Bundan əlavə o, Yasamal rayonunda olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün heroin almış, lakin xx.xx.2024-cü il tarixdə, saat 00:15 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi, 17 saylı ünvanın qarşısında olan zaman polis əməkdaşları onu saxlayaraq 19-cu polis şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman o, əynindəki şalvarın cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bu heroini təqdim etmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 may 2024-cü il tarixdə “Eldəniz” adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında ondan və şöbənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmiş və onlar 21 may 2024-cü il tarixdə, saat 00:15-də ünvan 4 ünvanın qarşısında bu şəxsi saxlayıb şöbəyə dəvət etmişlər. Şöbədə onun üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki şalvarın sağ yan cibindən bir ədəd ağ kağızda olan bükümü çıxarıb masanın üzərinə qoyaraq onun içərisində heroin olduğunu, onu Yasamal rayonundan adını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlayaraq gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlanılması üçün 09 may 2024-cü il tarixdə müvafiq qrup yaradılmışdır. Qrupun üzvü kimi o və iş yoldaşı Şahid4 Təqsirləndirilən şəxs 10 may 2024cü il tarixdə, saat 13:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlayaraq onu polis bölməsinə aparmışlar. Bölmədə o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə, səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmədə şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlayaraq gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlanılması üçün 22 aprel 2024-cü il tarixdə müvafiq qrup yaradılmışdır. Bundan sonra iş yoldaşı Şahid6 ilə birlikdə məlumat əsasında ünvan 1 ünvanda yerləşən “Uğur” marketin yaxınlığına getmişlər. Həmin günü saat 14:30-da xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olduğunu, özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və sonra onu bölməyə dəvət etmişlər. Orada ona üzərində olan əşyaların təqdim edilməsi təklif edilmiş, o da şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim edərək orada olan metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2194 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “... Abdullayev “imza” ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,385 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 0,335 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İİ cild, i.v.05-08); - xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2644 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,449 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 0,399 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.150-153); • xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2843 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,201 qram, aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir (İ cild, i.v.58-61); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 2712 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İl cild, i.v. 48-49); • “Şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmişdir (İ cild, i.v.193, ll cild, i.v.39-40); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin günü, saat 14:10-dan məhdudlaşdırılmış, o, xx.xx.2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs kimi əlavə dindirilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmişdir (İ cild, i.v.129, 164-166, İİ cild 76-78); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 267/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 may 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.90-94); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən 22 aprel 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,335 qram psixotrop maddə metamfetamin, 10 may 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,399 qram psixotrop maddə metamfetamin, 21 may 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,201 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş (İl cild, i.v.132-145); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmə əsasən Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 285/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəməyədək icraat dövründə tutulduğu 03 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, i.v. 88-99, İİ cild); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2010 və xx.xx.2012-ci il təvəllüdlü uşaqları var (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin və metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ağırlaşdıran halın olmasını, o cümlədən hazırda anoloji cinayətə görə azadlıqdan məhrum etmə cəzasının çəkdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-285/2024 saylı hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməllərini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş cəzanı və hazırkı hökmlə təyin olunacaq cəzanı az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 3-2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 03 gün və hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 04 gün (xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən, saat 14:10-dan xx.xx.2024-cü il tarix, saat 14:10-dək olan müddət və bundan sonrakı vaxt), ümumilikdə 07 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə həbsə alındığı andan – 21 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,335 qram və 0,399 qram psixotrop maddə metamfetamin və 0,201 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 260 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-285/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə müvafiq olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 03 (üç) gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 (dörd) gün, ümumilikdə 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 260 (iki yüz altmış) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,335 qram və 0,399 qram psixotrop maddə metamfetamin və 0,201 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar