Məhkəmə qərarları › İş №1(006)-353/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-353/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-353/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbə Ə/D, Heydərabad qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0.261 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 20:30-da Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə A.Qurbanov küçələrinin kəsişməsində saxlanılaraq 22-ci Polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0.261 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddət profesional olaraq idmanla məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə tanışı Namiq Abdullayev və digər tanışı ilə birlikdə Nizami metrostansiyanın yanında yerləşən kafedə yemək yeyən zaman 6 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlarda özlərini təqdim etmişdir. Bundan sonra onların üzərinə baxış keçirilmişdir. Həmin vaxt onun üzərində hər hansı narkotik vasitə olmamış və narkotik vasitədən istifadə etməmişdir. Lakin, tanışı Namiq Abdullayevin üzərindən narkotik vasitə çıxmışdır. Buna görə də, polis əməkdaşları onları polis şöbəsinə aparmışdır. Polis Şöbəsində olan zaman o, sorğu-sual edilmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşı ona narkotik vasitə təqdim edərək həmin narkotik vasitəninin ona məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmişdir. O, polis əməkdaşının təklifini qəbul etmək etməmiş, bu zaman ona bildirilmişdir ki, əgər təqdim edilən narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə verməsə, ona qarşı daha ağır ittiham veriləcəkdir. O, məcbur olaraq polis əməkdaşı tərəfindən təqdim edilən narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə vermişdir və həmin vaxt videoçəkiliş aparılmışdır. Daha sonra isə Polis İdarəsinə aparılmış və müstəntiq tərəfindən dindirilmişdir. O, müstəntiqə nakotik vasitənin ona məxsus olmadığını bildirmiş, müstəntiq ona işin bitməsi və onun günahının olmaması barədə sənədlərə imza çəkməsini bildirmişdir. Buna görə də, o bütün sənədlərə imza çəkmişdir. Daha sonra isə bilmişdir ki, onun işi məhkəməyə göndərilmişdir. O, ibtidai istintaq zamanı iki dəfə narkoloji mərkəzə aparılaraq yoxlamadan keçirilmiş və onun narkotik vasitədən istifadə etmədiyi müəyyən olunmuşdur. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Ona qarşı irəli sürülmüş ittiham əsassızdır. O, polis şöbəsində iki gün saxlanılmış, daha sonra isə azadlığa buraxılmışdır. O, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarıldığı təqdirdə mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şəhriyar Nazim oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin digər əməliyyat müvəkkili, polis serjantı X2 daxil edilmişdir. Daxil olmuş məlumatda “Ruhan” adlı şəxsin mütəmadi olaraq Nəsimi rayonu, “Kubinka" adlanan ərazisində yəni A.Qurbanv küçəsində narkotik vasitələrdən və psixotrop maddələrin istifadə etməsi göstərilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Beləliklə daxil olmuş məlumatda göstərilən xüsusatları yoxlamaq üçün xx.xx.2025-ci il tarixdə saat 19 radələrində məlumatda göstərilən ünvana yaxınlaşaraq özlərinə seçmişlər. Həmin gün saat 20:30-da S.Əsgərova küçəsi ilə A.Qurbanov küçələrinin kəsişməsində bir nəfər şəxsin məlumatda təsviri verilən Təqsirləndirilən şəxsla eyni əlamətlərinin olmasını görərək dərhal həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşdıqda xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini tələb elmişlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bu zaman onlar həmin şəxsi Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə dəvət elmişlər. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyyətinin pis olması səbəbilə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş və Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkilin gəlməsinə etiraz etmədiyini bildirmişdir. Bir müddət sonra 22-ci Polis şöbəsinə 14 saylı Vəkil Bürosunun vəkili Aslan Aslanov gəlmişdir, bu zaman həmin vəkil Təqsirləndirilən şəxs təqdim edilmiş və bununla bağlı müvafiq qaydada sənədləşmə işləri aparılmışdır. Bundan sonra bir müddət Təqsirləndirilən şəxsla müdafiəçinin konfedensial söhbət aparmaları üçün təhqiqatçı tərəfindən şərait yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə müdafiəçi X4 iştirakı ilə şəxsi axtarış və baxış keçirilməyə başlanmışdır. Daha sonra ona üzərində olan əşyaları çıxararaq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan şalvarın cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirməyə başlanmışdır və məlum olmuşdur ki, həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə vardır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə hesab edilən metamfetamin vardır və o, həmin maddəni şəxsi istifadəsi üçün 20 manat ödəniş qarşılığında tanımadığı şəxsdən əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis şöbəsinə gəlirilən zaman və ya orada olan zaman hər hansı təzyiq göstərilməmişdir. “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respublikası CM-bin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “şübhəli şəxsin tutulması haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 21:40-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 yanvar 2025-ci il tarixdən, saat 20:30-dan tutulmuş hesab edilmişdir (i.v. 20); “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə melamfelaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (i.v. 34-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2025-ci il tarixli, 6/136 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.261 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v. 49-50); “Diskə baxış keçirilməsi barədə” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin araşdırılması ilə əlaqədar olaraq, bir ədəd DVD diskə baxış keçirilmişdir. xx.xx.2025-ci il tarixli videogörüntüdən görünür ki, Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin təhqiqatçısı Emil Həsənzadə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin edilmiş X5 və Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməkdaşlarının iştirakları ilə sorğu sual edir. İlk öncə Təqsirləndirilən şəxs təklif edilir ki, sonuncu üzərində ola biləcək qanunsuz hər hər hansı əşya var isə könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir lakin hər hansı digər əşya aşkar edilmir. Bundan sonra müdafiəçi qismində təyin edilmiş vəkil X10 Məmmədova polis tərəfindən hər hansı təzyiqə məruz qalıb- qalmaması barədə sual verir. Buna cavab olaraq sonuncu bildirir ki, o, polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki təzyiqə məruz qamamışdır. Bundan sonra təhqiqatçı Ruham Məmmədova təqdim olunan büküm barədə məlumat verməsini xahiş edir bu zaman Ruham Məmmədov bildirir ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamin vardır və həmin maddəni o saxlanıldığı gün günorta saatlarında Salatın Əsgərova küçəsindən 20 manat ödəniş qarşılığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılır və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır (i.v. 64); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 67); “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Orxan Məmmədovun xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiəsindən imtina edimiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 82-83); “qətimkan tədbiri seçmə barədə” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 84); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 dair 14 yanvar 2025-ci il tarixli, 159 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən və Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 89-90); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 91); “maddi sübut kimi tanıma haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,261 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,211 qram olan psixotrop maddə saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v. 98); “sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,261 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,211 qram hissəsi Nəsimi RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır (i.v. 101-107); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən metamfetaminin təmiz çəkisi 0,261 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,211 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar