Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-354/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009cu il tarixli, 1(101)-614 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bərdə rayonu, Yeni Əyricə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə olan odlu silah və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə odlu silah və döyüş sursatı əldə etdikdən sonra üzərində saxlamaqla özü ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov-Sabunçu stansiyaları arası dəmir yolu mənzilinin 3-cü km-də dəmir yolu xəttinin kənarına daşımış, X2 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 30 aprel 2022-ci il tarixdə, saat 15:15-də, qeyd olunan dəmiryolu ərazisində saxlanılaraq ünvan 1 ünvanda yerləşən X2 Polis İdarəsinin inzibati binasına dəvət olunmuş və İdarənin növbətçi hissəsində həmin gün saat 16:20-də üzərində şəxsi axtarış keçirilən zaman əlində olan üzərində “Paşabahçe” yazısı olan qəhvəyi rəngli qutunun içərisindən Almaniya dövlətində, silah zavodunda istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan “Walther P-38” modelli tapança, həmin tapancanın komplekt hissəsi olan texniki cəhətdən saz və istifadəyə yararlı 9x19 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş daraq, darağın üzərində Azərbaycan Respublikasında 2011 və 2019-cu illərdə istehsal olunmuş 07 ədəd 9x19 mm kalibrli atəş üçün yararlı döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunda yaşayır, aşbazdır, 29 aprel 2022-ci il tarixində aşbaz və ya fəhlə kimi işləmək üçün Bakı şəhərinə gəlmişdir. Həmin gün axşam 8-ci km bazarı yaxınlığında yataqxananın yanında oturub siqaret çəkərkən əllərində pivə olan iki nəfər şəxs ona yaxınlaşmış və söhbət etməyə başlamışlar. Həmin şəxslər ondan Bakıya nə üçün gəldiyini soruşmuş, o isə işləmək üçün gəldiyini demişdir. Həmin şəxslərdən biri kafesinin olduğunu və onun orada aşbaz işləyə biləcəyini bildirmişdir. Sonra onlarla birlikdə kafeyə getmiş, orada spirtli içki qəbul etmiş və səhər görüşüb birlikdə işləyəcəyi yerə getməkləri barədə razılığa gəlmişlər. Ertəsi gün saat 11:00-da görüşdükdə həmin şəxslərə özünü pis hiss etdiyini, ona görə də işə gedə bilməyəcəyini demişdir. Həmin şəxslər ona içməyi üçün 100 qram araq vermişlər. Arağı içdikdən sonra halı daha da pis olmuşdur. Bundan sonra həmin şəxslər onu taksi ilə aparacaqlarını bildirmiş və onlar birlikdə taksi ilə “Yaşıl bazar” adlanan yerə getmiş, binanın yanında maşını saxlamış, həmin şəxslər binaya girmiş, telefonla kiminləsə danışmışlar. Sonra ona kənarda ağacın yanında olan sellofan torbanı götürüb maşına qoymağını bildirmişlər. O, torba çirkli olduğundan həmin torbanı orada olan qutunun içinə qoyub maşına apardığı zaman polis əməkdaşları tərəfindən saxlanılmış, polislər ondan qutunun içərisində nə olduğunu soruşmuşlar. O isə həmin qutunun ona məxsus olmadığını, ona qutunu verən şəxsləri göstərib qutunun həmin şəxslərə məxsus olduğunu bildirmişdir. Qutunu açanda içərisində silah olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmiş, orada üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Çəkiliş zamanı ona silahın ona məxsus olduğunu və birinci Qarabağ müharibəsi zamanı tapdığını deməsi, yazılan ifadəyə imza çəkməsi, onu müalicə etdirəcəkləri bildirilmiş, o da razılaşıb cinayət əməlini boynuna götürmüşdür. Göstərilənləri nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid1 ifadəsində bildirmişdir ki, 30 aprel 2022-ci il tarixdə DYNPİ-nin CAŞ-nə DYNPİ-nin xidməti ərazisi olan Bakı şəhəri Bakıxanov-Sabunçu stansiyaları arası dəmir yolu mənzilinin kənarında yerləşən dəmir yolu keçidinin yaxınlığında «Cavanşir» adlı şəxsin üzərində qanunsuz odlu silah gəzdirməsi barədə dəqiq və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixdə raportla idarə rəisinə məruzə etmiş və tədbirin keçirilməsinə icazə verildikdən sonra o, DYNPİ-nin CAŞ-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə hadisə yerinə getmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində daxil olmuş məlumata əlamətləri uyğun gələn şəxsi Bakıxanov-Sabunçu stansiyaları arası, dəmir yolu mənzilinin 3-cü km-də, dəmir yolu xəttinin kənarında əlində qutu ilə getdiyini görüb saxlamış və həmin şəxsi DYNPİ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. DYNPİ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli kağız karton qutunun içərisindən bir ədəd üzərində adı və nömrəsi olmayan tapança aşkar edilmişdir. Tapançanın üzərindən sandıqça çıxarılarkən sandıqçanın içərisində 7 ədəd patronun olduğu məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı birinci Qarabağ döyüşlərində olduğu zaman tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 30 aprel 2022-ci il tarixdə DYNPİ-nin Cinayət axtarış şöbəsinə “Cavanşir" adlı şəxsin Bakıxanov stansiyasında odlu silah gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. DYNPİ-nin CAŞ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 bu barədə raportla idarə rəisinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış və “Cavanşir” adlı şəxsin yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirmişlər. 30 aprel 2022-cı il tarixdə təxminən saat 15 radələrində Bakıxanov stansiyasında daxıl olmuş məlumata əlamətləri uyğun gələn şəxsə yaxınlaşmış, onlar yaxınlaşanda təqsirləndirilən şəxsin əlində qəhvəyi rəngli qutu olmuş, onlar özlərini təqdim etmiş və həmin şəxsi DYNPİ-nə dəvət edərək onu növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs əlində olan həmin qəhvəyi rəngli qutudan tapança aşkar edilmiş, Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu və silahı da həmin vaxt tapdığını bildirmişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.26); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.82-85); - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/343R saylı rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd silah Almaniya dövlətində, silah zavodunda istehsal olunmuş 9 mm kalibrli, Walther P-38 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamışdır.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod usulu ilə istehsal olunmuş Walther P-38 tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir- darağıdır, içərisinə 9x19 mm kalibrli patronları yerləşdirməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında 02 ədədi 2011-ci, 05 ədədi 2019-cu illərdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronlarıdır, döyüş sursatıdır və atəş üçün yararlıdır. Qeyd: təqdim edilmiş 07 ədəd 9x19 mm patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə/ölunmuşdur.
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartofekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə- gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə əlavə məlumat veriləcəkdir (i.v.35-41); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballsitik ekpertizasının xx.xx.2022-ci il tarixli 3/644 saylı rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah, zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, «Walther» markalı, «P-38» modelli tapançadır-yivli odlu silahdır, saz vəziyyətdədir, istifadəyə (atəşə) yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş bir ədəd sandıqça «Walther» markalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır (daraqdır), istifadəyə yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd 9x19 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş “Makarov” və avtomatik «Steçkin» konstruksiyalı, həmçinin «Walther» markalı, «P 38» modelli tapançalarda da istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (i.v.120-123); - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-5162-1222 nömrəli məktubundan görünür ki, 01 ədəd 9 mm kalibirli №-siz Valthcr p-38 modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i.v.100); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə təlbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (i.v.124-127); - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 30 aprel 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsinin video görüntüləri olan CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.93); - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd 9 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş «Walther» markalı, «P-38» modelli tapança, həmin tapançaya məxsus zavod üsulu ilə istehsal edilmiş 1 (bir) ədəd sandıqça və zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli 7 ədəd patron iş üzrə maddi sübut kimi tanınmış və istintaq hərəkətləri yekunlaşdıqdan sonra 1 (bir) ədəd 9 mm kalibrli, zavod usulu ilə istehsal edilmiş «Walther» markalı, «P-38» modelli tapança, həmin tapançaya məxsus zavod üsulu ilə istehsal edilmiş 1 (bir) ədəd sandıqça və tədqiqatlardan sonra qalıq qalmış zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli 2 ədəd patron saxlanılması üçün NBPİ-nə təhvil verilmişdir (i.v.133-134); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-614 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə olunmaqla 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.111-112, 114-119); - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əlindəki qəhvəyi rəngli kağız qutunu masanın üzərinə qoyarağ qutunun içərisində silah olduğunu bildirir. Bundan sonra onun üzərinə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar edilmir. Masanın üzərindəki kağız qutu açıldıqda qutunun içərisində bir ədəd tapança silahı aşkar olunur. O, həmin silahı İ Qarabağ döyüşlərində əldə etdiyini, erməni silahı olduğunu, indiyədək həmin silahdan istifadə etmədiyini bildirir. Silahın üzərindəki sandıqça çıxardılarkən sandıqçanın üzərində patron olduğu müəyyən edilir. Silahın üzərində hər hansı bir nömrə və yazının olmadığı müəyyən olunur. Sandıqçadan 7 (yeddi) ədəd patron çıxarılaraq masanın üzərinə qoyulur. Daha sonra patronlar sandıqçaya doldurularaq tapança silahı ilə birlikdə qablaşdırılır və möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham uzrə özünü təqsirli bilməməsi və əlində olan qutuda komplekt hissəsi ilə birlikdə aşkar edilmiş tapançanın ona məxsus olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisənin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadə verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadəsinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadə cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Məhkəmə iclasında baxış keçirilmiş CD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu üzərində hər hansı təzyiq olmadan könüllü olaraq, əlindəki qəhvəyi rəngli qutunu masanın üstünə qoymuş, həmin qutunun içərisində silah olduğunu və həmin silahı İ Qarabağ döyüşlərində əldə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1 -ci maddəsi ilə tövsif edilmişdir Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 30 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Nəqliyyatda Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd 9 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş “Walther” markalı, “P-38” modelli tapança, həmin tapançaya məxsus zavod üsulu ilə istehsal edilmiş 01 ədəd sandıqça və tədqiqatdan sonra qalıq qalmış zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Nəqliyyatda Baş Polis İdarəsində saxlanılan 01 ədəd 9 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş “Walther” markalı, “P-38” modelli tapança, həmin tapançaya məxsus zavod üsulu ilə istehsal edilmiş 01 ədəd sandıqça və tədqiqatdan sonra qalıq qalmış zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva