Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-354/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X2, Müdafiəçi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-30/2023 saylı hökmü ilə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 yanvar 2023-cü il tarixdə saat 18 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142A ünvanında yerləşən «Kontakt Home» mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub, mağazada olan satıcıların başlarının qarışıq olmasından istifadə edərək saat 18:02də mağazada vitrində satış üçün qoyulmuş zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 700 manat dəyərində «Airpods pro2 generation» markalı qulaqlığı gizli olaraq talayaraq, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 22 fevral 2023cü il tarixdə saat 17 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 8A ünvanında yerləşən «Kontakt Home» mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub, mağazada olan satıcıların başlarının qarışıq olmasından istifadə edərək saat 17:49-da mağazada vitrində satış üçün qoyulmuş zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 790 manat dəyərində «Airpods pro2 generation» markalı qulaqlığı gizli olaraq talayaraq, zərər çəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142 A ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısından keçən zaman oradan oğurluq etmək qərarına gəlmişdir. O, həmin mağazaya daxil olmuş və mağazada qulaqcıqların olduğu yerin nəzarətsiz olduğunu görmüş və oraya yaxınlaşaraq oradan bir ədəd qutuda olan “Apple” markalı qulaqcığı götürərək cibinə qoymuşdur. Sonra isə mağazadan çıxıb getmişdir. Sonra o, həmin qulaqcığı “Elmlər Akademiyası” metrosunun yaxınlığında tanımadığı bir şəxsə 150 manat müqabilində satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. 22 fevral 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Kontakt Home” mağazasının qarşısından keçən zaman oradan oğurluq etmək qərarına gəlmişdir. O, həmin mağazaya daxil olmuş və mağazada qulaqcıqların olduğu yerin nəzarətsiz olduğunu görmüş, oraya yaxınlaşaraq əvvəlcə ətrafa baxmış və qulaqcığı götürmək istəyən zaman kənar şəxslər olduğundan götürməmişdir. Sonra təkrarən ətrafa baxıb kiminsə ona baxmadığını görüb, qulaqcıqlar olan rəfdən bir ədəd qutuda olan «Apple» markalı qulaqcığı götürərək cibinə qoymuş və mağazadan çıxaraq getmişdir. Sonra o, həmin qulaqcığı “Elmlər Akademiyası” metrosunun yaxınlığında tanımadığı bir şəxsə 150 manat müqabilində satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyacına xərcləmişdir. Oğurluq edən zaman mağazada olan şəxslərin başı qarışıq olduğundan onu görən olmamışdır. O, həmin oğurluq hadisələrini tək etmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, “Kontakt Home” mağazalar şəbəkəsi "xxxx" MMC-yə məxsusdur. Həmin mağazalardan biri ünvan 4 ünvanda, biri isə ünvan 5ğazalar hər gün saat 10:00-dan saat 19:00-dək işləyir. Mağazalar elektrik avadanlıqların və digər aksessuarların satışı ilə məşğuldur. Oranın təhlükəsizliyini Azərbaycan Respublikası DİNnin Mühafizə polisi həyata keçirir. Həmin avadanlıqların bir çoxu vitrində nümayiş etdirilir. 15 yanvar 2023-cü il tarixdə saat 18 radələrində ünvan 4 ünvanda yerləşən «Kontakt Home» mağazasına naməlum şəxs müştəri qısmində daxil olmuş və oradan 01 ədəd 700 manat dəyərində olan “Apple Airpod pro 2 generation” markalı qulaqcığı oğurlamışdır. Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 8A ünvanında yerləşən “Kontakt Home” mağazasından da 22 fevral 2023-cü il tarixdə saat 17 radələrində naməlum şəxs müştəri qismində daxil olmuş və oradan 01 ədəd 790 manat dəyərində olan “Apple Airpod pro 2 generation” markalı qulaqcığı oğurlamışdır. Qeyd edir ki, müşahidə kameralarına baxan zaman hər iki cinayət əməlini eyni şəxsin törətməsi müəyyən olunmuşdur. Hadisə zamanı mağazalardan oğurlanmış qulaqcıqların ümumi dəyəri 1490 manat təşkil etmiş və MMC-yə həmin məbləğdə maddi ziyan dəymişdir. Daha sonra zərər çəkmiş hüquqi şəxs şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək cəmiyyətə dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncudan şikayət və tələblərinin olmadığını və göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda "xxxx" MMC-yə məxsus ünvan 6 ünvanında yerləşən «Kontakt Home» mağazasında müdir işləyir. 22 fevral 2023-cü il tarixdə işdə olan zaman mağazadan satış rəfinin üzərindən mobil telefona aid bir ədəd «Apple» markalı qulaqcığın olmadığını aşkar etmişdir. O, mağazada quraşdırılmış müşahidə kameralarına baxan zaman mağazaya müştəri qismində daxil olmuş bir nəfər şəxsin mallara baxmasını, daha sonra isə yanında heç kimin olmadığından istifadə edib, mağazanın satış rəfindən bir ədəd 790 manat dəyərində «Apple Airpods Pro2 generation» markalı qulaqcığı götürərək cibinə qoymasını və daha sonra isə rahat şəkildə mağazanı tərk etməsini görmüşdür. O, 23 fevral 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı DİN «102» xidmətinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər, sonra isə o, ərizə və izahat vermişdir. O, oğurluq edən şəxsi o, tanımır, hadisə nəticəsində mağazaya 790 manat məbləğində ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi onun adına olsa da, həmin mobil telefon nömrəsini qardaşı Təqsirləndirilən şəxs istifadə etmişdir. Həmin mobil telefon nömrəsinə görə 20 yanvar 2023-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə çağırılmış, o da həmin bölməyə getmişdir. Orada olarkən qardaşı Tərlanın oğurluq etdiyini bilmişdir. Törədilmiş oğurluq əməli ilə onun heç bir əlaqəsi yoxdur. Hazırda qardaşının etdiyi oğurluq hadisəsinə görə vurduğu ziyanı ödəmək fikrindədir. İclas zamanı o, dəymiş ziyanla bağlı 1000 manat ödəniş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, o, hazırda "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142A ünvanında yerləşən «Kontakt Home» mağazasında müdir işləyir. 16 yanvar 2023-cü il tarixdə mağazada olan məhsullara baxış keçirən zaman «Apple» brendinə məxsus aksessuarlar vitrinindən 01 ədəd 700 manat dəyərində «Apple Airpods Pro2 generation» markalı qulaqcığın naməlum şəraitdə yoxa çıxdığını aşkar etmişdir. O, mağazada quraşdırılmış müşahidə kameralarına baxan zaman 15 yanvar 2023-cü il tarixdə saat 18 radələrində mağazaya müştəri qismində daxil olmuş bir nəfər şəxsin saat 18:02-də mallara baxmasını, daha sonra isə yanında heç kimin olmadığından istifadə edib, mağazanın satış rəfindən bir ədəd 700 manat dəyərində «Apple Airpods Pro2 generation» markalı qulaqcığı götürərək cibinə qoymasını və daha sonra isə rahat şəkildə mağazanı tərk etməsini görmüşdür. O, dərhal bu barədə rəhbərliyə məlumat vermişdir. Sonradan rəhbərlik tərəfindən Nərimanov RPİ-nin 16-cı polis bölməsinə müraciət olunmuş, daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər, sonra isə o, polis bölməsində izahat vermişdir. O, oğurluq edən şəxsi tanımır, hadisə nəticəsində mağazaya 700 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.26); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmiş, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir (i.v.24); - “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilənə qədər icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci PB-nə təhvil verilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Buna görə də ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (i.v.141); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Kontakt Home» mağazasıdır (i.v.8-9); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 8A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Kontakt Home» mağazasıdır (i.v.31-32); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (i.v.84- 86); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 15 yanvar 2023-cü il tarixdə saat 18:02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142A ünvanında yerləşən «Kontakt Home» mağazasına müştəri qismində gələn hündürboylu, əynində qara rəngli gödəkcəsi və şalvarı olan naməlum şəxs vitrinə yaxınlaşaraq orada olan ağ rəngli qutunu götürərək bir neçə saniyə ona baxır, daha sonra həmin qutu ilə mağazadan çıxıb oranı tərk etməsi müşahidə olunur. İstintaq zamanı Təqsirləndirilən şəxs dindirilən zaman qeyd olunan videogörüntü ona təqdim olunduqda oğurluq edən şəxsin özünün olduğunu təsdiq etmişdir (i.v.10-11); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 22 fevral 2023-cü il tarixdə saat 17:46-da bir nəfər hündür boylu, əynində tünd rəngli şalvar və tünd rəngli gödəkcə geyinmiş, eynək taxan şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 8A ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Kontakt Home» mağazasına daxil olur və satış rəflərinin üzərində olan mallara baxır, ilk olaraq rəfin üzərində asılmış bir ədəd qulaqcığı götürmək istəyir, lakin götürə bilmir, daha sonra isə yenidən mallara baxır və heç kimin fikrinin onda olmamasından istifadə edib satış rəfinin üzərində asılmış bir ədəd qulaqcığı götürüb cibinə qoyur, saat 17:50-də isə mağazanı tərk edir. İstintaq zamanı Təqsirləndirilən şəxs dindirilən zaman qeyd olunan videogörüntü ona təqdim olunduqda oğurluq edən şəxsin özünün olduğunu təsdiq etmişdir (i.v.36-37); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3576 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd «Apple Airpods Pro2 generation» markalı qulaqcığın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023cü ilin fevral ayına nəzəri orta bazar qiyməti təxminən 400 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.110-113); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk sübut növü kimi tanınmışdır (i.v.117-124); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1, 320.2, 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-nin 178.3.2 və 62.1-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəza 04 il müddətinə endirilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir (i.v.98-99); - Bakı şəhərı Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-30/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay 09 (doqquz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmışdır (i.v.137-140); - İş üzrə zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, cəmiyyətə dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi isə eyni əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş hüquqi şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, zərər çəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən altı il keçməmiş 15 yanvar və 22 fevral 2023-cü il tarixlərində cinayət əməlini törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaratmışdır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş hüquqi şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, zərər çəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-30/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-30/2023 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-nin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-30/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun 10 iyun 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay 09 (doqquz) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-30/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-30/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay 09 (doqquz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(004)-30/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-354/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-354/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver