Məhkəmə qərarları › İş №1(006)-355/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-355/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-355/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Müdafiəçi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi motosikllə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə saat 14:45 dəqiqədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü naddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi «Kawasaki» markalı 10-A-565 dövlət qeydiyyat nişanlı motosikllə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yolun hərəkət hissəsinin orta zolağı ilə üzü 4-cü mikrorayon dairəsi istiqamətində icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 54-cü maddəsinin 2-ci hissəsinə əsasən nizamlanmayan piyada keçidinin qarşısında dayanmış və ya sürətini azaltmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkətini davam etdirməli olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt ünvan 4 ünvanının qarşısındakı piyada zolağından yolu qucağındakı xx xxxxxx 2021-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə qarşı tərəfə keçmək istəyən Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan mopedin ön hissəsi ilə vurması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sol əlin İİ barmağının orta falanqasının oynaqdaxili, qəlpəli, yerdəyişən sınığı, soldan oturaq və qasıq sümüklərinin yerdəyişməyən sınıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər, həmçinin ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 sol bud sümüyünün 1/3-nin qapalı, yerdəyişmiş sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarətlər almalarına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 dekabr 2022-ci il tarixdə 3100 manat pul verib X2 “Kawasaki” markalı 10-A-565 dövlət qeydiyyat nişanlı motosikl almışdır. Onun “B” və ”C” kateqoriyalı sürücülük vəsiqəsi olsa da, həmin motosiklı idarə etmək üçün “A” kateqoriyası yoxdur. O da həmin motosiklı alanda məqsədi onu təmir edib daha baha qiymətə satıb pul qazanmaq olmuşdur. Bir dəfə dostları ilə aralarında olan söhbət əsnasında motosiklı bəzi vaxtlarda idarə etməyi ona məsləhət etmişlər. Səbəb kimi də motosiklın amartizatorlarının və sair detallarının getdikcə yararsız vəziyyətə düşəcəyini bildirmişlər. Buna görə də o, bəzi vaxtlarda motosiklı sürmüşdür. 03 aprel 2024-cü il tarixdə təxminən 14:30 radələrində o, həmin motosiklı yaşadığı ünvandan hərəkətə gətirib sürməyə başlamış, motosiklı sürüb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yanına getmiş, daha sonra oradan yaşadığı evə qayıtmaq üçün “Memar Əcəmi” metrostansiyasının yanından Cavadxan küçəsinə daxil olub 4-cü mikrorayon dairəsi istiqamətinə doğru hərəkətini davam etdirmişdir. O, təxminən saat 14:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yolun hərəkət hissəsinin orta zolağı ilə, təxminən 70-80 km/saat sürətlə üzü 4-cü mikrorayon dairəsi istiqamətinə hərəkət edən zaman sol zolaqda avtomobillərin dayandığını görmüş, lakin orada yerdəki piyada zolağını görməmiş və həmin vaxt avtomobillərin nə üçün dayandıqlarını düşünə bilməmişdir. Beləliklə o, həmin avtomobillərə çatanda qucağında körpə uşaq olan orta yaşlı bir qadının yolu piyada soldan sağa keçmək istədiyini görmüş, həmin piyada qadını görəndə aralarında təxminən 3 metr məsafə olmuş, həmin qadını vurmamaq üçün, yəni hadisənin qarşısını almaq üçün əyləci sıxıb sükanı sağa döndərmiş, lakin buna baxmayaraq hadisənin qarşısını ala bilməmiş, motosiklın sol sükanı həmin qadına dəymiş, zərbənin təsirindən həmin piyada qadın qucağındakı körpə uşaqla birlikdə yerə yıxılmış, həmçinin onun idarə etdiyi motosikl aşmış və o, asfalta çırpılmışdır. Həmin vaxt onun başında qoruyucu dəbilqə olsa da, zərbənin təsirindən huşunu itirmiş və bir qədər sonra ayılıb özünə gələndə artıq 1 saylı X3 müayinə və müalicə olunduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, motosikl ilə vurduğu qadın və uşaq da aldıqları xəsərətlərə görə 1 saylı X5 yerləşdirilmişlər. Buna görə o, yan otaqda müayinə olunan həmin qadın və uşağın yanına getmiş, hadisə nəticəsində qadının müəyyən xəsarətlər aldığını, uşağın da ayağının sındığını öyrənmişdir. 1 saylı X3 həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra ciddi bir xəsarəti olmadığı müəyyən olunmuş və buna görə evə buraxılmışdır. Daha sonra zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəməsini, peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 03 aprel 2024-cü il tarixdə saat 14:45 dəqiqədə ünvan 4 ünvanın qarşısındakı piyada zolağından yolu piyada qarşı tərəfə keçmək istəyirmiş. Həmin vaxt xx xxxxxx 2021-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs2 qucağında olmuşdur. O, əvvəlcə yolu yarıya kimi keçib yolun hərəkət istiqamətlərini bir-birindən ayıran səki daşlarının üzərində dayanmış, daha sonra Cavadxan küçəsi ilə üzü 4-cü mikrorayon dairəsi istiqamətinə hərəkət edən avtomobillər dayanıb ona yol vermişlər. Buna görə o, rahat şəkildə hərəkətə başlayıb yolu qarşı tərəfə keçmək üçün piyada zolağına daxil olmuşdur. O, birinci hərəkət zolağında dayanmış avtomobilin qarşısından keçdikdən sonra yolun orta zolağı ilə üzü 4-cü mikrorayon dairəsi istiqamətinə hərəkət edən motosikl sürətlə gələrək onu vurmuş və o, zərbənin təsirindən qucağındakı oğlu Zərərçəkmiş şəxs2lə birlikdə asfaltın üzərinə çırpılmışdır. Nəticədə oğlu Zərərçəkmiş şəxs2 və o, ciddi xəsarətlər almışlar. Həmin vaxt ətrafda olan insanlar hadisə yerinə toplaşaraq ona və oğlu Zərərçəkmiş şəxs2 yardım göstərmişlər. Bir qədər sonra hadisə yerinə gələn X7 Stansiyasının ekipajı onlara ilkin tibbi yardım göstərmiş və onları oradan xəstəxanaya aparmışlar. Xəstəxanada həkim müayinəsindən sonra ona məlum olmuşdur ki, hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs2 sol bud sümüyünün sınığı xəsarəti almış, onun isə sol əlinin 2-ci barmağı, eləcə də sol oturaq və qasıq sümükləri sınmışdır. Sonradan ona məlum olmuşdur ki, hadisəni törədən şəxs, yəni motosikletin sürücüsü Təqsirləndirilən şəxs onu vurduqdan sonra özü də motosikllə birlikdə yerə yıxılmış və buna görə xəstəxanaya aparılmışdır. Hazırda onlara dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxlə barışmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 03 aprel 2024cü il tarixdə təxminən saat 15 radələrində arvadı Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq bir qədər əvvəl 2021-ci il təvəllüdlü oğulları Zərərçəkmiş şəxs2lə birlikdə ünvan 4 ünvanın qarşısındakı piyada zolağından yolu piyada qarşı tərəfə keçmək istəyən zaman onları motosikl vurub xəsarət yetirdiyini və hər ikisinin X5 yerləşdirildiyini bildirmişdir. Buna görə o, dərhal xəstəxanaya getmiş, xəstəxanada həkim müayinəsindən sonra ona məlum olmuşdur ki, hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs2 sol bud sümüyü sınmış, arvadı Zərərçəkmiş şəxs1 isə sol əlinin 2-ci barmağı, eləcə də sol oturaq və qasıq sümükləri sınmışdır. Sonradan ona məlum olmuşdur ki, hadisəni «Kawasaki» markalı 10-A-565 dövlət qeydiyyat nişanlı motosiklın sürücüsü Təqsirləndirilən şəxs törətmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.122-123); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanının qarşısıdır (i.v.5-10); - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 may 2024-cü il tarixli 5/1080 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Kawasaki» markalı 10-A-565 dövlət qeydiyyat nişanlı motoskletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki ikmanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Kawasaki» markalı motoskleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Kawasaki» markalı motoskleti yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir (i.v.48-51); - Məhkəmə-tibbi ekspertizasının 30 may 2024-cü il tarixli 660 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət - sol bud sümüyünün 1/3nin qapalı, yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın əsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər yurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür (i.v.52-56); - Məhkəmə-tibbi ekspertizasının 30 may 2024-cü il tarixli 664 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol əllin İİ barmağının orta falanqasının oynaqdaxili, qəlpəli, yerdəyişən sınığı, soldan oturaq və qasıq sümüklərinin yerdəyişməyən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v.57-61); - Portal sənədindən görünür ki, Təqsirləndirilən şəxs etibarlılıq müddəti 12 fevral 2018-ci il tarixdən 12 fevral 2028-ci il tarixədək olan AD seriyalı 136217 nömrəli “B”, "C” kateqoriyalı sürücülük vəsiqəsi almışdır (i.v.14); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə DİN-nin NHİX-dən daxil olmuş 01 ədəd DVD disk, bir ədəd “Kawasaki” markalı, 10- A-565 dövlət qeydiyyat nişanlı motosikl sübut kimi tanınmış və həmin motosikl sahibi Təqsirləndirilən şəxs geri qaytarılmışdır (i.v.126-133); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:59 dəqiqədən saat 11:27 dəqiqəyədək olan müddət ərzində DİN-nin NHİX-dən daxil olmuş, 03 aprel 2024-cü il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-067 nömrəli kameralarının saat 14:45-dən 15:05-dək olan müddətdə qeydə aldığı görüntüləri özündə əks etdirən 01 ədəd DVD diskinə xidməti otaqda Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmişdir. DVD diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, diskin içərisində 03 ədəd videogörüntü vardır. 1-ci videogörüntü TŞ3-067 1-2024-04-03_14h45min00s000ms, 2-ci videogörüntü TŞ3-067 2-2024-04-03_14h45min00s000ms, 3-cü videogörüntü isə TŞ3-067 3-2024-04-03_14h45min00s000ms adlanır. Diskdə 1-ci sırada olan 20 dəqiqəlik TŞ3-067 1-2024-04-03_14h45min00s000ms adlı videogörüntü açıldıqda müəyyən edilmişdir ki, 03 aprel 2024-cü il tarixdə saat 14:45 dəqiqədə qucağında uşaq olan bir qadın piyada zolağı ilə gedib yolun hərəkət istiqamətlərini biri-birindən ayıran səki daşlarının üzərində dayanmış, daha sonra yolu qarşı tərəfə keçmək üçün hərəkətə başlayıb yoluna davam etmiş, həmin vaxt qadının sağ tərəfindən yolun hərəkət istiqamətinin sol zolağı ilə hərəkət edən avtomobil sürətini azaldıb qadına yol vermiş, qadın həmin avtomobilin qarşısından keçib orta zolağa çatanda həmin zolaqla sağ tərəfədən gələn qara rəngli motosikl qadını vurmuş və toqquşma nəticəsində qadın qucağındakı uşaqla birlikdə yerə çırpılmışdır (videogörüntünün 54-cü saniyəsi). Motosikl sürücüsünün başında qara rəngli qoruyucu dəbilqə, əynində isə qara rəngli geyim vardır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin motosiklı idarə edən o özüdür. Belə ki, o, 03 aprel 2024-cü il tarixdə saat 14:45 radələrində idarə etdiyi «Kawasaki» markalı 10-A-565 dövlət qeydiyyat nişanlı motosikllə Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ilə, yolun hərəkət hissəsinin orta zolağı ilə, təxminən 70-80 km/saat sürətlə üzü 4-cü mikrorayon dairəsi istiqamətinə hərəkət edən zaman Cavadxan küçəsi 17 ünvanın qarşısındakı piyada zolağını görməmiş və piyada zolağına çatanda qucağında körpə bir uşaq olan orta yaşlı bir qadının yolu piyada soldan sağa keçmək istədiyini görmüş, həmin vaxt qadını vurmamaq üçün əyləci sıxıb sükanı sağa döndərmiş, lakin buna baxmayaraq hadisənin qarşısını ala bilməmiş və motosiklın sol sükanı ilə həmin qadını vurub qucağındakı uşaqla birlikdə yerə yıxmışdır (i.v.121); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.36); - Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir (i.v.23); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi yoxdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadəsinə, ekspert rəylərinə və yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödədiyini, onlarla barışıq əldə etdiyini və əvvəllər məhkum edilməməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kawasaki” markalı, 10-A-565 dövlət qeydiyyat nişanlı motosikl Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kawasaki” markalı, 10-A-565 dövlət qeydiyyat nişanlı motosikl Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar