Məhkəmə qərarları › İş №1(006)-356/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-356/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-356/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə, saat 22 radələrində ünvan 3-də yerləşən “Bu Gecə” adlı kafedə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs müğənni qismində fəaliyyət göstərən Şahid1 ilə rəqs etdiyinə görə Zərərçəkmiş şəxs kafenin çölünə çağırmış, kafenin qarşısında sonuncuya Şahid1 ilə rəqs etdiyinə görə irad bildirərkən bu səbəbdən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə vurmuş, zərbənin təsiri nəticəsində yerə yıxılan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vuraraq ona çənənin sağ yarısının çənə sümüyünün az yerini dəyişən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, alt dodağın haşiyəsinin və selikli qişasının səthi əzilmiş-cırılmış yaraları, alt çənədə sağdan İ dişin travmatik çıxığı və həmin dişin diş ətinə qansızma ilə müşayiət edilən, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Bu Gecə” adlı kafeyə getmiş, kafeyə getməmişdən əvvəl qonaqlıqda olmuş və orada spirtli içki qəbul etmiş, kafeyə gedərkən artıq içkili olmuş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında anlaşılmazlıq olmuş, çölə çıxaraq onunla söhbət etmiş, hər ikisi səbrsiz olmuş və dalaşmışlar. Aralarında baş vermiş dava müğənniyə görə olmamış, zərər çəkmiş şəxsin çənəsini qırmamış, çox içkili olduğu üçün mübahisənin hansı səbəbən baş verdiyini xatırlamadığını bildirmişdir. Zərər çəkmiş şəxsə dəymiş zərər tərəfindən tam olaraq ödənilmişdir. Zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 aprel 2021-ci il tarixdə, saat 22 radələrində Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən "Bu Gecə" adlanan kafeyə getmiş və bir bokal pivə içmişdir. İkinci dəfə pivə sifariş edən zaman müğənni Şahid1 ona yaxınlaşıb onunla birlikdə pivə içmək istədiyini bildirmişdir. O da Samirəyə etiraz etməyərək onunla əyləşə biləcəyini demiş, Samirə də onun yanında əyləşərək pivə içmişdir. Daha sonra isə onlar birlikdə rəqs edən zaman adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu kafedən çölə dəvət etmişdir. Onlar birlikdə kafedən çıxdıqda Xalis ona Samirə ilə rəqs etdiyi üçün öz iradını bildirmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Xalis yumruqla onun sifət nahiyəsinə vurmuş və zərbənin təsirindən o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra da Xalis təpiklə onun bədənin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. O, yerdən qalxan zaman Xalis bir daha yumruqla onu vurmuşdur. Daha sonra isə Xalis oradan qaçaraq uzaqlaşmışdır. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərər çəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. O, ünvan 3 ünvanında yerləşən “Bu Gecə” adlı kafeni təxminən bir neçə ay olar ki, icarəyə götürüb işlədir. 01 aprel 2021-ci il tarixdə icarəyə götürdüyü “Bu Gecə” adlanan kafedə iş saat 12 radələrində başlamışdır. Həmin gün, saat 22 radələrində işıq borcunu ödəmək üçün kafedən çıxmışdır. İşıq borcunu ödədikdən sonra kafeyə geri dönən zaman kafenin girəcək hissəsində sonradan adlarını öyrəndiyi Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə oradan qaçaraq uzaqlaşdığını görmüşdür. O, dərhal Zahidə yaxınlaşaraq onu ayağa qaldırmış, üzündə olan qanı su ilə yumuşdur. Həmin vaxt Zahidin çənəsinin sındığını görmüşdür. Zahid DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdikdən sonra oradan uzaqlaşıb getmişdir. Müdafiə tərəfi Şahid1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, müğənnilik fəaliyyəti ilə məşğul olur, müxtəlif restoranlarda mahnı oxuyur. Nəsimi rayonu Alı Mustafayev küçəsi 17-də yerləşən “Bu Gecə” restoranında bəzən mahnı oxuyur. Belə ki, 01.04.2021-ci ildə saat 14 radələrində "Bu Gecə” restoranına getmiş, həmin günü saat 20 radələrinə kimi kafedə olmuş, bir neçə mahnı oxumuş, sonradan adını bildiyi Xalis və Zahid də orada olmuşlar, kafedə mahnı oxuyanda Zahid sərxoş vəziyyətdə stoldan durub onunla rəqs etmişdir. O, həmin günü saat 20 radələrində kafedən çıxıb getmiş, səhəri günü kafeyə gələndə eşitmişdir ki, kafenin yaxınlığında Xalislə Zahid dalaşmış, Xalis Zahidi vurmuşdur. X6 hansı səbəbə vurmasından xəbəri olmamışdır. İş materiallarında olan: - Şübhəli şəxsin tutulması haqqında 13.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.04.2021-ci il tarixdə, saat 18:00-da tutulmuşdur (i.v 46-47). - 15.04.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 86-87). - DİN-in BƏSİİ tərəfindən verilmiş 28.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.08.2013-cü il tarixli hökmü ilə 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10.10.2013-cü il tarixli qərarı ilə 15.08.2013-cü il tarixli hökm dəyişdirilib, CM-nin 62-ci maddəsi tətbiq edilmiş və cəzası 05 il 11 ay 28 günə qədər endirilmişdir. 18.03.2019-cu il tarixdə cəza müddəti başa çatdığına görə azad olunmuşdur. Bu əməl yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildiyindən residiv yaranmamışdır (i.v 91-92). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 11.02.2019-cu il təvəllüdlü övladı var. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT X5 Şəxsinin 218 №-li, 05.04.2021-ci il tarixli ekspert rəyinin (canlı şəxsin ekspertizası) nəticə hissəsində göstərilmişdir ki, X1 bədənində aşkar edilmiş xəsarətlər çənənin sağ yarısının çənə sümüyünün az yerini dəyişən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, alt dodağın haşiyəsinin və selikli qişasının səthi əzılmiş-cırılımş yaraları, alt çənədə sağdan 1 dişin travmatik çıxığı və həmin dişin diş ətinə qansızma bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 01.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri göstərilən şəraitdə, yəni küt alətlə (daş parçası, dəmir, yumruq, təpik və s.) əmələ gələ bilmələri mümkündür (i.v. 23-24). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin ifadələrindən, ekspert rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla cəza təyin edərkən onun törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.04.2021-ci il tarixdən 15.04.2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.04.2021-ci il tarixdən 15.04.2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar