Məhkəmə qərarları › İş №1(006)-357/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-357/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-357/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), işləməyən, Yevlax şəhəri, Neft Kəməri küçəsində qeydiyyatda olmaqla Bakı şəhərində gündəlik evlərdə kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,267 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 mart 2024 cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 45 saylı ünvanın qarşısında saxlanılıb ünvan 1şən Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 1,267 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2-ci qrup əlil olduğu üçün uzun müddətdir ki, psixotrop maddədən istifadə edir və həmin maddəni tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 25 mart 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlanan ərazidən üzdən tanıdığı şəxsdən “patı” kimi tanıdığı psixotrop maddəni 30 manata şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. 26 mart 2024-cü il tarixdə 12 radələrində ünvan 3 ünvanının qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib ondan da özünü təqdim etməsini tələb etmişlər. O da özünü həmin şəxslərə təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib bununla bağlı üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını qeyd edərək onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına aparmışlar. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra o, ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmasını xahiş etmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “KGTEL” markalı mobil telefonu və sol cibindən isə bir ədəd bükümdə psixotrop maddəni çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin maddəni bir gün əvvəl “Sovetski” adlanan yerdən üzdən tanıdığı şəxsdən 30 manata aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi bir ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 26 mart 2024-cü il tarixdə “Vüqar" adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin 21-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə o, Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq o, Şahid1la birlikdə ünvan 4 ünvanda təxminən 15-20 dəqiqə gözlədikdən sonra “Vüqar” adlı şəxsin gəldiyini görüb saat 12:00-da həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına aparmışlar. Şəxsiyyəti sonradan məlum olan, xx xxxxx 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Yexlax şəhəri, Neft Kəməri küçəsində qeydiyyatda olmaqla Bakı şəhərində günlük kirayə evlərdə yaşayan vətəndaş Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində 21-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nicat Sadıqov tərəfindən müdafiəçi təyin edilmiş, həmin şəxsin üzərinə baxışın keçirilməsi zamanı video qeydiyyat aparması üçün mütəxəssis dəvət edilmişdir. Onun, Şahid1, təhqiqatçı Nicat Sadıqovun, müdafiəçi Qeybulla Cavadovun və video qeydiyyata almaq üçün dəvət olunmuş mütəxəssisin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “KGTEL” markalı mobil telefonu və sol cibindən isə bir ədəd bükümdə psixotrop maddəni çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Təqdim etdiyi bükümün içərisində nə olması, haradan əldə etməyi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdə “patı" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni bir gün əvvəl, yəni 25 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlanan ərazidən üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra təqdim olunan bir ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.26-27); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.90-93); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur (i.v.48-50); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/1654 saylı xx.xx.2024-cü saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 189...” dairəvi möhür əski və “...Təqsirləndirilən şəxs-imza, dörd-imza, təhqiqatçı: Nicat Sadıqov- imza...” yazı əlavəsi qeyd edimiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 1,267 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir (i.v.56- 59); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1920 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.128-129); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,267 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,217 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında təhvil verilmişdir (i.v.134-142); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2003-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci il tarixdə təyin edilmiş cəzasını çəkib qurtarmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 04 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (i.v.102-105); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümün içərisindəki maddənin “psixotrop maddə metamfetamin” olduğunu və onu Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1920 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,217 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,217 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar