Məhkəmə qərarları › İş №1(006)-358/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-358/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-358/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 748-ci məhəllə, ev 32-nin blokunda olan liftin qarşısında rastlaşdığı həmin binanın 13-cü mərtəbəsində yerləşən 45A nömrəli mənzildə yaşayan qonşusu Zərərçəkmiş şəxs mənzilinə gələn narahatedici səslərə aydınlıq gətirməsi üçün özünün yaşadığı 44A nömrəli mənzilə dəvət etmiş, Zərərçəkmiş şəxs mənzilə gəlməsindən sonra aralarında baş vermiş mübahisə zamanı əli ilə sonuncunun sifət və çənə nahiyələrinə yumruqla vuraraq, ona burunun, burun-dodaq şırımının, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları, üst çənədə soldan İ dişin travmatik çıxığı, üst çənədə sağdan İ, İİ dişlərin tac hissəsindən travmatik sınıqları, sol diz oynağı nahiyəsinin qançırı ilə müşayət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 748-ci məhəllə, ev 32, mənzil 44A ünvanında tək yaşayır. Yaşadığı mənzil binanın 12-ci mərtəbəsində yerləşir. Axşamlar mənzilində olarkən üst qonşusu Ziyanın evindən hərdən bir səs gəlir. Bu səs isə onun əsəblərinə pis təsir edir. Bununla əlaqədar qonşusu Ziya ilə bir-iki dəfə görüşüb söhbət etmiş, “qonşuyuq, evdə səs salırsınız, mənim narahatçılığıma səbəb olur” deyə ona bildirmişdir. Ziya isə həmişə ona səsin onların evindən gəlmədiyini, həmin binanın 14-cü mərtəbəsindən gəldiyini bildirmişdir. Cavabında Ziyaya həmin mərtəbədən ona səs gələ bilmədiyini demişdir. Bundan sonra Ziya evdə azyaşlı uşaqları olduğunu, ola bilsin ki, onlar oynayanda səsin onların mənzilinə gəldiyini bildirmişdir. Sonra Ziyaya qonşu kimi bir-birilərinə narahatçılıq yaratmamalarını izah etmişdir. xx.xx.2022-ci il tarixdə mənzilinə təkrar səs gəldiyi üçün Ziya ilə əlaqə saxlamış, lakin o, toyda olmağını bildirdiyi üçün səhərisi gün görüşmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə axşam saat 20.00 radələrində qonşusu Ziya ilə yaşadığı binanın birinci mərtəbəsində yerləşən liftin qarşısında görüşmüşlər. O, Ziyanı evə dəvət etməmişdir. Ziya ona “yuxarı qalxaram danışarıq” deyə bildirmişdir. O, lift ilə evə qalxmış, təxminən 10-15 dəqiqədən sonra Ziya onun mənzilinə gəlmişdir. Ziya evə daxil olduqdan sonra, həmin vaxtı mənzilinə yenə səs gəldiyi üçün Ziya həmin səsə qulaq asıb zarafatla “bu mənim uşaqlarımın səsidir” deyə bildirmişdir. Evinə gəlib söz danışarkən sözünü kəsib dediklərini ciddiyə almadığına görə əsəbiləşərək Ziyanın sifət nahiyəsindən yumruqla vurmaq istəmiş, lakin həmin zərbə ona dəyməmiş, Ziya dərhal evdən çıxıb getmək istəyərkən arxadan onun çənə nahiyəsindən də bir dəfə yumruqla vurmuş, bu zaman Ziya müvazinətini saxlaya bilməyib divara dəyərək yerə yıxılmışdır. Ziyanın durmasına kömək edərək ayağa qaldırmış, Ziya durub öz mənzilinə getmişdir. Həmin vaxtı vurduğu zərbədən Ziyanın qabaq dişi çıxmış və ağız nahiyəsindən qan gəlmişdir. Təxminən bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onu Nəsimi RPİ-nin 21-ci PB-nə aparmış, orada ona Ziyanı döyməyinə görə sonuncunun onu şikayət etdiyi məlum olmuşdur. Həmin vaxtı bayram olması ilə əlaqədar spirtli içki qəbul etsə də, özünü idarə etməyi bacarmışdır. Hadisə blokda baş vermiş, həmin zaman hadisə yerində ikisindən başqa heç kim olmamışdır. Mübahisələrinin səbəbi Ziyanın evindən onun mənzilinə səs gəlməsi nəticəsində narahat olmağı ilə əlaqədar olmuş, mübahisə nəticəsində bir-birilərinə qarşı heç bir təhqiredici sözlər işlətməmişlər. Mübahisələri isə təxminən 2-3 dəqiqəyə yaxın davam etmişdir. Daha sonra ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs, hazırda ünvan 3 ünvanda yaşayır. 18 mart 2022-ci il tarixdə axşam saatlarında həmin binanın 12-ci mərtəbəsində yaşayan qonşusu Şamxal ona mobil telefon vasitəsi ilə «sms» yazaraq binanın 14-cü mərtəbəsindən idman aləti olan ştanq səsi gəldiyini, sabah komendantla birlikdə 14-cü mərtəbəyə gedib həmin mənzilin sahibi ilə danışmaqlarını bildirmiş, o, həmin günü toyda olduğu üçün Şamxala sabahı gün görüşə biləcəyini demişdir. 19 mart 2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı binanın birinci mərtəbəsində yerləşən liftin qarşısında qonşusu Şamxal ilə rastlaşmış, həmin vaxtı Şamxal onu dünən mənzilinə gələn səs-küyün kimin tərəfindən olunmasını müzakirə etmələri üçün 12-ci mərtəbədə yerləşən mənzilinə dəvət etmişdir. O da Şamxalın təklifi ilə razılaşaraq sonuncunun mənzilinə getmiş, Şamxal mənzilin giriş qapısını açarla açaraq onu mənzilə dəvət etmişdir. Mənzildə Şamxal ona mənzilinə gələn səsin onu narahat etməsini bildirmiş, səsə qulaq asaraq “bu uşağın ayaq səsidir” demişdir. Bu zaman Şamxal gözlənilmədən sağ əli ilə onun burun nahiyəsinə yumruq atmış, zərbədən burun nahiyəsindən qan axdığını hiss etmiş və daha sonra huşunu itirmişdir. Sonra özünə gəlib ayağa qalxmaq istəyərkən Şamxal yenidən onun çənə nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Şamxalın əsəbiləşməsini görüb evə getmək istəyərkən sonuncu arxadan yumruq zərbəsi ilə yan tərəfdən sifət nahiyəsinə vurmuş, bu zaman dodaq nahiyəsindən xəsarət almış və dişləri sınmışdır. Şamxaldan kənarlaşmaq üçün özünü dəhlizə atmış, bu zaman binanın komendantı Tahir onu görmüşdür. Sonra isə Şamxalın onu döyməsi barədə DİN-nin «102» xidməti zəng mərkəzinə məlumat vermişdir. Hadisə təxminən 2-3 dəqiqəyə yaxın davam etmiş, hadisə zamanı bir-birilərinə qarşı təhqiredici ifadələr işlətməmişlər. Daha sonra zərər çəkmiş şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödnilmişdir. Ona qarşı heç bir şikayəti və mülki iddiası yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 32 saylı binada sakinlərin razılığı əsasında komendant kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir sakin kimi tanıyır, hər ikisi ilə normal münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 20:00 radələrində evdən çıxarkən binada yaşayan qonşu Ziyanın sifət nahiyəsinin qan içərisində olmasını, hətta yerdə qan izlərinin olmasını görərək Ziyadan nə baş verməsini soruşmuş, sonuncu Şamxalın evinə səs gəlməsi ilə əlaqədar onu evinə çağırdığını bildirmişdir. Bu səbəbdən Şamxalın mənzilinə getmiş, sonuncu, yaşadığı mənzilində onu döyüb xəsarət yetirmişdir. O, Ziyaya bu söhbətlərdən heç bir xəbəri olmadığını bildirmişdir. Bundan sonra Ziya çıxıb mənzilinə getmişdir. Sonradan ona Ziyanın Şamxalın onu döyməsi ilə əlaqədar polisə şikayət etdiyi məlum olmuşdur. Şamxalın Ziyanı döyüb xəsarət yetirməsi zamanı orada olmamış, sadəcə olaraq dəhlizdə olan liftin qarşısında Ziyanı qanın içərisində görərək nə baş verməsini soruşduqda sonuncunun Şamxal tərəfindən döyülməsi ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X2 alınmış xx.xx.2022-ci il tarixli 2/5350 №-li “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun dərəcəsi “yüngül” qeyd olunmuşdur (i.v.21); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2022-ci il tarixli, 353 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – burunun, burun-dodaq şırımının, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları, üst çənədə soldan l dişin tarvmatik çıxığı, üst çənədə sağdan l, ll dişlərin tac hissəsindən travmatik sınıqları, sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (i.v.28-29); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnaməyə görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.45-46); - “Şahidin ifadəsinin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərərək bir daha təsdiq etmişdir (i.v 62-65); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.93-94); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayəti və mülki iddiası yoxdur; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarı əsasında barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə olmuş cinayət işi ilə bağlı bu norma artıq bir dəfə tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edib vurulmuş zərəri ödəsə də, yuxarıdakı əsaslara görə məhkəmə hesab edir ki, ona artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayəti yüngül sərxoşluq vəziyyətində törətmişdir. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halları, cinayəti yüngül sərxoşluq vəziyyətində törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar