Məhkəmə qərarları › İş №1(006)-358/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-358/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-358/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə ərazi dairəsi, Sığıncaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 57 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı ünvan 1 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə qəsdən yumruq zərbələri vuraraq ona qapalı kəllə-beyin travması baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgahalın və ənsə nahiyələrinin iri ölçülü dərialtı hematomaları, sol bazunun sol saidin və sağ əlin qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 2 qız övladları dünyaya gəlmişdir. 2021-ci ildən etibarən ailədaxili məsələlərlə əlaqədar boşanma ərəfəsindədirlər. Lakin o, ailəsinin dağılmasını istəmədiyi üçün boşanmaq istəmir. Bu səbəbdən aralarında ailədaxili mübahisələr tez-tez baş verir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində birgə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 57 ünvanında olduqları zaman həyat yoldaşından bir gün əvvəl nə üçün evdə olmadığını soruşmuş, o isə "Nicat" adlı bir şəxslə birlikdə dənizə getdiyini, Elxanın onun həyatına qarışmalı olmadığını bildirmişdir. Bu sözləri eşitdikdən sonra ondan Nicat adlı şəxsi çağırmasını istəmiş, lakin Firuzənin razılaşmadığını görüb əsəbləşərək yataqda uzanan həyat yoldaşının başından iki dəfə sillə zərbəsi vurmuşdur. Bundan sonra Firuzə yataqdan durub evin qapısına tərəf gedərək çölə çıxmaq istəyərkən onun qolundan tutub içəri salmışdır. Özü çantasını götürüb, şəxsi əşyalarını yığıb evdən çıxmış və Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan bacısıgilə getmişdir. Bir gün sonra Firuzə onun barəsində 19-cu Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Həyat yoldaşı Firuzə ilə aralarında olan mübahisənin təxminən 10 dəqiqə davam etdiyini bildirmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş və hu nikahdan iki qız övladları dünyaya gəlmişdir. Artıq 3 ildir ki, ailədaxili problemlərlə əlaqədar o, həyal yoldaşından boşanmaq istəsə də, Elxan bununla razılaşmır və boşanmaqlarına mane olur. Dəfələrlə bu səbəbdən aralarında söz-söhbət olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində onun evə gec gəlməsini bəhanə edərək Elxan onunla mübahisə yaratmış, o, isə onun həyatına qarışmamasını, ondan ayrılacağını Elxana bildirmişdir. Yalandan "Nicat" adlı şəxslə birlikdə olduğunu demişdir ki, Elxan ondan boşansın. Elxan da qətiyyətlə boşanmayacağını bildirdikdə aralarında mübahisə yaranmağa başlamışdır. Mübahisə zamanı Elxan onun baş nahiyəsinə bir neçə dəfə sillə zərbəsi vuraraq onu döyməyə başlamış, evdən çıxıb getmək istəyərkən onun hər iki qolundan tutub mənzilin içərisinə salmışdır. Sonra çantasını yığıb əsəbi halda evi tərk getmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırki cinayət işi üzrə bu şərtlə barışar ki, Elxan ondan boşansın. Daha sonra zərər çəkmiş şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2023-cü il tarixli, 981 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah-alın və ənsə nahiyələrinin iri ölçülü dərialtı hematomaları, sol bazunun sol saidin və sağ əlin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl, ayaq) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (i.v.20-23); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnaməyə görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.50); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün və zərər çəkmiş şəxsin ifadələri, ekspert rəyləri, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar