Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-358/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi – X12 (X2 mütəxəssis), X3 Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi – X23, müdafiəçi – Bakı şəhəri “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X7, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs-nın iştirakları ilə, xx.xx.1993-cü ildə X5 anadan olmuş, X3 vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən, X13, Qəsim şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan (MYİ ******) və Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 33, mənzil 31 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs-nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdar, yəni 0,8 qram təşkil edən, hər birində 10 ədəd olmaqla 02 konvalyutda cəmi 20 ədəd metadon həblərini istintaqa məlum olmayan vaxtda və yerdə arvadı Şahid5 əldə edib özündə saxlamaqla daşımış, 25 aprel 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:16 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən “Methadone 40” əmtəə göstəricili, üzərində “F/M40” yazısı həkk olunmuş 02 ədəd konvalyutda tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 8 qram təşkil edən 20 ədəd həmin narkotik vasitə metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid5 təxminən 2 ildir ki, tanıyır. Təxminən 1 ildir ki, Şahid5 ilə ailə həyatı qurmuş və rəsmi nikaha daxil olmuşlar. Zeynəb ondan əvvəl də evli olmuş və həmin nikahından 1 övladı vardır, həmin övladı Zeynəbin anası ilə yaşayır. Zeynəbin narkotik vasitə istifadə etməsindən məlumatı olmuş, sonuncuya bunu tərkizməsini desə də, Zeynəb bədənində olan ağrılara görə narkotik vasitə metadon qəbul etmişdir. Sonuncu dəfə 25 aprel 2024-cü il tarixdə Zeynəb ona 2 ədəd konvalyutda içərisində cəmi 20 ədəd narkotik vasitə metadon həbini vermiş və onu saxlamağını xahiş etmişdir. O da həmin 02 ədəd konvalyutda olan həbləri cibinə qoymuşdur. Həmin gün saat 22 radələrində yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 33 sayı binanın qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmiş və barələrində narkotik vasitələri qanunsuz saxlamaqla daşımaqları barədə məlumat olduğunu bildirib, onları Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməmişlər və polis əməkdaşları ilə 22-ci polis şöbəsinə gəlmişlər. Polis şöbəsində o və arvadı Zeynəb şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün onlara vəkillər təyin olunmuş, həmçinin o, Azərbaycan dilini bilmədiyi üçün ona tərcüməçi təyin edilmişdir. Daha sonra polis şöbəsində otaqların birində o və arvadı Zeynəbin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Zeynəbə üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda Zeynəb gödəkcəsinin cibindən 04 ədəd konvalyutda 40 ədəd metadon həblərini, «Redmi 10» markalı mobil telefonu, mobil telefonun enerji qurğusunu, Ədliyyə Nazirliyi tərəfindən verilmiş qolbağı və qurğusunu, bank kartını çıxarıb təqdim etmişdir. Sonra bir nəfər qadın polis əməkdaşı Zeynəbin üzərində şəxsi axtarış aparmış, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Zeynəb təqdim etdiyi həbləri narkotik vasitə metadon həbləri olduğunu, həmin həbləri İran İslam Respublikası vətəndaşı «Fərhad» adlı şəxsdən sonuncunun deyəcəyi ünvanlara çatdırmaq üçün əldə etdiyini, bunun müqabilində həmin şəxsin ona istifadə etmək üçün narkotik vasitə verdiyini, əvvəllər CM-in 234.1 -ci maddəsi ilə məhkum olunduğunu, həmçinin yaşadığı ünvanda da narkotik vasitələrin olduğunu, evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra təqdim etdiyi əşyalardan bank kartı, mobil telefonun enerji cihazı və Ədliyyə Nazirliyinin qolbağı ilə qurğusu Zeynəbə qaytarılmış, narkotik vasitə metadon həbləri və mobil telefonu isə götürülmüş və qablaşdırılmışdır. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, ona üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi təklif olunduqda o, şalvarın cibindən 02 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini, «Samsung A51» markalı mobil telefonu, 1 manat pul əskinasını və bank kartını çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilimiş, lakin başqa heç bir əşya aşkar olunmamışdır. O, verilən şifahi suallara cavab olaraq təqdim etdiyi 02 ədəd konvalyutda olan həbləri Zeynəbin ona verdiyini bildirmiş. Zeynəb də qeyd olunan xüsusatı təsdiq etmişdir. Həqiqətən də həmin həbləri saxlaması üçün ona Zeynəb vermişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş metadon həbləri və mobil telefon götürülmüş və qablaşdırılmışdır. Sonra çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra müdafiəçilərin, tərcüməçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadıqları ünvan 5 ünvanda baxış keçirilən zaman Zeynəb evin qonaq otağında divanın sağ küncündə gizlətdiyi sellofan torbada olan 09 ədəd konvalyutda ümumilikdə 77 ədəd narkotik vasitə metadon həblərini, 01 ədəd elektron tərəzini 01 ədəd içərisində narkotik vasitə heroin olan yapışqan lentlə bağlanmış sellofan bükümü təqdim etmiş və həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı «Fərhad» adlı şəxsin ona göndərdiyini bildirmişdir. Sonra Zeynəbin təqdim etdiyi narkotik vasitələr və elektron tərəzi polis əməkdaşı tərəfindən götürülməklə qablaşdırılmışdır. Sonra çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o və arvadı Zeynəb polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Üzərindən aşkar olunmuş narkotik vasitəni saxlamaq üçün ona arvadı Zeynəb vermişdir. Arvadı Zeynəb narkotik vasitə alüdəçisidir. Onun Zeynəbin evdə narkotik vasitə saxlamasından məlumatı olmamışdır. Ümumiyyətcə Zeynəbin şəxsi axtarış zamanı bildirdiklərindən məlumatlı olmamışdır. O, yalnız Zeynəbin narkotik vasitə istifadə etməsini bilmişdir. Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Sonda Təqsirləndirilən şəxs həmin həblərin narkotik maddə olduğunu bilmədiyini, həmin həblərin arvadı Zeynəbə məxsus olduğunu, sadəcə onun xahişi ilə iki list həbi üzərində götürdüyünü, bilməyərəkdən törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, tez bir zamanda ölkəsinə qayıtmaq istədiyini, himayəsində yaşlı anasının olduğunu bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 25 aprel 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şahid5 və X13 vətəndaşı Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində qanunsuz olaraq saxlaması, gəzdirməsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, 22-ci polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 22 radələrındə əldə etdikləri məlumat əsasında ünvan 6 ünvanın qarşısında olarkən Şahid5 və X13 vətəndaşı Təqsirləndirilən şəxs-nı görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və barələrində narkotik vasitələrin üzərində saxlamaları və gəzdirmələri ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Şahid5 Tacdıq qızı və X13 vətəndaşı Təqsirləndirilən şəxs-nı Nəsimi RPİ-nin 22-cı polis şöbəsinə dəvət etmişlər, onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X21a həvalə olunmuşdur. X21 tərəfindən Şahid5 və X13 vətəndaşı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onlara hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə onların üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt Nəsimi RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru X19 da dəvət olunmuş və şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Şahid5 üzərində hər hansı bir qanunsuz əşya və ya preclmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan gödəkcəsinin cibindən 04 ədəd listdə hər bir listdə 10 ədəd olmaqla cəmi 40 ədəd üzərində «Methadone» yazılmış dərman həblərini, Redmi markalı mobil telefonu. Ədliyyə Nazirliyi tərəfindən verilmiş qolbaq və onun qurğusunu, bank kartını, enerji cihazını təqdim etmişdir. Həmin əşyalardan Ədliyyə Nazirliyi tərəfindən verilmiş qolbaq və onun qurğusunu, bank kartını, enerji cihazı Şahid5 özünə qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Şahid5 təqdim etdiyi dərman həblərinin narkotik vasitə metadon olduğunu, həmin həbləri İran İslam Respublikası vətəndaşından özünə də müəyyən qismi qalmaq şərti ilə aldığını, özünün müxtəlif ünvanlarda gizlədərək İran İslam Respublikası vətəndaşına yerləri barədə məlumat verdiyini, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Şahid5 təqdim etdiyi narkotik vasitə metadon həbləri və mobil telefon qablaşdırılmaqla götürülmüşdür. Zeynəb Ən-nəiınənin üzərinə şəxsi axtarış aparılsa da başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra X13 vətəndaşı Təqsirləndirilən şəxs-nın üzərinə tərcüməçinin iştirakı ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs-ya üzərində hər hansı bır qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan şalvarın cibindən 02 odəd listdə hər bir listdə 10 ədəd olmaqla cəmi 20 ədəd üzərində «Methadone» yazılmış dərman həblərini, 01 ədəd Samsung A51 markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi dərman həblərinin arvadı Zeynəb Ən- nəiməyə aid olduğunu bildirmişdir. Şahid5 bunu təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs-nın üzərinə şəxsi axtarış aparılsa da, başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş 20 ədəd narkotik vasitə metadon həbləri və Samsung A51 markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Şahid5 və Təqsirləndirilən şəxs-nın yaşadığı ünvan 7 ünvana baxış keçirilən zaman qonaq otağındakı sellofan torbadan 01 ədəd bükümdə narkotik vasitə tiryək, 08 ədəd konvalyutda cəmi 75 ədəd və 01 ədəd bükümdə 01 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Şahid5 həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin narkotik vasitələri müxtəlif ünvanlarda gizlədərək İran İslam Respublikası vətəndaşına yerləri barədə məlumat verdiyini, ərinin həmin narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi təhqiqatçı tərəfindən götürülməklə qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid4 və Kamilov X4 Kənan İsmayıl oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş (Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili) Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 4); şübhəli şəxsin tutulması haqqında 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:15-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 41); şəxsi axtarış və götürmə aparılması haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 61-62); şəxsi axtarış və götürmə aparılması haqqında 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və Şahid4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - Təqsirləndirilən şəxs-nın, şübhəli şəxs - Şahid5, mütəxəssis (ekspert) Nəsimi Rayon Polis İdarəsinin ekspert kriminalisti X8, Nəsimi RPİ-nin YVÇ-la PİTB-nın inspektoru X9, müdafiəçilər – X20 və X16 iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın cibindən içərisində 10 ədəd olmaqla 02 ədəd listdə olan ümumilikdə 20 ədəd üzərində “Methadone” yazısı olan həblər aşkar olunaraq götürülmüşdür (i.v. 64-69); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2300 nömrəli rəyindən görünür ki, tədqiqata təqdm edilmiş, üzərində «Azərbaycan Respublikası DİN «Zərflər üçün № 190» dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-nın üzərindən aşkar edilmiş 2 list metadone yazısı olan həb; Təqsirləndirilən şəxs-imza....doqquz-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə olan 02 ədəd konvalyutlarda üəzrində “Methadone 40” əmtəə göstəriciləri olan, hər birində 10 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, ümumilikdə 20 ədəd həb metadon tərkibli dərman preparatıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı – 0,8 qramdır. (hər bir həbin təsiredici maddəsinin miqdarı – 0,04 olmaqla). Metadon adlı dərman preparatı «Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxildir. QEYD: metadon 40 mg həb – 20 ədəd, tədqiqata sərf edildi – 2 ədəd, qalıq – 18 ədəd (i.v. 86-88); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 102-103); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Zaur Tağıyevin ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Xətai RPİ-nin X17 azad olunması qərara alınmışdır (i.v. 118-119); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Zaur Tağıyevin 27 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 120-121); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2709 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 124- 125); sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs-ya CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs-nın barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və ayrılmış material saxlanılması üçün Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs-nın barəsində CM-in 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və ayrılmış material saxlanılması üçün Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs-nın barəsində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və ayrılmış material saxlanılması üçün Nəsimi rayon prokurorluğuna göndərilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış zamanı çəkilmiş 01 ədəd disk və istintaq zamanı toplanmış digər sənədlər sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs-nın üzərindən aşkar olunmuş “Samsung A51” markalı mobil telefonun özünə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs-nın üzərindən aşkar edilərək götürülmüş 02 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla cəmi 20 ədəd narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 18 ədəd istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır (i.v. 160-168). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X22 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,189 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X22 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs-nın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs-nın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs-nın təqsirini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, onun ilk dəfə az ağır cinayət törətməsini, ailəli olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs-nın əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs-ya cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. (Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmiş, o törətdiyi əməli səmimi etiraf edib, əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına vaxtlı-vaxtında gəlmişdir. Barəsində olan qətimkan tədbirinin şərtlərini pozmamışdır.) İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məlumatdan görünür ki, 03 saylı Bakı “Asan Xidmət” X14 xx.xx.1993-cü il təvəllüdlü X6 vətəndaşı Ən-nəimə X31 xx.xx.1998-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Ən-nəimə (Səfərova) Zeynəb Tapdıq qızı ilə xx.xx.2023-cü il tarixdə nikah bağlamışdır. Məhkəmə yuxarıda sadalanan bütün halları iş üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır (iş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir). Təqsirləndirilən şəxsin məhkəmə iclasındakı davranışı hakimdə həmin şəxsin barəsində daha ciddi cəza təyin etmədən də onun islah olunmasının mümkünlüyünə inam yaradır. Belə ki, CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunun mövcudluğunu nəzərə alaraq, məhkəmə şəxsin təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə ona cəza təyin edərkən, CM-in qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərini təmin etmək üçün onun barəsində CM-in 62-ci maddəsinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirir. Məhkəmə törədilmiş cinayətin məqsədi və motivini, yuxarıda göstərilən müstəsna halların mövcudluğunu, sadalanan yungulləşdirici halların məcmusunu nəzərə alaraq hesab edir ki, qeyd olunanlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Göstərilən halların mövcudluğu şəraitində təqsirləndirilən şəxsin CM-in 62-ci maddəsinin imkanlarından istifadə etmək hüququ təmin edilməlidir. Belə bir vəziyyətdə CM-in 62-ci maddəsinin tətbiqi cəzanın təyin edilməsi prinsiplərinə və məqsədlərinə hər hansı bir zidiyyət yaratmır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, № 4 saylı Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özüözlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. Həmin Qərarın 8-ci bəndində CM-nin 62-ci maddəsinin tətbiqi məsələləri barədə qeyd edilmişdir ki, cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin maddəyə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb, təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər və ona təqsirli bilindiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməklə də islah edilməsi mümkündür. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməklə cərimə cəzası təyin etmək qərarına gəlir. Eyni zamanda məhkəmə, bu qənaətə gələrkən Təqsirləndirilən şəxs-nın əcnəbi olmasını və azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsinin mümkünsüzlüyünü də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in: 52-1.6-cı maddəsində əcnəbilərə və Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qadağan edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası yüngülləşdiriməklə üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs-nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs-nın istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 18 ədəd narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs-nın üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs-dan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-358/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-358/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver