Məhkəmə qərarları › İş №1(006)-359/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-359/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-359/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1980-ci ildə Dəvəçi rayonu, Çayqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şabran rayonu, Çayqaraqaşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 66, mənzil 49-da yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1981-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 9-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 06.02.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yaşayış sahəsindən tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd çəhrayı rəngli kağız bükümdə təmiz çəkisi 0,382 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manata əldə edərək üzərində saxlamaqla daşımış və 06.02.2021-ci il tarixdə, saat 14:20 radələrində Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2şən Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı sol əlinin ovuc nahiyyəsində 01 ədəd çəhrayı rəngli kağız bükümdə təmiz çəkisi 0,382 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə 06 fevral 2021-ci il tarixdə saat 11 radələrində satış məqsədi olmadan birgə istifadələri üçün psixotrop maddə olan metamfetamin almaq qərarına gələrək bu məqsədlə Təqsirləndirilən şəxs2 ona 10 manat pul vermiş, bundan sonra o, sonuncunun ona verdiyi 10 manat pulun üstünə özündə olan 10 manat pulu qoyub 06.02.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,427 qram və təmiz çəkisi 0,382 qram təşkil edən iki bükümdə psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, saat 11 radələrində üzərində olan təmiz çəkisi 0,382 qram təşkil edən bir bükümdə psixotrop maddə metamfetamini satış məqsədi olmadan istifadə etməsi üçün Təqsirləndirilən şəxs2 vermiş və 06.02.2021-ci il tarixdə saat 20:45 radələrində Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2şən Nəsimi RPİnin 19-cu PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı sol əlinin ovuc nahiyəsində qara rəngli və üzərində “Davidoff” markalanma nişanı olan alışqanın qapağında 01 ədəd çəhrayı rəngli kağız bükümdə təmiz çəkisi 0,427 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 66, mənzil 49-da yaşayır. Xeyli müddətdir ki, psixotrop maddələrdən istifadə edir. Sonuncu dəfə 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2017-ci ildə isə azadlığa buraxılmışdır. 06.02.2021-ci il tarixdə, saat 11 radələrində ağrıları olduğu üçün evdən çıxıb tanışı Təqsirləndirilən şəxs1 yanına getmişdir. Eminlə aralarında olan söhbət zamanı hər ikisinin ağrıları olmasını müəyyən edib psixotrop maddə qəbul etmək barədə onlar qərara gəlmişlər. Həmin vaxt onun ayağında şiddətli ağrılar olduğu üçün Eminə psixotrop maddə almaq üçün gedə bilməyəcəyini bildirib və Emindən onun üçün də şüşə adlanan psixotrop maddə almasını xahiş etdikdə Emin onunla razılaşmış və o, Eminə buna görə 10 manat vermişdir. Həmin günü şüşəni, yəni psixotrop maddə olan metamfetamini aldıqdan sonra əlverişli şərait olmadığından aldıqları maddəni Eminlə birlikdə isitfadə edə bilməmişlər. Eminlə qərarı gəlmişlər ki, sonra görüşüb aldıqları maddəni birlikdə isitfadə edərlər. Bundan sonra isə Emin çıxıb getmişdir. 06 fevral 2021-ci il, saat təxminən 14:20 radələrində o, ünvan 4 ünvanında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq onu saxlamışlar. Həmin şəxslər özlərini ona 19-cu PŞ-nin əməkdaşları kimi təqdim etdikdən sonra onlar ondan kim olduğunu soruşduqda o, onlara 04 ferval 1980-ci ildə Dəvəçi rayonu, Çayqaraqaşlı kəndində anadan olduğunu, Şabran rayonu, Çayqaraqaşlı kəndində qeydiyyatda olmaqla ünvan 5-da yaşadığını və Təqsirləndirilən şəxs2 olduğunu demişdir. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddənin qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinməyi barədə onlarda məlumat olduğunu və hazırda üstündə nə olduğunu ondan soruşduqda o, polislərə üstündə bir ədəd bükümdə metamfetamin olduğunu demişdir. Daha sonra polis əməkdaşları onu 19cu PŞ-yə gətirmişlər. PŞ-nin inzibati binasında onu xidməti iş otağına dəvət etmişlər və orada onun üzərinə şəxsi axtarış keçiriləcəyi barədə ona məlumat verilmişdir. Bundan sonra şəxsi axtarışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis də dəvət edilmişdir. İştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra şəxsi axtarışa başlanmış, üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi ona təklif edilmişdir. O, sol əlinin ovuc hissəsində olan çəhrayı rəngli kağıza bükülmüş metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması ona sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi şalvarın ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirmiş və heç bir əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş bükümün içərisindəki maddənin nə olduğunu deməsi ona təklif olunmuşdur. O, “01” ədəd çəhrayı rəngdə kağıza bükülmüş olan maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirib bükümü Təqsirləndirilən şəxs1 onun üçün “Papanin” adlanan ərazidən aldığını demişdir. Daha sonra həmin maddə polis əməkdaşlarının da iştirakı ilə qablaşdırılaraq ekspertizaya göndəriləcəyi bildirilmişdir. İfadəsinin sonunda törətdiyi cinayəti etiraf edərək peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 06 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 onunla görüşmüş və ona bədənində ağrıları olmasını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 da narkotik vasitə qəbul etməsini o, bilmişdir. Fəqan həm ağrıları olduğu, həmçinin ayağı da ağrıdığı üçün ona da narkotik vasitə, yəni el arasında “şüşə” deyilən “metamfetamin” almağını bildirmişdir. Təqsirləndirilən şəxs2la belə razılaşmışlar ki, hərəyə 10 manat qoyub, cəmi 20 manata “Papanin”dən şüşə, yəni metamfetamin alsınlar. Buna görə də, Fəqan ona şüşə almaq üçün 10 manat vermiş və o, 20 manat pulla “Papanin”ə getmişdir. Onun özünün də ağrıları olduğu üçün narkotik vasitə almalı olmuş və buna görə də “Papanin” adlanan ərazidə tanımadığı şəxsə 20 manat verib, 2 büküm narkotik vasitə “metamfetamin”, yəni el arasında “şüşə” kimi adlanan maddə alıb yaşadığı binanın həyətinə getmişdir. O, Fəqan ilə görüşüb aldığı 2 bükümdən birini Fəqana vermişdir. Özünə aldığı narkotik vasitə “şüşəni” isə özünə məxsus qara rəngli, üzərində «Davidoff» sözü yazılmış alışqanın qapaq hissəsinə qoymuş və alışqan onun sol əlinin ovuc hissəsində olmuşdur. Həmin günü saat 20:45 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ərazisində 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmasını bildirib ondan ad və soyadını soruşmuşlar. O, özünü təqdim edəndən sonra polislər ondan üzərində narkotik maddənin olub-olmadığını soruşan zaman o, üzərində şüşə, yəni metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etdikdə o, buna etiraz etmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində polis əməkdaşları ona üzərində axtarış aparacaqlarını bildirmişlər və bunun üçün video çəkilişdən istifadə edəcəklərini deyəndə o, etiraz etməmişdir. Video çəkiliş vasitəsi ilə axtarış aparılan vaxtı o, sol əlinin ovuc hissəsində saxladığı qara rəngli, üzərində «Davidoff» sözləri yazılmış alışqanın qapaq hissəsindən narıncı rəngli kağıza bükülmüş, içərisində narkotik vasitə olan metamfetamini təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik maddəni haradan əldə etməsini ondan soruşanda o, onlara Bakı şəhəri, Papanin adlanan ərazidən tanımadığı şəxsə 20 manat verib, 2 büküm aldığını, həmin bükümlərdən birini Fəqana verdiyini bildirmişdir. Həmçinin o, şalvarının sağ yan cibindən 10 manatlıq pul əskinazını təqdim etmişdir. Metamfetamini 02 ədəd bükümə onları ona satan tanımadığı şəxs bölüb vermişdir. Bükümlərdə olan metamfetaminləri Fəqanla birlikdə istifadə etməli idi. İki ədəd bükümü 20 manata almışdır. Pulun 10 manatını isə Fəqan vermişdir. İfadəsinin sonunda törətdiyi cinayəti etiraf edərək səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ali təhsilli olduğunu bildirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 Əlismiran oğlu verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 06 fevral 2021-ci il tarixdə şöbəyə ünvan 5 ünvanında yaşayan “Fəqan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqla daşıması və ondan istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, “Fəqan” adlı şəxsin müəyyən edilərək onun cinayət başında yaxalanması və cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığından bu barədə 19-cu PŞ-nin rəisinə Şahid1 tərəfindən raportla məruzə edilmiş, PŞ-nin rəhbərliyi tərəfindən əməliyyat axtarış tədbirilərinin həyata keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş, ondan və 19-cu PŞ-nin əməliiyyat müvəkkili, Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. “Fəqan” adlı şəxsin barəsində qrup üzvləri təlimatlandırılmış və daha sonra “Fəqan” adlı şəxsin cinayət başında yaxalanması məqsədi ilə həmin ünvanda əməliyyat mövqeyi müəyyən edilmişdir. 06 fevral 2021-ci il tarixdə saat 14:20 radələrində ünvan 6 ünvanında əlamətləri “Fəqan” adlı şəxsin əlamətləri ilə uyğun olan şəxsi görüb ona yaxınlaşmışlar və həmin şəxsə özlərini təqdim etdikdən sonra ona özü və şəxsiyyəti haqqında məlumat verməsini bildirdikdə məlum olmuşdur ki, həmin şəxs 04 ferval 1980-ci ildə Dəvəçi rayonu, Çayqaraqaşlı kəndində anadan olmuş, Şabran rayonu, Çayqaraqaşlı kəndində qeydiyyatda olan, ünvan 5-da yaşayan Təqsirləndirilən şəxs2dur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs2 üzərində gəzidirilməsi qanunla qadağan edilən əşya və yaxud da maddələrin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs2 bildirmişdir ki, şüşə kimi tanınan metamfetamin istifadəçisidir və üstündə həmin maddədən başqa heç nə yoxdur. Bundan sonra onlar avtomobillə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 12 ünvanında yerləşən Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gətirmişlər və bu barədə 19-cu PŞnin rəisinə raportla onun tərəfindən məruzə edilmişdir. Raport əsasında araşdırmanın aparılması 19-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ziyatxan Əliyevə həvalə edilmişdir. Fəqan Çorkəzovun üzərinə şəxsi axtarış apaırlması zərurəti yarandığından şəxsi axtarışın gedişatını video kamera ilə çəkmək üçün 19-cu PŞ-nə mütəxəssis dəvət edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl şəxsi axtarışda iştirak edən hər bir şəxsə, həmçinin saxlanılan şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarışın aparılma səbəbi, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində gəzdirilməsi qanunla qadağan edilən əşya və maddənin olub olmadığı soruşulmuş və olduğu halda təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 oturduğu stuldan qalxıb sol əlinin ovuc hissəsində olan bir ədəd çəhrayı rəngli kağız bükümü, bir ədəd “Aksen” forte dərmanını və alışqanı masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs2 çəhrayı rəngli kağız bükümün içərisində şüşə kimi tanınan metamfetamin olduğunu bildrimişdir. Təqsirləndirilən şəxs2 Emin adlı tanışı ilə həmin metamfetamini istifadə etmək üçün hərəyə 10 manat qoyduğunu, Eminin isə özünün də 10 manat qoyub tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun və Eminin də həmin maddəni satmaq niyyəti olmayıb. Təqsirləndirilən şəxs2 deməsinə görə o, Eminin şüşə almağa getdiyini bilib Eminə onun üçün də şüşə almasını xahiş etmiş və o, Emindən heç vaxt metamfetamin və ya narkotik maddə almamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üstünə axtarış aparılmış və Təqsirləndirilən şəxs2 paltarlarından başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Bundan sonra “Emin” adlı şəxsin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığından onun tərəfindən raportla məruzə edilmişdir. 19-cu PŞ-nin rəisi tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş, ondan və 19-cu PŞnin əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə yenidən əməliyyat qrupu yaradılmışdır. “Emin” adlı şəxsin barəsində qrup üzvləri təlimatlandırılmış və daha sonra “Emin” adlı şəxsin cinayət başında yaxalanması məqsədi ilə əməliyyat mövqeyi müəyyən edilmişdir. 06 fevral 2021-ci il tarixdə saat 20:45 radələrində ünvan 6 ünvanında əlamətləri “Emin” adlı şəxsin əlaməltəri ilə uyğun olan şəxsi görüb ona yaxınlaşmışlar və həmin şəxsə özlərini təqdim etdikdən sonra ona özü və şəxsiyyəti haqqında məlumat verməsini bildirdikdə məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1981-ci ildə Abşeron rayonunda anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 68, mənzil 23-də yaşayan Təqsirləndirilən şəxs1dur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərində gəzidirilməsi qanunla qadağan edilən əşya və yaxud da maddələrin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, şüşə kimi tanınan metamfetamin istifadəçisidir və üstündə həmin maddədən başqa heç nə yoxdur. Bundan sonra onlar avtomobillə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 12 ünvanında yerləşən Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibatı binasına gətirmişlər və bu barədə 19-cu PŞ-nin rəisinə raportla onun tərəfindən məruzə edilmişdir. Raport əsasında araşdırmanın aparılması yenidən 19-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ziyatxan Əliyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından şəxsi axtarışın gedişatını videokamera ilə çəkmək üçün 19-cu PŞnə mütəxəssis dəvət edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl şəxsi axtarışda iştirak edən hər bir şəxsə, həmçinin saxlanılan şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarışın aparılma səbəbi, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində gəzdirilməsi qanunla qadağan edilən əşya və maddənin olub olmadığı soruşulmuş və olduğu halda təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 oturduğu stuldan qalxıb sol əlinin ovuc hissəsində olan bir ədəd qara rəngli “Davidoff” markalanma nişanı olan alışqanı masanın üzərinə qoymuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs1 şalvarının ön sağ cibindən 10 manat pul əskinazını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 qara rəngli “Davidoff” markalanma nişanı olan alışqanın qapağının içərisindən çəhrayı rəngli kağız bükümün içərisində şüşə kimi tanınan metamfetamin olduğunu və həmin metamfetamini 06 ferval 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” kimi tanıdığı yerdən tanımadığı şəxsdən 10 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 onu da bildirmişdir ki, tanışı Fəqanın ona veridyi 10 manat pula da tanımadığı həmin şəxsdən bir büküm metamfetamin almış və hər iki bükümdə olan metamfetaminləri Fəqanla birlikdə istifadə edəcəyini, metamfetamin satan şəxsə ümumilikdə 20 manat pul verib. Bundan sonra Təqsirləndirilən şəxs1 üstünə axtarış aparıldı və onun paltarlarından başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Ziyatxan Əliyev tərəfindən tərtib edilmiş və həmin şöbənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1, mütəxəssis X8, şübhəli şəxs Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış 06.02.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sol əlinin ovuc nahiyyəsindən 01 ədəd çəhrayı rəngli kağız bükümün içərisindən təmiz çəkisi 0,382 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, eyni zamanda şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 35-41). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 06.02.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Ziyatxan Əliyev tərəfindən tərtib edilmiş və həmin şöbənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1, mütəxəssis X8, şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış 06.02.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 sol əlinin ovuc hissəsində saxladığı 01 ədəd qara rəngli üzərində “Davidoff” markalanma nişanı olan alışqanın qapağından 01 ədəd çəhrayı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,427 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, eyni zamanda şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirimiş, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 73-79). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 06.02.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.02.2021-ci il tarixli, 6/546 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “vət. Təqsirləndirilən şəxs2 götürülmüş”yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,382 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs1 götürülmüş” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,427 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 88-92). İşdə olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSYdən azad edilməsi haqqında” 08.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 143-144). İşdə olan “qətimkan tədbirinin seçilməsi haqqında” 08.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 149). İşdə olan “sübutların qiymətləndirilməsi haqqında” 03.05.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,382 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədiqatından sonra qalıq qalmış 0,332 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (i/v 216-228). İşdə olan “sübutların qiymətləndirilməsi haqqında” 03.05.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,427 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və “Davidoff” markalanma nişanı olan alışqan maddi sübut kimi tanınmış və ekspertiza tədiqatından sonra qalıq qalmış 0,377 qram çəkidə psixotrop maddə metamfetamin və “Davidoff’ markalanma nişanı olan alışqan saxlanması üçün Nəsimi RPİnin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (i/v 216-228). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i/v 162-163). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli arayışdan və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Qarnizonu Hərbi Məhkəməsinin 10.12.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası hərbi əməliyyatlar başa çatanadək təxirə salınmışdır, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 27.11.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4, 221.3-cü maddləri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 05.12.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş və 29.09.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 22.06.2012ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, 03.07.2013-cü ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin 07.05.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və 28.09.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış və 08.04.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (165-166, 197-201). İşdə olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 06.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 4(006)-73/2021 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (i/v 18-19, 147-148). İşdə olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 06.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 08.02.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (i/v 62-63, 140-142). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 11.02.2021-ci il tarixli, 456 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya ələmətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 173-174). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 11.02.2021-ci il tarixli, 458 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 175-176). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə - metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özlərinin etirafı, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06.02.2021-ci il tarixdən 08.02.2021-cu il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06.02.2021-ci il tarixdən 08.02.2021-cu il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəməyədək icraat dövründə tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 9 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxslərdən müştərək qaydada 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan ilkin çəkisi 0,382 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,332 qram olan psixotrop vasitə metamfetamin və ilkin çəkisi 0,427 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,377 qram olan psixotrop vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X7 və X2 vəkil işlədikləri Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-359/2021 saylı, 27 may 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişlər və 07 iyun 2021-ci il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri X7 və X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X7 və X2 vəkil işlədikləri Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 150 manat olmaqla ümumilikdə 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 fevral 2021-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs1 oğlunun məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 9 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama kamersında saxlanılan, ilkin çəkisi 0,382 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,332 qram olan psixotrop vasitə metamfetamin və ilkin çəkisi 0,427 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,377 qram olan psixotrop vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 və X2 vəkil işlədikləri Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 150 manat olmaqla ümumilikdə 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar