Məhkəmə qərarları › İş №1(006)-359/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-359/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-359/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsullarını satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsullarını satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 aprel 2022-ci il tarixdə, saat 15:45-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin sağ yan cibindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan və bir kapsulda 0,15 qram preqabalin olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1,65 qram təşkil edən “Alyse-150mg” göstəricili bir konvalyutda 11 (on bir) ədəd preqabalin tərkibli kapsullar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən etibarən mobil telefonların təmiri ilə məşğul olur. Təxminən 4-5 aydır ki, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin həblərini qəbul etməyə başlamış, bu həbləri "Elçin" adlı şəxsdən 25 (iyirmi beş) manata əldə etmişdir. Bu həblərə bəzən “Alysa” da deyilir. Elçinin isə bu maddələri hardan əldə etməsini bilmir. Elçin tez-tez onun yanına gəlib əldə etdiyi telefonları ona vermiş, o da telefonları təmir etmişdir. Elçini müştəri qismində tanımışdır. Əldə etdiyi bu həbləri isə “Əli” adlı tanışına və digər adını bilmədiyi şəxslərə də vermiş, Əli də onun kimi bu maddələrdən istifadə etmişdir. Əli və digər tanımadığı şəxslərə isə bu həbləri 30 manat qarşılığında vermişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Elçin adlı şəxsi yenə 28 May metrosu yaxınlığında görmüş, ona yaxınlaşıb ondan dərman istəmiş, Elçin də üzərində dərman olmasını bildirmişdir. Yenə də Elçindən 25 manat qarşılığında 12 ədəd həb almış, bunlardan birini qəbul etmiş, digər 11 ədəd həbi isə başqa şəxslərə satmaq üçün üzərində saxlamışdır. 15 aprel 2022-ci il tarixdə, saat 15:45-də, ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. PŞ-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa, təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan gödəkçənin sağ cibindən 11 (on bir) ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid preqabalin həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd "Vertu" markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd plastik bank kartı və 8 (səkkiz) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd "Vertu" markalı mobil telefon və 01 (bir) ədəd plastik bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 8 (səkkiz) manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra əməlini etiraf edib, səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 4 ay müddətdir ki, preqabalin maddəsindən həzz almaq üçün arada istifadə edir. 6 il müddətdir ki, telefon alqı-satqısı ilə məşğul olur. Bu zaman Təqsirləndirilən şəxs da bu sahədən tanımış, Samirlə yaxından münasibəti yaranmışdır. Qısa müddət sonra Samirin güclü təsir edən maddələri satmasını öyrənmiş, özü də bu maddələrdən istifadə etmək istəmişdir. Bundan sonra Samirdən preqabalin almağa başlamış, bu maddənin hər listini 30 manatdan almış və listin içərisində isə 12 və ya 14 ədəd həb olmuşdur. Bu həbləri iki-iki olmaqla qəbul etmiş, bu maddələri yalnız Samirdən əldə etmişdir. Samirin isə bu maddələri haradan əldə etməsini bilmir. Heç vaxt da ondan bu barədə soruşmamış, Samirdən əldə etdiyi bu həbləri yalnız özü istifadə etmişdir. Samirin ondan başqa kiməsə bu maddələri satması barədə heç bir məlumatı yoxdur, onunla həmişə 28 May metrosu yaxınlığında görüşüb preqabalini 30 manat qarşılığında ondan əldə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu, ərazisində dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə tərəflərindən rəhbərliyin adına raportla müraciət olunmuş, daha sonra isə, özündən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 15 aprel 2022-ci il tarixdə, saat 15:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə ünvan 6 ünvanın qarşısında piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlamışlar. Ona qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatlarının olmasını, buna görə də şübhəli bilindiyini elan etmişlər. Daha sonra onu yaxınlıqda olan Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirmişlər. Orada olarkən onun xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirmişlər. Daha sonra Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasının xidməti otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, təhqiqatçı Yelmar Vahabovun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, eləcə də, dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, vətəndaş Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 11 ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid preqabalin həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***- **-** nömrəsi olan “Vertu” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd üzərində 4098 5844 5831 9389 nömrəsi olan plastik bank kartı və 8 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə içərisi boş olan, ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri isə şübhəli şəxs, müdafiəçi, Şahid1 və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Vertu” markalı mobil telefon və 1 ədəd plastik kart şübhəli şəxsə izah verildikdən sonra götürülmüş, 8 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gətirilən zaman və Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Kənan Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.80-81); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.82-83); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2173 №-li ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki, üzərində “Alyse 150mg preqabalin” markalanma göstəricisi olan bir ədəd konvalyutda 11 (on bir) ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 11 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,65 qramdır (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (i.v.41-43); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2022-ci il tarixli, 2277 saylı rəyindən görünür ki müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.112-113). - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd konvalyutda, təsiredici maddəsinin ümumi miqdarı 1,65 qram olan 11 ədəd preqabalin həbləri iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd konvalyutda təmiz sayı ekspertiza tədqiqatı nəticəsində 2 ədəd kapsula istifadə edildikdən sonra qalıq qalan 9 ədəd kapsulada preqabalin təsiredici maddəsi müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saxlanması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v.126- 132); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 05 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.94); - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ cibindən 11 (on bir) ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid preqabalin həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş və daha sonra üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı “Elçin” adlı şəxsdən 25 (iyirmi beş) manata Nəsimi rayonu ərazisindən satmaq məqsədi ilə aldığını, özü isə həmin maddəni 30 (otuz) manata tanımadığı şəxslərə satdığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini etiraf edərək səmimi peşman olmasını və ilk dəfə olaraq cinayət törətməsini Cinayət Məcəlləsinin 59cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 11 oktyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2277 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9 ədəd kapsulada preqabalin təsiredici maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 9 ədəd kapsulada preqabalin təsiredici maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar