Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-359/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Georgiyevnanın və Zərərçəkmiş şəxs3, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Şamaxı rayonunun Nağaraxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 fevral 2023-cü il tarixdə saal 01 radələrində ünvan 2 ünvanın qarşısına gəlib kanar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra orada saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus 1500 manat dəyərində “Bajjaj Discovery 125” markalı, 99-C-392 dövlət qeydiyyat nişanlı motosiklın naqillərini birləşdirərək hərəkətə gətirib gizli olaraq talamaqla hadisə yerindan uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 fevral 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanın qarşısına gəlib kanar şəxslərin unu görmədiyinə tam əmin olduqdan sonra orada saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 1200 manat dəyərində “Tufan M50” markalı mopedi əli ilə idarə edib gizli olaraq talamaqla hadisə verindan uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 fevral 2023-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanasının 13 saylı otağının giriş qapısının kilidini əli ilə sındırmaqla oraya qanunsuz daxil olub otaqdan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 250 manat dəyərində “HP” markalı noutbuku, 01 ədəd 350 manat dəyərində “Acer” markalı noutbuku, 01 ədəd 10 manat dəyərində naqilsiz qulaqlığı, 01 ədəd 20 manat dəyərində naqilsiz dinamiki və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 15 manat dəyərində idman çantasını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs3 ümumilikdə 645 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, atası və anası ayrıldıqdan sonra Şamaxı rayonu, Nağaraxana kəndində nənəsi ilə birlikdə yaşamışdır. Lakin, nənəsi 2 ay bundan əvvəl rəhmətə getdikdən sonra heç kimlə əlaqəsi qalmadığı üçün Bakı şəhərinə gəlməyi fikirləşmişdir. O, Bakı şəhərində iş axtarmış, lakin tapa bilmədiyi üçün maddi cəhətdən əziyyət çəkmiş və cibində pul qalmadığı üçün yatmağa yeri olmamışdır. Buna görə də, oğurluq etmək qərarına gəlmişdir. 05 fevral 2023-cü il tarixdə gecə saatlarına kimi tək Bakı şəhəri, Yasamal rayonu ərazisində gəzişdikdən sonra hazırda ünvanın adı ona məlum olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsindən keçən zaman artıq 06 fevral 2023-cü il saat təxminən 01 radələri olmuşdur. O, orada olan binaların birinin qarşısında markasını bilmədiyi nömrəsinin son rəqəmi 392 olan motosiklet olmasını görüb həmin motosikleti oğurlamaq qərarına gəlmişdir. Ona görə də həmin an ətrafa baxaraq ətrafda heç kimin olmamasından əmin olduqdan sonra motosikletə yaxınlaşaraq naqillərini dartıb çıxararaq motosikletin mühərrikini işə salıb oradan sürüb getmiş və Bakı şəhəri ərazisində idarə edib satmağa adam axtarmağa başlamışdır. Dəqiq ünvanı xatırlamır, lakin təxmini Səbail rayonu ərazisində olan zaman yol polisi əməkdaşları onu saxladaraq ondan nə üçün qoruyucu dəbilqəsiz idarə etdiyini soruşduqda, o, onlara dəbilqəsinin olmamasını bildirmişdir. Bu vaxt polis əməkdaşları motosikletin sənədlərini soruşduqda, o, onlara motosikletin sənədlərinin üzərində olmadığını, evdə olduğunu demişdir. Bu səbəbdən polis əməkdaşları motosikleti 20-ci sahə adlanan ərazidə yerləşən cərimə meydançasına yerləşdirmişlər və ona sənədlərini gətirdikdən sonra motosikletin qaytarılacağını bildirmişlər. O, polis əməkdaşlarına motosikletin oğurluq olması barədə məlumat verməmişdir. 11 fevral 2023-cü il tarixdə axşam saat 23 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən “Tarqovı” adlanan küçəyə gedib bir az gəzişdikdən sonra 12 fevral 2023-cü il tarixdə saat təxminən 01:30 radələrində sonradan ünvanın ünvan 9 Küçə ilə piyada gedən zaman yolun kənarında qara rəngli moped olduğunu görmüşdür. Ətrafda heç kimin olmadığını görüb həmin mopedi oğurlaya biləcəyini anladıqdan sonra mopedi sürüb aparmaq qərarına gəlmişdir. Mopedə yaxınlaşıb sükanın kilidli olmadığını görmüş və sükanın yan tərəfindəki naqilləri çıxarıb qısa qapanma yolu ilə mopedin motorunu işə salmağa cəhd etmişdir. Lakin bir neçə dəfə cəhd etməsinə baxmayaraq moped işə düşməmişdir. Bundan sonra mopedin üzərinə oturub küçənin mailliyindən istifadə etməklə əli ilə sürərək oradan uzaqlaşmışdır. Təxminən bir neçə yüz metr getdikdən sonra mopedi bu vəziyyətdə, yəni motoru işə salmadan özü ilə apara bilməyəcəyini anladığı üçün mopedi orada atıb getmək qərarına gəlmişdir. Sonra isə gəldiyi məsafənin sonunda mopeddən enib küçənin tinində, yolun kənarında mopedi ataraq oradan uzaqlaşmışdır. 12 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən yataqxanada yatmağa yer axtarmışdır. O, həmin yataqxanaya daxil olmuşdur. İçəridə otaqların birinin kilidinin bağlı olduğunu görmüşdür. O, həmin kilidi əli ilə sındıraraq içəriyə daxil olmuşdur. İçəridə 2 ədəd noutbuk, 1 ədəd qulaqcıq və 1 ədəd dinamik olduğunu görüb həmin noutbukları, dinamiki və qulaqcığı oğurlamaq qərarına gəlmişdir. Bundan sonra, o, noutbukları, dinamik və qulaqcığı həmin otaqda olan qırmızı rəngli idman çantasına qoymuşdur. Daha sonra oğurladığı noutbukları, dinamiki və qulaqcığı satmaq qərarına gəlmişdir. Noutbukun biri “Acer” markalı, digəri isə “HP” markalı olmuş, qulaqcıq və dinamik isə markasız olmuşdur. O, “Acer” markalı noutbuku, 1 ədəd dinamik və 1 ədəd qulaqcığı Yasamal rayonu ərazisində tanımadığı şəxsə 150 manata satmışdır. “HP” markalı noutbuku isə Balaxanı qəsəbəsi tərəfdə yerləşən mağazaya 40 manata satmışdır. Həmin pulları xərcləyərək üzərinə paltar və ayaqqabı almışdır. xx.xx.2023-cü il tarixdə o, mikrorayon ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirib onu Nəsimi RPİ-nin 21-ci polis bölməsinə aparmışlar. O, bölmədə oğurluq etdiyini etiraf etmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərəri qismən ödəməsini, bir zərər çəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Bajjaj Discovery 125” markalı 99-C-392 dövlət qeydiyyat nişanlı motosikleti vardır. Həmin motosikleti 3500 manata alaraq özü idarə edir və həmin motoskiletlə “Wolt” şirkətində sifarişlərin daşınması ilə məşğul olmaqla ailəsini dolandırır. O, idarə etdiyi özünə məxsus “Bajjaj Discovery 125” markalı 99-C-392 dövlət qeydiyyat nişanlı motosikleti hər gün evə gəldikdə yaşadığı binanın qarşısında saxlayır. 06 fevral 2023-cü il tarixdə o, iş saati bitdikdən sonra yaşadığı binanın qarşısına gələrək ona məxsus motosikleti binanın qarşısında saxlayaraq evə getmiş və həmin günü saat 15 radələrində evdən çıxaraq motosikleti saxladığı yerə gəldikdə, motosikletin yerində olmamasını görüb oğurlanmasını başa düşmüş, bununla bağlı olaraq dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər və o, baş vermiş hadisə ilə əlaqədar olaraq şikayət ərizəsi yazmışdır. Sonradan motosikleti polis əməkdaşları tərəfindən müəyyən edilərək ona qaytarılmışdır. Lakin motosikletin dövlət qeydiyyat nişanı üzərində olmamış, eyni zamanda motosikletin üzərində cızıq olmuşdur. Daha sonra ona dəymiş zərərin qismən ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini və sonuncudan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Georgiyevna ifadəsində göstərmişdir ki, 2021-ci ildə ona ailə üzvləri “Tufan M50” markalı moped hədiyyə etmişdir. Həmin mopedi gündəlik işləri üçün istifadə edir. 11 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində həmin mopedi sürmək üçün dostu X6 vermişdir. Roman 12 fevral 2023-cü il tarixdə saat 01 radələrində həmin mopedi sürüb gətirib onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi, 31 saylı binanın qarşısında blokun girişində saxlamış və evlərinə qalxmışdır. Bir neçə saat sonra saat 02:20 radələrində balkona çıxıb küçəyə baxan zaman mopedinin yerində olmadığını görmüşdür. Romandan mopedin harada olduğunu soruşmuş, sonuncu isə blokun qarşısında yolun digər tərəfində saxladığını bildirmişdir. O isə mopedin orada olmadığını demiş və mopedinin oğurlandığından şübhələnib dərhal həyətə düşərək oraları axtarmağa başlamışdır. Lakin mopedini tapa bilməmiş və mopedinin oğurlandığını anlamışdır. Həmin gün səhər saatlarında 9-cu PB-nə yaxınlaşıb bu barədə ərizə yazmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan moped polis əməkdaşları tərəfindən tapılmış, onun iştirakı ilə mopedə baxış keçirilmiş və o, bilmişdir ki, həmin moped ona məxsusdur. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə zamanı o, Universitetdə təhsil almış, 4-cü kurs tələbəsi olmuşdur. Qusar rayonunda qeydiyyatda olsa da, Universitetin yataqxanasında 13 saylı otaqda Əmrah adlı şəxslə yaşamışdır. Yataqxanadakı otağın qapısını həmişə kimi kilidlə bağlayıb işlərinin dalınca getmişdir. 12 fevral 2023-cü il tarixdə səhər saat 09:30-da yataqxanadakı otaqdan çıxmış və işə getmişdir. Həmin gün saat 17:40-da qaldığı otağa qayıtdıqda qapının kilidinin sındırılmasını aşkar etmişdir. O, otağa baxdıqda otaqdan 1 ədəd 500 manat dəyərində “HP” markalı noutbukun, 1 ədəd 1600 manat dəyərində “Acer” markalı noutbukun, 30 manat dəyərində markasız 1 ədəd naqilsiz qulaqcığın, 1 ədəd 45 manat dəyərində markasız naqilsiz dinamikin, 1 ədəd markasız 50 manat dəyərində qırmızı rəngli idman çantasının oğurlandığını aşkar etmişdir. Daha sonra o, bu barədə DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş və sonra o, 21-ci polis bölməsinə gedib orada ərizə və izahat vermişdir. Oğurluq nəticəsində ona ümümilikdə 2225 manat məbləğində maddi ziyan dəymiş, həmin dəymiş ziyandan 01 ədəd “HP” markalı noutbuk və 01 ədəd idman çantası ona təhvil verilmişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu ərazisində “Fotofoks” adlı mağazada istifadə olunmuş noutbukların alqı və satqısı ilə məşğul olur. O, istifadə olunmuş noutbukları vətəndaşlardan qarşılıqlı razılaşma yolu ilə qiymətləndirib alır. Həmçinin, vətəndaşlardan oğurluq olub-olmamasını soruşaraq bu barədə özündə qeydlər aparır. 2023-cü ilin fevral ayında bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq “HP” markalı noutbukunun olduğunu, satmaq istədiyini bildirmiş, həmin noutbukun özünə məxsus olduğunu bildirmişdir. O, noutbuka baxış keçirdikdən sonra qarşılıqlı razılaşma ilə qiymətləndirib 30 manata alacağını demişdir. Həmin şəxs də onunla razılaşdıqdan sonra o, həmin pulu vermişdir. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxararaq özündə saxlamışdır. Noutbuku alarkən dəfələrlə oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs də ona öz noutbuku olduğunu, narahat olmamasını, ehtiyacı üçün satdığını bildirmişdir. Bundan sonra o, həmin şəxsə inanaraq noutbuku almışdır. Həmin noutbuku mağazada olan piştaxtada yer olmadığı üçün evə aparmışdır. Bundan sonra, mağazaya polis əməkdaşları gələrək oğurluq noutbuk aldığını bildirmişlər. Həmin şəxsin X5 olduğunu bilmişdir. Həmin noutbuku alarkən oğurluq olduğunu Təqsirləndirilən şəxs ona deməmiş, öz noutbuku olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin noutbuka baxış keçirdikdə nasaz olduğunu, yenidən proqramlaşdırılmalı olduğunu nəzərə alaraq 30 manata almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.28-29); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.60); - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 motosiklinin oğurlandığı yer ünvan 2 ünvanın qarşısıdır (i.v.78-79); - “Hadisə yerinin müayinə olunması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 əmlaklarının oğurlandığı ünvan ünvan 10sındakı 13 saylı otaqdır (i.v.6-9); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 mopedinin oğurlandığı yer ünvan 11 ünvanın qarşısıdır (i.v.4-5); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin İstintaq Şöbəsində verdiyi ifadəsində göstərdiyi xüsusatları ünvan 12 ünvandan bir ədəd mopedi hansı qaydada oğurladığını göstərmişdir (i.v.122-124); - “Baxış keçirilmə və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 məxsus “Tufan M50” markalı moped Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində tapılmış, moped qara rəngli olmaqla işlək vəziyyətdədir, moped Zərərçəkmiş şəxs2 qaytarılmışdır (i.v.159); - “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şahid qismində dindirilmiş Şahid bir ədəd “HP” markalı noutbuk götürülmüşdür (i.v.67); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid satılmış 01 ədəd “HP” markalı noutbuk sonuncudan götürülmüş və noutbukun işlək vəziyyətdə olması müəyyən olunmuşdur (i.v.68); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3392 saylı ekspert rəyindən görünür ki, ekspertiza qərarında göstərilən “HP” markalı noutbukun hazırki orta-bazar qiyməti 250 manat, “Acerə” maralı noutbukun hazırki orta-bazar qiyməti 350 manat, markasız naqilsiz qulaqcığın hazırkı ortabazar qiyməti 10 manat, markasız naqilsiz dinamikin hazırkı orta-bazar qiyməti 20 manat, qırmızı rəngli markasız idman çantasının hazırki orta-bazar qiyməti 15 manat, “Tufan M50” markalı mopedin hazırki orta-bazar qiymət 1200 manat, “Bajjaj Discovery 125” markalı motosiklin hazırki orta-bazar qiyməti 1500 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.214-216); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “HP” markalı noutbuk, 01 ədəd “Tufan M50” markalı moped, 01 ədəd “Bajjaj Discovery 125” markalı motosikl və 01 ədəd çanta xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxta görə, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxslərə qaytarılmışdır (i.v.309-319); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.228). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməlin təkrar törədilməsinə, 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, cavan olmasını, əməlini səmimi etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, cavan olmasını, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini və bir zərər çəkmiş şəxslə barışıq əldə etməsini, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 08 (səkkiz) ay 21 (iyirmi bir) gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Bajjaj Discovery 125” markalı, 99-C392 dövlət qeydiyyat nişanlı motosikletin sahibi Zərərçəkmiş şəxs1, 01 ədəd “Tufan M50” markalı mopedin sahibi Zərərçəkmiş şəxs2, 01 ədəd “HP” markalı noutbukun və 01 ədəd idman çantasının sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatlarının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 08 ay 21 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Bajjaj Discovery 125” markalı, 99-C392 dövlət qeydiyyat nişanlı motosikletin sahibi Zərərçəkmiş şəxs1, 01 ədəd “Tufan M50” markalı mopedin sahibi Zərərçəkmiş şəxs2, 01 ədəd “HP” markalı noutbukun və 01 ədəd idman çantasının sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-359/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-359/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver