Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-36/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, 06 avqust 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1.151 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla özü ilə Sabunçu dəmir yolu vağzalına daşımış, X10 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyul 2021-ci il tarixdə, saat 14:40-da Sabunçu rayonu, Sabunçu dəmir yolu vağzalı ərazisində saxlanılaraq X10 Polis İdarəsinin inzibati binasına dəvət olunmuş və İdarənin növbətçi hissəsində həmin gün saat 15:40-da üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən, siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə, ümumi təmiz çəkisi 1.151 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 23 iyul 2021-ci il tarixdə günorta saatlarında atası və əmisi ilə birlikdə evdə olmuş və bu zaman Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları gəlib onu evdən götürmüş və DYNPİ-nin əməkdaşlarına təhvil vermişlər. Tutulan zaman onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, metamfetamini polis şöbəsində polis əməkdaşları onun cibinə qoymuşlar. Həmin gün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon üzərində olmuş, polis əməkdaşları onu gəlib evdən aparan zaman telefonunu ondan götürmüş və telefon polis əməkdaşlarında qalmışdır. O, sonuncu dəfə 2014-cü ildə narkotik vasitədən istifadə etmiş, 2021-ci ildə həbsdən çıxdıqdan sonra narkotik vasitə qəbul etməmişdir. Tutulan zaman ona fiziki işgəncə verilməmiş, lakin polis idarəsində ona qarşı irəli sürülən ittihamı qəbul etməsə, daha ağır ittiham irəli sürəcəkləri ilə hədələməklə ona psixi təzyiq göstərmişlər. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 Polis İdarəsinin Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. DYNPİ-nin Cinayət axtarış şöbəsinə “Hüseyn” adlı şəxsin narkotik vasitənin daşınmasında, istifadəsində şübhəli olduğu barədə məlumat daxil olmuşdur. Bu barədə idarə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupu yaradılmışdır. O qrup rəhbəri, Şahid2 isə qrup üzvü təyin olunmuşdur. Onlar Sabunçu dəmir yolu stansiyasının ərazisinə getmiş, daxil olan məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim etmiş və həmin şəxsi idarəyə dəvət etmişlər. Sonradan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikləri həmin şəxsin üzərinə idarədə videoçəkilişlə axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də cibindən bir büküm çıxarmış və həmin bükümün içərisində el arasında “patı” deyilən metamfetamin olduğunu, həmin maddəni bir gün əvvəl tanımadığı şəxsdən 10-12 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahidlərin iştirakı ilə həmin maddə qablaşdırılmış və iştirakçılar tərəfindən maddənin qoyulduğu zərf imzalanıb ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tərəflərindən məlumat əsasında saxlanılan şəxs kimi tanıyır. DYNPİnin Cinayət axtarış şöbəsinə Sabunçu dəmir yolu stansiyası ərazisində “Hüseyn” adlı 25- 30 yaşlı şəxsin narkotik vasitənin saxlanılmasında, daşınmasında, istifadəsində şübhəli olduğu barədə məlumat daxil olmuşdur. Şahid1 bu barədə idarə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupu yaradılmış, Şahid1 qrup rəhbəri, o da qrup üzvü təyin olunmuşdur. Onlar əməliyyat tədbiri keçirmiş, günorta saatlarında Sabunçu dəmir yolu stansiyasının ərazisində daxil olan məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim etmiş və idarəyə dəvət etmişlər. Sonradan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikləri həmin şəxsin üzərinə idarədə videoçəkilişlə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarin cibindən siqaretin gümüşü kağızına bükülmüş maddəni çıxarmış və həmin bükümün içərisində el arasında “patı” deyilən metamfetamin olduğunu bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 23 iyul 2021-ci il tarixdə, saat 12:00-13:00 arası dükana çörək almağa getmiş, bu vaxt həyətdə 5-6 nəfər mülki geyimdə olan şəxslərin Hüseyni maşına qoyub apardıqlarını görmüşdür. Hüseynin əynində qara köynək, qara şalvar və qara ayaqqabı olmuşdur. O, çatana qədər onlar Hüseyni aparmışlar. Heç nə deyə bilməmişdir. Həmin vaxt küçədə də heç kim olmamışdır. Məlumat vermək üçün Hüseyngilin evlərinə getmiş, lakin qapı bağlı olmuş, evdə heç kim olmamışdır. Axşam yenidən Hüseyngilin evinə getmiş, Hüseynin atası qapını açmış, atasına Hüseyni günorta saatında kimlərinsə apardığını demiş, Hüseynin atası isə həmin vaxt işdə olduğunu bildirmiş və ondan Hüseyni kimin apardığını soruşmuşdur. O da həmin şəxslərin polis olduğunu güman edərək polisin apardığını demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 23 iyul 2021-ci il tarixdə, saat 12:00-13:00 arası qonşuluqda yaşayan qızıgildən qayıdanda iki nəfər şəxsin Hüseyni qolundan tutub apardığını görmüşdür. Həmin şəxslər mülki geyimdə olmuş, onların polis olduğunu bilməmiş, dava etdiklərini zənn etmişdir. Hüseynin əynində qara şalvar və qara köynək olmuşdur. Həmin vaxt küçədə heç kim olmamışdır. iki gün sonra qonşulardan Hüseynin tutulduğunu eşitmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 23.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.31); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.81-85); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 24.07.2021-ci il tarixli 6/3054 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə üzərində “Azərbaycan Respublikası DİN NBPİ DYNPİ Zərflər üçün” dairəvi möhür əksi olan, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 1.151 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (i.v.43-47); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X3 məhkəmə-narkoloji ekspertizasının 10.09.2021-ci il tarixli, 3370 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan mütamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.118-119); - “Sübutların qiymətləndirilməsi haqqında” 20.09.2021-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış keçirilməsinin görüntüləri olan video CD disk və ümumi xalis çəkisi 1,151 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 1,101 qram olan hissəsi DYNPİ-nə təhvil verilmişdir (i.v.128-135); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 05.08.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.97-99); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində ola biləcək qanunsuz əşya və sənədləri təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli şalvarın sol yan cibindən, siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin maddənin “patı” olduğunu və onu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir; - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskdən müəyyən edilir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsusdur və 23 iyul 2021-ci il tarixdə saat 13:53:39-da həmin mobil telefon nömrəsi ünvan 2 ünvanda qeydə alınmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, üzərində psixotrop maddənin olmaması, polis bölməsində ona hədə-qorxu gəlinməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə iclasında baxış keçirilmiş CD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu üzərində hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli şalvarın sol yan cibindən, siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin maddənin “patı” olduğunu və onu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 və X8 ifadələri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şahidlər məhkəmə iclasında yalnız təqsirləndirilən şəxsin mülki geyimdə olan şəxslər tərəfindən yaşadığı evin qarşısından aparıldığını bildirmiş və Təqsirləndirilən şəxs üzərində psixotrop maddənin olub-olmaması barədə heç bir məlumatları olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyətlər mövcuddur. Əvvəla, təqsirləndirilən şəxs məhkəmə iclasında 23 iyul 2021-ci il tarixdə günorta saatlarında atası və əmisi ilə birlikdə evdə olduğu zaman Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının gəlib onu evdən götürdüklərini bildirmişdir. Lakin şahid G.H.Hüseyinova ifadəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından maşına qoyulub aparıldığını gördüyünü və Hüseynin evlərinə gedib məlumat vermək istədikdə qapını heç kimin açmadığını, axşam həmin evə təkrar getdikdə Təqsirləndirilən şəxs atasının oğlunun aparılmasından xəbərsiz olduğunu bildirmişdir. Bundan başqa, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi hər iki şahid – G.H.Hüseyinova və F.A.Əliyeva Təqsirləndirilən şəxs mülki geyimdə olan şəxslər tərəfindən 23.07.2021-ci il tarixdə, saat 12:00-13:00 aralığında aparıldığını bildirirsələr də, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən CD diskdə olan Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23.07.2021-ci il tarixdə, saat 13:53:39da ünvan 2 ünvanda, yəni, özünün yaşayış ünvanın yaxınlığında olmuşdur. Cinayət işinin materiallarında olan “şəxsin cinayət törətməkdə şübhəli olduğuna görə tutulması haqqında 23 iyul 2021-ci il tarixli qərarda isə həmin tarixdə DYNPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 14:40-da Sabunçu dəmir yolu stansiyası ərazisində narkotik vasitələri qanunsuz əldə etmə və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq DYNPİ-yə gətirildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 23 iyul 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 10.09.2021-ci il tarixli, 3370 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, DYNPİ-də maddi sübutların saxlanılması anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,101 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 36 saata görə 216 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Fides Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. DYNPİ-də maddi sübutların saxlanılması anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,101 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 36 (otuz altı) saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-36/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-36/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver