Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-36/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “UniversalVəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 18-də qeydiyyatda olan, Abşeron rayonu, Digah qəsəbəsi, yeni yaşayış massivində yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzası 01 il azaldılmış, cəzasını çəkib qurtarmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,051 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə, saat 10:30-da ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitənin istifadəçi olsa da, saxlanıldığı gün onun üzərində heç bir narkotik olmamışdır. Belə ki, 10 sentyabr 2022-ci il tarixdə, saat 09:30-da ünvan 3 ünvana gedən zaman 4-cü dalanın qarşısında Əşrəf və İzzət adlı polis əməkdaşları onu saxlayaraq 20-ci polis bölməsinə getməli olduğunu deyəndə, o buna etiraz etmiş, lakin onu zorla avtomobilə əyləşdirib aparmışlar. Polis bölməsində ona gah 200 qram, gah da 700 qram narkotiki boynuna almağı təklif etmişlər. O da bunu qəbul etmədikdə, ona zor tətbiq edilərək döyülmüş, sonra sağ cibinə büküm qoyularaq video çəkiliş zamanı onun ona aid olduğunun bildirilməsini tələb etmişlər. O da sonda bununla razılaşmış, amma narkotikin çəkisinin nə qədər olduğunu bilməmişdir. Bununla belə ibtidai araşdırma dövründə, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən ona zor tətbiq olunması haqqında heç nə deməmişdir. Ancaq döyülməsi ilə bağlı istintaq təcridxanasına gətirilərkən bu barədə məlumat vermişdir. Himayəsində iki uşağı var, azadlığa buraxılmasını xahiş edir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, 20-ci polis bölməsinin sahə inspektoru Şahid2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə ərazidə xidmətdə olarkən saat 10:30da ünvan 1 ünvanın qarşısında bir nəfər şəxsin səntələyərək getdiyini görüb ona yaxınlaşmış, özlərini təqdim edərək onun səhhəti barədə maraqlananda bu şəxs narkotikin təsiri altında olduğu üçün belə hərəkət etdiyini söyləmiş, eyni zamanda üzərində də heroin olduğunu bildirmişdir. Buna görə də onlar adı sonradan Təqsirləndirilən şəxs kimi məlum olan bu şəxsi polis bölməsinə dəvət etmişlər. Orada onun üzərində axtarış aparılan zamanı Pərviz idman şalvarının sağ yan cibindən siqaretin sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli maddə var idi. Təqsirləndirilən şəxs məhkəmədə dedikləri həqiqətə uyğun deyil, onu şəxsən onlar saxlayıb bölməyə gətirmişlər və ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Onun mobil telefonu 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunur və hadisə günü də bu nömrə telefonda idi. Eyni zamanda Təqsirləndirilən şəxs saxlayan vaxtı telefonunun üzərində olub-olmamasını dəqiq xatırlamır. Çünki telefonunun batareyasında problem olduğu və enerji tez tükəndiyi üçün o, onu bir çox hallarda iş yerində və ya post-patrul xidməti avtomobilində enerji toplamaq üçün qoyur, bu zaman ona gələn zənglərə həmin anda orada olan əməkdaş cavab verə bilər. Bu səbəbdən də göstərilən tarixdə telefonunun işdə qalması və ona görə də antena əhatə dairəsinin Mirəsədulla Mirqasımov küçəsi göstərilməsi mümkündür. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru Şahid2 Şahid1 ifadəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs saxlayarkən üzərində 055 ***-**-** GSM nömrə ilə istifadə olunan mobil telefon olmuş və orada yalnız onunla Sabutay idi. İş materiallarında olan: • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən siqaretin sellofan kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik olan maddəni təqdim etdikdən sonra üzərində başqa heç bir qanunsuz əşya olmadığını, həmçinin o, həmin bükülüdə “kakos” olduğunu, onu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını, onun bir hissəsini istifadə etdiyini, qalanını isə şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, təxminən 3-4 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirir. Həmçinin, saxlanılarkən ona hər-hansı zorun tətbiq olunmadığını söyləyir. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.40-46); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5026 saylı rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,051 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 1,001 qram, aparılmış tədqiqatın dəyəri 55 manat təşkil edir (İ cild, i.v.52-55); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs ifadələrində göstərir ki, o, narkotik vasitələrdən bədənində olan ağrılara görə mütəmadi olaraq istifadə edir. Belə ki, narkotik vasitələr sakitləşdirici təsir göstərir. Artıq 03 ildir ki, narkotik vasitə istifadəçisidir. O, 10 sentyabr 2022-ci il tarixdə, saat 10:30-da ünvan 1 ünvanın qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra hərəkətlərinin şübhəli olduğunu, həmçinin narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə 20-ci polis bölməsinə getməyi bildirmişlər. Bölmədə üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Bu zaman o, ǝynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. O, həmin bükümün heroin olduğunu və ondan 03 il müddətdir ki, istifadə etdiyini, həmin bükülünü isə xx.xx.2022-ci il tarixində saxlanılmamışdan təxminən 40 dəqiqə əvvəl “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir (İ cild, i.v.57-58, 77-79); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-480/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləmişdir (İ cild, i.v.89- 93); • “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanması üçün verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,001 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.94-95); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında xx.xx.2022-ci il tarixli, 5469 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.124-125); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı və hökmün surətinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-81/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.102-103, 115-123); • Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 21-2/3-3540 saylı məktubuna və məhkəmə qərarına görə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmünə dair göstəriş xx.xx.2021-ci il tarixdə şöbəyə daxil olmuş və o, həmin tarixdən də qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-68/2022 saylı qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzası 01 il azaldılmışdır. Məhkuma təyin edilmiş cəzanın 08 ay 18 günü çəkilməmiş olaraq qalır (İİ cild); • Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-1149/2023 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya daxil olmuş və təlimata uyğun olaraq Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkar olunmamışdır (İİ cild); • Şahidlər Şahid1 istifadəsində olan 050 ***-**-** və Şahid2 istifadəsində olan 055 ***- **-** saylı mobil telefon nömrələri ilə 10 sentyabr 2022-ci il tarixdə, saat 08:30-dan 12:30dək olan müddət ərzində aparılmış danışıqlar üzrə daxil olan və onlardan çıxan zənglərin siyahısı, SMS mesajlarının yazılı mətnləri, danışıqların aparıldığı şəxslərin ünvanları, həmçinin həmin nömrələrlə qeyd olunan tarixdən aparılan danışıqlar zaman anten əhatə dairəsi və həmin nömrələrin hansı İMEİ kodlu telefonlarda istifadə edilib-edilməməsinə barədə məlumatların müvafiq olaraq "xxxx" və "xxxx" MMC-lərdən ələ keçirilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul olunmuşdur (İİ cild); • Həmin qərarın icrası ilə bağlı: • "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 1197 saylı məktubla təqdim edilmiş diskdə olan məlumata görə Şahid1 istifadə etdiyi 050 ***-**-** (Surxay Musayevə məxsus) saylı nömrənin əhatə dairəsi xx.xx.2022-ci il tarixdə, saat 10:32:48-də, 12:14:01-də və 12:17:22-də “Nesimi icra hak.Mirkasimov kuc.” göstərilir (İİ cild); • "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, BKC/LGL-33/23 saylı məktubla təqdim edilmiş diskdə olan məlumata əsasən Şahid2 istifadə etdiyi **********97800 İMEİ kodlu cihazın üzərində olan 055 ***-**-** (Şahid2 məxsus) saylı nömrənin əhatə dairəsi xx.xx.2022-ci il tarixdə, saat 09:38-10:33 aralığında “LBBK4937O2/LBBK4937 Papanin/ Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 129”/Nasimi” göstərilir (İİ cild); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyəti mobil operatorlara məktub ünvanlanaraq ünvan 5akcell” MMC-yə məxsus “LBBK4937O2/LBBK4937 Papanin” saylı antena qurğusunun və “Nesimi icra hak.Mirkasimov kuc.” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus antena qurğusunun ünvan 1 ünvanı əhatə edibetməməsinə dair məlumatın təqdim olunması xahiş edilmişdir (İİ cild); - Bu məktubla əlaqədar "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 4320 saylı məktubunda göstərilmişdir ki, “Nesimi icra hak.Mirkasimov kuc.” ünvanda yerləşən "xxxx" MMC-yə məxsus antena qurğusu ünvan 1 ünvanını əhatə etmir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, BKC/LGL-4236/23 saylı məktubla verilmiş cavabda isə göstərilmişdir ki, ünvana dair dəqiq koordinatların (coğrafi uzunluq və enlik), yaşayış məntəqəsinin və ya əraziyə yaxın müvafiq ünvan rekvizitləri haqqında məlumatlar olmadığından Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 03 ünvanı üzrə axtarış aparmaq mümkün deyil. Bu səbəbdən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 129 saylı ünvanda yerləşən “LBBK493702/LBBK4937 Papanin” antenin Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 03 ünvanını əhatə edib-etməməsi barədə məlumat təqdim oluna bilinmir. Eyni zamanda hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilir. Həmçinin şəhər şəraitində baza stansiyalarının siqnal ötürmə radiusu təqribi 30-30 km qədər (landşaftdan asılı olaraq) ərazini əhatə etmək imkanındadır (İİ cild); - Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015 və xx.xx.2017-ci il təvəllüdlü iki övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Əksinə olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani rəftara məruz qalmadığını, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləyir. Bundan əlavə, o, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olduğu zaman ilkin tibbi müayinədən keçirilərkən onun bədənində hər-hansı xəsarət müəyyən edilməmişdir. Məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Həmçinin, Təqsirləndirilən şəxs onu saxlayan şəxslərin iş üzrə şahidlər olan polis əməkdaşları Şahid1 və Şahid2 olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatla bağlı məhkəmə qeyd edir ki, məsələ ilə əlaqədar "xxxx" MMC-dən əldə olunmuş məlumatda Şahid1 istifadə etdiyi 050 ***-**-** saylı nömrənin əhatə dairəsi xx.xx.2022-ci il tarixdə, saat 10:32:48-də, 12:14:01-də və 12:17:22-də “Nesimi icra hak.Mirkasimov kuc.”, "xxxx" MMC-dən əldə olunmuş məlumatda isə Şahid2 istifadə etdiyi **********97800 İMEİ kodlu cihazın üzərində olan 055 ***-**-** saylı nömrənin əhatə dairəsi xx.xx.2022-ci il tarixdə, saat 09:38-10:33 aralığında “LBBK4937O2/LBBK4937 Papanin/ Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 129/Nasimi göstərilmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən bildirilmişdir ki, Nesimi icra hak.Mirkasimov kuc.ünvanda yerləşən "xxxx" MMC-yə məxsus antena qurğusu ünvan 1 ünvanını əhatə etmir, "xxxx" MMC isə həmin ünvana dair dəqiq koordinatların (coğrafi uzunluq və enlik), yaşayış məntəqəsinin və ya əraziyə yaxın müvafiq ünvan rekvizitləri haqqında məlumatlar olmadığından Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 03 ünvanı üzrə axtarış aparmaq mümkün deyil, bu səbəbdən də Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 129 saylı ünvanda yerləşən “LBBK493702/LBBK4937 Papanin” antenin Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 03 ünvanını əhatə edib-etməməsi barədə məlumatın təqdim oluna bilinmir. Eyni zamanda "xxxx" MMC onu da qeyd etmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Telekommunikasiya xidmətlərindən istifadə zamanı cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilir. Həmçinin şəhər şəraitində baza stansiyalarının siqnal ötürmə radiusu təqribi 30-30 km qədər (landşaftdan asılı olaraq) ərazini əhatə etmək imkanındadır. Məhkəmədə təkrar ifadəsi alınmış Şahid1 göstərmişdir ki, təqsirləndirilən şəxsi saxlayan vaxt istifadəsində olan mobil telefonun (050 ***-**-** saylı GSM nömrə) üzərində olub-olmadığını dəqiq xatırlamır, telefonunun batareyasında problem olduğu və enerjisi tez tükəndiyi üçün onu bir çox hallarda iş yerində və ya post-patrul xidməti avtomobilində enerji toplamaq üçün qoyur, bu zaman ona gələn zənglərə də həmin anda orada olan əməkdaş cavab verə bilər. Eyni zamanda həmin tarixdə telefonunun işdə qalması və ona görə də antena əhatə dairəsinin Mirəsədulla Mirqasımov küçəsi göstərilməsi mümkündür. Beləliklə, məsələ ilə bağlı məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu halın təsdiq olunması üçün təkzibedilməz, o cümlədən şahidlərin ifadəsini şübhə altına ala biləcək hər hansı dəlil müəyyən oluna bilinməmiş, əksinə olaraq mobil operatorlara məxsus antenaların hansısa inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsinin müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üstüstə düşməməsi, o cümlədən müxtəlif şanların əhatə dairəsinin kəsişə bilməsi kimi halların mövcud ola biləcəyi məlum olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən ona əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ay 18 gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı 10 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,001 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 55 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ay 18 gün hissəsinin iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,001 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-36/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-36/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver