Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-360/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(009)-153/2025 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 fevral 2025-ci il tarixdə saat 21 radələrində ünvan 4 ünvanında yerləşən, vətəndaşların azad girib-çıxdığı ümumi həyətyanı sahəyə daxil olub 13 saylı mənzilin qapısının dəstəyindən asılmış Zərərçəkmiş şəxs məxsus içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 300 manat dəyərində 05 ədəd “Mavi Jeans” markalı 34 bədən ölçülü cins şalvar, ümumilikdə 60 manat dəyərində 02 ədəd markasız “M" bədən ölçülü köynək, ümumilikdə 60 manat dəyərində 02 ədəd markasız “M” bədən ölçülü jaket, ümumilikdə 20 manat dəyərində 10 ədəd markasız corab, ümumilikdə 24 manat dəyərində 04 ədəd markasız alt paltarı, 01 ədəd 6 manat dəyərində “Persil” markalı yuyucu toz, 25 manat dəyərində markasız, 34 bədən ölçülü idman şalvarı və 650 manat pul olan 25 manat dəyərində idman çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 21:00 radələrində hava qarlı və soyuq olduğu üçün Nəsimi rayonu, S.Vurğun bağı yaxınlığında siqaret çəkmək üçün ara məhləyə girmişdir. Həmin ünvanda olan zaman həyət evlərinin yerləşdiyi məhləyə gəlmişdir. Ətrafa nəzər yetirən zaman həmin ünvanda yerləşən fərdi evlərin birinin giriş qapısının dəstəyindən asılmış idman çantasını görmüşdür. O, idmanla məşğul olduğu üçün idman çantasına ehtiyacı olmuş və həmin çantanın heç kimə lazım olmadığı üçün oraya qoyulduğunu fikirləşərək çantanı götürmüşdür. Sonra qonşu məhləyə keçib həmin çantanın içərisinə baxmış, içərisində çirkli paltarlar və yuyucu tozu olduğunu görmüşdür. O, çantanın içərisindəki paltarları orada yerə ataraq yuyucu tozu çantanın içərisinə qoyub oradan uzaqlaşmışdır. O həmin idman çantasının içərisində pul görməmişdir. Əgər olmuş olsa idi belə həmin pulu götürməmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə qohumu Xalidə ilə telefonla əlaqə saxlayaraq öz paltarlarını yumaq üçün onlara gətirəcəyini bildirmişdir. Xalidə ona demişdir ki, həmin idman çantasını fərdi evin qapısına assın, işdən gələndə gəlib götürəcək. O, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Xalidənin yaşadığı Nəsimi rayonu, 28 may küçəsində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Xalidə ilə əlaqə saxlayıb idman çantasını onun qapısına asmışdır. Xalidə 23 radələrində onunla əlaqə saxlayıb çantanın harada olduğunu soruşmuşdur. O, idman çantasının yerini demişdir. Xalidə idman çantasının orda olmadığını bildirmişdir. Yaxınlıqda yerləşən kameralara baxan zaman idman çantasının bir nəfər xanım tərəfindən götrüldüyünü görmüşdür. xx.xx.2025-ci il tarixdə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Həmin idman çantasında 05 ədəd “Mavi” markalı 34 bədən ölçülü cins şalvar, 02 ədəd markasız M ölçülü köynək, 02 ədəd markasız M ölçülü jaket, 10 ədəd markasız corab, 04 ədəd markasız alt paltarı, 01 ədəd “Persil” markalı yuyucu vasitə, 01 ədəd markasız 34 ölçülü idman şalvarı və boz cins şalvarın cibində 650 manat pul olmuşdur. 05 ədəd şalvar 300 manat, 02 ədəd köynək 60 manat, 02 ədəd jaket 60 manat, markasız üzərində adidas yazısı olan idman çantası 25 manat, “Persil” markalı yuyucu vasitə 6 manat, 10 ədəd corab 20 manat, 04 ədəd alt paltarı 24 manat, 01 ədəd idman şalvarı 25 manat təşkil edir. Ona hadisə nəticəsində 1170 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Həmin şəxs bir neçə dəfə öz çirkli paltarlarını yumaq üçün ona gətirmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə həmin şəxs onunla əlaqə saxlayaraq öz çirkli paltarlarını yumaq üçün gətirəcəyini bildirmişdir. Ona zəng edərək paltarı hara qoymaq istədiyini soruşmuşdur. O İskəndərə idman çantasını qapıdan asmasını demişdir. Saat 23 radələrində evə gələn zaman qapıda idman çantasını görməmişdir. O, İskəndərlə əlaqə saxlayan zaman sonuncu idman çantasını qapıya asdığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, həmin idman çantası oğurlanmışdır. Qonşuluqda yerləşən müşahidə kameralarına baxan zaman idman çantasının bir nəfər xanım tərəfindən oğurlandığının şahidi olmuşdur. Bu zaman İskəndər DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.33); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.59); - “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” və “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.75-78); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvandır və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i.v.5-9); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən fərdi evin yerləşdiyi ara məhəlləyə gələrək fərdi evin giriş qapısından asılmış idman çantasını götürərək oranı tərk edir (i.v.42); - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ərazisində yerləşən fərdi evin qarşısından içərisində paltar olan idman çantasını necə oğurladığını bir daha hadisə yerində göstərmişdir (i.v.81- 82); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisənin görüntülərinin əks olunduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.115-119); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3 və 66.5-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.94-95); - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-153/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır; - Məhkəmə iclasında cinayət hadisəsinin görüntülərinin əks olunduğu diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskdə bir ədəd videofayl vardır, həmin videofayldakı görüntü 36 saniyədən ibarətdir. Görüntüdə bir nəfər açıq rəngli şalvar və tünd rəngli gödəkçə geyinmiş, başında açıq rəngli kapüşon olan qadın qapının tutacağından asılmış idman çantasını açıb içərisinə baxır, sonra kənara çəkilir, daha sonra isə çantanı götürərək qaçaraq oradan uzaqlaşır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni çantanın içərisində pulun olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, vurulmuş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini qismən etiraf edərək peşman olmasını, dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(009)-153/2025 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və onun barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(009)-153/2025 saylı qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-360/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-360/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver