Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-361/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X3 özünün “İnstaqram" sosial şəbəkəsindəki hesabı vasitəsi ilə onun barəsində aşağıdakı şərhləri və ifadələri yazmışdır: “Millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqət”, “Vay o günə ki kişilərin artığı olasan”, “Uşaq cəlladı olmağına acıyıram”, “Dini kəbinə girib keçirdiyin sabaha güvənməyən qadın”. Yuxarıda qeyd edilən yazıda o, nalayiq formada təhqir olunmuşdur. Kərimova Flora onu “millət tərəfindən söyülən", “kişilərin artığı”, “uşaq cəlladı” və dindən sui-istifadə edən sabahı naməlum qadın kimi ictimaiyyətə təqdim etmişdir. Bu təhqir və böhtanlardan o, mənəvi sarsıntı keçirmişdir. Eləcə də, onun ictimai və işgüzar nüfuzu alçaldılmışdır, şəxsi xüsusi cinayət törətməkdə ittiham olunmuşdur. Bu təhqiredici yazı “İnstagram" sosial şəbəkəsində kütləvi formada yayımlanmışdır. Yazının altından Kərimova Flora öz imzasını atmış və bu yazını “İnstagram" tərəfindən təsdiqlənmiş profilində paylaşmışdır. Milyonlarca izləyicisi olan kütləvi yayımı olan «ATV» televiziya kanalında jurnalist Zaur Baxşəliyevin apardığı 03 dekabr 2019-cu il tarixdə həmin vaxt 3.383 nəfər izləyicisi olmuş “Baku Show news” televiziya verlişində vətəndaş Kərimova Flora onu müxtəlif son dərəcə çox ağır ifadələrlə təhqir etmişdir. Milyonlarca izləyicisi olan kütləvi yayımı olan «ARB» televiziya kanalında jurnalistlər Hüseynova bacılarının apardığı 13 mart 2019-cu il tarixdə həmin vaxt 173.950 nəfər izləyicisi olmuş televiziya verlişində vətəndaş Kərimova Flora onu müxtəlif son dərəcə çox ağır ifadələrlə təhqir etmişdir. Minlərcə izləyicisi olan kütləvi yayımı olan «Son xeber.az» saytında 04 dekabr 2019-cu il tarixdə həmin vaxt 7977 nəfər izləyicisi olmuş vətəndaş Kərimova Flora onu müxtəlif son dərəcə çox ağır ifadələrlə təhqir etmişdir. Minlərcə izləyicisi olan kütləvi yayımı olan «flora kerimova_official» saytında 01 dekabr 2019-cu il tarixdə həmin vaxt 703 nəfər izləyicisi olmuş vətəndaş Kərimova Flora onu müxtəlif son dərəcə çox ağır ifadələrlə təhqir etmişdir. Bununla da, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətin icraata qəbul edilməsini və X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 verilmiş şikayətin qanunsuz və əsassız olduğunu bildirərək icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edir. Məhkəmə qeyd edir ki, məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayəti vermiş şəxs X5 məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmiş və bununla bağlı hər hansı üzrlü səbəb göstərməmişdir. Azərbaycan Respublikasının CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, əvvəla, şikayətin verildiyi tarix (il, ay və gün) şikayətdə göstərilməmişdir. Həmçinin, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi də dəqiqliyi ilə göstərilməmişdir. Belə ki, şikayət ərizəsində X1 “İnstaqram" sosial şəbəkəsindəki hesabı vasitəsi ilə onun “Millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqət”, “Vay o günə ki kişilərin artığı olasan”, “Uşaq cəlladı olmağına acıyıram”, “Dini kəbinə girib keçirdiyin sabaha güvənməyən qadın” kimi nalayiq ifadələrlə təhqir olunduğunu bildirən X5 bu əməlin nə vaxt törədilməsini şikayətdə göstərməmişdir. Bundan başqa, şikayət vermiş şəxs Afət Həsənova şikayət ərizəsində Flora Kərimovanın onu 03 dekabr 2019-cu il tarixdə “ATV” televiziya kanalında, 13 mart 2019-cu il tarixdə “ARB” televiziya kanalında, 04 dekabr 2019-cu il tarixdə “son xeber.az” saytında və 01 dekabr 2019-cu il tarixdə “flora_kerimova_official” saytında çox ağır ifadələrlə təhqir etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd olunan tarixlərdən iki ildən çox keçdiyindən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CPM-nin 302.1.4-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-361/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-361/2022
08.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver