Məhkəmə qərarları › İş №1(006)-362/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-362/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-362/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, 05 mart 2021-ci il tarixdə saat 19:15 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanının qarşısından müştəri qismində götürdüyü Zərərçəkmiş şəxs 5 manat yol haqqı müqabilində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 111 ünvanında yerləşən X2 Azərbaycandakı Səfirliyinin qarşısında düşürtdükdən sonra sonuncunun əyləşdiyi arxa sərnişin oturacağının üzərində içərisində 44,400 manat pul olan 1 ədəd paketin olduğunu görüb həmin pulun Elxan İsrafılova məxsus olduğunu bildiyi halda gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 05.03.2021-ci il tarixdə, saat 19:30 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, NZS adlanan ərazidə mobil tətbiq vasitəsi ilə taksi fəlaiyyəti ilə məşğul olduğuna görə sifariş qəbul etmişdir. Sifarişi qəbul etdikdən sonra bir nəfər sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs əlində çanta ilə idarə etdiyi nəqliyyat vasitəsində müştəri qismində əyləşmişdir. O, sonradan avtomobilində əyləşmiş müştərinin sifariş verən şəxs olmadığını bilmişdir. Belə ki, bir qədər avtomobillə irəli getdikdən sonra sifarişi vermiş şəxs ona zəng etmiş və o, başqa şəxsi müştəri qismində götürdüyünü bilmişdir. O, sifarişi aldığı şəxsdən icazə alaraq digər şəxsi də aparmağını təklif etdikdə etiraz edilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs düşərək arxaya əyləşmişdir və sifariş verən şəxs isə qabaq oturacaqda əyləşmişdir. Zərərçəkmiş şəxs Amerika Səfirliyinin yanına gedəcəyini və bunun müqabilində ona 5 manat verəcəyini demiş və o da razılaşmışdır. İlkin olaraq Zərərçəkmiş şəxs aparıb qeyd olunan Amerika Səfirliyinin qarşısında, Nəsimi rayonu, Azadlıq prospektində, digər müştərini isə 9-cu mikrorayon ərazisinə aparıb düşürtmüşdür. Zərərçəkmiş şəxs düşürtdükdən sonra Həsən Əliyev küçəsindən dostu Şahid3 da götürüb 9-cu mikrorayon ərazisinə getmişdir. Orada tanımadığı sərnişini düşürtdükdə arxa oturacaqda əyləşən Şahid3 sərnişinə çantasını unutduğunu bildirmişdir. Həmin şəxs isə cavabında bağlamanın ona məxsus olmadığını demiş, bundan sonra Şahid3 çantanı ona vermişdir. O, bağlamanı açıb baxdıqda içərisinin pulla dolu olduğunu görmüşdür. Həmin pulu saydıqda 44.400 manat olduğunu görmüş və pulu aparıb gizlətmək qərarına gəlmişdir. Şahid3la birlikdə onun idarə etdiyi avtomaşınla getdikdən sonra pulun üstündən 10.400 manat götürmüşlər, 34.000 manatı isə evin həyətində olan tikilidə gizlətmişdir. Bundan sonra Şahid3la birlikdə Həsən Əliyev küçəsində yerləşən “NEW Baku” otelinə gedib 1 gün orada qalmışlar, daha sonra “Edem” otelində 1 gün qaldıqdan sonra Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən “Vulkan” otelində də əlavə olaraq 1 gün qalmışlar. Həmin otellərdə yeyib-içmişlər və pulun bir hissəsini isə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən geyim mağazasından Şahid3la birlikdə paltar və ayaqqabı almışlar. Daha sonra Bakı Beynəlxalq Avtovağzalına gedib taksi ilə Gəncə şəhərinə getmişlər. Orada da bir neçə gün qaldıqdan və yeyib içdikdən sonra tanımadığı taksilərlə Tovuz, Şəmkir və Gədəbəy rayonlarına gedib götürdüyü 10.400 manatı bütünlüklə orada xərcləmişlər. Daha sonra o, polislərin onu axtardığını bilmişdir. O bundan sonra təcili anasına zəng edərək qalan 34.000 manatın yerini bildirmiş, aparıb zərərçəkmiş şəxsə verməsini istəmişdir. Hadisədən bir neçə dəqiqə sonra Elxan İsrafılov ona zəng edərək avtomaşınında qalan 44.400 manatı unutduğunu bildirmiş, lakin o, sonuncuya həmin pulun avtomobilində qalmadığını bildirmişdir. Sonradan gizlətdiyi 34.000 manat və valideynləri tərəfindən də əlavə olaraq 5000 manat, ümumilikdə 39.000 manat pul zərərçəmiş şəxsə qaytarılmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş zərərin böyük qisminin ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 05 mart 2021-ci il tarixdə axşam saatlarında dostu Mirmehdi adlı şəxslə şəxsi işi ilə əlaqədar söhbət etmək üçün Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2 ünvanına getmişdir. Mirmehdi adlı şəxslə görüşərək şəxsi işi ilə bağlı danışdıqdan sonra sonuncu ona paketdə 44.400 manat pul verərək onu yolüstü Amerika Səfirliyinin qarşısında dostları Eldar adlı şəxslə görüşərək ona verməyini xahiş etmişdir. O da etiraz etməmiş və paketdə olan pulu götürüb həmin gün saat 19:15 radələrində “Bolt” taksi sifariş proqramı vasitəsilə müvafiq taksi sifarişi etmişdir. Bir neçə dəqiqə keçmiş onun olduğu yerə üzərində “Bolt” yazısı olan “Toyota Prius” markalı avtomobil yaxınlaşdıqda o, sifariş etdiyi taksinin həmin avtomobil olduğunu zənn edib avtomobilə əyləşmişdir. Getməyə yenicə başlamış sonradan sürücü olan ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs zəng gəlmiş və o, danışdıqda sürücünün onun verdiyi sifarişlə bağlı olan taksi sürücüsü olmadığını hiss etmişdir. Daha sonra sürücü sifarişi səhvliklə götürdüyünü bildirmişdir. Belə ki, sürücü sifarişi verən şəxslə danışdıqdan sonra həmin şəxsin də onun getdiyi istiqamətdə getdiyini bildirib taksi sifarişi ilə bağlı reytinqinin aşağı düşməməsi üçün ondan digər müştərini də götürməsini xahiş etmişdir. O, da etiraz etməmiş və həmin şəxs gəlib qabaq sərnişin oturacağında əyləşmişdir. Təxminən saat 20:05-də Amerika Səfirliyinin qarşısına çatmışlar. Taksiyə əyləşdikdə paketdə olan 44.400 manat pulu yanında oturacağın üstünə qoymuşdur. O, ünvana çatan zaman yol haqqı kimi həmin şəxsə cibində olan puldan 5 manat ödəniş etmiş və avtomobildən düşmüşdür. Avtomobilin sürücüsü oradan uzaqlaşdıqda içərisində 44.400 manat pul olan paketin oturacağın üstündə unudaraq götürmədiyini başa düşmüşdür. Sürücü artıq avtomobili ilə oradan uzaqlaşmış və o, “Bolt” şirkəti tərəfindən təyin olunan digər sifarişlə gəldiyi üçün onda əlaqə nömrələri, sürücüyə və avtomobilə aid məlumatlar olmamışdır. Həmçinin, avtomobilə əyləşən və düşən zaman qeydiyyat nömrələrinə də fikir verməmişdir. O, sürücünü bu vəziyyətdə tapa bilməyəcəyini görüb Nəsimi RPİ-nin 21-ci PB-nə gedərək ərizə yazmışdır. Daha sonra adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs işlədiyi şirkət vasitəsilə mobil telefon nömrəsini tapıb əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilkin olaraq pulun avtomobildə qalmadığını bildirmiş, lakin o, ona yalan danışdığını bildirib pulu qaytarmadığı halda barəsində polisə şikayət edəcəyini dedikdə sonuncu telefonu dərhal söndürmüşdür. Sonradan Təqsirləndirilən şəxs atası Şahid1 onunla əlaqə saxlayaraq oğlunun onlara zəng etdiyini və onun pulunu yaşadığı evdə gizlətdiyini dediyini bildirib pulu ona qaytarması üçün yaşadıqları evin yaxınlığına çağırmışdır. Həmin əraziyə gəldikdən sonra atası Şahid1 ona oğlunun evdə cəmi 34.000 manat gizlətdiyini, qalan pulu isə götürdüyünü bildirmişdir. Bundan sonra Şahid1 ona 30.000 manat qaytarmış, qalan 4.000 manatı isə polisdə qaytaracağını bildirmişdir. Daha sonra sonuncu həmin 4.000 manatı da polis əməkdaşlarının yanında qaytarmışdır. Sonradan isə pulu ələ keçirən taksi sürücüsü Seymur İsmayılovun atası Tahir İsmayılzadə ona əlavə olaraq 5.000 manat pul vəsaitini qaytarmış, bunula da, ona dəymiş ziyandan 39.000 manat pul ödənimişdir. Halhazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmədiyindən ona qarşı şikayətçidir və ona dəymiş ziaynın tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə hadisədən sonra tanımışdır. Onlarla düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdən “Bolt” taksi şirkətində sürücü kimi işə düzəlmiş və şirkətdən “Toyota Prius” markalı avtomobil icarəyə götürüb idarə etmişdir. Sonuncu 05.03.2021-ci il tarixədək işləsə də, həmin gün, gecə saatlarında idarə etdiyi avtomobili müqavilə əsasında işlədiyi taksi şirkətinə təhvil verərək çıxıb getmiş və onunla əlaqələri olmamışdır. 13.03.2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 zəng edərək hadisə barədə bildirmiş və avtomobilində tanımadığı şəxsin unutduğu puldan 34.000 manatı həyətdə yerləşən saxlanc yeri olan yarım tikilidə gizlətdiyini demişdir. Bundan sonra o, həyat yoldaşı Şahid2 ilə birlikdə həmin yerdən 34.000 manatı götürmüş və pulun sahibi Zərərçəkmiş şəxs əlaqə nömrəsini tapıb onunla əlaqə saxlayaraq yaşadıqları evin qarşısında görüşərək ona 30.000 manat qaytarmışdır. Qalan 4.000 manat pulu isə polis əməkdaşlarının iştirakı ilə qaytaracağını bildirmiş və həmin pulu da 14.03.2021-ci il tarixdə polis əməkdaşlarının iştirakı ilə Zərərçəkmiş şəxs qaytarmışdır. Daha sonra ibtidai istintaq dövründə əlavə olaraq 5.000 manat pul vəsaitini vermiş və bunula da, dəymiş ziyanın böyük qismi ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli tələbnamədən, Binəqədi rayon məhkəməsinin 17 iyul 2017-ci il tarixli hökmündən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli Qərarından və Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində sonuncu dəfə Binəqədi rayon məhkəməsinin 17.07.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə bəraət hökmü çıxarılmış, Bakı Apellyasiya Məhkəməsinin 12.01.2018-ci il tarixli qərarı ilə 17.07.2017-ci il tarixli hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, 17.04.2018-ci ildə Ali Məhkəmənin qərarı ilə 12.01.2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni Apellyasiya baxışına təyin edilmiş və 10.12.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə 17.07.2017-ci il tarixli hökm ləğv edilmiş və CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs 7 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 11.07.2019-cuil tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 107-109, 130- 140, 141-150, 151-171). İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2021-ci il tarixli protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-128/2021 saylı, 19 mart 2021-ci il tarixli qərarı ilə 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 08 may 2021-ci il tarixli, 4(006)-191/2021 saylı qərarı ilə həbs qətimkan tədbirinin müddəti 18 iyun 2021-ci il tarixədək uzadılmışdır (i/v 66-67, 102-106, 124-128). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 may 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qaytarılmış ümumilikdə 34.000 manat pul maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i/v 178-186). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 4.000 manat pulu Şahid1 təhvil almışdır (i/v 14). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 5.000 manat pulu Şahid1 təhvil almışdır (i/v 29). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın böyük bir qisminin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 34.000 (otuz dörd min) manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-362/2021 saylı, 27.05.2021-ci il tarixli qərara əsasən 07.06.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs X3 tərəfindən göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 34.000 (otuz dörd min) manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar