Məhkəmə qərarları › İş №1(006)-363/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-363/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-363/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X6 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, X13 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,743 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımışdır. 01 aprel 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:35-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq 19-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 01 bükümdə təmiz çəkisi 0,743 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X13 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan “kakos”dan istifadə edir. Bir neçə gün əvvəl Bakı şəhəri, Yasamal rayonu “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəllər tanımadığı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün “kakos” adlanan narkotik vasitə heroin almışdır. xx.xx.2023-cü tarixdə, saat təqribən 13:35-də ünvan 4 ünvanın qarşısında olan zaman 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş və onu Nəsimi RPİnin 19-cu PŞ-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. 19-cu PŞ-nin inzibati binasında xidməti otaqlardan birində ona hüquqlarının müdafiə olunmasından ötrü vəkillərin siyahısı təqdim olunmuş və növbədə olan vəkillərin hər hansı birinin hüquqlarını müdafiə etməsindən etiraz etmədiyini demişdir. Bundan sonra vəkil dəvət olunmuş və o, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Sonra üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, bu zaman vəkil şəxsi axtarışda iştirak etməkdən imtina etmiş, o da vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmağına etiraz etmədiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, həmin vaxt əynində olan qəhvəyi rəngli gödəkçənin cibində olan bir ədəd bükümü təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra üzəri tam olaraq yoxlanılmış və heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Bundan sonra həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Xəyalə» adlı şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə saat 13:30 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsinə getmişlər. Həmin küçədə 39 A ünvanının qarşısında olarkən saat 13:35-də «Xəyalə» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, «Xəyalə» adlı şəxsi Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Orada olarkən «Xəyalə» adlı şəxsin X13 olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə getmişlər. 19-cu PŞ-yə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması baş X14a həvalə olunmuşdur. X14 tərəfindən Xəyalə Xatina şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Xəyalə Xatinanın üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı Nəsimi RPİ-nin YYÇPTB-nin inspektoru Şahid3 da iştirak etmişdir. Şəxsi axtarış zamanı ilk öncə Xəyalə Xatinaya üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Xəyalə Xatina əynində olan qəhvəyi rəngli gödəkcənin cibindən bir ədəd ağ rəngli kağız bükülünü təqdim etmişdir. Daha sonra isə Xəyalə Xatinanın üzərinə YYÇPTB-nin inspektoru Şahid3 tərəfindən şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Xəyalə Xatinanın təqdim etdiyi büküm açıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Daha sonra Xəyalə Xatinanın üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin YYÇPTB-nin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə X7 üzərində narkotik vasitə saxlamaqda şübhəli olması ilə bağlı şəxsi axtarış keçirilməsi zərurəti yarandığından və həmin şəxs qadın olduğundan Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı Elxan Qasımov onu da həmin şəxsi axtarışda iştirak etməsi üçün19-cu PŞ-yə dəvət etmiş və o da şəxsi axtarış da iştirak etmək üçün qeyd olunan tarixdə PŞ-yə getmişdir. İlk öncə X14 tərəfindən Xəyalə Xatina şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Xəyalə Xatinanın üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Xəyalə Xatinaya üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Xəyalə Xatina əynində olan qəhvəyi rəngli gödəkcənin cibindən bir ədəd ağ rəngli kağız bükülünü təqdim etmişdir. Daha sonra isə Xəyalə Xatinanın üzərinə tərəfindən şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Xəyalə Xatinanın təqdim etdiyi büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra Xəyalə Xatinanın üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs X6 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən də ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.84-85); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.86-87); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1920 №-li ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 187” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə: Təqsirləndirilən şəxs-imza, dörd imza, təhqiqatşı: Qasımov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,743 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış tədqiqatın dəyəri 92,00 manat təşkil edir (i.v.58-61); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4403 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.119-120); - “Anket məlumatlarının dəqiqləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə bütün materiallarında Təqsirləndirilən şəxs soyadı Xatina kimi tanınıb oxunması qərara alınmışdır (i.v.125); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 üzərindən aşkar edilərək götürülmüş 0,743 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,693 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v.127-132); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, X13 əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 04 ay 10 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3cü maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 01 il 04 ay 29 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v.116-117) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X13 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək peşman olmasını CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən X8 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən X13 hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə X9 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını nəzərə alaraq hesab edir ki, X10 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanıldığı müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X6 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxs X6 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsin Ambulator X3 Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 4403 saylı rəyinə əsasən X13 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,693 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 92,00 (doxsan iki) manat X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. X6 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanıldığı müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X13 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X6 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,693 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X6 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92,00 (doxsan iki) manat X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar