Məhkəmə qərarları › İş №1(006)-366/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-366/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-366/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu, ünvan 1 ünvanlarda kirayə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa mslum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,043 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yanvar 2025-ci il tarixdə, saat 10:45-də Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 3 ünvanının qarşısında saxlanılaraq 19-cu Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 1,043 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, xeyli müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamaqla avtoyuma məntəqəsində işləyib dolanır. O, təxminən 2-3 ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Rəsmi olaraq heç yerdə işləmir, əvvəllər hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmiş və Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə sərbəst yazıb-oxumağı bacarır, tərcüməçinin və ya mütəxəssisin köməyinə ehtiyacı yoxdur. O, adətən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində üzdən tanıdığı, lakin adlarını və ya anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən alıb istifadə etmişdir. Belə ki, o, həmin şəxsləri üzdən tanıdığına görə narkotik vasitə və psixotrop maddə istifadə etmək istəyəndə gedib həmin şəxslərin olduqları ərazilərdə müəyyən müddət gəzmiş və həmin şəxsləri gördükdə dərhal narkotik vasitə və psixotrop maddə alıb həmin yerdən uzaqlaşmışdır. Sonuncu dəfə o, 10 yanvar 2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhirində “Misir” parkı adlanan yerin yaxınlığından üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat müqabilində öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə el arasında “patı" adlanın psixotrop maddə metamfetamin almış və fürsət olduqca istifadə etmək məqsədi ilə həmin psixotrop maddəni əynində olan şalvarın cibinə qoyaraq üzərində saxlamışdır. O, 10 yanvar 2025-ci il tarixdə, saat 10:45-də ünvan 5 ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və özünü təqdim etməyini ondan xahiş etmişlər. O, da heç bir etiraz etmədən özünü təqdim edərək anket məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək, onu 19-cu Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 19-cu Polis Şöbəsinin inzibati binasına getmişdir. Bundan sonra xidməti otaqların birində təhqiqatçısı Elvin Qənizadə tərəfindən ona hüquq və vəzifələri, eləcə də nədə şübhəli olduğu izah olunmuşdur. Daha sonra təhqiqatçısı Elvin Qənizadə tərəfindən ona vəkillər siyahısı təqdim olmuş və hüquqlarının müdafiə edilməsi üçün istədiyi vəkili seçməyi təklif olunmuşdur. O, ərizə yazaraq maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müdafiəçi X7 onun hüquqlarının müdafiə edilməsi üçün Polis şöbəsinə dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçısı Elvin Qənizadə tərəfindən ona üzərində qanunla qadağan edilmiş predmet varsa təqdim etməyi təklif olurmuş, həmin vaxt o, əynindəki şalvarın cibində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi 01 ədəd bükümə taxış keçirilmiş və sorğusual zamanı o, həmin bükümü 10 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində “Misir” parkı adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunmuş həmin 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış zərfin üzəri möhürlənərək sübut kimi götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2025-ci il tarixli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış və götürmə zamanı onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,043 qramdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid ifadəsində göstərdi ki, 10 yanvar 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Elnur» adlı şəxs Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlaması, gəzdirməsi və satışı ilə məşğul olur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə «Elnur» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı tərəfindən və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Nurlan Qasımovla birlikdə saat 10 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 6 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin, psixotrop maddələrin üzərində saxlaması, istifadəsi və satışı ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər, sonuncu onlarla birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gəlmişdir. Sonra raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş və bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin psixotorp maddə “patı” olduğunu təsdiq etmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan psixotrop maddə metamfetami Xırdalan şəhərində əvvəlcədən tanıdığı adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlanmaq və icraata qəbul etmək haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); “şübhəli şəxsin tutulması haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25-26); “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (i.v. 39-41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 6/109 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respubliksı DİN Zərflər üçün № 187" dairəvi möhür əksləri olan, "1. "Şahid ”imza” 2. X9 "imza” 3. Təqsirləndirilən şəxs “imza”; 4. X7 "imza”; 5. X6 "imza”; Təhqiqatçı E.Qənizadə "imza” “ yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,043 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 51-52); Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşağı var (i.v. 78); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-25/2025 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 10 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (i.v. 87- 92); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2025-ci il tarixli, 109 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v. 97-98); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 16.02 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 102- 103); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-85/2022 saylı hökmünə ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 07 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 117-126); “sübutların qiymətləndirilməsi haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,043 qram olan (qalıq çəkisi 0,993 qram, 10 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/109 nömrəli Azərbaycan Respublikası ƏN-nin MEM-nin rəyi) psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi hesab edilmiş və qalıq 0,993 qram psixotrop maddə metamfetaminin hissəsi ibtidai istintaqın yekununda saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i.v. 127-133). Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən metamfetaminin təmiz çəkisi 1,043 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-85/2022 saylı hökmü) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun cəzasının sonu ilə azad edilməsindən, yəni 16.02 2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 10 yanvar 2025-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Vəkil Bürosunun hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan qalıq çəkisi 0,993 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar