Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-367/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1976-cı ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs digər saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 18 avqust 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 39E ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “RR Shop” telefon mağazasında təmir işləri apararkən özgənin əmlakını gizli olaraq talama məqsədilə mağazanın digər otağına keçib həmin otaqda quraşdırılmış saxlanc yeri hesab edilən dolabı fiziki güc tətbiq edib açmaqla qanunsuz daxil olub dolabdan Zərərçəkmiş şəxs məxsus 2250 manat dəyərində “İphone 14 pro max” markalı mobil telefonu gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi evlərdə təmir işləri görür. Lakin rəsmi iş yeri yoxdur. İşinin mahiyyəti mənzillərdə və obyektlərdə təmir işlərini həyata keçirməkdən ibarətdir. Rəşad adlı şəxsi uzun müddətdir ki, tanıyır. Rəşad ona iş olduqda müraciət edirmiş, o da onunla birlikdə işləyirmiş. 2023-cü ilin avqust ayının ortalarında Rəşad ona Nəsimi rayonu Azadlıq prospektində yerləşən telefon dükanlarının birində təmir işi olduğunu bildirmişdi. O da Rəşadla razılaşmışdır. Həmin obyekt Nəsimi rayonu, Azadlıq prospekti 39 ünvanında yerləşən “RR shop” telefon mağazası idi. Həmin obyektin sahibi ilə Rəşad danışmışdır. Həmin mağazada təxmini olaraq 10 günlük iş var idi. Həmin ərəfələrdə onun bir neçə tanışına borcu yaranmışdır. Mağaza təmir olunduğundan oradan telefonlar yığılmışdır. Həmin işlədiyi obyekt iki otaqdan ibarət olmuşdur. Arxa otaqda ustalar paltarlarını dəyişirmişlər. Paltarlarını dəyişən otaqda mebeldən yığılmış şkaf olmuşdur. Həmin şkafın içərisində isə qutusu ilə birlikdə mağazaya məxsus mobil telefonlar yerləşdirilmişdir. Təxmini vaxtını xatırlamadığı gündə o paltarını dəyişərkən şkafı açıb telefon qutularını qaldırıb onların içərisində telefon olduğunu görmüşdür. Həmin vaxt şkafın qapısı bağlı olmuşdur. O güc tətbiq edərək qapını özünə tərəf dartmış və şkafın qapısı açılmışdır. Lakin həmin telefonlara toxunmamışdır. 18 avqust 2023-cü il tarixdə saat təxminən səhər 10 radələrində işə gəldikdən sonra Nəsimi rayonu, Azadlıq prospekti 39 ünvanında yerləşən “RR shop” telefon mağazasında paltar dəyişmək üçün olan arxa otaqda olan şkafı açaraq “İphone 14 pro max” markalı qara rəngli mobil telefonu oğurlamışdır. Həmin vaxt Rəşad adlı usta obyektin arxa tərəfində kafel vururmuş. Rəşad onun oğurluq etdiyini görməmişdir. Mağaza təmir olunduğundan orada kamera olmamışdır. Telefonu oğurladıqdan sonra Şahid3 adlı tanışına zəng etmişdir. Telefonla ona mağazanın ünvanını bildirib onun mağazaya gəlməsini xahiş etmişdir. Şənlik işlədiyi mağazaya gəldikdən sonra ona oğurladığı mobil telefonu verib həmin mobil telefonun özünə məxsus olmasını, işi ilə əlaqədar mağazadan çıxa bilmədiyini bildirərək həmin mobil telefonu satmasını xahiş etmişdir. Şənlik adlı şəxsə 200 manat borcu olmuşdur. Ona bildirmişdir ki, telefonu satdıqdan sonra onun borcunu verəcək. Şənlik də ondan mobil telefonu götürərək getmişdir. Təxminən axşam saatlarında Şənliklə görüşmüşdülər. Şənlik ona 2100 manat verərək telefonu 2300 manata satdığını bildirmişdir. 200 manat isə öz borcunu götürmüşdür. Həmin 2100 manatı Şənlikdən aldıqdan sonra digər tanışlarına olan borclarını ödəmişdir. Telefonu oğurladıqdan iki gün sonra isə mağazada təmir işlərini başa vurub zəhmət haqqını Rəşaddan alaraq mağazadan çıxmışdır. Həmin vaxtadək telefon oğurlamağı barədə heç kimin məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışdığını, ailəli olmağını, himayəsində ailə üzvlərinin, xəstə anasının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. 11 sentyabr 2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “RR Shop” telefon mağazasında 5 ildir ki, işləyir. İşinin mahiyyəti ondan ibarətdir ki, mağazada olan telefonların satışını həyata keçirir və mağazada olan mobil telefonların sayına və təhlükəsizliyinə cavabdehlik daşıyırmış. Gündəlik olaraq hər gün saat 10:00-da mağazanı açır və axşam saat 21:00-a dək fəaliyyət göstərirmiş. Həmin mağaza Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 39E ünvanında yerləşir. Mağazada ondan başqa əmisi oğlu olan X7 da satıcı kimi fəaliyyət göstərirmiş. Onlar 2023-cü ilin avqust ayının əvvəllərində qeyd etdiyi telefon mağazasını təmir etmək qərarına gəlmişdilər. Bu məqsədlə Rəşad və Arzu adlı ustalara müraciət etmişdir. Beləliklə həmin şəxslər mağazada təmir işlərini həyata keçirməyə başlamışdılar. Mağaza təmirə bağlanmamışdan qabaq bütün malları yığıb qonşu mağazaya qoymuşdur. Lakin mağazanın içəri hissəsində yerləşən ikinci otaqda olan bağlı şkafda 7-8 ədəd mobil telefon qalmışdır. Həmin şkaf bağlı olduğu və şkaf olan hissədə təmir işləri aparılmadığından o, həmin telefonları ora qoyub açarla bağlamışdır. Təxminən 2023-cü ilin avqust ayının 20-də o, istirahət etmək üçün Türkiyə Respublikasına getmişdir. xx.xx.2023-cü il tarixdə o, Azərbaycana qayıtdıqda mağazaya gəlib təmir işləri ilə maraqlanmışdır. Həmin vaxt mağazada təmir işinin bitdiyini və ustaların getdiyinin şahidi olmuşdur. O, mağazanın içərisində yerləşən digər otağa keçib orada olan şkafı açaraq telefonları saymaq istəmişdir. Bu zaman görmüşdür ki, həmin şkaf açıqdır. Həmin şkafda olan mobil telefonların hamsı qutuda yerləşirmiş. O bir-bir qutuları saymağa başladıqda “İPHONE 14 Pro max” markalı mobil telefonun qutusunun yüngül olduğunu hiss edib, içərisini açdıqda boş olduğunu görmüşdür. Bundan sonra o, həmin telefonun harada olmasını araşdırmağa başlamışdır. Ona həmin mobil telefonun email kodu vasitəsi ilə məlum olmuşdur ki, həmin oğurlanmış mobil telefon onun mağazası ilə qonşuluqda yerləşən “Bya Mobail” adlı telefon mağazasına Şahid3 tərəfindən 2300 manata satılmışdır. Sonradan – xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 11 sentyabr 2024-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. O, 2 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41A ünvanında yerləşən “Aygün Telecom” adlı telefon mağazasında satıcı kimi fəaliyyət göstərir. Qeyd etmişdir ki, işinin mahiyyəti ondan ibarətdir ki, obyektdə olan telefonların satışı və alışını həyata keçirir. Həmin obyekt Şahid2 məxsusdur. Obyektdə ondan başqa 4 nəfər işçi fəaliyyət göstərir. Onlar da onun kimi mağazaya yaxınlaşan müştərilərin satmaq istədikləri mobil telefona baxır, qiymətlə razılaşma olduqdan və mobil telefonun oğurluq olmadığını bildikdən sonra müştərinin şəxsiyyət vəsiqəsini kopya etməklə həmin mobil telefonu müştəridən alır. Bundan sonra aldıqları və ya satdıqları telefonlar barəsində mağazanın müdiri Şahid2 məlumat verirmiş. İş vaxtı səhər saat 10-dan axşam saat 21-ə kimi davam edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində bir nəfər tanımadığı şəxs mağazaya daxil olaraq “İphone 14 pro max” markalı mobil telefonu göstərək özünə məxsus olduğunu və həmin mobil telefonu satmaq istədiyini bildirmişdir. Ondan, həmin şəxsdən mobil telefonu alaraq baxış keçirtdikdən sonra telefonun qutusu olub-olmamasını soruşmuşdur. O, isə ona qutusunun olmadığını bildirmişdir. Bundan sonra o, həmin mobil telefonu 2300 manata ondan almışdır. Bu zaman o, ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin telefonu satan şəxs şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onun Şahid3 olduğunu bilmişdir. Telefonu ondan alan zaman Şənlik həmin mobil telefonun özünə məxsus olmasını, oğurluq olmadığını ona bildirmişdir. O da bu barədə Şahid2 məlumat verib onun razılığını aldıqdan sonra telefonu götürərək 2300 manat pulu Şənliyə vermişdir. Həmin mobil telefon hal-hazırda ondadır. Həmin mobil telefonu təqdim edə bilər. Lakin mobil telefona 2300 manat pul ödəmişdir. Həmin pul ona qaytarıldıqdan sonra telefonu sahibinə qaytaracaq. 11 sentyabr 2024-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. O, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41A ünvanında yerləşən “Aygün Telecom” adlı telefon mağazasını icarə əsasında işlədir. Həmin obyekt təxminən 7 ildir ki, onun icarəsi əsasında fəaliyyət göstərir. Qeyd etmişdir ki, işinin mahiyyəti ondan ibarətdir ki, obyektdə işçilərin fəaliyyətinə nəzarət edir və gündəlik alış-veriş barəsində haqq-hesab aparırmış. Obyektdə 5 nəfər işçi fəaliyyət göstərir. Həmin işçilər mağazaya yaxınlaşan müştərilərin satmaq istədikləri mobil telefona baxır, qiymətlə razılaşma olduqdan və mobil telefonun oğurluq olmadığını bildikdən sonra müştərinin şəxsiyyət vəsiqəsini kopya etməklə həmin mobil telefonu müştəridən alırmış. İşçiləri bu barədə ona məlumat verir və o, mağazaya satılacaq telefonun oğurluq olmadığını bildikdən sonra telefonu almağa icazə verirmiş. xx.xx.2023-cü il tarixdə Nəsib adlı işçisi ona məlumat verərək bildirmişdir ki, X1 mağazaya gələrək “İphone 14 pro max” markalı mobil telefonu satmaq istəmişdir. Lakin həmin telefonun qutusu olmamışdır. O da Nəsibə həmin mobil telefonun oğurluq olmadığını dəqiqləşdirdikdən sonra almasını məsləhət bilmişdir. Nəsib də Mürsəliyev Şənliyin şəxsiyyət vəsiqəsi ilə həmin mobil telefonu ondan 2300 manata almışdır. Bundan bir müddət sonra isə həmin mobil telefonu tanımadığı şəxsə satmışdır. Lakin sonradan telefonun oğurluq olmasını bildikdən sonra həmin şəxs gətirib telefonu mağazaya qaytarmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər fərdi evlərdə təmir işləri ilə məşğul olmuş, 2014-cü ildə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmuşdur. 2019-cu ildə cəzasını çəkdikdən sonra azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra evlərdə təmir işləri ilə məşğul olmuşdur. Bəzən Bakı şəhərinə gələrək burda da fərdi evlərdə təmir işləri ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs 2019-cu ildən etibarən tanıyır. Onunla tanışlığı tik-tok sosial şəbəkəsi vasitəsi ilə olub. Arzu ilə tanış olduqdan sonra onunla tez-tez görüşüb söhbət edirmiş. Artıq onunla aralarında dostluq münasibəti yaranmışdı. 2023-cü ilin avqust ayında Arzu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 39 ünvanında yerləşən “RR Shop” telefon mağazasında təmir işləri görürmüş. Həmin vaxt Arzu Rəşad adlı dostu ilə birlikdə həmin mağazada işləyirmiş. O da həmin ərəfələrdə Bakı şəhərinə iş üçün gəlmişdir. Boş vaxtı olduqda Arzunun yanına gedir, orada söhbət edirmişlər. Arzunun həmin vaxtlar bir neçə nəfərə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə Arzu ona zəng edərək işlədiyi telefon mağazasına gəlməyi xahiş etmiş, bundan sonra o işlərini bitirib Arzunun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 39 ünvanında yerləşən telefon mağazasına gəlmişdir. Arzu ilə orada görüşən zaman Arzu ona 01 ədəd qara rəngli, “İPHONE 14 Pro Max” markalı mobil telefonu verərək həmin mobil telefonun ona hədiyyə olunduğunu, özünün işdə olmasını və şəxsiyyət vəsiqəsinin üzərində olmamasını nəzərə alaraq ondan həmin mobil telefonu satmağını xahiş etmişdir. O da həmin mobil telefonun Arzuya məxsus olduğunu bilib onunla razılaşmışdır. Bundan sonra o qara rəngli, “İphone 14 pro max” markalı mobil telefonu ondan alıb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 A ünvanında yerləşən mobil telefon mağazasına getmişdir. Orada işləyən satıcıya telefonu təqdim edib həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin satıcı telefona baxış keçirib telefonun oğurluq olub-olmaması barədə ondan soruşmuşdur. O da telefonun oğurluq olmadığını ona bildirmişdir. Sonra isə o şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin satıcı şəxsiyyət vəsiqəsinin surətini çıxarıb həmin sənədə telefonun **********51428 imei kodunu və onun qeydiyyatda olduğu ünvanı yazaraq telefonu ondan 2300 manata almışdır. Həmin pulu aldıqdan sonra Arzu ilə görüşüb pulu ona təqdim etmişdir. Arzu da həmin puldan 200 manat ona olan borcunu qaytarmışdır. Bundan sonra o Arzu ilə sağollaşıb oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona verdiyi mobil telefonu işlədiyi mağazadan oğurlamışdır. Lakin həmin telefonun oğurluq olması barədə ona heç bir məlumat verməmişdir. «230070604» nömrəli cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); “hadisə yerinə baxış keçirilməsi barədə” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, hal şahidləri X3 və X2 iştirakları Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “RR Shop” telefon mağazasında baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayında icarəyə götürdüyü Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “RR Shop” telefon mağazasında təmir işlərini aparan Təqsirləndirilən şəxs mağazasından 3400 manat dəyərində olan “İphone 14 Pro Max” markalı telefonu oğurlandığını, həmin mobil telefonu X1 “By Telecom” mağazasına 2300 manata satdığını bildirmişdir. (i.v. 16-17); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v. 33); “şübhəli şəxsə ittiham elan etmək üçün barəsində axtarış elan edilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək məqsədilə onun haqqında axtarış elan olunmuş və tutularkən Nəsimi RPİ-yə təhvil verilməsi qərara alınmışdır. (i.v. 44); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır . (i.v. 46); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 31 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 54-56); “axtarışda olan şəxsin yaxalanması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin (xx.xx.2024-cü il) tarixdə saat 11:30 radələrində yaxalanmışdır. (i.v. 60); “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 30 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış ciraat təzələnərək icraat qəbul edilmişdir. (i.v. 57); “tutma haqqında” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin (xx.xx.2024-cü il) tarixdə saat 17:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 77); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (i.v. 98); “şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 113); “qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i.v. 116); “maddi sübut kimi tanımaq haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurluq zamanı ələ keçirdiyi və Şahid1 satılmış, hal-hazırda sonuncunun mülkiyyətində olan “İphone 14 Pro Max” markal **********51428 imei kodlu mbil telefon maddi sübut kimi tanınmışdır. (i.v. 120); 01 iyun 2024-cü il tarixli qəbzə əsasən Şahid1 götürülmüş 01 ədəd qara rəngli, “İphone 14 pro max” markalı, **********51428 imei kodlu mobil telefon maddi sübut kimi tanındıqdan sonra gündəlik məişətdə gündəlik istifadə olunan təlabat əşyası olduğundan ona qaytarılmışdır. (i.v. 122); “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə naməlum şəxsin əməli həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 130); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 9/3833 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd “İphone 14 pro max” markalı, 1 TB daxili yaddaşlı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2250,00 müəyyən olunur. (i.v. 132-135); “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilməsi qərara alınmışdır. (i.v. 138); “sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-in 180.1 və 177.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X1 barəsində CM-in 194 və 177.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanmış 01 ədəd qara rəngli, 1 TB yaddaş tutumlu, **********51428 imei kodlu mobil telefonun maddi sübut kimi tanınması və vicdanlı sahibi Şahid1 qaytarılması nəzərə alınmış, cinayət işinin materialları əsasında ekspert rəyində göstərilən qiymət əsas götürülməklə təqsirləndirilən şəxsə ittiham elan edilməsi nəzərə alınmış, iş üzrə hadisə yerinə baxış protokolları, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, götürmə protokolu, ekspert rəyi, 01 ədəd A4 formatlı sənəd, digər istintaq hərəkətinin protokolları və əhəmiyyət kəsb edən sənədlər sübut növü kimi qəbul edilmişdir. (i.v. 156-163). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə (saxlanc yerinə qanunsuz daxil olmaqla) düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarına əsasən cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, ibtidai istintaq zamanı saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 01 ədəd qara rəngli, “İphone 14 pro max” markalı, **********51428 imei kodlu mobil telefonun maddi sübut kimi tanınması və sahibi Şahid1 qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Həsənov X5 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 kəndi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 03 (üç) gün (axtarış zamanı yaxalandığı xx.xx.2024 və şübhəli şəxs qismində tutulduğu xx.xx.2024xx.xx.2024) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd qara rəngli, “İphone 14 pro max” markalı, **********51428 imei kodlu mobil telefonun sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-367/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-367/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver