Məhkəmə qərarları › İş №1(006)-368/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-368/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-368/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 19:20 radələrində Nəsimi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb, Nəsimi RPİ-yə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi- 0,497 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 fevral 2022-ci il tarixdə təxminən saat 19:20 radələrində ünvan 3 ünvanının qarşısında dayandığı vaxt mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə, Nəsimi RPİ- nin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan, həmçinin narkotik vasitənin təsiri altında olduğundan, o, oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər, buna baxmayaraq o özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etmişlər, polis əməkdaşları ilə bir qədər söhbət eldikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Nəsimi RPİ-nə getməyini təklif etmişlər. O da, etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə Nəsimi RPİ-nə getmişdir. İdarədə polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının bildirmişlər o, isə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində “kakos’' kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü və qara rəngli gödəkçəsinin sağ yan cibindən özünə məxsus “Samsung A12” markalı telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir. O, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə onun üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra həmin bükümün içərisinə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin bükümün içərisindən öz istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı bükümdən aşkar olunmuş maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşanda, o, səmimi olaraq bükümünün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu və uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini deyərək, həmin gün, yəni 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Papanin kimi tanıdığı ərazidən “İvan” adlı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən səmimi peşman və cavan olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə, “Səbuhi” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə işlədiyi Nəsimi RPİ-nin CAŞ-a əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə ondan və CAŞ-ın kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 30-un qarşısında “Səbuhi” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları həmin şəxsi görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim etməklə, polis əməkdaşı olduqlarını deyərək, şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. “Səbuhi” adlı şəxs üzərində heç bir sənəd olmadığını bildirmiş, bir qədər onunla söhbət etdikdən sonra ona əməliyyat məlumatının olduğunu və üzərində narkotik maddə olmasına şübhə olduğunu bildirərək, onu polis idarəsinə dəvət etmişlər. O, da onlarla razılaşıb birlikdə işlədikləri İdarənin inzibati binasına gəlmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonuncunun Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törəməsinə şübhə yarandığından o, İdarənin Təhqiqat şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Sonra video çəkiliş aparmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ondan video çəkiliş vasitəsi ilə üzərir ə şəxsi axtarış aparılmasına etirazının olubolmaması soruşulmuşdur. Sonuncu da etiraz etməmiş və bundan sonra təhqiqatçı tərəfindən ona təklif edilmişdir ki, üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və qara rəngli gödəkçəsinin sağ yan cibindən özünə məxsus “Samsung A12” markalı telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm təhqiqatçı İlham Məmmədov tərəfindən açıldıqda içərisindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər toz şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə “heroin” olduğunu deyərək 20 aprel 2022-ci il tarixcdə Bakı şəhəri, Papanin kimi tanıdığı ərazidən İvan adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Samsung A12 markalı telefon sübut əhəmmiyyətli olması bildirilərək ondan götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində maddə olan büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişlər ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və qara rəngli gödəkçəsinin sağ yan cibindən özünə məxsus “Samsung A12” markalı telefonu aşkar olunmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 103-105-ci vərəqələrində olan Nəsimi rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi T.Əzizovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 57-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2266 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün №186" möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,497 qram maddə kütləş kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,497 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,447 qram olmuşdur. Cinayət işinin 58-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi əlavə Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2727 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 108-109-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,447 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 115-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus “Samsung A12” markalı mobil telefonunu Nəsimi RPİnin İŞ-nin müstəntiqi T.Əzizovdan təhvil aldı. Cinayət işinin 145-151-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 116-117-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Cinayət işinin 94-cü vərəqəsinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə, saat 22-10dan başlıyaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edilir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən içərisində “kakos’' kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü və qara rəngli gödəkçəsinin sağ yan cibindən özünə məxsus “Samsung A12” markalı telefonu çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni digər hər hansı əşyanın olub-olmaması soruşulduqda, sonuncu heç bir əşyanın olmadığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun əynində olan şalvarın cibləri, ayaqqabıları, corabları yoxlanılır, lakin heç nə aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması barədə soruşduqda, sonuncu bükülünün içərisində kakos olduğunu və həmin gün, yəni 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Papanin kimi tanıdığı ərazidən “İvan” adlı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsnin özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən peşman və cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini, dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi əlavə Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2727 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,447 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on manat) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,447 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar