Məhkəmə qərarları › İş №1(006)-368/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-368/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-368/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Namazov Fərəc Elman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 fevral 2025-ci il tarixdə saat 03:07-də ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi saxlanc yeri hesab edilən “Rashid Shop 7/24” adlı köşkün giriş qapısını özündə olan istintaqla müəyyən edilməyən alətlə açdıqdan sonra köşkə qanunsuz daxil olaraq oradan 1 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 96 manat 10 qəpik dəyərində 31 qutu “Palİ Mail boz” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 140 manat dəyərində 35 qutu “Winston” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 205 manat 80 qəpik dəyərində 49 qutu “Kent 4” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 337 manat 50 qəpik dəyərində 75 qutu “X8” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla ümumilikdə 68 manat 40 qəpik dəyərində 19 qutu “Davidoff kompakt (reaxh red)” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 10 qəpik olmaqla ümumilikdə 53 manat 30 qəpik dəyərində 13 qutu “Dunhıll nazik” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla ümumilikdə 50 manat 40 qəpik dəyərində 14 qutu “Premier nazik” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 40 qəpik olmaqla ümumilikdə 44 manat 20 qəpik dəyərində 13 qutu “LD kompakt” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 40 qəpik olmaqla ümumilikdə 51 manat dəyərində 15 qutu “LD Club nazik” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 62 manat dəyərində 20 qutu “Winchester nazik” markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 90 qəpik olmaqla ümumilikdə 29 manat dəyərində 10 qutu “X7 nazik” markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla ümumilikdə 30 manat 80 qəpik dəyərində 14 qutu “Magna Silver kompakt” markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 23 manat 40 qəpik dəyərində 9 qutu “Viceroy” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 50 manat 40 qəpik dəyərində 12 qutu “Davidoff uzun” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 12 manat 40 qəpik dəyərində 4 qutu “Rothmans kompakt” markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 20 manat 80 qəpik dəyərində 8 qutu “Vegas” markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 80 qəpik olmaqla ümumilikdə 8 manat 40 qəpik dəyərində 3 qutu “Classic kompakt” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 12 manat 40 qəpik dəyərində 4 qutu “West nazik” markalı siqareti gizli olaraq talayarkən həmin ərazidə gözətçilik edən Şahid1 tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərlərinə təhvil verildiyindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs ümumilikdə 1296 manat 30 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə hər zaman olduğu kimi saat 09:00 radələrində Corat qəsəbəsində kirayə yaşadığı fərdi yaşayış evindən çıxaraq iş axtarmaq üçün Sumqayıtda yerləşən “daş bazarı”na getmiş və həmin yerdə iş tapmaq üçün təqribən saat 17:00-dək gözlədikdən sonra iş düşmədiyi üçün oradan çıxaraq Nəsimi rayonu ərazisində 3-cü mikrarayon dairəsi adlanan yerdə yerləşən və fəhlə bazarı adlanan əraziyə gedib iş tapmaq üçün orada gözləməyə başlamışdır. Saat 18:00-dan 21:00-dək həmin ərazidə gözləmiş və iş olmadığını görərək məyus vəziyyətdə oradan bir az uzaqlaşıb ətrafda təkbaşına piyada gəzişməyə başlamışdır. Saat 23:00 radələrində Sumqayıt şəhərinə getmək istəyərkən yolun kənarında “Rashid Shop” adlanan köşkü görmüş və cibində pulu olmadığına görə, ətrafdakı şəxslər getdikdən və sakitçilik yarandıqdan sonra həmin yerə daxil olaraq oradan pul və siqaretlərdən nəsə tapsa gizli şəkildə götürüb çıxmaq fikri ağlına gəlmişdir. Bu məqsədlə bir neçə saat həmin köşkün ətrafında gəzişib əlverişli şərait yaranmasını gözləmiş və xx.xx.2025-ci il tarixdə saat 03:00 radələrində ətrafda heç kimin olmamasından istifadə edərək təkbşına həmin köşkə yaxınlaşmış və əvvəlcədən iş üçün üzərində gəzdirdiyi metal preforator başlığı ilə həmin köşkün qapısını bir az fiziki güc tətbiq edərək açıb içəri daxil olmuşdur. İçəridəki kassa aparatına yaxınlaşıb onu açaraq içərisinə baxmış və içərisində pul olmadığını görmüşdür. Bundan sonra oradan iki ədəd sellofan torba götürərək piştaxtadakı və piştaxtanın altındakı müxtəlif adda olan siqaretləri qutu və blok halında tələsik götürərək həmin sellofan torbalara doldurmuşdur. Bundan sonra içəridə kamera olduğunu görərək onu çəkməməsi üçün aparatın elektrik naqillərini dartıb çıxarmaqla kameranı söndürmüşdür. Lakin sonradan etdiyi əməldən peşman olduğundan həmin obyektdən çıxaraq uzaqlaşmaq istəmişdir. Bu məqsədlə heç bir əşya götürmədən obyekti tərk etmiş və uzaqlaşarkən bir nəfər şəxs onu tutub saxlamışdır. Bundan sonra polis əməkdaşlarına məlumat verilmişdir. Daha sonra polis əməkdaşları və obyektin sahibi hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirdikdən sonra onu izahatının alınması üçün polis idarəsinə aparmışlar. İfadəsinin sonunda zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2023-cü ildən ünvan 3a yerləşən və özünə məxsus olan siqaret, su, saqqız və digər kiçik ərzaq və qeyri ərzaq məhsullarının satışı ilə məşğul olan “Rashid Shop” adlı köşkdə sahibkar, həm də satıcı kimi fəaliyyət göstərir. Əsasən vacib işləri olmadıqda hər gün səhər saat 08:00-da köşkə gedib qapını açaraq işə başlayır və müştərinin olub-olmamasından asılı olaraq saat 23:00dək fəaliyyət göstərdikdən sonra köşkün qapısını bağlayıb yaşadığı ünvana qayıdır. Həmin köşkün açarları yalnız özündə olur və vacib işi olduqda müvəqqəti nəzarət üçün açarı uşağa verib qayıdanda geri alır və gündəlik olaraq gecələr köşkü bağlayan zaman kassada olan bütün pulları da özü ilə götürərək qapını bağlayıb oranı tərk edir. xx.xx.2025ci il tarixdə saat 23:30 radələrində R.Cavadov küçəsində özünə məxsus olan və işlətdiyi köşkün kassasında yığılmış bütün pul vəsaitlərini özü ilə götürərək qapısını bağlayıb yaşadığı ünvana getmişdir. xx.xx.2025-ci il tarixdə saat təqribən 03:20 radələrində köşkün yerləşdiyi ərazidə nəzarətçi kimi fəaliyyət göstərən Zamiq adlı tanışı onun mobil telefonuna zəng vuraraq köşkə bir nəfər kişi cinsli şəxsin oğurluq məqsədilə daxil olduğunu və çıxarkən onu saxladığını bildirmiş və onun köşkün yerləşdiyi yerə gəlməsini istəmişdir. Bundan sonra evdən çıxaraq həmin yerə getmiş və köşkə nəzər saldıqda qapının açıq və içərinin dağınıq vəziyyətdə olduğunu, kameraların söndürüldüyünü, kassa aparatının və siyirmələrin açılmış vəziyyətdə olduğunu və qarşı piştaxtada yığılmış siqaretlərin çox hissəsinin piştaxtadan götürülərək iki ədəd böyük kloklara yığılıb yerə qoyulduğunu müşahidə etmişdir. Köşkə girən şəxsi isə köşkün qarşısında Zamiq adlı tanışının tutub saxladığını görmüşdür. Həmin şəxsdən kim olduğunu soruşduqda adının Bəxtiyar olduğunu deyərək oğurluq məqsədilə köşkünə daxil olduğunu ona etiraf etmişdir. Bundan sonra yaxınlıqda xidmət aparan polis serjantı Şahid2 zəng vurmuş və hadisə barədə məlumat vermişdir. Atabəy cəld hadisə baş verən yerə gəlmiş və aidiyyəti üzrə məlumat verdikdən sonra digər polis əməkdaşları baxış keçirib müvafiq izləri götürmək üçün onların olduğu hadisə yerinə gəlmişdir. Müvafiq işlər görüldükdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları özləri ilə birlikdə aparmışlar. Bundan sonra özü də Nəsimi rayon Polis İdarəsinə dəvət olunmuş və Bəxtiyar adlı şəxs tərəfindən köşkündən götürülməyə cəhd edilmiş siqaretlərə iştirakı ilə baxış keçirilən zaman Bəxtiyar Əliyevin piştaxtadan götürüb iki ədəd böyük torbalara yığdığı siqaretlərin içərisində ümumilikdə 348 qutu olduğunu müəyyən etmişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirərək, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, sonuncu ilə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hadisə vaxı X7 Alayının 9-cu patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət etmiş və 2023-cü ildən Nəsimi rayon Polis İdarəsinə ezam edildiyindən xidməti vəzifələrini Nəsimi rayonu ərazisində yerinə yetirmişdir. 01 fevral 2025-ci il tarixdə saat 04 radələrində ərazidə köşkü olan və sahibkar olaraq fəaliyyət göstərən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ona zəng vuraraq R.Cavadov küçəsindəki köşkdən oğurluq edildiyini və oğurluq edən şəxsi saxladıqlarını bildirmişdir. Bundan sonra, o, xidməti avtomobillə hadisə yerinə gəlmiş və Vüqar və Zamiq adlı şəxslərin təqsirləndirilən şəxsi saxladıqlarını görmüşdür. Həmin vaxt təqsirləndirilən şəxsdən kim olduğunu soruşduqda adının Bəxtiyar olduğunu deyərək oğurluq məqsədilə köşkə daxil olduğunu bildirmişdir. Daha sonra hadisə yerinə digər polis əməkdaşları da gəlmiş və qanuna müvafiq işlər görüldükdən sonra Təqsirləndirilən şəxs adlı şəxsi polis şöbəsinə aparıb təhvil vermişlər. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cavadov küçəsi 35 ünvanında yerləşən və Zərərçəkmiş şəxs aid olan Rashid Shop adlı köşkdür və Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən həmin köşkdən ümumilikdə 348 qutu müxtəlif markalı siqaretlərin götürülməsinə cəhd edilərək həmin sayda siqaretlər 2 ədəd sellofan torbaya yığılmış, lakin siqaretlər köşkdən çıxarıla bilmədən Təqsirləndirilən şəxs həmin köşkün qarşısında saxlanılmışdır (i/v 6-9). İş materiallarında olan 01 fevral 2025-ci il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 27). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cavadov küçəsi 35 ünvanında yerləşən köşkə qanunsuz daxil olaraq 2 ədəd sellofan torbaya yığaraq gizli yolla talamağa cəhd etdiyi siqaretlərin, PALL MALL boz siqaretlərindən 31 qutu, WİNSTON boz kompakt siqaretlərindən 35 qutu, KENT 4 siqaretlərindən 49 qutu, SOBRANİE KOMPAKT siqaretlərindən 75 qutu, Davidoff kompakt siqaretlərindən 19 qutu, DUNHİLL nazik siqaretlərindən 13 qutu, PREMİER nazik siqaretlərindən 14 qutu, LD kompakt siqaretlərindən 13 qutu, LD club nazik siqaretlərindən 15 qutu, WİNCHESTER nazik siqaretlərindən 20 qutu, X7 nazik siqaretlərindən 10 qutu, Magna silver kompakt siqaretlərindən 14 qutu, VİCEROY siqaretlərindən 9 qutu, Davidoff uzun siqaretlərdən 12 qutu, Rothmans kompakt siqaretlərindən 4 qutu, VEGAS siqaretlərindən 8 qutu, Classic kompakt siqaretlərindən 3 qutu, West nazik siqaretlaretlərdən 4 qutu olmaqla ümumilikdə 348 qutu olduğu müəyyən edilmiş, həmin siqaretlərə baxış keçirilərək hər birinin istifadə olunmamış şəkildə istifadəyə yararlı vəziyyətdə yeni olması müəyyən edilmiş və baxış keçirilən zaman Zərərçəkmiş şəxs həmin siqaretləri tanıyaraq onların özünə məxsus olan və Təqsirləndirilən şəxs tərəfindən onun köşkündən gizli yolla talanmağa cəhd edilmiş siqaretlər olduğunu bildirmişdir (i/v 46-47). İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, videogörüntülərə baxış keçirilən zaman, təqdim edilmiş 01 ədəd diskin içərisində “Whatsapp video 2025-02-03 at 19.22.58” adlı 03 dəqiqə 55 saniyədən idarət, “Whatsapp video 2025-02-03 at 19.22.58 (1)” adlı 06 dəqiqə 50 saniyədən ibarət və “Whatsapp video 2025-02-03 at 19.22.58 (2)” adlı 06 dəqiqə 50 saniyədən ibarət 03 ədəd videogörüntü faylının mövcud olduğu, videogürüntünün əvvəlindən 1 nəfər kişi cinsli, əynində “adidas” markalı papaqlı gödəkcəsi və eyni markalı idman paltarı və ağ idman ayaqqabısı olmaqla, başında qara rəngli papağı və üzündə qara rəngli tibbi maskası olan şəxsin ünvan 5 ünvanında yerləşən və Zərərçəkmiş şəxs məxsus olan “Rashid Shop” adlı köşkün ətrafında gəzərək, yolun kənarında dayanıb ətrafa nəzər saldığı, daha sonra həmin köşkə yaxınlaşaraq köşkün qapısını əlindəki dəmir parçası ilə fiziki qüvvə tətbiq edərək açdığı, içəri daxil olduqdan sonra kassa aparatına yaxınlaşıb bir neçə dəfə açaraq içərisini axtardığı, lakin pul və ya qiymətli əşya tapa bilmədiyi üçün yenidən kassa aparatını bağladığı, bundan sonra ağ rəngli sellofan torbanı çıxararaq köşkün içərisindəki piştaxtaya düzülmüş və piştaxtanın altında olan müxtəlif markalı siqaretləri qutu və blok halında cəld şəkildə həmin sellofan torbaya doldurduğu, 1-ci sellofan torbanı doldurub kənara qoyaraq qalan siqaretləri 2-ci sellofan torbaya doldurmağa davam etdiyi, sellofan torbalara müxtəlif markalı siqaretləri doldurduqdan sonra köşkün qarşısından başqa şəxslərin keçdiyini görərək əyilib piştaxtanın aşağı hissətində oturmuş vəziyyətdə dayandığı və videogörüntülərin həmin vəziyyətdə sona çatdığı müşahidə edilir. Birinci videogörüntü xx.xx.2025-ci il tarixdə saat 03:06:56-dan 03:13:42-dək davam etməklə həmin şəxs 03:07:00-da köşkə daxil olur, ikinci görüntü eyni tarixdə saat 03:11:39-dan 03:18:26-dək, 3-cü görüntü isə eyni tarixdə 03:03:10-dan 03:07:01-dək davam edir. Baxışda müdafiəçisi ilə birlikdə iştirak edən Təqsirləndirilən şəxs həmin videogörüntülərdəki qara papaqlı, qara tibbi maskalı və əynində idman geyimi olmaqla idman ayaqqabısında olan şəxsin özü olduğunu, həmin əraziyə təkbaşına günün işıqlı vaxtından getdiyini, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində yaşadığı ünvana qayıtmaq istəyən zaman həmin “Rashid Shop” adlı köşkü görərək oradan oğurluq etmək qərarına gəldiyini, bu məqsədlə ətrafda gəzişərək həmin köşkü nəzarətdə saxladığını və ətrafdakı insanların tam şəkildə həmin ərazidən uzaqlaşmasını, sakitçilik yaranmasını gözlədiyini, bundan sonra tanınmamaq və diqqət çəkməmək üçün başındaı qara maska və üzünə taxdığı qara tibbi maska ilə köşkə yaxınlaşaraq əvvəlcədən üzərində daşıdığı dəmir parçası ilə fiziki güc tətbiq edib köşkün qağısını açaraq içəri daxil olduğunu, oradan ilk öncə kassaya baxıb pul olmadığını gördüyünü və daha sonra iki sellofan torbaya piştaxtadakı siqaretləri doldurduğunu, lakin köşkdən çıxmaq istəyən zaman kiminsə köşkə yaxınlaşdığını görüb siqaretləri yığdığı sellofan torbalan köşkün içərisində qoyub oradan çıxıb qaçmaq istəyən zaman köşkün qarşısında sonradan adının Zamiq olduğunu öyrəndiyi şəxs tərəfindən tutulub saxlanıldığını, köşkdən başqa pul və ya qiymətli əşya götürmədiyini, həmçinin köşkə daxil olub siqaretləri sellofan torbalara yığan zaman müəyyən müddət keçdikdən sonra içəridə kamera olduğunu görüb onu çəkməməsi üçün kameranı elektirik şəbəkəsindən ayırdığını bildirmişdir (i/v 71-72). İş materiallarında olan 03 fevral 2025-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-77/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 83-84). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublkası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış və 24 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 88-91). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/968 saylı rəyindən görünür ki, ekspertizaya təyini haqqında qərarda qeyd edilən siqaretlərin təqdim edilmiş nümunələrə əsasən 2025ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2162,80 manat müəyyən edilmişdir (i/v 100-104). İş materiallarında olan “maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə içərisində hadisələri özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır. Bundan əlavə, iş üzrə 348 qutu müxtəlif markalı siqaretlər maddi sübut kimi tanınmış və həmin siqaretlərin Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (i/v 111-112). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə içərisində hadisələri özündə əks etdirən videogörüntülər olan 01 ədəd diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i/v 121-130). İş materiallarında olan 11 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 348 qutu siqaretlər zərərçəkmiş şəxs X2 təhvil verilmişdir (i/v 151). Məhkəməyə təqdim edilmiş 24 iyun 2025-ci il tarixli ərizədən görünür ki, X4 ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, videogörüntülərə baxış keçirilməsi protokolu, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərər çəkmiş şəxsin şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 348 qutu müxtəlif markalı siqaretlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-368/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərara əsasən 21 aprel 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Güvən” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 348 qutu müxtəlif markalı siqaretlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar