Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-369/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (mülki iddiaçı) və Nümayəndə onun nümayəndəsi: Müdafiəçi: “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh): iştirakları ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 20, mənzil 02-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-də xadimə olaraq işlədiyi dövr ərzində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyun-avqust ayları ərzində yataq otağındakı dolabdan sonuncuya məxsus və onun qiymətləndirilməsinə görə 1.500 manat dəyərində “Cartier” markalı, 5 qram çəkidə 750 əyarlı, “günbəz” formasında qara rəngli bir ədəd qızıl üzüyü, 2.000 manat dəyərində 750 əyarlı 6 qram çəkidə qızıldan brilyant qaşları olan “yarpaq” formasında bir ədəd qızıl üzüyü, 08 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində isə həmin dolabdan 5.000 manat dəyərində 750 əyarlı, iki halqalı üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıldan olan üzüyü, 3.000 manat dəyərində “Cartier” markalı, üzərində qara rəngli brilyant qaşı olan 7 qram çəkidə “şir başı” formasında bir ədəd qızıl üzüyü, 12.000 manat dəyərində “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü, 2.000 manat dəyərində üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl üzüyü gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 25.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsə vurulmuş ziyanın məbləğinin 4.230,00 manat olduğu, eyni zamanda ittiham aktında sonuncu əşya üzrə yanlışlığa yol verilərək “sırğa” sözü əvəzinə üzük” ifadəsinin işlədildiyi müəyyən edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2020-ci il mart ayının 18-dən Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-də gündəlik 20-30 manat müqabilində xadimə olaraq işləmişdir. 08.10.2020-ci il tarixdə, saat 18 radələrində yataq otağında təmizlik işləri ilə məşğul olarkən dolabın içərisində çoxlu sayda qızıl-zinət əşyalarının saxlanıldığı qabı görmüş və fikirləşmişdir ki, əgər oradan bir neçə qızıl əşya götürsə heç kimin bundan xəbəri olmaz. Buna görə də oradan dörd ədəd qızıl üzük götürmüşdür. 27.10.2020-ci il tarixdə metronun “28 May” stansiyasının yaxınlığında qızılın alqı-satqısı ilə məşğul olan obyektə gəlib götürdüyü bu əşyalardan ikisini satmaq istədiyini bildirmiş, adını sonradan bildiyi Rəşal adlı şəxsə də ümumilikdə 12 qram çəkidə bir ədəd tək qaşlı qızıl “x” formalı, digəri isə halqa şəkilli, üzərində qaşları olan üzüklərə 860 manat qiymət qoyub ondan həmin qızılları almışdır. Bundan sonra o, 07.11.2020-ci il tarixdə Azadlıq prospektində əvvəllər işlədiyi mağazanın yaxınlığında yerləşən qızıl alqı-satqısı ilə məşğul olan Şahin adlı şəxsin yanına gələrək özündə qalan iki qızıl üzüyü də satmaq istəmiş, Şahin də biri şir başı formasında üzərində qara daşlar olmaqla 8 qram olan, digəri isə üzərində adi daşlar olan 12 qram çəkidə üzüyə 800 manat qiymət qoyub onları almışdır. Aygünün evindən bu əşyalardan əlavə heç bir başqa əşya oğurlamamışdır. Zərər çəkmiş şəxs tərəfindən qızılların istintaqa bildirdiyi şişirdilmiş qiymətləri ilə razı deyil, həmçinin onların üzərində heç bir marka adı da olmamışdır. Özü və qohumları dəfələrlə zərər çəkmiş şəxslə barışıq əldə etməyə və real olaraq vurulmuş zərəri ödəməyə cəhd etsələr də, sonuncu onlardan 20.000 manat məbləğində pul tələb etmiş, hətta onu təhqir edərək imkanı olmadığı halda bu pulun əxlaqsızlıq yolu ilə qazanıb qaytara biləcəyini söyləmişdir. Onu da qeyd edir ki, zərər çəkmiş şəxsin yaşadığı mənzilə mütəmadi olaraq müxtəlif şəxslər gəlir, orada məclislər təşkil olunur. Ona görə onlar tərəfindən oradan hər-hansı belə bir əşyanın götürülməsi də istisna deyil. Özü könüllü olaraq törətdiyi əməli etiraf etmiş və bu əməlindən də çox peşmandır. Onun bu hərəkəti utancvericidir. Hətta satdığı əşyaları sahibinə qaytarmaq üçün onları satdığı yerlərə gedib geri qaytarmaq istəsə də, ona artıq bu qızılların başqa şəxslərə satıldığı bildirilmişdir. Vurulmuş zərərlə bağlı 2.000 manat ödəmiş və hazırda da 500 manat ödəmək istəsə də, zərər çəkmiş şəxs bunu qəbul etmir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayından onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-də gündəlik 20-30 manat müqabilində təmizlik işləri ilə məşğul olmuşdur. 2020-ci il avqust ayının sonlarından o, qızıl-zinət əşyalarını saxladığı dolabdan 5.000 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə, üzərində “tac” olan brliyant qaşlı iki halqalı bir ədəd qızıl üzüyünün yerində olmadığını müəyyən etmişdir. Həmin üzüyü axtarsa da, tapa bilməmişdir. 2020-ci ilin dekabr ayının 18-də dolabdan qızıllarını götürüb taxmaq istəyərkən 3.000 manat dəyərində 7 qram çəkidə “Cartier” markalı, üzərində qara rəngli brliyant olan “şir başı” fromasında bir ədəd, 12.000 manat dəyərində 750 əyarlı 12 qram çəkidə “Hassan” markalı, üzərində brliyant qaşları olan bir ədəd, 1.500 manata dəyərində 5 qram çəkidə “Cartier” markalı “günbəz” formasında qara rəngli bir ədəd olmaqla daha üç ədəd qızıl üzüyünün də yerində olmadığnı bilmişdir. O, artıq qızılları Xalidənin oğurladığını başa düşüb ondan qızılları axtarıb tapmağını istəmişdir. Bununla o, Xalidəyə qızıllarını qaytarması üçün şərait yaratsa da, sonuncu ona guya onları axtarıb tapmadığını söyləmişdir. 07 fevral 2021-ci il tarixdə, saat 22 radələrində qızıllarını saxladığı dolabdan 2.000 manat dəyərində 6 qram çəkidə bir cüt qızıl sırğa və 2.000 manat dəyərində brilyant qaşlı “yarpaq” formasında bir ədəd üzüyünün də oğurlandığını aşkar etmişdir. Xalidəni yanında o, qəsdən artıq oğurluqla bağlı polisə müraciət edəcəyini söyləmiş, bundan sonra fevral ayının 11-də səhər saatlarında sonuncu anası Mehribanla birlikdə onun evinə gəlib törətdiyi əməlini etiraf etmişdir. Xalidədən oğurladığı qızılları geri qaytarmasını tələb etsə də, sonuncu artıq onları Rəşal və Şahin adlı şəxslərə satdığını demişdir. Xalidənin atası ona oğurlanan qızılların qiymətlərinin aşağı olduğunu demiş, bunun əvəzində ona əvvəlcə 20.000 manat pul verməyi təklif etsə də, sonrandan onunla əlaqə saxlamamışdır. İstintaq dövründə vurulmuş ziyandan sadəcə 2.000 manat pul ödənilmişdir. Hadisə barəsində polisə məlumat verdikdə oğurlanan qızıllarının çəki və qiymətlərini onları aldığı vaxtla və qədimi olmalarını nəzərə alaraq təxmini bildirmişdir. Ona vurulmuş zərərin qalan hissəsi ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş mülki iddianın da təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, qızı Xalidə bir müddət Zərərçəkmiş şəxs evində xadimə olaraq işləmişdir. 2021-ci ilin fevral ayının sonlarında Xalidə evə gəlib ona Aygünün qızılların oğurlanması ilə bağlı polisə şikayət etdiyini, səhəri günü isə əməlini etiraf edib həmin evdən qızılları oğurlayıb satdığını bildirmişdir. O da hadisəni bildikdən sonra Aygünün evinə gedib xahiş etmişdir ki, qızını polisə verməsin, onlar qızılların pulunu verəcəklər. Lakin Aygün bununla razılaşmamış, həmin qızılları istəmişdir. Onlar da bu qızılları satıldığı yerdən geri almaq istəsələr, onların digər şəxslərə satıldığı bildirilmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən obyektdə istifadədə olmuş qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 27.10.2020-ci il tarixdə Xalidə adlı qadın ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyni bildirmiş və formasını xatırlamadığı 585 əyarlı bir ədəd qızıl üzüyü, digəri 750 əyarlı yumru halqa formasında üzərində toz brilyant daşlar olan bir ədəd qızıl üzüyü təqdim etmişdir. O, bu üzükləri tərəzidə çəkib onlaradan birinin 585 əyarlı 5,77 qram çəkidə, digərinin isə 750 əyarlı 12 qram çəkidə olduğunu müəyyən etmişdir. 585 əyarlı üzüyü həmin dövrün məzənnəsi ilə 323 manata, 750 əyarlı üzüyü isə 860 manata almış və Xalidəyə bu barədə qeydiyyat kitabına imza etdirməklə ümumilkdə 1.183 manat pul vermişdir. Daha sonra həmin əşyaları başqa şəxslərə satmış və bu barədə sonradan onları geri almaq istəyən Xalidəyə də bildirmişdir. Oğurluqla bağlı polis əməkdaşları obyektə gəldikdə təqdim olunan şəkillərdən aldığı üzüklərdən birini tanımış, digərinin formasını isə xatırlamır. Xalidənin ona satdığı üzüklərin üzərində xırda brilyant qaşlar olmuş, əks halda iri karatlı qaşlar olduğu təqdirdə əvəzində əlavə dəyəri hesablanardı. Həmçinin bu əşyaların üzərində marka olmamışdır. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, uzun müddətdir ünvan 2 ünvanda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin noyabr ayında mağazada olarkən əvvəllər qonşuluqdakı mağazada işləmiş Xalidə adlı qadın ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus bir cüt 585 əyarlı qızıl sırğa və 585 əyarlı qızıl üzüyü satmaq istədiyini bildirmişdir. O da həmin qızılları ölçüb ümumilikdə 11,7 qram çəkidə olduqlarını müəyyən etmiş, həmin dövrün məzənnəsi ilə qızılları 800 manata almış və bu barədə kitabda qeydiyyat aparmışdır. Sonradan aldığı qızılları başqa şəxslərə satmışdır. Xalidədən aldığı əşyaların üzərində brilyant olmamış, onların markasını da xatırlamır. Hətta üzüyün arxası əzik idi. İttiham aktında yaranmış anlaşılmazlığın aradan qaldırılması ilə bağlı dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X4 bildirdi ki, cinayət işi üzrə verilmiş ittiham aktına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 28 saylı evin 31 saylı mənzilində xadimə işlədiyi müddətdə özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin iyun-avqust ayları ərzində mənzilin yataq otağında olan dolabdan Zərərçəkmiş şəxs məxsus, zərər çəkmiş şəxsin qiymətləndirilməsinə görə 1.500 manat dəyərində “Cartier” markalı, 5 qram çəkidə 750 əyarlı, “günbəz” formasında qara rəngli bir ədəd qızıl üzüyü, 2.000 manat dəyərində 750 əyarlı 6 qram çəkidə qızıldan brilyant qaşları olan “yarpaq” formasında bir ədəd qızıl üzüyü və 08 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində həmin dolabdan 5.000 manat dəyərində 750 əyarlı, iki halqalı üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıldan olan üzüyü, 3.000 manat dəyərində “Cartier” markalı, üzərində qara rəngli brilyant qaşı olan 7 qram çəkidə “şir başı” formasında bir ədəd üzüyü, 12.000 manat dəyərində “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü, 2.000 manat dəyərində üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl üzüyü gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 25.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin ittiham aktı tərtib olunarkən tərəfindən yanlışlığa yol verilərək sonuncu əşya ilə bağlı, yəni “2.000 manat dəyərində üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl üzüyü” cümləsində “sırğa” sözü əvəzinə səhvən “üzük” sözü işlədilmişdir. İş üzrə 19.03.2021-ci il tarixli, 9/1001 saylı və 17.05.2021-ci il tarixli, 9/2800 saylı ekspert rəylərində də bir cüt 750 əyarlı 6 qram çəkidə qızıl sırğanın dəyəri müəyyən edilmişdir. İş materiallarında olan: “Baxış və götürmə aparılması haqqında” 15.02.2021-ci və 26.02.2021-ci il tarixli protokollara əsasən Şahid1 və Şahid2 qızıl-zinət əşyalarının satışıalışının aparılması qeydiyyat kitablarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 11,7 qram çəkidə bir cüt 585 əyarlı qızıl sırğa və 585 əyarlı qızıl üzük, Şahid2 isə 27.10.2020-ci il tarixdə 5,77 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzüyü 323 manata, 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü 860 manata satmışdır (İ cild, i.v.67-68, 89-90); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 19.03.2021-ci il tarixli, 9/1001 saylı rəyinə əsasən 2020-ci ilin avqust ayına nəzəri qaydada 750 əyarlı iki halqalı, üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 800 manat, 585 əyarlı “Cartier” markalı, üzərində qara rəngli brilyant olan “şir başı” formasında 7 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 420 manat, 750 əyarlı “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 960 manat, 750 əyarlı “Cartier” markalı, “günbəz” formada olan qara rəngli 5 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 400 manat, 750 əyarlı 6 qram çəkidə bir cüt qızıl sırğanın dəyəri 480 manat, 750 əyarlı brilyant qaşları olan “yarpaq” formasında 6 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 480 manat olmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3.540,00 manat müəyyən olunur; 2021-ci ilin fevral ayına nəzəri qaydada 750 əyarlı iki halqalı, üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 950 manat, 585 əyarlı “Cartier” markalı, üzərində qara rəngli brilyant olan “şir başı” formasında 7 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 525 manat, 750 əyarlı “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 1.140 manat, 750 əyarlı “Cartier” markalı, “günbəz” formada olan qara rəngli 5 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 475 manat, 750 əyarlı 6 qram çəkidə bir cüt qızıl sırğanın dəyəri 570 manat, 750 əyarlı brilyant qaşları olan “yarpaq” formasında 6 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 570 manat olmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4.230,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.94-98); 17.05.2021-ci il tarixli, 9/2800 saylı rəyinə görə 2020-ci ilin avqust ayına nəzər qaydada 750 əyarlı iki halqalı, üzərində brilyant qaşları olan, iki halqalı üzərində “tac” olan 10 qram çəkidə bir ədəd bir ədəd qızıl üzüyün dəyəri 800 manat; 2020-ci ilin dekabr ayına 585 əyarlı “Cartier” markalı, üzərində qara rəngli brilyant olan “şir başı” formasında 7 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 525 manat, 750 əyarlı “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 1.140 manat, 750 əyarlı “Cartier” markalı, “günbəz” formada olan qara rəngli 5 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 475 manat olmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2.140,00 manat; 2021-ci ilin fevral ayına 750 əyarlı 6 qram çəkidə bir cüt qızıl sırğanın dəyəri 570 manat, 750 əyarlı brilyant qaşları olan “yarpaq” formasında 6 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 570 manat olmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri 1.140,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.109- 111); “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20.05.2021-ci il tarixli qərara əsasən iş üzrə 19 mart 2021-ci il tarixli, 9/1001 saylı və 17.05.2021-ci il tarixli, 9/2800 saylı ekspert rəyləri nəzərə alınmamış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyanla bağlı məbləğ əsas götürülmüş, eyni zamanda məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və s. sübut növü kimi qəymətləndirilmişdir (İ cild, i.v.114-120); “Şübhəli şəxsin tutulması haqqında” protokola görə Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 12 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(İ cild, i.v.32-33, 54-58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04.03.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.91); Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərərin əvəzi olaraq 23.500, mənəvi ziyanın əvəzi olaraq 10.000 və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.530 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir və bununla bağlı tələbinin əsası kimi məhkəməyə mütəxəssis rəyinin, qızıl məmulatı ilə bağlı müvafiq sertifikatın və telefon yazışmalarından olan çıxarışın surətlərini, habelə fotoşəkilləri təqdim edir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmədə tədqiq edilmiş sübutların məcmucu belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-dən 2020-ci ilin iyun-avqust ayları və 08 oktyabr 2020-ci il tarixində “Cartier” markalı, 5 qram çəkidə 750 əyarlı, “günbəz” formasında qara rəngli bir ədəd qızıl üzüyü, 750 əyarlı 6 qram çəkidə qızıldan brilyant qaşları olan “yarpaq” formasında bir ədəd qızıl üzüyü, 750 əyarlı, iki halqalı üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıl üzüyü, “Cartier” markalı, üzərində qara rəngli brilyant qaşı olan 7 qram çəkidə “şir başı” formasında bir ədəd qızıl üzüyü, “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü, üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl sırğanı gizli olaraq talamışdır. Lakin talanmış həmin əmlakın dəyərini ittiham tərəfi yalnız zərər çəkmiş şəxsin ifadəsinə əsaslanmaqla rəhbər tutmuş, bununla bağlı digər əlavə mötəbər sübutları, o cümlədən qızıl-zinət əşyalarının real qiyməti, onların üzərində olan qaşların istehsal mənşəyi, keyfiyyəti və s. barədə tutarlı və təkzibedilməz sənədləri məhkəməyə təqdim etməmişdir. Qeyd olunan qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs alan, məhkəmədə ifadə vermiş Şahid2 bu əşyaların üzərində marka olmadığını və üzüklərin üzərində xırda brilyant qaşlar olduğunu, digər Şahid1 isə əşyaların markasını xatırlamadığını, hətta onların üzərində brilyant olmadığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs verilmiş ittiham onun tərəfindən talanmış əşyaların ümumi dəyərinin 25.500 manat olmasına dair hissədə tam sübuta yetirilə bilinmir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsində qeyd olunur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın həcminin sübuta yetirilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından, iş üzrə verilmiş 19.03.2021-ci il tarixli, 9/1001 saylı ekspert rəyindəki olan ən münasib qiymət – 4.230 manatın əsas götürülməsi real gerçəkliyə daha uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə eyni əməllərin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 2-ci bəndlərinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.Bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş zərərin həcmi 4.230,00 manat müəyyən edildiyi üçün onun əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və o, törətdiyi bu əmələ görə cəzalandırılmalıdır. Eyni zamanda məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməlin törədilməsində özünü tam təqsirli bilməyərək Zərərçəkmiş şəxs evindən verilmiş ittihamdan fərqli olaraq beş ədəd üzük və bir cüt sırğa deyil, yalnız dörd ədəd qızıl üzük oğurladığını bildirsə də, məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham bu hissədə tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hal Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yaşını, onun cəzasının yüngülləşdirən halın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə zərər çəkmiş şəxs tərəfindən iş üzrə verilmiş mülki iddia ilə bağlı da aşağıdakıları bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 23.500, mənəvi ziyanın əvəzi olaraq 10.000 və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.530 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. “Mənəvi zərərin ödənilməsi ilə bağlı iddiada göstərilir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntılar keçirib, əsəb xəstəliyinə düşərək poliklinikaya müraciət edib, ona müalicə kursu təyin edilib və ev şəraitində ambulator müalicə alıb. Bundan əlavə, yaxın qohumları ilə münasibətləri gərginləşib, ailəsində söz-söhbət yaranıb, hüquq-mühafizə orqanlarına gedib-gəlməyə görə əsəbləri pozulub, ürəyində kəskin ağrılar yaranıb və nəticədə mənəvi sarsıntılar keçirib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (8-ci bənd). İddiaçı ona vurulmuş “mənəvi zərər”lə bağlı ərizəsində halları sadalasa da, yuxarıda qeyd olunan qərarların müddəalarına və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada bunu təsdiq edən əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də onun tərəfindən verilmiş mülki iddia bu hissədə rədd olunmalıdır. Eyni zamanda vurulmuş “maddi zərər”lə bağlı iddiaçının tələbi qismən təmin olunmalı, ittihamın həcmi azaldığı üçün ona vurulmuş maddi zərərin məbləği 4.230 manat götürülməli və bu zaman təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə ödənilmiş 2.000 manat da nəzərə alınmalı, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat pul da Təqsirləndirilən şəxs mülki iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin və o, həmin maddədə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 20, mənzil 02-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş zərərin ödənilməmiş hissəsi 2.230 (iki min iki yüz otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin, iddia digər hissədə təmin edilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-369/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-369/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver