Məhkəmə qərarları › İş №1(006)-37/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-37/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-37/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “FİDES” Vəkil Bürosunun vəkili X14, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, 2-ci qrup əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12.07.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Yasamal Bazarı” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxsdən 30 manat nağd pul müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında təmiz çəkisi 1,473 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və Nəsimi RPl-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-tədbirləri nəticəsində 13.07.2021-ci il tarixdə saat 13:15 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis bölməsində gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli parça şalvarın sol yan cibindən 1 bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13.07.2021-ci il tarixdə saat təxminən 13:15 radələrində o, həyətlərində yəni Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə 84 nömrəli ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşmış, həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra onun hərəkətlərinin şübhəli olduğunu bildirərək saat 13:30-da avtomobilə əyləşdirərək, Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına aparmışlar. Orada xidməti otaqlardan birinə dəvət edilmiş ondan üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş o, da üzərində hər hansı bir əşyanın olmamasını bildirmişdir. Bundan sonra isə onun üzərində axtarış aparılmağa başlanılmış və əynində olan göy rəngli parça şalvarın sol yan cibindən 1 bükümdə narkotik vasitə heroin çıxmışdır. Onun cibindən çıxan narkotik vasitə onun deyil hansı yolla cibinə qoyulmasını bilmir. Sonradan o, polis əməkdaşlarının təzyiqi nəticəsində, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu və həmin bükümün 1 gün əvvəl, yəni 12.07.2021-ci il tarixində Yasamal rayonunda “Yasmal Bazarı” deyilən ərazidən Əli adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra narkotik maddəyə bənzər büküm zərfə qoyularaq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirmişdir ki, cinayət işinin materiallarında olan protokollarda olan imzalar da, ona məxsus deyildir. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, çəkiliş zamanı məcbur qaldığı üçün heroinin özünün olduğunu və Əli adlı şəxsdən aldığını kamera qarşısında bildirmişdir. Yuxarıdakılara əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 13.07.2021-ci il tarixdə Bakı şəhərində yaşayan Vüqar adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr əldə etməsi və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən Vüqar adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə həmin qrupa Nəsimi RPl-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid2 da daxil edildiyini, ‘‘Vüqar” adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə PB-nin rəisi tərəfindən razılıq verilmişdir. Daha sonra “Vüqar" adlı şəxsin ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü həmin ünva getmişlər və qarşısında bir müddət gözlədikdən sonra saat 13:15 radələrində əməliyyat məlumatında göstərilən “Vüqar” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşduqda, adının Vüqar olması müəyyən olunmuş və həmin şəxsə özlərini təqdim etdikdən sonra həmin şəxsdən üstündə narkotik vasitə saxlaması, qəbul etməsi barədə məlumat daxil olduğundan onlarla birlikdə PB-nə getməli olduğunu bildirmişlər.Sonuncu etiraz etməmiş, onlarla birlikdə polis bölməsinə gəlmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Sonradan sonuncunun baş təhqiqatçı Nicat Sadıqovun xidməti iş otağına aparmışlar və orada baş təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etmiş, Təqsirləndirilən şəxs vəkillərdən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 üçün baş təhqıqatçı N.X17 PB-nə dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra baş təhqiqatçının Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirilmiuş, sonuncu isə etiraz etməmiş, bundan sonra baş təhqiqatçının Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif edilmiş və sonuncu əynində olan göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli bükümü içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını və həmin bükümü 12.07.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda “Yasamal bazarı” adlanan ərazidə Əli adlı şəxsdən 30 (otuz) manata aldığını bildirmişdir. Daha sonra onun və digər iştirakçıların iştirakı ilə həmin gümüşü büküm zərfə qoyularaq bağlanıb möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, ucadan iştirakçılara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PBnin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdri ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli bükümü içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Vüqar həbsə alınan gün o, və Vüqar qapıda dayanıb söhbət edən zaman 2 nəfər şəxs gələrək sonuncunun qolunu burub aparmışlar. Daha sonra əlavə 4 nəfər gəlmiş və Vüqargilin yaşadığı evə girmiş, sonuncunun bacısı onlara etiraz etməsinə baxmayaraq, həmin şəxslər Vüqarın bacısına sənlik deyill deyib evi axtarmışlar. Anası onların qarşısında durarkən yıxılmış, sonuncu səs-küy saldığından həmin şəxslər oradan çıxıb getmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun ayaqlarında ağrılar olduğundan, hər səhər durub evinin qarşısında pilləkənda otururmuş. Həmin gün Vüqar da öz həyətlərində imiş. O, Vüqara niyə tezdən durduğunu soruşduqda sonuncu göyərçinlərə dən verdiyini bildirmişdir. Vüqar sonradan Sedkubra ilə dayanıb söhbət edərkən birdən 6 nəfər gələrək, həmin şəxslərdən ikisi Vüqarın əlini burub həyətdən uzaqlaşdırmış və digər 4 nəfərdən biri Vüqarın evinin qapısının ağzında dayanmış, üçü isə evə girmişdir. 10 dəqiqə keçmədən yenidən Vüqarı evin qarşısına gətirərək maşına oturdub aparmışlar. Cinayət işinin İ cild 27-28-ci vərəqələrində olan 13 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin İ cild 98-102-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 iyul 2021-ci il tarixdən 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 173-174-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 179-180-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 63-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2021-ci il tarixli, 6/2832 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir bükümdə təmiz çəkisi 1,473 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 1,473 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 1,423 qram qalıq qalmışdır. Cinayət işinin İ cild 64-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin İİ cild 18-22-ci vərəqələrində olan və müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 4/05 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi məhkəmə iclasında tədqiq edildi və müəyyən oludu ki, rəyə əsasən: Ekspertizaya təqdim edilmiş, cinayət işinin 12-ci vərəqində olan Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında 13.07.2021-ci il tarixli protokolda, 22-ci vərəqində olan müdafiəçi təqdim edtmək barədə 13 iyul 2021-ci il tarixli protokolda, 27-28-ci vərəqlərində olan şübhəli şəxsin tutulması haqqında 13 iyul 2021-ci il tarixli protokolda, 31-33-cü vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında 13 iyul 2021 -ci il tarixli bildirişdə, 34-cü vərəqdə olan şübhəli şəxsə hüquq və vəzifələrinin, nədə şübhəli olduğunun, şübhənin mahiyyəti və məzmununun izah edilməsi, tutma protokolunun və bildirişin surətlərinin verilməsi barədə 13 iyul 2021 -ci il tarixli protokolda, 44-cü vərəqində olan şübhəli şəxsə mütəxəssisə etiraz etmək hüququnun izah edilməsi haqqında protokolda, 45-ci vərəqində olan şübhəli şəxsə təhqiqatçıya və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında 13 iyul 2021-ci il tarixli protokolda, 46-cı vərəqində olan şübhəli şəxsə müdafiəçiyə etiraz etmək hüququnun izah edilməsi haqqında 13 iyul 2021-ci il tarixli protokolda, 47-48-ci vərəqlərdə olan şəxsi axtarış və götürmə haqqında 13 iyul 2021-ci il tarixli qərarda, 51-57-ci vərəqlərində olan, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 13 iyul 2021-ci il tarixli protokolda, 59-cu vərəqəsində olan 13.07.2021-ci il tarixli protokolda, 61-ci vərəqində olan kimyəvi ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında 13 iyul 2021-ci il tarixli protokolda, 68-ci vərəqində olan Kimyəvi ekspertiza rəyini şübhəli şəxsə elan edilməsi haqqında 13 iyul 2021-ci il tarixli protokolda, 69-71-ci vərəqlərində olan 13 iyul 2021-ci il tarixli şübhəli şəxsi dindirmə protokolunda, 77-78-ci vərəqlərində olan Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 14 iyul 2021-ci il tarixli qərarda, 80-82-ci vərəqlərində olan təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında 14.07.2021-ci il tarixli bildirişdə, 83-84-cü vərəqlərində olan “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin mətninin izah edilməsi haqqında 14.07.2021-ci il tarixli protokolda, 85-ci vərəqində olan təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarının surətini ona verilməsi haqqında 14.07.2021-ci il tarixli protokolda, 86-cı vərəqində olan müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında 14.07.2021-ci il tarixli protokolda, 87-ci vərəqində olan təqsirləndirilən şəxsə müdafiəçiyə etiraz etmək hüququnun izah edilməsi haqqında 14.07.2021-ci il tarixli protokolda, 88-89-cu vərəqlərində olan 14 iyul 2021-ci tarixlı təqsirləndirilən şəxsin dindirmə protokolunda, 97-ci vərəqində olan təqsirləndirilən şəxsin həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi çateriallarla tanış olması haqqında 14.07.2021-ci il tarixli protokolda, 104-cü vərəqində olan təqsirləndirilən şəxsin ekspertiza təyin olunması barədə qərarla tanış olması haqqənda 14.07.2021-ci il tarixli protokolda, 125-ci vərəqində olan təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında 13.08.2021-ci il tarixli protokolda, 147-ci vərəqində olan ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə elan edilməsi haqqında 21.09.2021-ci il tarixli protokolda, 148-ci vərəqində olan 21.09.2021-ci il tarixli “İş materialları ilə tanış olmaq barədə” ərizədə Təqsirləndirilən şəxs adından olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 69-71-ci vərəqlərində olan 13 iyul 2021 -ci il tarixli şübhəli şəxsi dindirmə protokolun sonundakı “İzahat mənim sözlərinlə yazılmışdır. Əlavəm yoxdur. Düzgünlüyünü imzamla təsdiq edirəm” əlyazmaları; 88-89-cu vərəqlərində olan 14 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolunun sonundakı “İfadəm mənim sözlərimlə doğru yazılıb, heç bir əlavəm yoxdur və düzgünlüyünü öz imzamla təsdiq edirəm” əlyazmaları; 104-cü vərəqində olan təqsirləndirilən şəxsin ekspertiza təyin olunması barədə qərarla tanış olması haqqənda 14.07.2021-ci il tarixli protokolda “qərarla tanış oldum. Etirazım yoxdur” əlyazmaları; 125-ci vərəqində olan təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında 13.08.2021-ci il tarixli protokolda “ekspert rəyi ilə tanış oldum, etirazım yoxdur” əlyazmaları; 147-ci vərəqində olan İibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə elan edilməsi haqqında 21.09.2021-ci il tarixli protokolda “İbtidai istintaqın qurtarması mənə elan olundu. Etirazım yoxdur. Cinayət işinin materialları ilə tanış olmaq istəyirəm, lakin maddi sübutla tanış olmaq istəmirəm” əlyazmaları; 148-ci vərəqində olan 21.09.2021-ci il tarixli “İş materialları ilə tanış olmaq barədə” ərizədəki əlyazmalar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Cinayət işinin İİ cild 19-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 132 (bir yüz otuz iki) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 126-127-ci vərəqələrində olan 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 1,423 qram çəkidə narkotik vasitə olan heroin maddi sübüt kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Cinayət işinin İ cild 136-144-cü vərəqələrində olan 20 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin İ cild 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının 13 avqust 2021-ci il tarixli, 2858 saylı rəyindən görünür ki, müayinə zamanı X11 opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 109-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 iyul 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu yəni 11-ci dəfə Nəsimi Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı ilə 2 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş və 18.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin İ cild 115-119-cu vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının 04 oktyabr 2017-ci il tarixli, 1570 saylı rəyinə əsasən (müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da, lakin hazırda İİ qrup əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə təyin edilməsi mümkün deyilmiş) müalicə təyin edilməmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş əlillik vəsiqəsinin surətindən surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİ dərəcəli əlildir. Cinayət işinin İİ cildinə əlavə edilmiş DSMF-nin arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs 02.06.2006-ci il tarixdən müddətsiz İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 13 iyul 2021-ci il tarixdə saat 15-05dən başlayaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı Nicad Sadıqov özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, mütəxəssis qismində dəvət edilmiş X12 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Daha sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli bükümü içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı başqa bir əşya olmadığını bildirir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılır və onun üzərindən hər hansısa başqa bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisi açılaraq, onun içərisində olan maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu və heroini 12.07.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda “Yasamal bazarı” adlanan ərazidə Əli adlı şəxsdən 30 (otuz) manata aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə həmin gümüşü büküm zərfə qoyularaq bağlanıb möhürlənir, bu barədə protokol tərtib edilir, ucadan iştirakçılara oxunur, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu, eləcə də zərfin üzərini imzalayır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri könüllü olaraq imzalamış və ona istinad edilən əməli tam etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli bükümü içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoyur, həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını və həmin bükümü 12.07.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda “Yasamal bazarı” adlanan ərazidə Əli adlı şəxsdən 30 (otuz) manata aldığını bildirir. Həmçinin məhkəmə zamanı Təqsirləndirilən şəxs ifadəsində cinayət işində olan protokolların və digər sənədlərin onun tərəfindən imzalanmadığını bildirsə də, müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 4/05 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilir ki, protokollarda, bildirişlərdə, qərarlarda həmçinin 21.09.2021-ci il tarixli “İş materialları ilə tanış olmaq barədə” ərizədə Təqsirləndirilən şəxs adından olan imzalar - sonuncu tərəfindən icra olunmuşdur (İİ cild 18-22-ci i/v). Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 və X2 ifadələri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şahidlər məhkəmə iclasında yalnız təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən yaşadığı evin həyətindən aparılmasını təsdiq etmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olub-olmaması barədə heç bir məlumatları olmamışdır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs sonuncu yəni 11-ci dəfə Nəsimi Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, bundan sonra o, Xətai Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı ilə cəzasını çəkməkdən 2 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bununla da, müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə törətdiyi əməli 2 il 8 gün (04 iyul 2019-cu il tarixdən 12 iyul 2021-ci il tarixədək olan dövr) keçdikdən sonra törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəlləsinin 83.4-cü maddəsinə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 13 iyul 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli hökmünnün surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının 04 oktyabr 2017-ci il tarixli, 1570 saylı rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən su istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da, lakin hazırda İİ qrup əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə təyin edilməsi mümkün deyilmiş (İ cild 115-119-cu i/v). Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, müstəntiq S.Qurbanov tərəfindən 14.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertiza təyin edisə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının 13 avqust 2021-ci il tarixli, 2858 saylı rəyinin nəticə hissəsində Təqsirləndirilən şəxs barəsində deyil başqa şəxs yəni X16 barəsində müəyyən nəticəyə gəlinmişdir (İ cild 123-124-cü i/v). Həmçinin cinayət işinin İİ cildinə əlavə edilmiş əlillik haqqında arayışın və DSMF-nin arayışının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 02.06.2006-ci il tarixdən müddətsiz İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,423 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 197 (bir yüz doxsan yeddi) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Nəsimi RPİ-nin İŞ-nin polis baş leytenantı X9 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,423 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 197 (bir yüz doxsan yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar