Məhkəmə qərarları › İş №1(006)-370/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-370/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-370/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Nəsimi Rayon Məhkəməsinin 15.08.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27.03.2021-ci il tarixdə “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Rafiq” adlı şəxsdən 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.362 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 28.03.2021ci il tarixdə, saat 18:05-də Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilib orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroin 01 ədəd gümüşü rəngli kağız bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, narkotik vasitə olan heroindən ara-sıra istifadə edir. Sonuncu dəfə 27.03.2021-ci il tarixdə “Papanin” deyilən ərazidə tanıdmadığı, sadəcə adını “Rafiq" bildiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində 01 ədəd üstü gümüşü, içərisi ağ kağız bükümdə heroin adlanan narkotik maddə almış və həmin gün maddənin az bir hissəsini özü tək istifadə etdikdən sonra qalanını 01 ədəd gümüşü kağızda özü üçün saxlamışdır. 28.03.2021-ci il tarixdə, saat 18:05-də ünvan 4 ünvanının qarşısında olarkən ona mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin vaxt narkotik vasitənin təsiri altında olduğu üçün polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olduğu zaman videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman o, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş maddə olan heroini çıxarıb masanın üzərinə qoymuş və həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sualı verilmiş, üzərində hər hansı bir əşya olmamasını bildirmişdir. Sonra isə üzərində axtarış aparılmağa başlanmış, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. Polis əməkdaşları onu polis bölməsinə gətirərkən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmiş, əməlindən səmimi peşman olmasını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28.03.2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan “Mobil” adlı şəxsin narkotik vasitələrin qanunsuz daşıması və saxlaması barədə polis bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birgə 28.03.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saat 18:05-də saxlanılaraq Nəsimi RPİnin 21-ci PB-nə gətirilmişdir. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarı keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən üzəri gümüşü içərisi ağ rəngdə olan kağıza bükülmüş 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin 01 ədəd bükülünü göstərərək içərisində spesifik iyə malik açıq qəhvəyi rəngli toz şəkilli maddənin “heroin” adlanan narkotik vasitə olduğunu bildirmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 27.03.2021-ci il tarixdə, səhər saatlarında “Papanin” deyilən ərazidə “Rafiq” kimi bildiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində heroin adlanan 01 ədəd bükülü olan narkotik vasitə «heroin» zərfə qoyularaq qablaşdırılmış, 189 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Nəsimi RPİ-nin 21-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0.362 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan “Heroin"i təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd bükülüdə olan narkotik vasitəni 27.03.2021-ci il tarixdə Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı “Rafiq" adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 23); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 28.03.2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın təqdim edilməsi ilə bağlı təklif edilmiş, o isə öz növbəsində sağ yan cibindən üstü gümüşü içərisi ağ rəngdə olan kağıza bükülmüş 01 ədəd narkotik vasitəyə bənzər maddə təqdim etmiş, həmin maddə zərfə qoyularaq “189”möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindəm imzalanmışdır. (İ cild, i.v.48-54); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 29.03.2021-ci il tarixli, 6/1216 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Zərflər üçün №189" dairəvi möhür əksi olan soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 0, 362 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (İ cild, i.v.59-63); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 26.04.2021 -ci il tarixli, 1256 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.125-127); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nəsimi rayon məhkəməsinin 21.05.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Binəqədi rayon məhkəməsinin 24.02.2014-cü il il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il 06 ay azadlıqdan məhrum etmə cəza növünə məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 19.05.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən 2 il 09 ay azadlıqdan məhrum etmə cəza növünə məhkum edilmişdir. 06.06.2016-cı il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Sabunçu rayon məhkəməsinin 13.06.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin 15.08.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 3 il azadlıqdan məhrum etmə və 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş və 05.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.111-114); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.08.2017-ci il tarixli, 1(006)-326/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə ilə təqsirli bilinərək barəsində əvvəl məhkum olduğu Sabunçu Rayon Məhkəməsinin müvafiq hökmü təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir (İ cild, i.v.116-122); - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 01.09.2021-ci il tarixli, 21-1/3-1565 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 15.08.2017-ci il tarixli, 1(006)-326/2017 saylı hökmü ilə ona təyin olunmuş əsas cəzanı çəkməsinə baxmayaraq, əlavə cəzasının 1 il 07 ay 07 günü çəkilməmiş qalmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğunun ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilir və bu Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından da məlum olduğu kimi, sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin müvafiq hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs 05.05.2020-ci il tarixdə əsas cəza müddəti başa çatdığına görə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Hazırki ittiham üzrə isə cinayət əməlini 28 mart 2021-ci il tarixdə törətmiş, bu səbəbdən məhkumluğu ödənilməmişdir. Bununla da Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan hökmlə çəkilməmiş əlavə cəzasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 67.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxsə təyin olunacaq əsas cəza ilə bərabər çəkilməmiş əlavə cəzanı da birləşdirməklə ona cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, çəkilməmiş əlavə cəza təqsirləndirilən şəxsə təyin olunacaq əsas cəzaya birləşdirilməklə, müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunmasını, məhkumluğunun ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq belə hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, bununla da ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Qanunvericiliyin tələbinə əsasən, Təqsirləndirilən şəxs oğlu cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 28 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 26 aprel 2021-ci il tarixli, 1256 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,312 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 1(006)- 326/2017 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 07 ay 07 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 07 ay 07 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,312 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar