Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-370/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş və təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 28 iyul 2022-ci il tarixdə təxminən saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən mobil proqram vasitəsilə taksi sifariş edərək həmin sifariş əsasında oraya yaxınlaşan Zərərçəkmiş şəxs5 idarə etdiyi “Toyota Prius” markalı avtomobilə müştəri qismində əyləşib Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman sonuncu ilə səmimi ünsiyyət qurmaqla etibarını qazanıb həmin gün saat 20:00 radələrində ünvan 3 ünvanda yerləşən “Neptun” supermarketin qarşısına çatdıqda Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***- ***-**-** saylı mobil nömrə ilə istifadə olunan 600 manat dəyərində "Samsung A32" markalı mobil telefonu guya anasına zəng edib danışdıqdan sonra geri qaytaracağı adı ilə götürüb ələ keçirərək “Neptun” supermarketə daxil olub supermarketin digər çıxışından çıxmaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs5 ümumilikdə 605 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 09 avqust 2022-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin qarşısından mobil proqram vasitəsilə taksi sifariş edərək həmin sifariş əsasında oraya yaxınlaşan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Prius” markalı avtomobilə müştəri qismində əyləşib Bakı şəhəri, Azadlıq prospekti istiqamətində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs1 ev təmirində usta fəaliyyəti ilə məşğul olduğunu bilib mobil telefonunda gördüyü işlərin şəkillərini ona göstərməsindən istifadə edərək sonuncu ilə səmimi ünsiyyət qurmaqla etibarını qazanıb guya evini təmir etdirmək istədiyini və mobil telefonunda olan şəkilləri atasına göstərib gələcəyi adı ilə həmin gün saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində telefon üzlüyünün arxasına qoyulmuş 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik kart ilə birlikdə 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan 550 manat dəyərində “Samsung A10” markalı mobil telefonu götürüb ələ keçirərək hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 575 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərindən mobil proqram vasitəsilə taksi sifariş edərək həmin sifariş əsasında oraya yaxınlaşan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Toyota Prius” markalı avtomobilə müştəri qismində əyləşib həmin gün saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospketi 52 ünvanın qarşısına çatdıqda Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobili saxlayıb mağazadan su almaq üçün avtomobildən düşməsindən istifadə edərək sonuncunun və digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra sürətlər qutusunun yanında qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 500 manat dəyərində “Samsung A52” markalı mobil telefonu və avtomobilin ön oturacaqlarının arasındakı sandıqçadan 400 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 905 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri “Koroğlu” metrostansiyasının qarşısından mobil proqram vasitəsilə taksi sifariş edərək həmin sifariş əsasında oraya yaxınlaşan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Saipa” markalı avtomobilə müştəri qismində əyləşib Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzi istiqamətində hərəkətdə olan zaman qəsdən sonuncu ilə səmimi ünsiyyət qurub həmin gün saat 18:25 radələrində ünvan 6 ünvanının qarşısına çatdıqda Zərərçəkmiş şəxs2 “28 Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində gözləyən “İkram” adlı babasından yaşadığı evin açarını götürüb gətirməsini xahiş edib razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs2 avtomobildən düşərək ticarət mərkəzinə daxil olmasından istifadə edib sonuncunun və digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra avtomobilin sükan hissəsinin sağında olan telefon aparatı üçün quraşdırılmış qabdan Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı, 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 473 manat məbləğində “Real ME C25Y” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 481 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 dekabr 2022-ci il tarixdə saat 21 radələrində ünvan 7 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 işlətdiyi “EL Telecom” mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub sonuncunun onun guya almaq üçün istədiyi mobil telefonu gətirmək üçün mağazanın digər otağına keçməsindən istifadə edib dəmir seyfin üzərində olan Zərərçəkmiş şəxs4 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə qutusu ilə birlikdə 120 manat dəyərində “İphone 5s” markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə 2021-ci il tarixdə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra dolanışığını təmin etmək üçün müxtəlif yerlərdə iş axtarsa da, lakin özünə uyğun iş tapa bilməmiş, beləliklə oğurluq edərək özünə qazanc əldə etməyi planlaşdırmış, bu məqsədlə taksi sürücülərinin telefon və digər əmlaklarını oğurlamaq qərarı almışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18.00 radələrində yaşadığı Abşeron rayonu, Xirdalan şəhərində olarkən istifadəsində olan ***- ***-**-** mobil telefonu vasitəsi ilə taksi şirkətindən Bakı şəhəri istiqamətində xatırlamadığı 2 ünvana taksi sifariş vermiş, həmin taksi sürücüsü “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gələn orta yaşlarında olan kişi olmuş, onunla yolda gələrkən söhbət etməyə başlamış, məqsədinin onun etibarını qazanaraq onu avtomobildən uzaqlaşdırmaq və avtomobildə qiymətli pul və ya mobil telefon varsa onları oğurlamaq olmuşdur. O, həmin taksi sürücüsü ilə birlikdə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Neptun” supermarketin qabağına gəlmiş, yolda gələn zaman sürücüyə qeyd olunan ünvandan anasını götürəcəyini və birlikdə digər ikinci ünvana gedəcəklərini bildirmiş, yolda gələn zaman həmin sürücü ilə ünsiyyət qurduğundan onun etibarını qazanmışdır. O, “Neptun” marketin qarşısında həmin sürücüyə guya mobil telefonunun enerjisinin bitməsini deyərək ondan anasına zəng etmək üçün mobil telefonunu almışdır. Həmin mobil telefon qara rəngli “Samsung A32” markalı telefon olmuşdur. O, telefonu alaraq guya anasına zəng edəcəyini bəhanə edib taksidən düşüb “Neptun” marketə daxil olmuş, sonra marketin digər çıxışından çıxaraq oradan uzaqlaşmışdır. Marketdə və oranı tərk edən zaman heç kim onun telefonu ələ keçirdiyini görməmiş, həmin taksi sürücüsü isə ona inanaraq həmin telefonu danışmaq üçün ona vermişdir. O, “Samsung A 32” markalı mobil telefonu Sumqayıt şəhərində hal-hazırda xatırlamadığı mağazada 120 manata satmışdır. Həmin telefon mağazasında telefonun ona məxsus olmasını bildirmiş və telefondakı məlumatları sildiyindən kimsə telefonun qanunsuz yolla ələ keçirilməsini bilməmişdir. Əldə etdiyi 120 manat pulu isə maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 19.00 radələrində Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ünvanında olarkən yenidən taksi sifariş edərək taksi sürücüsünün əmlakını ələ keçirməyi qərara almış və bu məqsədlə 3-cü mikrorayondan Binəqədi rayonu, Biləcəri qəsəbəsinə, oradan da “28 Mall” ticarət mərkəzinə taksi sifariş vermiş, iki ünvan sifariş etməkdə məqsdinin taksi sürücüsü ilə xeyli müddət ünsiyyət saxlayıb onun etibarını qazanmaq olmuşdur. Sifarişə gələn Həsən adlı sürücü ilə yolda gedərkən ünsiyyət qurmağa başlamış və sonuncu ona usta olduğunu bildirmişdir. Sürücü ondan işi ilə bağlı bir-iki sual verdikdən sonra ona telefonundakı şəkillərə baxıb gördüyü işlərə şahid olmasını xahiş etmişdir. O da Həsənin istəyi ilə telefondakı şəkillərə baxıb onun əl işini bəyəndiyini və yaxşı usta olduğunu bildirdikdən sonra Həsənə evini təmir etdirmək istədiyini və təmir işində ona müraciət edəcəyini bildirmiş, 1 saat müddətində yolda Həsənlə söhbət etmiş, müəyyən yalanlar danışaraq onun etibarını qazanmışdır. Onlar artıq Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzinin yanına çatanda yalandan onun telefonundakı şəkilləri atasına göstərəcəyini deyərək Həsənə məxsus “Samsun A 10” markalı mobil telefonu ondan istəmiş, Həsən isə heç bir narazılıq bildirmədən istifadəsində olan mobil telefonu ona orada olan şəkilləri atasına göstərmək üçün vermiş, guya əgər atası şəkillərə baxdıqdan sonra onun əl işini bəyənəcəkdisə onu evində usta kimi işlədəcəyini bildirmişdir. Buna aldanan Həsən mobil telefonunu ona vermiş, o da Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzinin arxasında avtomobildən düşərək Həsənin telefonunu onda olan şəkilləri guya atasına göstərəcəyi adı ilə ondan alıb oradan ticarət mərkəzinin qabaq hissəsinə keçərək oradan uzaqlaşmışdır. O, həmin mobil telefonu Həsəndən aldıqdan sonra elə həmin gün 90 manata tanımadığı şəxsə satmış və əldə etdiyi pulu isə maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərinə qohumlarının evinə qonaq getmiş və oradan Bakı şəhərinə qayıdan zaman “Uber” şirkəti vasitəsi ilə istifadəsində olan ***-***-**-** nömrə ilə taksi sifariş vermiş, sifarişə gələn “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib onu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə aparmasını xahiş etmişdir. Yolda gələrkən həmin taksi sürücüsü ilə xoş ünsiyyət qurmağa başlamış və birlikdə Nəsimi rayonu, Moskva prospektində yerləşən “Azərbaycan xörəkləri” adlı kafenin qarşısına çatanda həmin sürücü su istəyini qarşılamaq üçün avtomobildən düşərək su almağa getmişdir. Həmin vaxt o, sürücünü onu görə bilməyəcəyinə tam əmin olduqdan sonra avtomobildə olan sürətlər qutusunun yanında olan taksi sürücüsünə məxsus “Samsung A52” markalı mobil telefonu və qolaltı saxlanc yerində olan 400 manat pulu götürərək avtomobildən düşüb uzaqlaşmış və mobil telefonda olan “Azərcell”ə məxsus GSM nömrəni qırıb xatırlamadığı yerə tullamış, mobil telefonu isə bir qədər sonra elə hadisəni törətdiyi ünvana yaxın, yəni Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “El Telecom” adlı telefon mağazasına 275 manata satmışdır. Mobil telefonu satarkən şəxsiyyət vəsiqəsini təqdim etmiş və telefonun oğurluq olmadığını satıcıya bildirmiş, satıcı onun dilindən kağız alaraq mobil telefonun oğurluq olmadığını bilib həmin oğurladığı “Samsung A 52” markalı mobil telefonu ondan almışdır. O, oğurladığı 400 manat pulu və 275 manat telefonun pulunu maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində hər hansı bir işlə bağlı Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığında olan zaman yenidən taksi sifariş edib həmin taksinin telefonunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə yenidən mobil telefon vasitəsi ilə taksi sifariş etmiş və sifarişi ilkin olaraq “28 Mall” ticarət mərkəzinə, ordan isə Binəqədi rayonu, Biləcəri qəsəbəsinə vermişdir. Məqsədinin taksi sürücüsü ilə uzun yol gedib onunla ünsiyyət qurub onun əmlakını ələ keçirmək olmuşdur. Həmin taksi ilə Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığına gələnə kimi yolda gələrkən taksi sürücüsü ilə xeyli söhbət edib onu özünə inandırmağa çalışmış, söhbət zamanı həmin taksi sürücüsünün adının Ələkbər olduğunu bilmiş, onunla xeyli söhbət etdikdən sonra özünün telefon mağazası işlətməsini və mobil telefonla bağlı nə problemi olarsa həll edəcəyini bildirmişdir. Onun söhbətlərindən sonra Ələkbər ona inanmağa başlamış, artıq Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzinə çatanda Ələkbərdən İkram adlı babasının həmin ticarət mərkəzinin 3-cü mərtəbəsində işlədiyini və onda evinin açarı olduğunu, özünün isə utandığından ondan açarı götürmək istəmədiyini bəhanə edərək Ələkbər adlı taksi sürücüsünün ticarət mərkəzinə daxil olmasını və babası İkramdan açarı almasını xahiş etmiş, o isə ona həm də özünün ayaqyoluna getməli olduğunu bildirib avtomobildən düşərək getmiş, avtomobilin sükan hissəsinin sağında telefon aparatı üçün quraşdırılmış qabda olan Ələkbər adlı taksi sürücüsünə məxsus “Real Me C25 Y” markalı mobil telefonu götürərək Ələkbərin ticarət mərkəzinə daxil olmasına və onu görməməsinə tam əmin olduqdan sonra avtomobildən düşüb oradan uzaqlaşmış, bundan sonra həmin mobil telefonun arxasında olan halhazırda hansı operatora məxsus olduğunu xatırlamadığı GSM nömrəni qırıb tullamışdır. Bu hadisədən təxminən bir gün sonra Sumqayıt şəhərində olan zaman tanımadığı mobil telefon mağazasına gedərək şəxsiyyət vəsiqəsini təqdim edərək həmin telefonu 120 manata satmış və əldə etdiyi pula isə özünə yemək və geyim əşyaları almışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində Nəsimi rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında olan zaman yenidən mobil telefon oğurlamaq qərarına gəlmiş, bu məqsədlə Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən “EL Telecom” adlı mağazaya müştəri qismində daxil olmuş, həmin vaxt orada orta yaşlarında bir nəfər satıcıya özünü müştəri kimi təqdim edərək “İphone” markalı mobil telefon almaq istədiyini ona bildirmiş, həmin satıcı ona bir neçə mobil telefon göstərmiş, o isə hər dəfə bir bahanə taparaq o telefonları almaqdan imtina etmiş, məqsədinin həmin şəxsin mağazada olan digər otağa keçməsi və onun da gizlincə olaraq hər hansı bir telefonu oğurlaması olmuşdur. O, satıcıya növbəti dəfə istədiyi telefon markasını və modelini bildirdikdə həmin satıcı mağazanın içərisində olan digər otağa keçmiş, həmin istədiyi telefondan tapıb ona vermək istəmiş, o da bundan istifadə edərək mağazada olan üzərində Lombard sözləri yazılmış dəmir seyfin üzərindən qutusu ilə birlikdə “İphone 5 s” markalı mobil telefonu götürüb satıcının onu görmədiyinə əmin olduqdan sonra həmin qutu ilə birlikdə telefonu şalvarının bel hissəsinə qoyaraq mağazadan çıxıb uzaqlaşmışdır. Bundan sonra hadisənin səhərisi günü həmin mobil telefonu qutusu ilə birlikdə 50 manata Sumqayıt şəhərində tanımadığı bir nəfərə satmış, satdığı şəxs telefonun oğurluq olduğunu bilməmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, özünə məxsus “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur, gündəlik təlabatını taksidən qazandığı gəlir hesabına təmin edir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində olan zaman ***-***-**-** mobil nömrəsindən sifariş aldığını və həmin müştərini götürüb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış və həmin müştəri orta yaşlarında olan kişi olmuşdur. Müştəri ona iki ünvana gedəcəyini bildirmişdir. Yolda gələn zaman onunla söhbət etməyə başlamış, söhbət zamanı onunla az da olsa ünsiyyəti yaranmış, çünki onunla çox səmimi söhbət edib onun etibarını qazanmışdır. İlk olaraq Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Neptun” supermarketinin qarşısında dayanmış, həmin müştəri ona anasını götürmək lazım olduğunu bildirmiş, anasını götürdükdən sonra ikinci ünvana getməli olduqlarını bildirdikdən sonra ona mobil telefonunun enerjisinin bitdiyini deyərək ondan mobil telefonunu anasına zəng etmək üçün ona verməsini xahiş etmişdir. O da ona inanıb və həqiqətən də anasına zəng etdiyini düşünərək özünə məxsus dəyəri 600 manat olan İMEİ kodu **********26848 olan “Samsung A 32” modelli mobil telefonunu ona anası ilə danışması üçün vermişdir. Müştəri maşından düşmüş və telefonu qulağına qoyub “Neptun” marketə girmiş, onun həqiqətən də anası ilə danışdığını və nəsə ondan kənarda deyiləsi sözü olduğunu düşünüb onun arxasından getməmiş, bir qədər gözlədikdən sonra onun gəlmədiyini görüb avtomobildən düşərək marketə girmiş, lakin həmin şəxsi orada tapa bilməmişdir. Həmin şəxsin onu aldadaraq əmlakını mənimsədiyini başa düşmüş, bundan sonra o dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O həmin telefonu 2022-ci ilin yanvar ayında “Kontakt Home” mağazasından qızıl zəmanətlə 18 aylıq kreditlə almışdır. Həmçinin, ona məxsus olan mobil telefonda 5 manat dəyərində ***-***-**-** GSM nömrə olmuşdur. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, mənzil ustasıdır, boş vaxtlarında özünə məxsus “Toyota Prius” markalı avtomobililə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu zaman ona verilən müştərini son ünvan olan “28 Mall” ticarət mərkəzinin qarşısında düşürmüşdür, yolda gələn zaman həmin şəxs onunla söhbət edərək onun etibarını qazanmış, belə ki, onlar yolda gələrkən həmin şəxslə söhbət edən zaman o, usta olduğunu, ev təmiri işi ilə məşğul olduğunu bildirmiş, həmin şəxs ondan əl işi ilə tanış olmaq istəmiş, mobil telefonunda şəkillər varsa ona göstərməsini xahiş etmiş, o da ona mobil telefonunda olan şəkilləri göstərmişdir. Həmin şəxs onun usta kimi fəaliyyət göstərməyi ilə bağlı olan şəkillərlə tanış olmuş, ona evini təmir etdirmək istədiyini bildirərək, əgər onun əl işini bəyənəcəksə onu usta kimi işə cəlb edəcəyini bildirmiş, onlar birlikdə gəlib “28 Mall” ticarət mərkəzinin arxasına çatdıqda müştəri olan şəxs ona atasının həmin ticarət mərkəzində işlədiyini və telefonunda olan şəkilləri atasına göstərəcəyi adı ilə həmin telefonu ondan istəmiş, belə ki, telefonunda olan əl işi ilə bağlı şəkilləri atasına göstərdikdən sonra atası onun əl işini bəyənəcəkdisə, onu usta kimi evlərində işlədəcəyini bildirmiş, buna görə də o həmin şəxslə razılaşıb atasına şəkilləri göstərmək üçün istifadəsində olan “Samsung A 10” markalı, arxasında “Bir Kart” olan mobil telefonu həmin şəxsə vermiş, həmin şəxs ondan telefonu alaraq orada gözləməsini və tezliklə qayıdacağını bildirərək oradan uzaqlaşmışdır. O, nə qədər gözləsə də həmin şəxsin gəlmədiyini görmüş, onun 2-ci mobil nömrəsindən həmin telefona zəng etdikdə mobil telefonunun oğurlandığını bilmiş, mobil telefonunun qabının arxasındakı bank kartının 3 dəfə səhv kod yazılaraq bağlandığı barədə ona məlumat verilmiş, o da mobil telefonunun oğurlandığını bilib “102” xitmətinə məlumat vermişdir. Mobil telefonunun təxmini qiyməti 550 manat, bir kartın daxilində isə təxminən 100 manata yaxın pul olsa da kartından pul çıxarılmamış, həmin bank kartının qiyməti təxminən 10 manat olmuş, mobil telefonunun üzərində işləyən ***-***-**-** saylı nömrə olmuş və həmin mobil nömrəni 10 manata almışdır. Ümumilikdə ona dəyən zərər 570 manat olmuşdur. Həmçinin, telefonun üzərində qoruyucu “kabura” olmuş, təxmini dəyəri 5 manat olmuşdur. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus “Saipa” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman “Koroğlu” metrostansiyasından müştəri qismində götürdüyü bir nəfər kişi cinsli şəxsi “28 Mall” ticarət mərkəzinə gətirmiş, avtomobili Ş.Bədəlbəyli küçəsi 106 saylı ünvanın qarşısında saat 18:25 radələrində saxlamış və həmin şəxs ticarət mərkəzinin 3-cü mərtəbəsinə babası İkrama mənzilin açarını verməli olduğunu bildirmiş və babasından utandığından açarı onun aparmasını xahiş etmişdir. Özü isə avtomobildə qalmışdır. O da ayaqyoluna getmək istədiyi üçün onunla razılaşmış və açarı götürərək getmiş, lakin “28 Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində İkram adlı şəxsi tapa bilmədikdə avtomobilə geri qayıtmış, geri qayıdan zaman avtomobilin salonunda olan özünə məxsus dəyəri 473 manat olan “Real Me C25 Y” markalı mobil telefonunun yerində olmadığını, həmin şəxsin telefonu oğurlayaraq çıxıb getdiyini aşkar etmişdir. Hadisə nəticəsində ona ümumi olaraq 473 manat ziyan dəymişdir. Həmçinin, ona məxsus olan mobil telefonda 5 manat dəyərində ***-***-**-** GSM nömrə və 3 manata aldığı ***-***-**-** GSM mobil nömrələri olmuşdur. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, təxminən bir aydır ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, müştəriləri “Uber” şirkəti vasitəsi ilə qəbul etmiş, avtomobili isə icarə əsasında işlətmişdir. xx.xx.2022-ci il tarixdə “Uber” şirkətinə məxsus **-NB-*** nömrə nişanlı “Toyota Prius” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan zaman Sumqayıt şəhərindən ***-***-**-** saylı nömrə vasitəsi ilə sifariş əsasında müştəri qismində götürdüyü şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində su içməyə düşdüyü zaman avtomobildən dəyəri 500 manat üzərində ***-***-**-** saylı mobil nömrə, İMEİ kodu **********97351 olan “Samsung A52” markalı mobil telefonunu və avtomobilin saxlanc yerindən 400 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. Mobil telefonunda olan ***-***-**-** saylı GSM mobil nömrəsinin qiyməti təxminən 5 manat olmuş, baş vermiş hadisə nəticəsində ona 905 manat ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, mobil telefonların alqı-satqısı ilə məşğul olur. Nəsimi rayonu, Moskva porspekti 46 ünvanında yerləşən “EL Telecom” telefon mağazası ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində özünü Qulam adı ilə təqdim edən bir nəfər əvvəlcədən tanımadığı şəxs mağazaya müştəri qismində daxil olmuşdur. Həmin vaxt o, mağazada satıcı qismində fəaliyyət göstərirmişdir. Həmin şəxs ona “İphone” markalı mobil telefon almaq istədiyini bildirmiş, o da ona bir neçə həmin markalı mobil telefon göstərsə də, sonuncu müxtəlif bahələr gətirərək qiymətlə razılaşmadığını bildirmişdir. O, növbəti dəfə ondan həmin şəxsin istədiyi telefon modelinə uyğun telefon gətirmək üçün mağazanın içərisindəki əlavə otağa keçmişdir. Təxminən 2-3 dəqiqə sonra yenidən həmin otaqdan mağazaya qayıtdıqda həmin şəxsin mağazada olmadığını görmüşdür. Həmin şəxsin bu hərəkətləri onda şübhə yaratdığından o mağazada olan malları nəzərdən keçirməyə başlamışdır. Bu zaman “İphone 5s” markalı mobil telefonun yerində olmadığını müəyyən etmişdir. O dərhal video kameraya baxdıqda mağazasında olan üzərində “Lombard” sözləri yazılmış dəmir seyfin üzərində qoyduğu “İphone 5s” markalı mobil telefonun qutusu ilə birlikdə Qulam adlı müştəri tərəfindən onun otaqda olmadığından istifadə edib oğurlandığının şahidi olmuşdur. Oğurlanan telefonun ağ rəngli, 16 GB yaddaş tutumuna malik olan telefon olmuş və qiyməti 120 manat olmuşdur. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəməyədək icraat dövründə dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvələrindən telefon alqı-satqısı ilə məşğul olur. Nəsimi rayonu, Moskva prospekti, 52 ünvanında yerləşən “L Telecom” adlı mobil telefon mağazasında satıcı kimi fəaliyyət göstərir. İşinin mahiyyəti ondan ibarətdir ki, mağazada olan mobil telefonların və mobil telefon aksessuarlarının alışı və satışını həyata keçirir. Belə ki, telefon alışını telefonu satan şəxsin şəxsiyyət vəsiqəsi əsasında həyata keçirir. Telefonu satmaq istəyən şəxs mobil telefonunu verdikdən sonra telefona baxış keçirdir və bəyəndiyi telefonu münasib qiymətə alırmış. Telefon ona təqdim olunan zaman onun bütün parametrlərini yoxlayır. O, həmin mağazada mobil telefonları qutusu ilə birlikdə və yaxud da qutusu olmadan alır. xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında bir nəfər şəxs mağazaya daxil olaraq ona qara rəngli, “Samsung A 52” markalı mobil telefonu göstərərək satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən telefonu alaraq telefona baxış keçirtmişdir. O, telefonu bəyəndikdən sonra telefonu hansı qiymətə satmaq istədiyini soruşduqda ona 300 manat qiymətə həmin telefonu satmaq istədiyini bildirmişdir. Bundan sonra onunla razılaşaraq telefonu 275 manata alacağına danışmışdır. Telefona baxış keçirdikdə telefonun icərisindəki məlumatlar boş olmuş, yəni qabaqcadan silinmişdi. O, telefonu satmaq istədiyi üçün telefonda heç bir məlumat olmadığını düşünüb bu barədə həmin şəxsə sual verməmişdir. Həmin şəxs ona şəxsiyyət vəsiqəsinin surətini verərək orada müvafiq qeydlər apardıqdan sonra telefonu ondan almışdır. Həmin telefon qutusuz olmuşdur. Lakin qeyd olunan mobil telefon yaxşı vəziyyətdə olmuşdur. O, şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra telefonu ona satan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxsi ilk dəfə idi ki, görmüşdür. Bundan əvvəl onunla heç bir tanışlığı və ya telefon alqı-satqısı olmamışdır. Telefonu aldıqdan sonra mağazanın sahibi olan X5 zəng edərək telefon almağı barədə məlumat vermək istəmiş, lakin həmin vaxt Xəyalın mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, 275 manat pulu Təqsirləndirilən şəxs verib onu yola salmışdır. Daha sonra telefonu mağazaya qoyaraq satışa çıxarmışdır. Təxminən 10-15 gün sonra həmin “Samsung A 52” markalı mobil telefonu bir nəfər tanımadığı müştəriyə 300 manata satmışdır. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.44); - “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir (i.v.41); - “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl həmin Məcələnin 177.2.2 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir (i.v.155-156); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.160-164); - “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (i.v.233-234); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, dələduzluq cinayət hadisəsinin baş verdiyi yer ünvan 13 ünvanda yerləşən “Neptun” marketin qarşısıdır (i.v.7-8); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 nörməli ünvanın qarşısıdır (i.v.15-16); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq cinayət hadisəsinin baş verdiyi yer ünvan 6 ünvanın qarşısıdır (i.v.68-69); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən “El Telecom” adlı telefon mağazasıdır (i.v.24-26); - “Videogörüntülərə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, əynində yaşıl rəngli polver, qara rəngli şalvar və qolsuz qara rəngli gödəkçə olan şəxsin, mağazanın içərisində olan üzərində “Lombard” sözləri yazılmış dəmir seyfin üstünə qoyulmuş bir ədəd qutusu ilə birlikdə “İphone 5s” markalı mobil telefonu gizli olaraq götürərək şalvarının bel hissəsinə qoyaraq oğurlaması müşahidə edilir. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə videogörüntüyə baxış keçirilən zaman videogörüntüdə olan şəxsin özünün olduğunu bildirmişdir (i.v.27-28); - “Götürülmə aparılması haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, X3 istintaqa təqdim etdiyi “Samsung A 52” markalı mobil telefonu Təqsirləndirilən şəxs alarkən tərtib olunmuş qəbz və Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin surəti əks olunmuş 1 ədəd A4 formatlı kağız iş üzrə maddi sübut əhəmiyyəti kəsb edəcəyini nəzərə alınaraq götürülmüşdür (i.v.240-241); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 9/4778 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən mobil telefonların orta intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul-dekabr aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: -2022-ci ilin yanvar ayında alınmış qara rəngli 128 GB yaddaş tutumlu, “Samsung A 10” markalı mobil telefon xx.xx.2022-ci il tarixə 1 ədədinin qiyməti 100 manatdır. -2022-ci ilin iyun ayında alınmış qara rəngli 64 GB yaddaş tutumlu, “Real ME C25 Y” markalı mobil telefon xx.xx.2022-ci il tarixə 1 ədədinin qiyməti 150 manatdır. -2022-ci ilin yanvar ayında alınmış qara rəngli 128 GB yaddaş tutumlu, “Samsung A 32” markalı mobil telefon xx.xx.2022-ci il tarixə 1 ədədinin qiyməti 230 manatdır. -2022-ci ilin fevral ayında alınmış qara rəngli 128 GB yaddaş tutumlu, “Samsung A 52” markalı mobil telefon xx.xx.2022-ci il tarixə 1 ədədinin qiyməti 280 manatdır. -2022-ci ilin fevral ayında alınmış qara rəngli 16 GB yaddaş tutumlu, “İphone 5s” markalı mobil telefon xx.xx.2022-ci il tarixə 1 ədədinin qiyməti 50 manatdır. Aparılmış tədqiqatın dəyəri 50,00 manat təşkil edir (i.v.182-185); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Samsung A 52” markalı mobil telefonun X1 barədə qeydlər olan bir ədəd A4 formatlı sənəd iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut növü kimi tanınmış, həmçinin, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk də sübut növü kimi tanınmışdır (i.v.251-263); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq üzərində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.145- 146); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxlərin və şahidin ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməllərini səmimi olaraq etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını və iki zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-22/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, sübut növü kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd A4 formatlı sənəd cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci olaraq 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 160 (yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-22/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd A4 formatlı sənəd cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 160 (yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-370/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-370/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver