Məhkəmə qərarları › İş №1(006)-371/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-371/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-371/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Zəyzid kəndində qeydiyyatda olan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə zidd olaraq sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan 11 noyabr 2022-ci il tarixdə saat 02 radələrində qardaşı Şahid2 etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May metrostansiyası istiqamətində icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin, 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib sfetoforun qırmızı qadağanedici işığında hərəkəti davam etdirərək Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə svetoforun yaşıl işığında yol ayrıcına daxil olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Ford Carqo markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, onurğa sütununun boyun şöbəsinin Vİ və Vİİ fəqərələrinin arxa çıxıntılarının sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir və həmin məntəqədə qalır. 11 noyabr 2022-ci il tarixdə qardaşı Racu ilə birlikdə adını bilmədiyi kafedə gecə saatlarında oturub yemək yemişlər, həmin vaxt qardaşı spirtli içki qəbul etmiş, qardaşı Racu içkili olduğu üçün idarə etdiyi “Kia Ceed” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını ona vermişdir ki, avtomobil işlədiyi avtoyuma məntəqəsinin qarşısında qalsın və avtomobilin yerini dəyişmək lazım olsa yerini dəyişsin. Qardaşı ona avtomobili idarə etməməsini bildirmişdir. Qardaşı avtomobilin açarını ona verdikdən sonra getmişdir. Həmin vaxt özü də kafedə spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Qardaşı getdikdən sonra saat 02 radələrində qardaşına məxsus avtomobili işə salıb idarə etməyə başlamış, lakin avtomobili nə üçün idarə etməsini bilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə saatda təxminən 90-100 km sürətlə hərəkətdə olarkən yolayrıcında yük avtomobili ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Toqquşmadan sonrakı vəziyyət yadına düşmür, ayıldıqda “X9”də olmuş və həkimlər ona tibbi yardım göstərmişdir. Hadisə zamanı ağır bədən xəsarəti almışdır. O, avtomobili idarə edərkən şəhərin hansı hissələrindən keçdiyini tam xatırlamasa da, hadisənin Azadlıq prospektində olmasını xatırlayır, lakin yol kəsişməsində svetoforun qırmızı işığında keçdiyini xatırlamır, çünki sərxoş olmuşdur. Hadisə vaxtı avtomobilində başqa sərnişin olmamışdır. Daha sonra ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 11 noyabr 2022-ci il tarixdə gecə saat təxminən 02 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Carqo” markalı özüboşaldan yük avtomaşını ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə üzü R.Behbudov istiqamətində hərəkət etmişdir. Həmin vaxt Azadlıq prospektinin kəsişməsinə yaxınlaşaraq svetoforun yaşıl işığında hərəkətini dayandırmadan yolayrıcını keçdikdə yolun orta hissəsində olarkən sağ tərəfdən Azadlıq prospekti ilə yüksək sürətlə hərəkətdə olan sonradan marka və nömrə nişanını bildiyi “Kia” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü svetoforun qadağanedici qırmızı işığında yolayrıcına daxil olub onun idarə etdiyi avtomaşının sağ kabina hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində idarəetməni itirdiyi üçün avtomaşın yolun sol kənarında səkinin üzərinə çıxaraq svetofor dirəyinə və binanın beton hissəsinə toqquşaraq dayanmışdır. Hadisə nəticəsində o, baş və bədəninin müxtəlif nahiyəsindən xəsarət almışdır. Hadisədən sonra yoldan keçən bir avtomobil saxladıb onunla 1 saylı KTM-nə getmişdir. Hadisə nəticəsində “Kia” markalı avtomaşının sürücüsü Yaqub adlı şəxs də xəsarət almışdır. Həmin vaxt o, avtomaşını təxminən 40 km saat sürəti ilə idarə etmişdir. Hadisə nəticəsində onun sağlamlığına ciddi ziyan dəymişdir. Eyni zamanda avtomaşınına 20000 manatdan çox maddi ziyan dəymişdir. Tələbi sağlamlığına və avtomaşına dəymiş ziyanın tam olaraq ödənilməsindən ibarətdir. Lakin təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və ondan şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında gündəlik icarə ilə ödəniş etdiyi “Kia Ceed” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 10 noyabr 2022-ci il tarixdə saat 23 radələrində qardaşı Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən kafedə qardaşı ilə bir yerdə oturub yemək yemişlər, həmin vaxt o, spirtli içki qəbul etdiyi üçün avtomobilinin açarını qardaşı Yaquba vermişdir ki, avtomobil avtoyuma məntəqəsində qalsın. Açarıda ona görə vermişdir ki, birdən avtomobilin yerini dəyişmək lazım olsa qardaşı dəyişsin. Daha sonra yaşadığı evə getmişdir. 11 noyabr 2022-ci il tarixdə səhər saatlarında polis əməkdaşı tərəfindən onunla əlaqə saxlanılarkən ona məlum olmuşdur ki, qardaşı Yaqub o getdikdən sonra spirtli içki qəbul etmiş və avtomobili idarə edərək qəza törətmişdir. Qəza nəticəsində qardaşı və digər yük avtomobilinin sürücüsü xəsarət almışlar. O, avtomobili qardaşına sürmək üçün verməmiş, çünki qardaşının sürücülük vəsiqəsinin olmadığını bilmişdir. O, avtomobilin açarını vermişdir ki, avtomobilin yerini dəyişmək lazım olsa dəyişsin. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə axşam saatlarında özünə məxsus “X7” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmişəki qaydada Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə Azadlıq prospektinin kəsişməsində S.Əsgərova küçəsi istiqamətində yolun sol kənarında park etmişdir. 11 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində ona bildirmişlər ki, Azadlıq prospekti ilə S.Əsgərova küçəsinin kəsişməsində yük avtomobili ilə “Kia” markalı avtomobil toqquşmuş və nəticədə onun avtomobilinə də maddi ziyan dəymişdir. O, hadisə yerinə gəldikdə görmüşdür ki, ona məxsus avtomobilin üzəri mühərrik yağına bulaşmış, eyni zamanda avtomobilinin arxa sol qanad hissəsi əzilmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus avtomobilə təxminən 150-200 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.112-113); - “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.147-149); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.150-151); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə S.Əsgərova küçəsinin kəsişməsidir (i.v.4-17); - Məhkəmə-Kimyəvi Ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 4213/K nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmiş, etil spirtinin qatılığı 1,2%-dir. - Məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 1551 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, onurğa sütununun boyun şöbəsinin Vİ və Vİİ fəqərələrinin arxa çıxıntılarının sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 5-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. (i.v.59-62); - Yol-nəqliyyat hadisələri üzrə Məhkəmə Ekspertizasının 19 may 2023-cü il tarixli, 8/1212 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Ceed” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “Ford Cargo” markalı, 90-0Y-212 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir (i.v.94-97); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə “Kia Ceed” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisəni özündə əks etdirən videogörüntü olan bir ədəd disk maddi sübut kimi tanınmış və həmin avtomobil sahibi X3 qaytarılmış və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmışdır (i.v.159- 169); - Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir (i.v.82); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə 04 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir (i.v.157-158); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2009-cu il və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və digər yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (bir) gün müddət təyin edilən cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kia Ceed” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətiə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kia Ceed” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar