Məhkəmə qərarları › İş №1(006)-372/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-372/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-372/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, 20 yanvar küçəsi, ev 28-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ev 1, mənzil 120-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Ağa» adlı şəxsin hesabına göndərdiyi 90 manat pul müqabilində sonuncu tərəfindən istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən avtobus dayanacağına qoyulmuş şəxsi istehlak miqdarından artıq miqdarda 1 bükümdə təmiz çəkisi 1,635 qram təşkil edən narkotik vasitə heroini və 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qram və 0,329 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,659 qram təşkil edən psixotrop maddə metamfetamini satış məqsədi olmadan 05 aprel 2021-ci il tarixdə saat 19:25 radələrində qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış və həmin gün saat 19:30 radələrində Nəsimi RPİnin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 1D saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilib orada üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə həmin narkotik vasitə heroin və gümüşü rəngli kağıza bükülmüş iki ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. O, təxminən bir il bundan əvvəl sosial şəbəkə vasitəsilə İran İslam Respublikasının vətəndaşı «Ağa» ləqəbli şəxslə tanış olmuş, Ağa adlı şəxslə söhbət edərkən narkotik vasitələrin satışı ilə məşğul olduğunu, ona da narkotik vasitə sata biləcəyini bildirmişdir. 05 aprel 2021-ci il tarixdə təxminən saat 18 radələrində «Ağa» ləqəbli İran İslam Respublikasının vətəndaşı ilə «VVhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, onunla danışarkən 90 manat məbləğində narkotik vasitə heroin və metamfetamin almaq istədiyini bildirmiş, İran İslam Respublikasının vətəndaşı «Ağa» ləqəbli şəxs də halhazırda xatırlamadığı hesab nömrəsini ona deyərək həmin nömrəsinə 90 manat məbləğində pul yükləməsini istəmiş, o da razılıq vermişdir. Bundan sonra «Milliön» ödəmə terminalı vasitəsi ilə «Ağa» ləqəbli şəxsin hesab nömrəsinə 90 manat məbləğində pul yükləmiş, «Ağa» ləqəbli şəxs də onunla əlaqə saxlayıb narkotik vasitəni Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən avtobus dayanacağına atacağını, həmin vaxtı ona dedikdən sonra həmin narkotik vasitəni götürə biləcəyini bildirmişdir. Təxminən 1 saatdan sonra «Ağa» onunla əlaqə saxlayaraq narkotik vasitəni Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən avtobus dayanacağına atdığını demişdir. Təxminən saat 19:30 radələrində o, Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən avtobus dayanacağına gedərək orada olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroini və gümüşü rəngli kağıza bükülmüş 02 ədəd sellofan bükümdə metamfetamini götürmüş, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Təxminən 150-200 metr piyada hərəkət etdikdən sonra Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsində iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini ona təqdim etmişlər, o bilmiş ki, ona yaxınlaşan polis əməkdaşlarıdır. Polis əməkdaşları onu 19-cu PŞ-yə dəvət etmiş, o, da 19-cu PŞ-yə getməyə etiraz etməmişdir. Həmin vaxt bükümdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin əynindəki göy rəngli şalvarın sağ cibində olmuş, o polis əməkdaşları ilə birlikdə 19-cu PŞyə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Daha sonra isə mütəxəssis dəvət edilmiş, video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmiş ki, o əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroini və gümüşü kağıza bükülmüş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim edə bilər. Sonra o, həmin bükülüləri polis əməkdaşlarına təqdim etmişlər. Baxış keçirilən zamanı, həmin narkotik vasitə və psixotrop maddə aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa cinayət xarakterli hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonda o, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, əldə etdiyi həmin narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikrinin olmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 05 aprel 2021-ci il tarixdə "Kamil" adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün 05 aprel 2021-ci il tarixdə rəhbərliyə raportla məruzə etmiş və "Kamil" adlı şəxsin ifşa olunması istiqamətində Bakı şəhəri, Nəsimi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Tərəfindən təşkil edilən əməliyyat qrupuna Nəsimi RPİ-nin 19-cu PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 da daxil edilmişdir. 05 aprel 2021-ci il tarixdə həmin qərarın icra edilməsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:30-da Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 1D saylı ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə “Kamil” adlı şəxsə oxşar bir nəfər şəxsin olduğunu gördükdə dərhal ona yaxınlaşıb saxlayaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etmişlər. Həmin şəxsdən ad və soyadını soruşduqda o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gəlməsini təklif elmişlər və Kamil buna etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış" keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü və gümüşü rəngli kağıza bükülmüş iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolmaması soruşulmuş, Kamil üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs geyindiyi qara rəngli gödəkçənin və şalvarının cibləri yoxlanılmışdır. Onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş, Kamil ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması bildirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkini deməklə təqdim etməsi təklif olunmuş, Kamil şəffaf sellofanın içərisində olan bükülünün narkotik vasitə olan heroin, gümüşü kağıza bükülmüş 02 ədəd sellofanın içərisində olan bükülünün psixotrop maddə sayılan “metamfetamin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə, Kamil həmin bükülüləri özünün istifadəsi üçün İran İslam Respublikası vətəndaşı Ağa adlı şəxsdən aldığını, Ağa adlı şəxslə «VVhalsapp» sosial şəbəkəsi vasitəsi ilə danışdığını, həmin şəxsin xatırlamadığı hesab nömrəsinə 90 manat məbləğində pül yüklədiyini, bundan sonra Ağa adlı şəxsin deməsi ilə üzərindən aşkar olunmuş bükümləri Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığındakı avtobus dayanacağından götürdüyünü, həmin psixotrop maddə olan metamfetamindən və narkotik vasitə heroindən istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər zərfə qoyub 187 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin təhqiqatçısı X7 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nin əməkdaşları Şahid1 və Şahid2, mütəxəssis X8 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 05 aprel 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda və 01 ədəd gümüşü rəngli kağızda ümumilikdə 02 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər-hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, bir ədəd şəffaf rəngli sellofanda olan bükülünü göstərərək həmin bükülüdəkinin birinin içərisində “kakos” deyilən narkotik vasitə, digər gümüşü kağız bükülünün içərisində 02 ədəd sellofana bükülmüş “metamfetamin” deyilən narkotik vasitə olduğunu bildirmişdir, ondan həmin bükülünü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə, həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər maddəni Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 1D ünvanın qarşısında ona əvvəlcədən göstərilən ünvanda dayanacağın yanından götürdüyünü, İran İslam Respublikası vətəndaşı Ağa adlı şəxslə ümumilkdə 90 manata razılaşdığını və Ağanın kart hesabına həmin məbləği ödədiyini, sonra həmin narkotik vasitəni götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd biri şəffaf sellofana bükülmüş, bir ədəd gümüşü kağıza bükülmüş içərisində olan narkotik vasitəyə bənzər maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 02 iki ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (i/v 47-51). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 05.04.2021-ci il tarixli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli, 6/1351 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs .... ”sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 1,635 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,330 qram, 0,329 qram ümumi təmiz çəkisi 0,659 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (i/v 59-63). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd şəffaf sellofanın kəsiyində bükülmüş təmiz çəkisi 1,635 qram (1,585 qram qalıq) narkotik vasitə heroinin və gümüşü rəngli kağıza bükülmüş 02 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,659 qram (0,559 qram qalıq) olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (i/v 112-119). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 15 aprel 2021-ci il tarixli 1120 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 108-109). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 111). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdə tutulmuşdur (i/v 25-26). İş materiallarına əlavə olunmuş 07.04.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarından və “Başqa yerə getməmək haqqında iltizamdan” qətimkan tədbirindən görünür ki, 07 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə “Başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmişdir (i/v 87-91). Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 1(006)-372/2021 saylı, 17 avqust 2021-ci il tarixli qərarından, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Nəsimi rayon məhkəməsinə ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli, 17/38-6128 saylı məktubundan və Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsi 19-cu X10 rayon məhkəməsinə ünvanlanmış 06 sentyabr 2021-ci il tarixli, 083-13532-1221 saylı məktubundan görünür ki, Nəsimi rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və qərarın icrası Nəsimi rayon Polis İdarəsinə tapşırılmışdır. Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nin əməkdaşları tərəfindən tutulmuş və 06 sentyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 iyun 2019-cu il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 1,635 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,585 qram olan narkotik vasitə heroin və 02 ədəd təmiz çəkisi 0,659 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,559 qram olan psixotrop maddə metanfetamin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-372/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərara əsasən 09 iyun 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 1,635 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,585 qram olan narkotik vasitə heroin və 02 ədəd təmiz çəkisi 0,659 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,559 qram olan psixotrop maddə metanfetamin məhv edilsin. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Məmmədov Qara Məhərrəm oğlunun vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar