Məhkəmə qərarları › İş №1(006)-374/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-374/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-374/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2002-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu Məmmədli ərazi dairəsi Məmmədli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə xx.xx.1999-cu il tarixdə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu Qaradağlı ərazi dairəsi Qaradağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu Məmmədli ərazi dairəsi Məmmədli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 21 yanvar 2025-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat dəyərində “Moon ZX 50” markalı mopedi birlikdə gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 21 yanvar 2025-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus 900 manat dəyərində “Tufan 50-S” markalı 99-G- 810 dövlət qeydiyyat nişanlı motosiklı birlikdə gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 21 yanvar 2025-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat dəyərində “Moon ZX 50” markalı mopedi birlikdə gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 21 yanvar 2025-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus 900 manat dəyərində “Tufan 50-S” markalı 99-G- 810 dövlət qeydiyyat nişanlı motosiklı birlikdə gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, saxlanılmamışdan əvvəl “Nyu-York Pizza” adlı restoranda motokuryer işləmişdir və işlədiyi müddətdə həmin restorana məxsus mopedi idarə etməklə sifarişləri ünvanlara çatdırmışdır. Lakin o, 19 yanvar 2025-ci il tarixdə işə getməmiş və həmin tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Saf Su” sudoldurma məntəqəsinin təxminən arxa tərəfində yaşayan dostu Şahid yaşadığı evə gedib orada gecələmişdir. 20 yanvar 2025-ci il tarixdə günorta saatlarında o, Hüseynəlinin yaşadığı evdən çıxıb öz evinə getmişdir və həmin tarixdə təxminən 17-18 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində iki ildir tanıdığı dostu Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Orxan da onun kimi Məmmədli kəndində yaşamış və şəhərdə motokuryer işləmişdir. Onlar Bakıxanov qəsəbəsində görüşdükdə Orxan mobil telefonunda mobil tətbiq vasitəsi ilə sifarişlər qəbul etməyə başlamış və ondan idarə etdiyi motosikılla gedib sifarişləri ünvanlara çatdırmalarını xahiş etmişdir. Beləliklə, o, Orxanın tərkinə minmiş və onlar birlikdə şəhərin müxtəlif ünvanlarına sifarişlər çatdırmağa başlamışlar. Bu minvalla onlar 21 yanvar 2025-ci il tarixdə təxminən saat 3 radələrinədək şəhərin mərkəzində sifariş çatdırmağa davam etmişlər. Təxminən saat 03 radələrində Orxanla birlikdə Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi ilə üzü Yasamal rayonu istiqamətində hərəkətdə olan zaman yaşayış evlərinin qarşısında “Moon” markalı moped olduğunu görmüş və həmin mopedi sürmək qərarına gəlmişdir. Buna görə o, Orxana həmin mopedi birlikdə sürmək üçün oğurlamağı təklif etmiş, Orxan da onun təklifi ilə razılaşmışdır. Bundan sonra onlar birlikdə yaxınlıqdakı “SPAR” marketə gedib mopedi yedəkləmək üçün kəndir almışlar və Orxanın motosiklını “SPAR” marketin qarşısında saxlayıb oğurlamaq istədikləri mopedin olduğu yerə qayıtmışlar. Beləliklə, onlar həmin mopedi əlləri ilə itələyərək Orxanın motosiklının yanına aparmışlar, daha sonra mopedi kəndirlə Orxanın motosiklının yedəyinə almışlar. O, mopedin sükan arxasına keçmiş, Orxan isə motosiklı idarə etməklə Yasamal rayonu ərazisinə, yəni digər dostları Hüseynəlinin yaşadığı ünvana yollanmışlar. Belə ki, onlar mopedi götürdükdən sonra onu sürə bilməsələr də, yenidən geri qaytarmaqdan çəkinmişlər. Yolda gedəndə o, Hüseynəlinin mobil telefonuna zəng edib onları qarşılamasını bildirmişdir. Beləliklə, çatanda Hüseynəli onları qarşılamış və mopedi görəndə kimə məxsus olduğunu soruşmuşdur. O da həmin mopedin bir tanışına məxsus olduğunu, mühərrikində problem olduğuna görə işə düşmədiyini, ustaya aparmalı olduğunu, lakin müvvəqəti qoymağa yerlərinin olmadığını bildirmiş, həmin mopedi bir neçə gün yaşadığı ünvanda saxlamasını Hüseynəlidən xahiş etmişdir. Hüseynəli də onlara inandığına görə razılaşmış və bundan sonra Orxanla o, mopedi Hüseynəlinin yaşadığı evin həyətinə salıb gizlətmişlər. Bundan sonra onlar yenidən şəhərə qayıdıb bir neçə sifariş çatdırmışlar. Həmin tarixdə təxminən saat 06 radələrində Orxanla birlikdə Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ilə üzü “28 May” metrostansiyası istiqamətində hərəkət edərkən “Kərbəlayi Abdullah” məscidinin qarşısında motosikl olduğunu görmüşlər və birlikdə həmin motosiklı da sürmək üçün oğurlamaq qərarına gəlmişlər. Buna görə o, Orxanın tərkindən yerə düşmüş, Orxan motosiklı döndərib bir qədər Yasamal rayonu istiqamətinə doğru getmiş, o, isə Dilarə Əliyeva küçəsində saxlanılmış “Tufan S” markalı 99-G-810 dövlət qeydiyyat nişanlı motosiklı əli ilə itələyib Orxanın dalınca bir qədər irəli aparmışdır. İrəlidə yenə həmin “Tufan S” markalı motosiklı özlərində olan kəndirlə Orxanın motosiklının yedəyinə almışlar, o, “Tufan S” markalı motosiklın sükan arxasına keçmiş, Orxan isə öz motosiklını idarə etməklə yenidən dostu Hüseynəlinin yaşadığı ünvana getmişlər. Hüseynəli motosiklı görən kimi onlara suallar verməyə başlamış, o da həmin motosiklın işlədiyi restorana məxsus olduğunu, lakin bəzi nasazlıqları olduğuna görə işə düşmədiyini, buna görə həmin motosiklı pulunu hissə-hissə ödəmək şərti ilə işlədiyi restoranın müdiriyyətindən aldığını, pulunu ödədikdən sonra motosiklın ona qalacağını bildirmişdir. Beləliklə onlar yenə də Hüseynəlini inandırmağa nail olmuş və eyni qaydada həmin motosiklı da 02 gün ərzində gəlib götürmək şərti ilə Hüseynəlinin yaşadığı ünvanda gizlədib oradan çıxıb getmişlər. 23 yanvar 2025-ci il tarixdə Orxanla o, Hüseynəlinin yaşadığı ünvana gedib mopedi və motosiklı götürmək istəyən zaman polis əməkdaşları onları saxlamışlar. İfadəsinin sonunda əməllərindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, saxlanılmamışdan əvvəl fərdi qaydada motokuryer işləmiş və özünə məxsus “TBS 110” markalı mopedlə müxtəlif restoranlardan qəbul etdiyi sifarişləri ünvanlara çatdırmışdır. Təqsirləndirilən şəxs1 təxminən 02 il əvvəldən tanımış, sonuncu da onun kimi Məmmədli kəndində yaşamış və Bakı şəhərində yerləşən “Nyu-York Pizza” restoranında işləmişdir. 20 yanvar 2025-ci il tarixdə təxminən 17-18 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində İlkinlə görüşmüşlər. Həmin vaxt o, mobil telefonunda mobil tətbiq vasitəsi ilə sifarişlər qəbul etməyə başlamış və idarə etdiyi mopedlə gedib həmin sifarişləri birlikdə ünvanlara çatdırmağı İlkindən xahiş etmişdir. Beləliklə, İlkin onun tərkinə minmiş və onlar birlikdə şəhərin müxtəlif ünvanlarına sifarişlər çatdırmağa başlamışlar. Bu minvalla onlar 21 yanvar 2025-ci il tarixdə təxminən saat 03 radələrinədək şəhərin mərkəzində sifariş çatdırmağa davam etmişlər. Təxminən saat 03 radələrində İlkinlə birlikdə Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi ilə üzü Yasamal rayonu istiqamətində hərəkətdə olan zaman yaşayış evlərinin qarşısında “Moon” markalı moped olduğunu görmüşlər və İlkin həmin mopedi sürmək üçün oğurlamağı ona təklif etmiş, o da razılaşmışdır. Bundan sonra onlar birlikdə yaxınlıqdakı “SPAR” marketə gedib mopedi yedəkləmək üçün kəndir almış və onun mopedini “SPAR” marketin qarşısında saxlayıb oğurlamaq istədikləri mopedin olduğu yerə qayıtmışlar. Beləliklə, onlar həmin mopedi əlləri ilə itələyərək onun mopedinin yanına aparmışlar, daha sonra mopedi kəndirlə onun mopedinin yedəyinə almışlar. Həmin vaxt İlkin oğurladıqları mopedin sükan arxasına keçmiş, o isə öz mopedini idarə etməklə Yasamal rayonu ərazisinə, yəni digər tanışları Şahid yaşadığı ünvana getmişlər. Belə ki, onlar mopedi götürdükdən sonra onu sürə bilməsələr də, yenidən geri qaytarmaqdan çəkinmişlər. Onlar gedərkən İlkin yolda Hüseynəlinin mobil telefonuna zəng edib onları qarşılamasını bildirmişdir. Beləliklə, ünvana çatanda Hüseynəli onları qarşılamış və mopedi görəndə kimə məxsus olduğunu soruşmuşdur. İlkin də həmin mopedin bir tanışına məxsus olduğunu, mühərrikində problem olduğuna görə işə düşmədiyini, ustaya aparmalı olduqlarını, lakin müvvəqəti qoymağa yerlərinin olmadığını bildirmiş və həmin mopedi bir neçə gün yaşadığı ünvanda saxlamasını Hüseynəlidən xahiş etmişdir. Hüseynəli də onlara inandığına görə razılaşmış və bundan sonra İlkinlə o, mopedi Hüseynəlinin yaşadığı evin həyətinə salıb gizlətmişlər. Bundan sonra İlkinlə o, yenidən şəhərə qayıdıb bir neçə sifariş çatdırmış, təxminən saat 06 radələrində İlkinlə birlikdə Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ilə üzü 28 May metro stansiyası istiqamətində hərəkət edərkən “Kərbəlayi Abdullah” məscidinin qarşısında motosikl olduğunu görmüş və birlikdə həmin motosiklı da oğurlamaq qərarına gəlmişlər. Buna görə İlkin yerə düşmüş, o, isə mopedi döndərib bir qədər irəli Yasamal rayonu istiqamətinə doğru getmiş, İlkin də Dilarə Əliyeva küçəsində saxlanılmış “Tufan S-50-50” markalı 99-G-810 dövlət qeydiyyat nişanlı motosiklı əli ilə itələyib onun dalınca gəlmişdir, irəlidə yenə həmin “Tufan S-50” markalı motosiklı özlərində olan kəndirlə onun mopedinin yedəyinə almış, İlkin “Tufan S-50” markalı motosiklın sükan arxasına keçmiş, o isə öz mopedini idarə etməklə yenidən Hüseynəlinin yaşadığı ünvana getmişlər. Hüseynəli həmin motosiklı görən kimi onlara suallar verməyə başlamış, İlkin də həmin motosiklın işlədiyi restorana məxsus olduğunu, lakin bəzi nasazlıqları olduğuna görə işə düşmədiyini, buna görə həmin motosiklı pulunu hissə-hissə ödəmək şərti ilə işlədiyi restoranın müdiriyyətindən aldığını, pulunu ödədikdən sonra motosiklın özünə qalacağını bildirmişdir. Beləliklə onlar yenə də Hüseynəlini inandırmağa nail olmuşlar və eyni qaydada həmin motosiklı da 02 gün ərzində gəlib götürmək şərti ilə Hüseynəlinin yaşadığı ünvanda gizlədib oradan çıxıb getmişlər. 23 yanvar 2025-ci il tarixdə İlkinlə o, Hüseynəlinin yaşadığı ünvana gedib mopedi və motosiklı götürmək istəyən zaman polis əməkdaşları onları saxlamışlar. İfadəsinin sonunda əməllərindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hadisə vaxtı özünə məxsus “Moon ZX 50” markalı mopedlə kuryer işləyərək pul qazanıb gündəlik xərclərini qarşılamışdır. 20 yanvar 2025-ci il tarixdə həmişə olduğu kimi gecə saatlarında işlərini bitirib yaşadığı ünvana getmiş və saat 23:55 dəqiqədə idarə etdiyi mopedi yaşadığı ünvanın qarşısında, səkinin üzərində saxlayıb evə getmişdir. Səhəri gün, yəni 21 yanvar 2025-ci il tarixdə təxminən saat 07 radələrində işə getmək üçün evdən küçəyə çıxanda mopedin saxlandığı yerdə olmadığını aşkar etmişdir. Buna görə o, Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra, ona oğurlanmış moped qaytarılmış və hadisənin təqsirləndirilən şəxslər tərəfindən törədildiyi məlum olmuşdur. Lakin hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və bu səbəbdən heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxslər barəsində müvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs1 iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus “Tufan 50S” markalı 99-G-810 dövlət qeydiyyat nişanlı motosikllə kuryer işləyərək pul qazanıb ailəsini dolandırır. Həmişə olduğu kimi o, 20 yanvar 2025-ci il tarixdə gecə saatlarında işlərini bitirib yaşadığı ünvana getmiş və idarə etdiyi motosiklı həmişə olduğu kimi yaşadığı ünvanın qarşısında, səkinin üzərində saxlayıb yaşadığı evə getmişdir. Səhəri gün, yəni 21 yanvar 2025-ci il tarixdə təxminən saat 07 radələrində evdən küçəyə çıxanda motosiklın saxladığı yerdə olmadığını görmüşdür. Buna görə o, dərhal yaşadığı evlə üzbəüz yerləşən “Kərbəlayi Abdullah” məscidinə gedib orada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxmış və ona məxsus motosiklın 21 yanvar 2025-ci il tarixdə saat 06 radələrində radələrində naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. O, həmin şəxsin bəlkə peşman olub motosiklı qaytaracağını düşünərək bir qədər gözləmiş, lakin müsbət nəticə olmadığına görə hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. (i/v 87-88). Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Şahid məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, hazırda ünvan 7 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda bibisi X4 ilə birlikdə yaşayır. Atası rəhmətə getdiyinə görə və anası hazırda ağır yataq xəstəsi olduğuna görə bibisi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır, hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişdir, verilən sualları aydın şəkildə başa düşür və cavablandırmaq iqtidarındadır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən 2-3 ildir tanıyır, həmn şəxslərlə normal yoldaşlıq münasibəti var. Orxan motokuryer işləyir, İlkin isə restoranda ofisiant işləyir. Həmin şəxslərin heç biri ilə ədavəti və ya düşmənçiliyi yoxdur. Atası Yaqub 2023-cü ilin əvvəllərində vəfat etmişdir. Buna görə o, hazırki dövrədək yuxusuzluqdan əziyyət çəkir. 21 yanvar 2025-ci il tarixdə təxminən saat 03:30 radələrində İlkin ona zəng edərək Orxanla birlikdə yaşadığı evə gəlmək istədiklərini bildirmişdir. O da həmin vaxt oyaq olduğuna görə, həmçinin işıq sayğacına balans yükləməli olduğuna görə etiraz etməmiş və gəlmələrinə razı olmuşdur. O, danışığı bitirdikdən sonra işıq sayğacına balans yükləmək məqsədi ilə küçəyə çıxmış və işini bitirən ərəfədə Orxanla İlkinin gəldiklərini görmüşdür. Həmin vaxt Orxan öz mopedini idarə etmiş, İlkin isə arxada digər bir mopedin üzərində olmudur və İlkinin idarə etdiyi mopedi Orxanın idarə etdiyi mopedin yedəyinə almışdılar. Onlar hər ikisi çatıb onunla görüşərək hal-əhval tutmuşlar. O, həmin vaxt arxada olan, yəni İlkinin idarə etdiyi mopedin kimə məxsus olduğunu soruşmuş, İlkin həmin mopedin bir tanışına məxsus olduğunu, mühərrikində problem olduğuna görə işə düşmədiyini, ustaya aparmalı olduqarını, lakin müvvəqəti qoymağa yerləri olmadığını bildirmiş və həmin mopedi yaşadığı ünvanda saxlamağı ondan xahiş etmişdir. O, İlkinə 02 gün ərzində xalası Elnurə ibrahimovanın onun bibisi ilə birlikdə yaşadığı evdən başqa bir evə köçəcəyini, əgər mopedi həyətə qoysa köç zamanı maneçilik törədəcəyini bildirmiş və 02 gün ərzində gəlib götürmək şərti ilə mopedi yaşadığı evin həyətində saxlamasına icazə vermişdir. İlkinlə Orxan da razılaşaraq 02 gün ərzində gəlib mopedi onun yaşadığı evin həyətindən götürəcəklərini bildirmiş və bundan sonra onlar mopedi həyətə salıb oradan getmişlər. Gedərkən də “Yango” proqramında 14 gediş (sifariş) tamamlamalı olduqlarını və işlərini bitirdikdən sonra onun yanına gələcəklərini bildirmişlər. Çünki, yuxarıda da qeyd etdiyi kimi atası rəhmətə gedəndən sonra o, gecələr demək olar ki, yata bilmir və buna görə adətən dostları yanına gələrək ona dəstək olurlar. Beləliklə, İlkingil gedəndən təxminən 3 sonra yenidən geri qayıtmışlar. Həmin vaxt yenə Orxan öz mopedini idarə etmiş, İlkin isə arxada bir motosiklın üzərində olmuş və İlkin idarə etdiyi motosiklı da Orxanın idarə etdiyi mopedin yedəyinə almışdırlar. O, həmin motosiklı görən kimi şübhələnmiş və məsələnin nədən ibarət olduğunu onlardan soruşmuşdur. Bu zaman İlkin həmin motosiklın işlədiyi şirkətə, yəni restorana məxsus olduğunu, lakin bəzi nasazlıqları olduğuna görə işə düşmədiyini, buna görə həmin motosiklı pulunu hissə-hissə ödəmək şərti ilə işlədiyi şirkətin müdiriyyətindən aldığını, pulunu ödədikdən sonra motosiklın özünə qalacağını bildirmişdir. O, orada ilkindən motosiklı işə salmasını tələb etmiş, İlkin motosiklın pedalını bir neçə dəfə vursa da, işə düşməmişdir. Buna görə o, Orxanla İlkinin sözlərinə inanmış və eyni qaydada, yəni həmin motosiklı da 02 gün ərzində gəlib götürmək şərti ilə onun yaşadığı evin həyətində saxlamalarına cazə vermişdir. Çünki, İlkin həmin motosiklı da ustaya aparmalı olduğunu, lakin özü Abşeron rayonu Məmmədli kəndində yaşadığına görə, motosiklı nasaz vəziyyətdə o qədər məsafəyə daşıya bilməyəcəyini demişdir. Beləliklə, o, razılaşdıqdan sonra onlar, yəni İlkinlə Orxan üzərində 99-G-810 dövlət qeydiyyat nişanlı motosiklı də həyətə salıb oradan getmişlər. Bir qədər sonra bibisi Lalə yuxudan oyananda o, mopedi və motosiklı göstərib məsələnin nədən ibarət olduğunu izah etmişdir. Bibisi də onun dostlarını tanıdığına görə heç bir etiraz etməmişdir. 02 gündən sonra o, İlkinlə Orxanın gəlib mopedi və motosiklı götürəcəklərini gözlədiyi halda, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları yaşadığı ünvana gələrək qeyd etdiyi mopedi və motosiklı Orxanla İlkinin oğurluq yolu ilə əldə etdiklərini bildirmişlər. O da polis əməkdaşlarına məsələ barədə ilkin məlumatı verib mopedi və motosiklı təhvil vermişdir. Şahid əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin mopedi və motosiklı oğurluq yolu ilə əldə etmələri barədə onun əvvəlcədən heç bir məlumatı olmamışdır. Hadisələrin necə cərəyan etdiyini ifadəsində aydın şəkildə bildirmişdir. (i/v 104-106). İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus motosiklların oğurlanması faktı əsasında toplanmış HK-1/144 və HK-1/146 saylı materiallarda CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin tərkib əlamətləri olduğundan cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (i/v 1). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 23 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayonu prokurorunun 25 yanvar 2025-ci il tarixli qərarı ilə müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 62, 141-142). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 23 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayonu prokurorunun 25 yanvar 2025-ci il tarixli qərarı ilə müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 35, 139-140). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır ( i/v 194). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i/v 193). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 147-148). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 143-144). İş materiallarına əlavə olunmuş “Diskə baxış keçirilməsi haqqında” 25 yanvar 2025ci il tarixli protokoldan görünür ki, “WhatsApp Video 2025-01-24 at 08.38.57.mp4” adlı videofaylda bir nəfər şəxs əynində ağ rəngli gödəkçə, çiynində çanta və başında qoruyucu dəbilqə olan şəxs motosikleti əli ilə sürüb aparması əks olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, oğurladıqları motosikleti əli ilə sürüb apardığını, özünün isə bir qədər kənarda gözlədiyini bildirmişdir. Daha sonra “WhatsApp Video 2025-01-24 at 08.38.58.mp4” adlı videofaylda bir nəfər şəxs əynində ağ rəngli gödəkçə, çiynində çanta və başında qoruyucu dəbilqə olan şəxs motosikleti əli ilə sürüb aparması əks olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin şəxsin yenə Təqsirləndirilən şəxs1 olduğunu, oğurladıqları motosikleti əli ilə sürüb apardığını, özünün isə bir qədər kənarda gözlədiyini bildirmişdir. “WhatsApp Video 2025-01-24 at 08.39.04.mp4” adlı videofaylda bir nəfər qara rəngli gödəkçə geyinmiş başında qoruyucu dəbilqə olan şəxsin motosiketlə getdiyi, ardınca həmin əynində ağ rəngli gödəkçə, çiynində çanta və başında qoruyucu dəbilqə olan şəxsin yolun kənarında saxlanılmış motosikletə yaxınlaşaraq əvvəlcə sürmək istəməsi, daha sonra isə sürə bilməyib əli ilə aparması əks olunmuşdur. Təqsirləndirilən şəxs2 motosikletlə sürüb gedən şəxsin özü olduğunu, yolun kənarındakı motosikleti götürən şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu, yolun kənarında dayanmış həmin motosikleti oğurlamaq üçün götürdüklərini bildirmişdir. “WhatsApp Video 2025-01- 24 at 08.39.05.mp4” adlı videofaylda bir nəfər qara rəngli gödəkçə geyinmiş başında qoruyucu dəbilqə olan şəxsin motosiketlə getdiyi, yedəyində isə həmin əynində ağ rəngli gödəkçə, çiynində çanta və başında qoruyucu dəbilqə olan şəxsin digər motosikleti sürdüyü əks olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin şəxslərin özü və Təqsirləndirilən şəxs1 olduğunu, oğurladıqları motosikleti öz motosikleti ilə yedəyinə alıb sürərək Yasamal rayonu istiqamətində getdiklərini bildirmişdir. (i/v 153). İş materiallarına əlavə olunmuş “Diskə baxış keçirilməsi haqqında” 25 yanvar 2025ci il tarixli protokoldan görünür ki, “WhatsApp Video 2025-01-24 at 08.38.57.mp4” adlı videofaylda bir nəfər şəxs əynində ağ rəngli gödəkçə, çiynində çanta və başında qoruyucu dəbilqə olan şəxs motosikleti əli ilə sürüb aparması əks olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin şəxsin özü olduğunu, oğurladıqları motosikleti əli ilə sürüb apardığını, Təqsirləndirilən şəxs2 isə bir qədər kənarda gözlədiyini bildirmişdir. Daha sonra “WhatsApp Video 2025-01-24 at 08.38.58.mp4” adlı videofaylda bir nəfər şəxs əynində ağ rəngli gödəkçə, çiynində çanta və başında qoruyucu dəbilqə olan şəxs motosikleti əli ilə sürüb aparması əks olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin şəxsin yenə özü olduğunu, oğurladıqları motosikleti əli ilə sürüb apardığını, Təqsirləndirilən şəxs2 isə bir qədər kənarda gözlədiyini bildirmişdir. “WhatsApp Video 2025-01-24 at 08.39.04.mp4” adlı videofaylda bir nəfər qara rəngli gödəkçə geyinmiş başında qoruyucu dəbilqə olan şəxsin motosiketlə getdiyi, ardınca həmin əynində ağ rəngli gödəkçə, çiynində çanta və başında qoruyucu dəbilqə olan şəxsin yolun kənarında saxlanılmış motosikletə yaxınlaşaraq əvvəlcə sürmək istəməsi, daha sonra isə sürə bilməyib əli ilə aparması əks olunmuşdur. Təqsirləndirilən şəxs1 motosikletlə sürüb gedən şəxsin Təqsirləndirilən şəxs2 olduğunu, yolun kənarındakı motosikleti götürən şəxsin isə özü olduğunu, yolun kənarında dayanmış həmin motosikleti oğurlamaq üçün götürdüklərini bildirmişdir. “WhatsApp Video 2025-01- 24 at 08.39.05.mp4” adlı videofaylda bir nəfər qara rəngli gödəkçə geyinmiş başında qoruyucu dəbilqə olan şəxsin motosiketlə getdiyi, yedəyində isə həmin əynində ağ rəngli gödəkçə, çiynində çanta və başında qoruyucu dəbilqə olan şəxsin digər motosikleti sürdüyü əks olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin şəxslərin özü və Təqsirləndirilən şəxs2 olduğunu, oğurladıqları motosikleti öz motosikleti ilə yedəyinə alıb sürərək Yasamal rayonu istiqamətində getdiklərini bildirmişdir. (i/v 154). İş materiallarına əlavə olunmuş maddi sübutun tanınması haqqında 27 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 2021-ci il buraxılışlı, ağ rəngli, R55PCBL84MHL53497 ban nömrəli, 49 sm3 mühərrik həcmli “Tufan” markalı, CUB 50 S model, 99 G 810 dövlət qeydiyyat nişanlı motosikl və Zərərçəkmiş şəxs2 məxsus 2023-cü il buraxılışlı, LJ7XCA1BXPA600025 VİN kodlu, “Moon” markalı ZX50 model mopedin maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə qaytarılması qərara alınmışdır (i/v 163). İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 2021-ci il buraxılışlı, ağ rəngli, R55PCBL84MHL53497 ban nömrəli, 49 sm3 mühərrik həcmli “Tufan” markalı, CUB 50 S model, 99-G-810 dövlət qeydiyyat nişanlı motosikl və Zərərçəkmiş şəxs2 məxsus 2023-cü il buraxılışlı, LJ7XCA1BXPA600025 VİN kodlu, “Moon” markalı ZX50 model moped saiblərinə qaytarılmışdır. (i/v 165, 166). İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Moon” markalı ZX50 model moped ona qaytarıldığından hadisə ilə əlaqədar heç kimdən şikayət və tələbi yoxdur (i/v 168). İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Tufan” markalı, CUB 50 S model motosikl ona qaytarıldığından hadisə ilə əlaqədar heç kimdən şikayət və tələbi yoxdur (i/v 170). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2025-ci tarixli 9/704 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş motosikletlərin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.900 manat müəyyən edilir, o cümlədən; 2021-ci il buraxılışlı, ağ rəngli, R55PCBL84MHL53497 ban nömrli, 49 sm3 mühərrik həcmli “Tufan” markalı, CUB 50 S model, 99 G 810 dövlət qeydiyyat nişanlı motosiklet -900,00 manat; 2023-cü il buraxılışlı, LJ7XCA1BXPA600025 VİN kodlu, “Moon” markalı ZX50 model moped - 1000,00 manat müəyyən edilmişdir (i/v 184-186). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə oğurluq hadisələri üzrə videogörüntüləri əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materallarında saxlanılması qərara alınmışdır (i/v 196-206). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Sumqayıt şəhər probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Sumqayıt şəhər probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 2021-ci il buraxılışlı, ağ rəngli, R55PCBL84MHL53497 ban nömrəli, 49 sm3 mühərrik həcmli “Tufan” markalı, CUB 50 S model, 99 G 810 dövlət qeydiyyat nişanlı motosikl və Zərərçəkmiş şəxs2 məxsus 2023-cü il buraxılışlı, LJ7XCA1BXPA600025 VİN kodlu, “Moon” markalı ZX50 model mopedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış ünvan 10 ünvanın və ünvan 11ləri ilə videogörüntülərin köçürüldüyü 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-374/2025 saylı, 25 aprel 2025-ci il tarixli qərara əsasən 01 may 2025-ci il tarixdən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 2021-ci il buraxılışlı, ağ rəngli, R55PCBL84MHL53497 ban nömrəli, 49 sm3 mühərrik həcmli “Tufan” markalı, CUB 50 S model, 99 G 810 dövlət qeydiyyat nişanlı motosikl və Zərərçəkmiş şəxs2 məxsus 2023-cü il buraxılışlı, LJ7XCA1BXPA600025 VİN kodlu, “Moon” markalı ZX50 model mopedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış ünvan 10 ünvanın və ünvan 11ləri ilə videogörüntülərin köçürüldüyü 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar