Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-375/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, 20 dekabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü şüşə butulka ilə sonuncunun baş nahiyəsindən qəsdən vuraraq ona sol təpə nahiyəsinin kəsilmə xarakterli yarası, sol təpə-gicgah nahiyəsinin çoxsaylı səthi kəsilmə xarakterli yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün ailəsini dolandırmaq məqsədi ilə müxtəlif yerlərdə fəhləlik edir. Təxminən 6 ay müddət olar ki, ünvan 4 ünvanında yerləşən söküntüsü davam edən binanın sakinlərinin əşyalarının daşınmasında onlara köməklik edərək pul qazanır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 16:00 radələrində ünvan 5 ünvanında yerləşən söküntüsü davam edən məhəllədə olan zaman üzdən tanıdığı, lakin şəxsiyyəti ona məlum olmayan 1 nəfər şəxs səslənərək, nə səbəbə işığını kəsməyi barədə irad bildirərək üzündə olan qara rəngli tibbi maskasını çıxartmağını istəmişdir. Bu zaman o, həmin şəxsə “işığını mən kəsməmişəm” sözlərini deyərək cavab verdikdə, həmin şəxs yaxasından tutaraq onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Aralarında mübahisə baş vermiş və həmin mübahisə zamanı həmin şəxsin təhqirlərindən əsəbləşərək, həmçinin özünü müdafiə etmək məqsədi ilə yerdə olan şüşə butulkanı götürüb həmin şəxsin baş nahiyəsindən 1 dəfə vurmuşdur. Daha sonra həmin şəxsin onun üzərinə gəldiyini gördükdə oradan qaçaraq getmişdir. Həmin hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Bu səbəbdən məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Onun həmin şəxs ilə əvvəllər şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Həmin hadisə 2-3 dəqiqə müddətində baş vermişdir. Aralarında nalayiq ifadələr işlədilməmişdir. Hadisə zamanı orada başqa heç kəs olmamışdır. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində sanksiya həddində yüngül cəza tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, Nəsimi rayonu, Ak. M.Mirqasımov küçəsi 4, ev 2-də ailə üzvləri ilə birlikdə yaşayır. Küçədəki evlərin bir çoxu "İnvest M Construction" tikinti şirkəti tərəfindən alınaraq orada söküntü işləri aparılır. Orada fəhlə işləyən, sonradan Təqsirləndirilən şəxs olduğu bildiyi şəxs zərər çəkmiş şəxsin yaşadığı binanın işıq naqillərini dəfələrlə kəsərək oradan kənarlaşmışdır. Bu hal dəfələrlə olmuşdur. Bunu etməkdə məqsəd sakinləri oradan bezdirərək köçməyə məcbur etməkdir. 20 dekabr 2023cü il tarixdə təxminən saat 16:00 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən söküntüsü davam edən məhəllədə qonşuluqda yaşayan Eldar adlı şəxs ilə birlikdə gəzmişdir. Hər zaman küçədə olan zaman binaya gələn elektrik naqillərinə fikir yetirmişdir ki. onu kəsən olsa həmin şəxsi görərək öz narazılığını bildirsin. Bu zaman Mətləb adlı şəxsi yaşayış olmayan evlərin birində görmüşdür. Həmin zaman Mətləb tibbi maska taxmışdır. Mətləbə orada nə etməsini soruşanda Mətləb acı danışmış, ilk öncə həmin şəxsin başqa şəxs olduğunu düşündüyü üçün maskasını çıxartmağı bildirən zaman Mətləb yenə acı danışmış və bu zaman ona məlum olmuşdur ki, həmin şəxs fəhlə olan Mətləbdir. Qeyd olunan hadisədən bir gün əvvəl evin işığı kəsildiyi üçün Mətləbdən binanın işığını nə səbəbdən kəsməsi barədə sual vermişdir. Bu zaman həmin şəxs təkrar kobud şəkildə danışaraq, işığı kəsmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Mətləbə aşağı düşərək yanına gəlməsini xahiş edən zaman sonuncu əyilərək əlindəki, şüşə materialdan olan butulkanı baş nahiyyəsinə vurmuşdur. Həmin zərbə nəticəsində müvazinətini itirmiş və özünə gələnə qədər Mətləb oradan qaçıb getmişdir. Bundan sonra evə gəlmiş və həyat yoldaşı Fatma Salehova baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları oraya gələrək ərizə və izahat almışdır. Həmin hadisə 20 dekabr 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən binanın həyətində baş vermişdir. Mətləb əlindəki butulka ilə onun baş nahiyyəsindən vuran zaman onun başının sol tərəfi kəsilərək oradan qan axmışdır. Həmin vaxt Mətləbi vurmamış, orada yaşayış olmadığı üçün həmin zaman Eldardan başqa heç kəs olmamışdır. Aralarında olan sözlü mübahisə 3-5 dəqiqə davam etsə də, zərər çəkmişi vuraraq Mətləbin hadisə yerindən qaçması 2-3 saniyə çəkmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək onun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); “Hadisə yerinə baxış keçirilməsi barədə” 20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 20-ci PŞ-nin baş təhqiqatçısı Orxan Abaslı tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 7 ünvanında yerləşən yaşayış binanın qarşısıdır. (i.v. 05) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 1781 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol təpə nahiyəsinin kəsilmə xarakterli yarası, sol təpə-gicgah nahiyəsinin çoxsaylı səthi kəsilmə xarakterli yaraları iti kənarlı malik əşyanın (əşyaların), ola bilsin ki, şüşə parçalarının təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X7 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i.v. 26-28) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 61) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 70) “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X4 vardır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahidin istintaq zamanı verdiyi ifadə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), özünü təqsirli bilməsini, əməlindən peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin olunmalı, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-375/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-375/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver