Məhkəmə qərarları › İş №1(006)-375/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-375/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-375/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,368 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 mart 2025-ci il tarixdə saat 12:03-də ünvan 3 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,368 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ildir ki, psixotrop maddə metamfetamin istifadə edir. 05 mart 2025-ci il tarixdə, saat 12:03-də ünvan 3 ünvanın qarşısında olarkən 3 nəfər mülki geyimli şəxslər videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirib, üzərində yoxlama aparılacağını demişlər. Həmin vaxt ona polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah olunmuş, həmçinin tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək hüququnun olması ona izah olunmuşdur. Daha sonra polis əməkdaşları ona əgər üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində ağ rəngli psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü və 01 ədəd Kgtel markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra üstü yoxlanılmış, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra təqdim etdiyi büküm götürülməklə zərfdə qablaşdırılmış və zərfin üzəri onun və polis əməkdaşlarının tərəfindən imzalanmışdır. Orada oan suallar verilmiş və verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Kubinka adlı ərazidə Fərrux adlı şəxsdən 15 manata istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılmış və polis əməkdaşlarının dəvəti ilə Nəsimi Rayon Polis İdarəsinə getmişlər. Polis İdarəsində üzərindən psixotrop maddənin aşkar olunması ilə bağlı aparılmış videoçəkiliş barədə protokol tərtib olunmuş və o, həmin protokola imza etmişdir. Daha sonra polis şöbəsində təhqiqatçı tərəfindən onun iştirakı ilə təqdim etdiyi bükümdə olan maddəyə baxış keçirilmiş, daha sonra bununla bağlı protokol tərtib olunmuş və o, həmin protokola imza etmişdir. Sonra təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, psixotrop maddə metamfetamin istifadə edir. Onun üzərinə qanunsuz baxış aparılmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilməmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Fərrux adlı şəxsin yalnız adını bilir, başqa hər hansı bir məlumatlarını bilmir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X3 əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 05 mart 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Tural» adlı şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıyır və istifadəsi ilə məşğul olur. Keçirilmiş əməliyyat tədbirləri ilə «Tural» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, X3 əməliyyat müvəkkilləri Şahid2 və X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən saxlanıldığı andan müdafiəçinin yardımından istifadə etmək hüququnun olmasını izah etmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, 01 ədəd Kgtel markalı mobil telefondan başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə və mobil telefon qablaşdırılmış və götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğunu, onu istifadə etmək məqsədilə iki gün öncə Kubinka adlı ərazidə Fərrux adlı şəxsdən 15 manata əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs onlarla birlikdə Nəsimi RPİ-yə getməsi təklif olunmuş, sonuncu da razılaşaraq onlarla birlikdə RPİ-yə getmişdir. Polis İdarəsinə gəldikdən sonra videoçəkilişlə bağlı protokol tərtib olunmuş və hər bir iştirakçı həmin protokola imza etdikdən sonra Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuş və şöbənin təhqiqatçısı tərəfindən sonuncu şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X7 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər X5 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlaması, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 05 mart 2025-ci il tarixdə, saat 12:03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov 89 ünvanının qarşısındada saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq eynindəki qara rəngli cins şalvarın sağ yan cibindən sellofan bükümdə metamfetaminə bənzər maddə təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncudan bir ədəd KGTEL markalı mobil telfon aşkar edilmişdir. Ardınca təqdim edilmiş kütləyə baxış zamanı Təqsirləndirilən şəxs bükümdəki maddənin nə olması soruşulmuşdur. Saxlanılan şəxs cavab olaraq özü narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, iki gün öncə 15 manata Kubinka adlanan ərazidən Fərrux adlı şəxsdən almasını bildirmişdir. Aşkar olunan psixotrop maddəyə bənzər kütlə qablaşdırıldı və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalamnaqla götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon da götürülmüşdür. Üstünü yoxlama Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov 89 ünvanında keçrilmişdir (i.v. 9-10); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitəlrəi, psixotrop maddələri və onların prekursorlarmı hazırlaması, əldə etməsi, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 05 mart 2025-ci il tarixdə, saat 12:03-də Bakı şəhəri, Nəsimi rayon Ağadadaş Qurbanov 89 ünvanının qarşısında saxlanılmış, saxlanıldığı yerdə üstü videoçəkilişlə yoxlanılarkən üzərindən bir ədəd sellofon bükümdə psixotrop maddəyə bənzər kütlə aşkar edilərək qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunmuş ’’KGTEL” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürüldü. Bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqdim olunan 01 ədəd zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərindən aşkar edilərək götürülmüş maddənin qablaşdırıldığı zərf açıldı, zərfin içərisindən içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan şəffaf sellofan bükülü aşkar olundu. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmişdir (i.v.18-19); “şübhəli şəxsin tutulması haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə, saat 13:55-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 mart 2025-ci il tarixdən, saat 12:03-dən tutulmuş hesab edilmişdir (i.v. 30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 6/974 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,368 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 45-46); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin Ambulator X2 dair 06 mart 2025-ci il tarixli, 1329 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 58-59); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 61); “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Zaur Tağıyevin 07 mart 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-in MSY-dən azad edilmişdir (i.v. 75-76); “başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi barədə” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan” tədbiri seçilmişdir (i.v. 77-78); “Baxış keçirilməsi barədə” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə aşkar olunmuş mobil telefona onun özünün və müdafiəçisi X8 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon «Kgtel» markalı olmaqla mobil telefonun qarşı hissəsi ekran və düymələrdən ibarətdir, mobil telefon düymələrlə idarə olunur, düymələrin üzərində rəqəm və hərflər əks olunmuşdur. Mobil telefon işlənmişdir, üzərində işlənməsinə dair cızıqlar müşahidə olunur. Mobil telefon işə salınıb içərisində olan məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır (i.v. 81); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2, 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 93-94); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2, 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 99-105); “sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,368 qram psixotrop maddə metamfetaminin xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonrakı psixotrop maddə metamfetaminin 0,268 qram qalığı saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i.v. 106-111); Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən metamfetaminin təmiz çəkisi 0,368 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiya məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,268 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar