Məhkəmə qərarları › İş №1(006)-376/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-376/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-376/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – “Universal” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,448 qram çəkidə psixotrop maddə metamfetamini və xeyli miqdarda 0,386 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 may 2024-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanın qarşısında saxlanılıb, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 ədəd şəffaf polietilenin içərisində olan iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,448 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 0,386 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu məhkumluğu oğurluq cinayətinə görə olmuş və 2019-cu il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Narkotik vasitə və psixotrop maddələrdən bir neçə ildir ki, istifadə edir, heç yerdə işləmir. Bədənində ağrılar olduğu üçün öz istifadəsi üçün narkotik vasitə əldə etmək istəmişdir. Belə ki, 11 may 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, «Nizami» metrostansiyasının yaxınlığında olarkən tanımadığı şəxsdən öz şəxsi istfıadəsi üçün 20 manata narkotik vasitə almışdır. Belə ki, həmin tanımadığı şəxs ona bir ədəd polietilen sellofanda içərisində iki ədəd kağız bükülü vermişdir. Bükülünün birinin içərisində narkotik vasitə heroin, digərində psixotrop maddə metamfetamin olmuşdur. Həmin polietilen sellofanı o, şalvarının cibinə qoyaraq oradan uzaqlaşmışdır. 13 may 2024-cü il tarixdə saat 16:30 radələrində o, ünvan 3 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Özlərini polis kimi təqdim etdikdən sonra, ona da özünü təqdim etməsini bildirmişlər. Bundan sonra onun narkotik vasitənin qəbulunda şübhəli olduğunu bildirmişlər və onu Nəsimi RPİ-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Belə ki, müdafiəçinin iştirakı ilə və mütəxəsiss videoçəkiliş edərək üzərinə baxış keçirilmişdir. Baxış zamanı üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, o, əynində olan mavi rəngli cins şalvarının cibindən 10 manat civarında pul və 01 ədəd polietilen selofanı çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd polietilen selofan açılaraq baxıldıqda içərisindən iki ədəd kağıza bülükmüş bükümlər aşkar olunmuşdur. Təqdim etdiyi 01 ədəd polietilen selofanın içərisində iki ədəd kağıza bükülmüş bükümləri 11 may 2024-cü il tarixdə Bakı şəhəri, «Nizami» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və bükümlərin içərisindəkilərin narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra 01 ədəd polietilen selofanın içərisində iki ədəd kağıza bülükmüş bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd polietilen selofanın içərisində iki ədəd kağıza bülükmüş bükümlər zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. Sonra pulları özünə qaytarılmışlar. O, narkotik vasitə və psixotrop maddəni aldığı şəxsi tanımadığını, həmin şəxsi ilk dəfə gördüyünü, baxmayaraq ki, o, «Nizami» metrosunun yaxınlığında kirayədə yaşasa da, həmin şəxsi əvvəllər görmədiyini bildirmişdir. Əldə etdiyi narkotik vasitə və psixotrop maddədən istifadə edə bilməmiş, çünki polislər tərəfindən yaxalanmışdır. Narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə etmişdir. Hal-hazırda müalicə alır, artıq xeyli müddətdir ki, narkotik maddələrdən və psixotrop maddələrdən istifadə etmir, etdiyi əmələ görə peşmançılıq çəkir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, Reabilitasiya Mərkəzində müalicə aldığını, hal-hazırda da həmin mərkəzdə müalicəni davam etdirdiyini, əməlindən peşman olduğunu bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, “Rəhman” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuş, əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Rəhman” adlı şəxsin ünvan 2yan xx.xx.1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün idarə rəisinə məruzə edilmiş, belə ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair mənim tərəfimdən qəbul olunmuş qərar idarə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı NMB-nin kiçik inspektoru, polis serjantı Şahid2 və ondan ibarət olmaqla əməliyyat qrupu təşkil olunmuşdur. Şahid2 ilə birlikdə 13 may 2024-cü il tarixdə, saat 16:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 95 ünvanda olmasını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib sonuncudan da özünü təqdim etməsi və onlarla birlikdə polis idarəsinə getməsinin vacibliyi izah olunmuşdur. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis İdarəsinin rəhbərliyinə bu barədə məlumat verildikdən sonra Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Saleh Salahzadə tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirildi. Belə ki, Pİ-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının cibindən səkkiz manat kağız pul və xırda pulları, eləcə də 01 ədəd polietilen selofanın işərisində 02 ədəd büküm çıxararaq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen selofan açılaraq baxıldıqda 01 ədəd polietilen selofanın içərisində 02 ədəd kağıza bükülmüş bükümlər aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen selofanın içərisində 02 ədəd kağıza bülükmüş bükümləri tutulmazdan 2 gün əvvəl Nizami metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və bükümlərin birində narkotik vasitə, digər bükümdə psixotrop maddə olduğunu bildirdi. Bundan sonra iştirakçılara 01 ədəd polietilen selofanm içərisində 02 ədəd kağıza bülükmüş bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra 01 ədəd polietilen selofanın içərisində 02 ədəd kağıza bükülmüş bükümlər zərfə qoyularaq zərfin ağzı möhürləndi və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalandı. Sonra pullar özünə qaytarıldı. Saxlanılan Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən zaman və RPİ-də olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulduqda Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən RPİyə gətirilən zaman və RPİ-də olan zaman heç bir zorakılığın olmadığını bildirdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:35 radələrində CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27); şəxsi axtarış və götürmə aparılması haqqında 13 may 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 45-46); şəxsi axtarış və götürmə aparılması haqqında 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Təqsirləndirilən şəxs, Bakı şəhəri Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X3, mütəxəssis (ekspert) X4 iştirakları ilə, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın cibindən iki ədəd bükümdə bükümlər aşkar olunaraq götürülmüşdür (i.v. 47-49); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli, 3-16-16/2-6/2713 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,386 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,448 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: heroinin təmiz çəkisi – 0,386 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,336 qram; metamfetaminin təmiz çəkisi – 0,448 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,398 qram (i.v. 66-68); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 80-81); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Ağayarovun ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Nəsimi RPİ-nin X5 azad olunması qərara alınmışdır (i.v. 93-94); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Ağayarovun 15 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3259 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 99-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzası azaldılaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir (i.v. 111-113); sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,386 qram narkotik vasitə heroinin və 0,448 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,336 qram narkotik vasitənin və 0,398 qram psixotrop maddə metamfetaminin hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ona psixotrop maddə metamfetamini satmış şəxslərin barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi məqsədilə cinayət işi materiallarından ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilmişdir. (i.v. 163-171). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,386 qram olan heroin və təmiz çəkisi 0,448 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-272/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək, 13 iyul 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək tutulduğu 08 (səkkiz) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2530/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-272/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Lakin Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 13 may 2024-cü il tarixdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm çıxarılmazdan əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay 23 gün (bir il altı ay iyirmi üç gün) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” vəkil bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-272/2024 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-272/2024 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq zamanı tutulduğu 04 gün və hazırki cinayət işi üzrə istintaq zamanı tutulduğu 03 gün müddət ona təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il, 06 (altı) ay, 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,336 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,398 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Universal” vəkil bürosunun vəkili Nümayəndə ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar