Məhkəmə qərarları › İş №1(006)-377/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-377/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-377/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə olan odlu silah və onun döyüş sursatını əldə edərək üzərində gəzdirmişdir. Belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 1 ədəd «ГE-6144» nömrəli zavod üsulu ilə keçmiş SSRİ-də 1972-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, komplekt hissəsi ilə birlikdə, texniki cəhətdən saz və atəş üçün yararlı “Makarov” konstruksiyalı yivli odlu silah hesab olunan tapança, həmin tapançaya aid 1 ədəd sandıqça və zavod üsulu ilə istehsal olunmuş 9 x 1 8 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün və istifadəyə yararlı döyüş sursatı olan 3 ədəd patron əldə edib, saxlayıb 17 yanvar 2021-ci il tarixdə üzərində gəzdirməklə Bülbülə dəmir yolu stansiyasının ərazisinə daşımış və X5 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2021-ci il tarixdə saat 13:50 radələrində Bülbülə dəmir yolu stansiyasının ərazisində saxlanılaraq, X5 Polis İdarəsinin növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 15:15-də üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın arxa sağ cibinin üzərində bel hissəsinə keçirdiyi bir ədəd «ГE-6144» nömrəli zavod üsulu ilə keçmiş SSRİ-də 1972-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, komplekt hissəsi ilə birlikdə, texniki cəhətdən saz və atəş üçiin yararlı “Makarov” konstruksiyalı yivli odlu silah hesab olunan tapança, 1 ədəd həmin tapançaya aid sandıqça və zavod üsulu ilə istehsal olunmuş 9 x 1 8 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün və istifadəyə yararlı döyüş sursatı olan 3 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, polislər tərəfindən saxlanılmamışdan təxminən 20 gün əvvəl axşam saatlarında Bülbülə dəmir yolu xəttinin kənarında olarkən yerdə bir sellofan torba görmüş, həmin torba diqqətini çəkdiyindən torbanı yerdən götürərək açmış və içərisində dəmir əşyanın olduğunu görüb özü ilə kirayədə yaşadığı evə aparmışdır. Evdə heç kəs olmayan vaxt torbanı açıb içərisinə baxdıqda torbada bir ədəd dəmir tapança olduğunu, tapançanın daraq hissəsini çıxaran zaman isə orada 3 ədəd patron olduğunu görmüşdür. Tapança ona maraqlı gəldiyi üçün onu evdə heç kəsin görməyəcəyi yerdə gizlətmişdir. Tutulmamışdan bir neçə gün əvvəl Bülbülə qəsəbəsində kirayədə qalmaq üçün yeni ev tapmış və həmin evə köçmək qərarına gəlmişdir. 17 yanvar 2021-ci il tarixdə əşyalarını çantalara yığmış, silahı əynindəki şalvarın bel nahiyəsinə keçirmiş, əynindəki köynəyi görünməməsi üçün silahın üstünə salmış, üzərindən isə qış gödəkçəsi geyinmişdir. Həmin gün saat 14 radələrində Bülbülə qəsəbəsindəki kirayə evinə gedərkən Bülbülə dəmir yolu stansiyasının ərazisində 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini X9 İdarəsinin CAŞ-nin əməkdaşları kimi təqdim etmiş, ona qanunsuz odlu silah əldə edib, saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsinə gətirildikdən sonra o müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra isə üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman hər hansı bir qanunla qadağan edilən əşyanın olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə orada olan masanın üzərinə qoyması təklif edilmişdir. Bundan sonra o əynindəki tünd göy rəngli şalvarının bel hissəsinə əvvəlcədən keçirib saxladığı tünd qəhvəyi rəngli tapançanı təqdim etmiş, həmin tapançanın sandıqçası açıldıqda içərisində 3 ədəd patron olduğu aşkar edilmişdir. Baxış zamanı tapançanın üzərində “ГЕ-6144” nömrəsi həkk olunduğu müəyyən olunmuşdur. Sorğu zamanı həmin tapançanı təxminən 20 gün qabaq Bülbülə dəmir yolu xəttinin kənarından tapdığını və onu polisə təhvil vermək istədiyini bildirmiş, lakin müəyyən səbəblərdən təhvil verə bilməmişdir. O, həmin tapançadan atəş açmamış, ümumiyyətlə niyyəti də olmamışdır. Törətdiyi əməldən səmimi peşman olmasını və etiraf etməsini, himayəsində azyaşlı uşağının olduğunu bildirərək, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin Xüsusi Mühüm İşlər Üzrə baş əvəliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Ayəddin oğlu verdiyi ifadəsində göstərmişdir ki, ona Bülbülə dəmir yolu stansiyası ərazisində «Şahin» adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməsi barədə 17 yanvar 2021-ci il tarixdə məxfi mənbədən məlumat daxil olmuşdur. O, bu barədə raportla idarə rəhbərliyinə müraciət etmiş və daha sonra əldə etdiyi əməliyyat məlumatlarına əsasən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul etmişdir. Qərar əsasında o və CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərliyi özü həyata keçirmişdir. Məlumatı yoxlamaq və “Şahin” adlı şəxsin qanunazidd əməllərinin ifşa edilməsi məqsədi ilə “Şahin” adlı şəxsin zahiri görünüşünü və Bülbülə dəmir yolu stansiyasında olmasını dəqiqləşdirib 17 yanvar 2021-ci il tarixdə həmin Hüseyn Sabanovla birlikdə həmin yerə getmişdir. Orada, yəni “Bülbülə” dəmir yolu stansiyasının ərazisində, dəmir yolu piyada keçidinin yaxınlığında zahiri görünüşündən “Şahin” adlı şəxsə oxşar təxminən 50-52 yaşlarında bir nəfər şəxsin orada oduğunu görüb saat təxminən 13:50-də ona yaxınlaşmışlar. Özlərini ona təqdim edib odlu silah əldə edib saxlamasında və daşımasında şübhəli olduğunu bildirərək onu DYNPİ-nə dəvət etmişlər. Həmin şəxs özünü onlara xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onu DYNPİ-nin inzibati binasına gətirərək növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs odlu silah əldə edib daşımasında şübhəli olduğu üçün təhqiqatçı dəvət olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona hüquq və vəzifələri izah olunmaqla təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Daha sonra növbətçi hissənin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olmuş qanunsuz əşyaları və sənədləri orada olan masanın üzərinə qoyması təklif edilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynindəki şalvarın bel hissəsindən bir ədəd tapançanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin tapançanın sandıqçası tapançanın üzərindən çıxarılarkən içərisində 3 ədəd patron aşkar edilmişdir. Tapançaya baxış zamanı müəyyən edilmişdir ki, həmin tapança SSRİ istehsalı olmaqla, üzərində «ГЕ- 6144» nömrəsi həkk edilmiş və “Makarov” konstruksiyalı silahdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tapançanı o Bülbülə dəmir yolu stanasiyasının ərazisində yerdən tapmış, bir müddət evində gizli saxlamış, daha sonra 17.01.2021-ci il tarixdə isə həmin tapançanı və patronları evdən götürüb yeni evə köçən zaman bel hissəsinə qoymuş, Bülbülə dəmir yolu stansiyasının ərazisində isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, aşkar edilmiş tapança və üç ədəd patron təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə idarənin “Zərflər” üçün möhürü vurulmuşdur. Həmin zərf iştirakçılar tərəfindən imzalanmqala götürülmüş, bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmə və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamış, protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 17 yanvar 2020-ci il tarixli, 21/47R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ГE-6144 N-li silah zavod üsulu ilə keçmiş SSRİ-də 1972-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov" konstrııksiyalı tapançadır, vivli odlu döyüş silahıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan daraqdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur (i/v 30-35). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov tərəfindən DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin X5 Polis İdarəsinin rəisi Sultan Zeynalova ünvanlanan 19.01.2021-ci il tarixli, 011-448-1221 saylı məktubdan görünür ki, 01 ədəd 9 mm kalibrli, «ГЕ-6144» №-li, Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i/v 73). İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanımaq haqqında 12.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə protokolla götürülmüş 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ГЕ-6144” nömrəli yarımavtomatik tapança və həmin tapançaya aid sandıqça iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün NBPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. (üç ədəd patron tədqiqat zamanı istifadə olunmuşdur) (i/v 101-102). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli tələbnamədən, Sabunçu rayon məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmündən və Qaradağ rayon məhkəməsinin 08.10.2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Sadıxov X4 rayon məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmü ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş və 02.12.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i/v 84-86, 90-95). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 18). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının 10 fevral 2021-ci il tarixli 3/216 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 1972-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ГЕ-6144” nömrəli yarımavtomatik tapançadır-yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. -Təqdim edilmiş bir ədəd sandıqça “Makarov" (PM) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd predmet 9 mm kalibrli "Makarov" (“PM”), “PA 63", “P64”, “RK59", “CESKA ZBROJOVKA" konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli, 4(006)-34/2021 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (i/v 71-72). İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 avqust 2009-cu il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 132). İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanımaq haqqında 07.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 17 yanvar 2021-ci il tarixdə şəxsi axtarış keçirilməsinin video görüntüləri olan CD diskə baxış keçirilmiş, CD diskdə olan görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator məhkəmə psixiatrik ekspertizasının 25.05.2021-ci il tarixli 1113 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki xəstəliyin əlamətləri aşkarlanmır, Təqsirləndirilən şəxs nevrasteniya əlamətləri qeyd edilir, onda cinayət əməlini törədən zaman hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkarlanmır, cinayət əməlini törədən zaman öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir, məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur, qeyd edilən nevrasteniya əlamətləri onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum etmir, hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür (i/v 139-141). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 228.1ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məclləsinin yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan məhkəmə ekspertiza xərci 64 (altmış dörd) manat pul tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ГЕ-6144” nömrəli yarımavtomatik tapança və həmin tapançaya aid sandıqça Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış, şəxsi axtarış keçirilməsinin video görüntüləri olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(006)- 377/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 16.06.2021ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə ekspertiza xərci 64 (altmış dörd) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ГЕ-6144” nömrəli yarımavtomatik tapança və həmin tapançaya aid sandıqça Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış keçirilməsinin video görüntüləri olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar