Məhkəmə qərarları › İş №1(006)-379/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-379/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-379/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:55 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 21 may 1991-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, aşpaz işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Nic qəsəbə Ə/D, Nic qəsəbəsində qeydiyyatda olan və ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində tanışı Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxsla birlikdə yaşadığı ünvan 1 ünvanında olarkən sonuncunun mənzildə olmamasından istifadə edərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə mətbəxdəki masanın üzərindən Zərərçəkmiş şəxs məxsus 850 (səkkiz yüz əlli) manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs Şükrüyə maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsı 4-5 il olar ki, əvvəllər işlədiyi restorandan tanıyır və bir neçə ay olar ki onunla birlikdə kirayə mənzildə yaşayır. O, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində yaşadığı mənzildən çıxaraq iş yerinə getmiş və həmin tarixdə saat 20 radələrində iş yerindən çıxaraq Kenanla yaşadığı ünvan 2 ünvana gələrək, qapını açarla açıb mənzilə daxil olmuşdur. Bir qədər sonra mətbəxdə masaya yaxınlaşan zaman stolun üzərində pulun olduğunu görmüşdür. Həmin pulun Zərərçəkmiş şəxs məxsus olduğunu bilmiş və pulu saydıqda 850 manat olduğunu bilmişdir. O, borcu olduğu üçün pulu oğurlamaq qərarına gəlmiş və Zərərçəkmiş şəxs məxsus 850 manat pulu oğurlayaraq, mənzildən çıxmışdır. Bir qədər Səbail rayonu, Nizami küçəsində piyada gəzmiş və həmin küçədə olan restoranlardan birinə daxil olub spirtli içki qəbul etmişdir. Oğurladığı pulun bir hissəsini yəni 400 manatını şəxsi ehtiyacları üçün xərcləmiş və qalan 450 manatı isə özündə saxlamışdır. Zərərçəkmiş şəxs saat 06 radələrində işdən evə gəldiyini bildiyi üçün yaşadığı mənzilə geri qayıtmamış və Kenan ona zəng etdikdə isə zənglərə cavab verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində polis orqanına dəvət edildikdən sonra 22-ci Polis şöbəsinə gəlmişdir. O, ifadəsində xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadığı Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 105, mənzil 16 ünvanında mətbəxdə olan masanın üzərindəki Zərərçəkmiş şəxs məxsus 850 manat pulu oğurladığını, həmin zaman tək olduğunu və heç kimin baş verənlərdən məlumatının olmadığını qeyd etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını bildirərək, köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmədiyi üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şükrü oğlunun təhqiqat zamanı vermiş olduğu ifadəsi tərəflərin razılığı elan edilmiş, zərər çəkmiş şəxsin təhqiqat zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən “Alibi” restoranında administrator vəzifəsində işləyir. O, restoranda gecə növbəsində işlədiyi üçün hər gün saat 18 radələrində iş yerinə getmiş və 07 radələrində yaşadığı mənzilə geri qayıtmışdır. Təqsirləndirilən şəxs və o işə müxtəlif vaxtlarda getdikləri üçün mənzilin açarı hər ikisində olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində mənzildə tək olarkən üzərində olan 850 manat pulu mətbəxdə olan masanın üzərinə qoymuş və mənzildən çıxaraq iş yerinə getmişdir. O, evdə tək olmuş, belə ki, Təqsirləndirilən şəxs saat 14 radələrindən mənzildən çıxaraq işə getmişdir. Zərərçəkmiş şəxs mənzilin qapısını açarla kilidləmiş və evin açarı ondan başqa yalnız Zamində olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 06 radələrində yaşadığı Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 105, mənzil 16 ünvanına geri qayıdaraq qapını açıb içəri girdikdə mətbəxdə olan masaya yaxınlaşıb pulunun masanın üzərində olmadığını, oğurlandığını aşkar etmişdir. Mənzilin qapısını açarla açdığı üçün və pəncərə bağlı olduğu üçün pulunun Zamin Müzəffəlinin oğurladığını düşünmuş və Zaminlə əlaqə saxlamaq istədikdə isə o, zənglərinə cavab verməmişdir. Daha sonra yaxınlıqda olan polis orqanına müraciət edərək baş verənlər barədə məlumat vermişdir. İş materiallarında olan:  “Təqdim olunan əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs oğurluq etdiyi 4 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq pul əskinası götürülmüşdür (İ cild, i.v.17);  “Maddi sübutun tanınması haqqında” 30 mart 2025-ci il tarixli qərarla 4 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq pul əskinası maddi sübut kimi tanınmışdır. (İ cild, i.v 215);  Zərər çəkmiş şəxs tərəfindən yazılmış 30 mart 2025-ci il tarixli “Qəbz”dən görünür ki, təqsirləndirilən şəxsin ona məxsus oğurladığı 850 manat puldan 450 manatı Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhiqatçısı Oruc Əliyev tərəfindən ona təhvil verilmişdir. (İ cild, i.v 38);  Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i/v 66);  Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şükrü oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, sonuncu təqsirləndirilən şəxslə barışmış, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən halın olmasını, eyni zamanda onun şəxsiyyətini xarakterizə edən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-379/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 165 (bir yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd 100 manat pul əskinası və 01 ədəd 50 manatpul əskinasının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şükrü oğluna qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 165 (bir yüz altmış beş) manat məbləğində pul köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar