Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-38/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)- 475/2024 saylı hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2anda yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi islehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,692 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. 04 avqust 2023-cü il tarixdə saat 13:30-da, ünvan 2anın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,692 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 04 avqust 2023-cü il tarixdə səhər saat 10:30 radələrində evdə ailəsi ilə birlikdə olarkən evə mətbəx tərəfdən 4-5 nəfər polis əməkdaşı daxil olmuş və ona barəsində şikayət olduğu üçün Polis Şöbəsinə getməyi təklif etmişlər. O da razı olaraq polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Şöbədə olarkən təhqiqatçı ittiham aktında göstərilən narkotik vasitəni ona verərək bildirmişdir ki, həmin narkotik vasitəni videoçəkiliş zamanı çıxardıb stolun üstünə qoysun. Döyülməmiş, lakin 5 qram narkotik vasitə daşımaqda ittiham edəcəkləri ilə hədələdikləri üçün qorxusundan polis əməkdaşlarının dediklərini etmişdir. Sonradan polis əməkdaşlarının hərəkətlərindən heç bir orqana şikayət etməmişdir. O, ibtidai istintaq zamanı ifadəsini oxumamış, təzyiq altında məcbur olub imza etmişdir. Əvvəllər narkotik vasitədən istifadı etsə də, sonradan müalicə olunmuş, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkilli Şahid2 ifadəsində göstərmişdir ki, 04 avqust 2023-cü il tarixdə həmişə olduğu kimi, saat 09:00-da səhər təlimatında iştirak etdikdən sonra Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1la birlikdə 20-ci Polis şöbəsinin inzibati ərazisində xidmətə başlamaq üçün Nəsimi rayonu “Papanin" adlanan əraziyə yollanmışlar. Orada xidmətdə olduqları zaman saat təxminən 13 radələrində ünvan 2anın qarşısında bir nəfər şəxsin özünü kifayət qədər qeyri-adekvat aparmasını görmüş, həmin şəxsi bir qədər müşahidə etdikdən sonra onun hərəkətlərindən şübhələnərək saat 13:30-da avtomobildən düşüb ona yaxınlaşmışlar. Bu zaman özlərini təqdim edərək ondan anket məlumatlarını təqdim etməsini tələb etdikdə onun bir qədər həyəcanlanmasına, verilən suallara qeyri-adekvat cavab verməsinə və bu kimi digər şübhələnməyə əsas verən hərəkətlərinə əsaslanaraq həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PŞ-nə dəvət etmişlər. Polis bölməsində olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Nəsimi RPİ-nin 20-ci PŞ-də olan zaman, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün təhqiqatçı tərəfindən müdafiəçi təyin edilmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış və baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra ona üzərində qeyri-qanuni olan əşyaları təqdim etmək təklif edildikdə o, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin bükümün içərisində təhqiqatçı tərəfindən nə olması soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükümü şəxsi istifadəsi üçün 03 avqust 2023-cü il tarixdə Nəsimi rayonu “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat ödəniş qarşılığında almışdır. Daha sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilmiş və hər hansı başqa bir əşya aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilən bir büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 04 avqust 2023-cü il tarixdə evdə oturarkən 3-4 nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs çağıraraq evin həyətinə, oradan da mətbəxə daxil olmuş və Təqsirləndirilən şəxs qonaq otağından mətbəxə keçərək nə baş verdiyini soruşduqda polis əməkdaşları ona barəsində şikayət olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Bu hadisədən əvvəl də bir dəfə Təqsirləndirilən şəxs polis əməkdaşları evdən gəlib aparmışlar və həmin vaxt Təqsirləndirilən şəxs qarşı zor tətbiq etmişdilər. Lakin bu dəfə Təqsirləndirilən şəxs onlarla getməyə razılıq verdiyi üçün heç bir zorakılıq tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19-20); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.94-98); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.99); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Əliyev X4 RPİ-nin 20-ci PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.47-49); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/1-6/4174 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs (imza)...” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi - 0,692 qram olan tünd-qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (i.v.56-59); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5097 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.112-113); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,692 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,642 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v.119-125); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 01 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasını tam çəkdiyindən qeydiyyatdan çıxarılmışdır (i.v.110-111); - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-475/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 1(101)- 743/2023 nömrəli hökmü ləğv edilmiş və yeni hökm qəbul edilmiş, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 08 may 2024-cü il tarixdən hesablanmışdır; - AZ-İV №908397 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü bir azyaşlı övladı var; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Nəsimi rayonu “Papanin” adlanan ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və tutularkən üzərində narkotik vasitənin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə həmçinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 ifadəsinə münasibətdə qeyd edir ki, Şahid3 təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla onun ifadəsi müdafiə xarakteri daşıyır və iş üzrə digər sübutlarla təkzib edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-475/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-475/2024 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-nin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-475/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarix saat 13:30-dan, xx.xx.2023-cü il tarix, saat 17:00-dək, yəni 04 (dörd) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun hazırda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-475/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cüi il tarixli, 5097 saylı rəyinə əsasən əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,642 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 68 saata görə 408 (dörd yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-475/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs hazırda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-475/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,642 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 68 saata görə 408 (dörd yüz səkkiz) manat manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-38/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-38/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver