Məhkəmə qərarları › İş №1(006)-381/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-381/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-381/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 zərər çəkmiş şəxsin əmlakını cibindən gizli çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2022-ci il tarixdə saat 13:30 radələrində metronun «28 may» stansiyasından «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ arxa cibindən sonuncuya məxsus dəyəri 1034 manat olan «Xiaomi Mi 11 Lite» markalı **********29664 və **********29672 İMEl kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 20 manat olan ***-***-**-** saylı GSM mobil nömrəni, dəyəri 20 manat olan telefon kabrosunu, dəyəri 6 manat ekran qoruyucusunu və dəyəri 20 manat olan 15 GB mikro yaddaş kartını çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin aprel ayının sonları Gəncə şəhərindən Bakı şəhərinə işləmək məqsədi ilə gəlmiş, pul qazanmaq üçün avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Sonra işində problem yarandığından avtomobili əlindən almışlar. Balaca uşağının başında problem olduğundan müalicəsi üçün pul lazım olmuşdur. İşsiz olduğundan cibgirlik etmək qərarına gəlmişdir. 06 may 2022-ci il tarixdə metronun “28 may” stansiyasında təxminən saat 13:30 radələrində stansiyasının platformasında sıxlıq olmasından istifadə edərək ad soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs qatara minmək istəyərkən şalvarının sağ arxa cibindən mobil telefonunu oğurlamışdır. Mobil telefonu oğurladıqdan sonra əynindəki gödəkcəsinin iç cibində gizlətmiş və qatara minməyib geri qayıdaraq “28 may” metrostansiyasından çölə çıxmışdır. Daha sonra zərər çəkmiş çəxsə dəymiş zərəri tam olaraq ödəməsini, onunla barışmasını və 3 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində metronun “28 may” stansiyasının yaxınlığında yerləşən kitab mağazasından kitab aldıqdan sonra metronun “Elmlər Akademiyası” stansiyasına getmək üçün metronun “28 may” stansiyasına gəlmişdir. Platformaya düşən zaman mobil telefonu şalvarının arxa sağ cibində olmuşdur. 28 may stansiyasında platformada qatar gözləyən zaman sərnişin sıxlığı olmuş, bir qədər gözlədikdən sonra metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar gəlmişdir. Qatara minmiş, qatar metronun “Nizami” stansiyasına çatmağa az qalmış mobil telefonunun şalvarın arxa sağ cibində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Metronun “Nizami” stansiyasında qatardan düşüb Bakı Metropolitenində Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Bundan sonra təqsirləndirilən şəxs oğurladığı telefonun əvəzinə öz adına kreditlə telefon alaraq ona vermişdir. Daha sonra ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, bununla bağlı 18 may 2022-ci il tarixində ibtidai istintaqda ərizə yazdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.30-31); - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-402/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.70-73); - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-318/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs məhkəmə zalından azad edilmişdir (i.v.83-86); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.87-88); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, polis əməkdaşları ilə bir yerdə Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən keçidin qarşısına gəlmiş və 06 may 2022-ci il tarixdə saat 13:30 radələrində metronun «28 may» stansiyasından «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatara minmək istəyən sərnişin Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ arxa cibindən «Xiaomi» markalı, «Mi 11 Lite» modelli, **********29664 və **********29672 İMEl kodlu mobil telefonu oğurladıqdan sonra həmin tarixdə həmin mobil telefonu göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən keçidin qarşısında əvvəllər tanımadığı şəxsə 170 manata satdığını bildirmişdir (i.v.46-48); - Zərərçəkmiş şəxs Bakı Metropolitenində Polis Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Bakı Metropoliteni Polis Şöbəsinə etdiyi müraciətlə bağlı ona dəyən maddi zərər kreditə götürülmüş telefon olmaqla ödənilmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (i.v.82); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk və diskə baxış protokolu maddi sübut kimi tanınmışdır (i.v.102-105); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza 02 ay 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və o, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (l cild, i.v.92-93); - Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 may 2012-ci il təvəllüdlü, 21 noyabr 2014-cü il təvəllüdlü və 21 fevral 2022-ci il təvəllüdlü üç azyaşlı övladı var (l cild, i.v.110-112). - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs metronun «28 May» stansiyasının «Dərnəgül» stansiyası istiqamətində getmək üçün platformada dayanaraq qatar gözləyir. Platformada sərnişin sıxlığı vardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arxasında bir nəfər şəxs dayanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs “Xiaomi” markalı “Mİ 11 lite” modelli mobil telefonunu oğurlayan şəxs onun özüdür. Bu vaxt platformaya «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatar daxil olur. Zərərçəkmiş şəxs digər sərnişinlərlə bir yerdə qatara minmək üçün stansiyanın platformasında dayanmış qatarın vaqonuna yaxınlaşır. Təqsirləndirilən şəxs onun arxasınca gedib Zərərçəkmiş şəxs vaqona minən zaman sərnişilərin sıxlığından istifadə edərək onun əynindəki şalvarın sağ arxa cibində olan mobil telefonu çıxararaq götürür. Daha sonra oradan uzaqlaşıb mobil telefonu gödəkçəsinin iç cibində gizlədərək qatara minmədən eskalator vasitəsilə metronun “28 May” stansiyasının platformasını tərk edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə eyni əməlin zərər çəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət edildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, onunla barışmasını və himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 16 (on altı) gün həbsdə saxlama müddəti həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 27 oktyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 (doqquz) saata görə 54 (əlli dörd) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cianyət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 16 (on altı) gün həbsdə saxlama müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 (doqquz) saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar