Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-381/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiəçilər: Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 “Mirzəyev və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 X3 Təqsirləndirilən şəxs4 iştirakları ilə xx.xx.1971-ci il tarixdə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1983-cü il tarixdə Rusiya Federasiyasının Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, ev 09, mənzil 14-də qeydiyyatda olan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1975-ci il tarixdə Gürcüstan Respublikasının Saqareco rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 60, mənzil 39-da müvəqqəti qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyatzadə küçəsi, ev 44-də yaşayan, məhkumluğu olmayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1959-cu il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, təqaüdçü, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32 küçəsi, ev 11, mənzil 09-da qeydiyyatda olan, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisinin qərb hissəsində yerləşən, Bakı şəhəri Binəqədi Rayon Bələdiyyəsinin 10 dekabr 2012-ci il tarixli, 50 nömrəli qərarı ilə X4 adına rəsmiləşdirilmiş 1.000 m2 torpaq sahəsini sonuncunun adına özəlləşdirib xüsusi mülkiyyətinə keçirəcəyi və bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mülkiyyət hüququna dair müvafiq çıxarış əldə edib ona təqdim edəcəyinə dair yalan vəd verib aldadaraq 10 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 tanışı Şahid2 məxsus fərdi yaşayış evində onun əvvəlcə 10.000 manat pulunu, 04 dekabr 2021-ci il tarixdə isə Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, 14 saylı ünvanda yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında 7.000 manat olmaqla, ümumilikdə 17.000 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 övladı X2 Abşeron Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə törətdiyi cinayət əməlinin daha az cəza təyin edilməsi nəzərdə tutulan cinayət əməlinə tövsif edilməklə həbsdən azad olunmasını təşkil etmək barədə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 08 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, A.Zeynallı küçəsində yerləşən adsız çay evində 10.000 manat, 15 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində eyni ünvanda 15.600 manat almaqla, ümumilikdə 25.600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 6-7 ildir tanıyır, onunla dostluq münasibəti vardır. 2022-ci ilin oktyabr ayında Ruslan ona bildirmişdir ki, tanışı Kamranın İlhamə adlı bacısı var, sonuncunun övladı külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunub, əməlinin yüngülləşdirilməsini istəyir, bu işdə pul qazanmaq olar. Həmin vaxtı ona məşğul olduğu metal işinin aparılması üçün pula ehtiyacı olduğundan, o, bununla razılaşmışdır. Ruslanla birlikdə 25.000 manat pula həmin qadına köməklik etmək qərarına gəlmiş və Ruslana 20.000 manata bu işi həll edib qalan 5.000 manat pulu isə öz aralarında bölməyi təklif etmişdir. Ruslan da buna etiraz etməmiş və onlar 2022-ci ilin dekabr ayının 08-də, təxminən saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, A.Zeynallı küçəsində yerləşən çayxanada Zərərçəkmiş şəxs1 ilə görüşmüşlər. İlhamə qardaşı Kamranla gəlmişdir. O, İlhaməyə oğlunun işini müxtəlif adamlarla 25.000 manata həll edə biləcəyini deyərək onu inandırmış, sonuncu da həmin vaxtı ilkin olaraq 10.000 manat pulu Ruslana verərək qalan vəsaiti də qısa müddətdə çatdıracağını söyləmişdir. İlhamə ilə ayrıldıqdan sonra əvvəlcə razılaşdıqları kimi 2.500 manatı Ruslan özünə götürüb qalan 7.500 manat pulu ona vermişdir. O da verdiyi vədinə əməl etməyərək həmin pulu öz şəxsi işlərinə xərcləmişdir. Bir həftə sonra onlar yenidən İlhamə ilə eyni çayxanada görüşmüşlər. Bu dəfə də İlhamənin yanında qardaşı Kamran var idi. İlhamə Ruslana 15.000 manat pul verərkən o da bir daha onu əmin etmişdir ki, 05 gün ərzində məsələni həll edəcək. Onlar ayrılandan sonra Ruslan ona 15.000 manat pulu vermişdir. Beləliklə də 22.500 manat ona, 2.500 manat isə Ruslana çatmışdır. Sonradan eşitmişdir ki, İlhamə Ruslana əlavə 600 manat pul verib, lakin onun bu vəsaitə aidiyyəti olmamışdır. İlhamədən götürdüyü bu pulu da şəxsi ehtiyacına xərcləmiş, söz verdiyi işi görməmişdir. Bununla belə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışmış, onu vurulmuş zərər ödənilmişdir. Eyni zamanda, onu da qeyd edir ki, o, İlhaməyə özünü keçmiş polis əməkdaşı kimi təqdim etməmişdir. Ona verilmiş digər ittihamla bağlı isə bildirir ki, o, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməmiş, onun hər hansı pulunu ələ keçirməmişdir. Ümumiyyətlə bu şəxsi əvvəlcədən tanımamışdır. Sadəcə olaraq 2021-ci ilin noyabr ayının ortalarında tanışı Təqsirləndirilən şəxs4 onunla görüşərək yanında olan X8 ilə tanış etmiş və sonuncunun Binəqədi rayonunda yerləşən 0,1 hektar torpaq sahəsinin özəlləşdirilməsi və Əmlak Məsələləri Dövlət Xidmətindən mülkiyyət hüququna dair müvafiq çıxarış əldə etmək üçün Zərərçəkmiş şəxs2 10.000 manat pul aldığını, lakin işi həll edə bilmədiyini və Məzahirin pulunu qaytarmaq üçün ona vaxt tələb olunduğu bildirib ondan xahiş etmişdir ki, o, Məzahirlə danışaraq guya sənədləşmə işlərini yekunlaşdırmaq bəhanəsi ilə ondan 15 gün vaxt istəsin. O da Hüseyndən nəyə görə ondan belə bir xahiş etdiyini və bu məsələnin ona nə aidiyyətinin olduğunu soruşduqda, Hüseyn həmin puldan bir qisminin ona verildiyini demişdir. Aralarında dostluq münasibətləri olduğu üçün o, Hüseynin xahişinə etiraz etməmiş, bundan sonra Zahir öz mobil telefonu ilə Məzahirə zəng vuraraq danışmaq üçün ona vermişdir. O da Məzahirlə danışaraq yalandan ona söyləmişdir ki, guya sənədləşmə işləri qaydasındadır və narahatçılığa əsas yoxdur. Lakin, işin mahiyyətini dəqiq bilmədiyi üçün Məzahirin verdiyi suallardan yayınaraq ona bir daha narahat olmamağı və 15 gün ərzində işi həll edəcəklərini demişdir. 15 gün keçdikdən sonra Məzahirin pulu qaytarılmadığı üçün Hüseyn ondan yenə xahiş etmişdir ki, Məzahiri inadırmaq üçün birlikdə onunla görüşüb danışsınlar. O da razılaşmış və 2021-ci ilin dekabr ayında Zahir, Hüseyn, Məzahir və sonuncunun tanışı İlqar adlı şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “008” adlı çayxanada görüşmüşlər. Görüş zamanı o, Məzahirə tezliklə sənədləşmə işlərinin yekunlaşacağını və müvafiq çıxarışın veriləcəyini bildirib ondan xahiş etmişdir ki, bu məqsədlə Zahirlə Hüseynə bir qədər vaxt versin. Onu da əlavə olaraq vurğulayır ki, bundan 1-2 gün sonra Hüseyn Zahirin 8.000 manat pula ehtiyacı olduğunu, lakin Məzahirın artıq şübhələnməyə başladığını deyərək sonuncuya zəng vurub borca pul istəməsini xahiş etmiş, o da bununla bağlı dekabrın 03-də Məzahirə zəng etmişdir. 04 dekabrda isə metronun “Gənclik” stansiyanının yanında yerləşən “McDonalds” restoranının qarşısında Zahir ilə görüşmüş, lakin görüşün məqsədi Zahirdən pul almaq yox, sadəcə olaraq sonuncunun deməsinə görə Məzahirin həmin vaxt uzaqdan da olsa onu görməsə ona hər hansı məbləğdə pul verməyəcəyinin bildirməsi olmuşdur. Təqsirləndirilən şəxs4 və X3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 alıb ələ keçirdikləri 17.000 manat puldan ona heç bir məbləğ çatmamış, ümumiyyətlə o bu işdə iştirak etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 sonuncunun qardaşı Kamranın vasitəsi ilə tanımışdır. Belə ki, Kamranla birlikdə usta işləyirdi. 2022-ci ilin oktyabr ayında Kamran ona bildirmişdir ki, bacısı İlhamənin övladı külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunub, işinin yüngülləşdirilməsi və həbsdən azad olunması üçün adam axtarır və bu sahədə ona köməklik göstərilməsini xahiş etmişdir. O, dostu Təqsirləndirilən şəxs1 polis orqanlarında əlaqəsinin olmasını nəzərə alıb məsələ barədə ona danışmışdır. Eldar da demişdir ki, əgər onlardan 25.000 manat pul alsa onun 10%-ni, yəni 2.500 manatı ona verəcəkdir. Bundan sonra o, Kamrana demişdir ki, bacısı oğlunun işinə kömək edə biləcək adam tapıb, dostu Eldar öz şəxsi əlaqələrindən istifadə edib məsələni həll edə bilər. Kamran da bunu bacısına demiş, sonuncu da onunla görüşüb iş haqqında ona ətraflı məlumat verərkən o onu bir daha əmin etmişdir ki, Eldarla birlikdə oğlunun işini həll edib həbsdən azad etdirəcəklər. Daha sonra Eldarla birlikdə İlhamə ilə görüşəndə Eldar bir daha onun oğlunun işini həll edəcəyinə söz vermiş və bunun müqabilində 25.000 manat pul istəmişdir. İlhamə də razılaşmışdır. 2022-ci ilin dekabr ayının 08-də, saat 16 radələrində o, Eldar, İlham və Kamran Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çayxanada görüşmüş və orada İlhamə ona 10.000 manat pul verərək qalan məbləği də qısa müddət ərzində təqdim olunacağını demişdir. Bu görüşdən sonra o, həmin puldan 7.500 manatı Eldara verib qalan 2.500 manatı özünə götürüb xərcləmişdir. 15 dekabr 2023-cü il tarixdə Eldarla birlikdə yenidən həmin çayxanada İlhamə ilə görüşərək ondan 15.000 manat pul almış və ayrılandan sonra bu vəsaiti Eldara vermişdir. Bundan başqa o, İlhaməyə demişdir ki, iş düzəltdiyi üçün ona 2.000 manat verilməli, sonuncu da ona həmin çayxanada ona yalnız 600 manat vermişdir. Beləliklə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ələ keçirilmiş pulundan onda ancaq 3.100 manat olmuş, qalan məbləğ isə Təqsirləndirilən şəxs1 verilmişdir. Zərər çəkmiş şəxslə barışmış, onu vurulmuş zərər ödənilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X8 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında tanışı İlqar ona zəng edərək bildirmişdir ki, Binəqədi rayonu, 6-cı mikrorayonda bələdiyyə sanədi ilə 10 sot torpaq sahəsi var, həmin torpaq sahəsinə çıxarış almaq lazımdır va bu barədə görüşüb söhbət etmək istəyir. O da etiraz etməyib İlqarla birlikdə torpağın sahibi olan Zərərçəkmiş şəxs2 ilə görüşmüşdür. Söhbət zamanı Məzahir torpağın sənədləşməsində köməklik etməsini xahiş etmişdir. O da maraqlanıb əlindən gələn köməkliyi edəcəyini bildirmiş və torpağa məxsus sənədin surətini Məzahirdən götürmüşdür. Bundan sonra məsələ ilə maraqlanmış və həmin torpağa çıxarış almaq üçün təxminən 80.000 manat pul lazım olduğunu bilmişdir. O da fikirləşmişdir ki, bu işi həll edib 5-10 manat qazanc əldə edə bilər. Buna görə də növbəti görüşdə Məzahirə demişdir ki, çıxarış alınması üçün ümumilikdə 80.000 manat pul lazım olacaq. Məzahir də onunla razılaşmış və o, işə başlamaq üçün Məzahirdən 10.000 manat pul istəmişdir. Bundan sonra 10 avqust 2021-ci il tarixdə Biləcəri qəsəbəsində İlqarın yaşadığı evdə Məzahirlə görüşmüş və Məzahir 10.000 manat pulu ona vermək üçün onu İlqara təqdim etmişdir. Daha sonra onlar həyətə çıxmış və İlqar 10.000 manat pulu ona vermişdir. Bundan sonra o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs4 ilə danışmışdır. Çünki, Hüseyn əmlak məsələləri ilə bağlı nə iş olsa həll edə biləcəyini demişdir. Söhbət zamanı Hüseynə torpaq sahəsi barədə məlumat vermiş və əgər həmin torpağa çıxarış ala biləcəyi təqdirdə torpağın sahibindən 70-80 min manat civarında pul ala biləcəyini demiş, işi bir az ucuz həll edəcəyi halda qazanc əldə edə biləcəklərini bildirmişdir. Həmçinin, torpağın sahibindən artıq 10.000 manat beh aldığını da demişdir. Hüseyn torpağa məxsus bələdiyyə sənədinin surətinə baxıb heç bir problem olmadığını bildirmiş, qeyd olunan torpağa aid sənədin surətini götürüb qısa vaxt ərzində danışıb xəbər edəcəyinə söz vermişdir. Avqust ayının 17-i Hüseyn ona zəng edib işi danışdığını, qısa vaxt ərzində torpaq üçün çıxarış alınacağını deyərək ilkin olaraq 5.000 manat pul istəmişdir. O da Hüseynə inandığı üçün Məzahirin ona verdiyi puldan hissə-hissə olmaqla uç dəfəyə bu vəsaiti vermişdir. Sonra Hüseyn ona zəng edib əlavə 3.000 manat pul istəmişdir. Həmin vaxt Hüseyn sənədləşmə üçün lazım olacaq ümumi məbləğ barədə bir söz deməmiş, Hüseyni yaşadığı evinə dəvət etmiş və evinin qarşısında həmin pulu Hüseynə vermişdir. Məzahirdən 10.000 manat pulu götürdükdən bir neçə gün sonra onları tanış edən İlqar ona zəng edərək bir-iki günlük 2.000 manat borc pul istəmişdir. O da Məzahirdən aldığı puldan 2.000 manatı İlqara vermişdir. Hüseynə 3.000 manatı verdikdən 02 gün sonra o, yenidən zəng edərək qalan 2.000 manatı istəmiş, həmin vaxt qalan 2.000 manat pul İlqarda olduğu üçün Hüseynə 1-2 gün gözləməsini xahiş etmişdir. Daha sonra İlqara zəng edib sənədləşmə üçün pul lazım olduğunu bildirmiş və pulu təcili çatdırmasını xahiş etmişdir. İlqar da 02 gün ərzində 1.500 manat pul düzəldib qaytarmış, qalan 500 manatı isə qısa vaxt ərzində qaytaracağını bildirmişdir. Hüseyn hər gün zəng edib pulu istədiyi üçün o, 500 manat borc alıb həmin pulun üstünə qoyaraq 2.000 manat pulu Hüseynə vermişdir. Bundan sonra o hər gün Hüseynə zəng edib işin nə yerdə olduğunu soruşurmuş, Hüseyn isə hər dəfə onu inandıraraq tezliklə həll edəcəyini bildirirmişdir. Bununla yanaşı Məzahir də ona zəng edirdi, o da Hüseynin dediklərini ona çatdırırdı. Təxminən sentyabr ayının sonlarında işin çox uzandığını görüb qərara gəlmişdir ki, Hüseynlə Məzahiri görüşdürsün. Çünki o, Hüseynin sözlərini Məzahirə çatdırırdı və yalançı çıxdığı üçün o da Məzahirin yanında yalançı olurdu. Bu barədə Hüseynə məlumat vermiş və onları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yanındakı çayxanada görüşdürmüşdür. Söhbət zamanı Hüseyni Reyestr Xidmətində geniş əlaqəsi olan şəxs kimi təqdim edib torpağın sənədləşməsini görəcəyini demişdir. Bu görüşdən sonra Hüseyn yenə də müxtəlif vədlər verərək vaxtı uzatmışdır. Bir gün yenə Hüseynə zəng edəndə sonuncu bildirmişdir ki, “müəllimin yanındayam, telefonu mikrofona qoyuram, müəllimnǝn danış”. O, müəllimin kim olduğunu soruşanda, həmin şəxsi Eldar kimi təqdim etmiş və işi Eldarın həll etdiyini bildirmişdir. Daha sonra Eldarla telefonda danışmış, sonuncu da söz vermişdir ki, iş tezliklə həll olunacaq, 2-3 günə xəbər çıxacaq. Təxminən oktyabr ayının birinci yarısında Hüseyn onu Eldar adlı şəxslə görüşdürmüş, eyni zamanda bundan əvvəl demişdir ki, əgər Eldar torpaq üçün çıxarış alınmasına ümumilikdə nə qədər pul verə biləcəyini soruşsa, o, 50.000 manat deyər. Belə qərara gəlmişlər ki, Eldar 50.000 manata işi həll edərsə, Məzahirdən alacağı ümumi məbləğdən qalan 30.000 manat onların qazancı olar. Görüş zamanı Hüseyn Eldarın Daşınmaz Əmlakın Reyestr Xidmətində bütün sənəd işlərini həll edə bildiyini, işi Eldarla danışdığını demiş, Eldar da onun dediklərini təsdiq etmişdir. Söhbət zamanı Eldar torpağın sahibi ilə işin neçəyə danışıldığını soruşmuş, o da Hüseynlə razılaşdığı kimi 50.000 manata danışdığını demiş, Eldar isə heç nədən narahat olmamağı bildirərək tezliklə işi həll edəcəyinə söz vermişdir. Lakin Hüseynə verdiyi 10.000 manat pulun Eldara verilibverilmədiyini bilməmişdir. Aradan bir müddət keçdikdən sonra Hüseyn onunla əlaqə saxlayıb görüşməyi təklif etmiş və Məzahiri də çağırmağını, həmçinin sənədin əslini gətizdirməyini tapşırmışdır. O da öz növbəsində Məzahirlə əlaqə saxlayıb sənədin əslini də götürüb Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yanındakı çayxanaya dəvət etmişdir. Həmin vaxt Məzahir İlqar ilə gəlmişdir. Həmin görüşdə o, Məzahiri Eldarla tanış etmiş, həmçinin Eldarın Hüseynin adamı olduğunu, işi birlikdə həll etdiklərini demişdir. Bunu Hüseyn də Məzahirə demiş və bir daha işi onların həll etdiyini etiraf etmişdir. Həmin vaxt hətta Eldar Məzahirdən torpağın sənədlərinin əslini götürüb 1 saylı Ərazi İdarəsinə getdiyini deyərək çayxanadan çıxmışdır. Bir neçə dəqiqədən sonra Eldar geri qayıdıb sənədləri idarəyə verdiyini bildirmiş və 3-5 gün ərzində məsələnin həll ediləcəyinə söz vermişdir. 03 dekabr 2021-ci il tarixdə Məzahir ona zəng edərək Eldarın 7.000 manat pul istədiyini demişdir. O, məsələdən məlumatsız olduğu üçün maraqlanıb xəbər edəcəyini bildirmiş və daha sonra Hüseynə zəng edərək bu barədə maraqlanmış və nə üçün Eldarın ona demədən Məzahirdən pul istədiyini soruşmuşdur. Hüseyn isə bildirmişdir ki, kadastr üçün təcili pul ödənilməlidir. Həmin pul ödənildikdən sonra uzağı bir həftəyə sənədi alacaqlar. Buna görə də o, yenidən Məzahirə zəng edib bu sözləri demiş və pulu verməsini xahiş etmişdir. Ertəsi günü o, Məzahirlə “Gənclik Mall” ticarət mərkəzinin qarşısında görüşmüş, həmin vaxt Eldar da “McDonalds” adlı restoranın yanında onu gözləyirdi. O, 7.000 manat pulu Məzahirdən götürmüş və restoranın qarşısında Eldara 5.000 manat vermişdir. Bundan sonra Hüseyn və Eldar müxtəlif bəhanələr gətirərək onu aldatmağa, vaxtı uzatmağa başlamışlar. O, aldanıldığını başa düşüb pulu geri tələb etməyə başlamışdır. Eyni zamanda Məzahir də pulu ondan tələb edirdi. Hüseyn və Eldar bu dəfə də pulu qaytarmaq üçün vaxt istəmiş, hər dəfə söz verdikləri vaxt çatanda müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışlar. O, Məzahirdən aldığı cəmi 17.000 manat puldan 5.000 manatı Eldara, 5 mini isə Hüseynə vermiş, 7.000 manatı isə özünə götürmüşdür. Lakin Eldar aldığı pulu etiraf etmir, buna görə də o, özünün Məzahirə ümumilikdə 12.000 manat ziyan vurduğunu qəbul edir. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışmış, ona vurulmuş zərər ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin payız aylarında təsadüfən qohumu vasitəsilə əvvəldən tanıdığı X8 ilə görüşmüşdür. Söhbət əsnasında Zahir Binəqədi rayonu, 6-cı mikrorayonda bələdiyyə sənədi ilə 10 sot torpaq sahəsinin olduğunu deyərək onu necə özəlləşdirmək mümkün olduğunu soruşmuşdur. O da sənədləri ona təqdim etməsini istəmişdir ki, maraqlanıb konkret bir söz desin. Həmçinin bu işlə maraqlanmaq üçün müəyyən şəxslərlə görüşməli, müəyyən qədər pul xərcləməli idi. Buna görə də bu işi həll etmək üçün 5.000 manat pul istəmişdir. Belə ki, həmin məbləğ onun qazancı olmalı idi, qalan nə xərc çıxarsa onu Zahir torpaq sahibindən almağı düşünmüşdür. Zahir ona bu işin həlli ilə bağlı Məzahirlə 40.000 manata razılaşdığını bildirmişdir. O da Zahirlə bu barədə razılaşmış, ondan sənədlərin surətini götürmüş, 23 oktyabr 2021-ci il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Keşlə” adlı kafedə ilkin olaraq Zahir ona 3.000 manat pul vermişdir. Qalan 2.000 manatı isə növbəti gün verəcəyini demişdir. Növbəti gün Zahirlə əlaqə saxlayanda sonuncu Ramana qəsəbəsində olduğunu bildirərək pulu gəlib oradan götürməsini xahiş etmişdir. O da Ramana qəsəbəsinə gedib Zahirdən qalan 2.000 manatı götürmüşdür. Zahir pulu ona verəndə həmin pulun öz pulu olduğunu və daha sonra Məzahirdən alacağını bildirmişdir. O, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən, habelə qurumun 1 saylı Ərazi İdarəsindən məsələ ilə maraqlanmış, lakin bələdiyyə sənədi olduğundan, eləcə də arxivdə qeydiyyatı olmadığından çıxarış almaq mümkün olmamışdır. Həmin ərəfədə Zahir onu torpağın sahibi Məzahirlə tanış etmişdir. Söhbət zamanı o, artıq həmin işlə məşğul olduğunu, qısa vaxt ərzində cavab alacağını söyləmişdir. Bundan sonra anası xəstə olduğundan müalicəsi üçün pul lazım olmuş və o, Zahirdən aldığı pulu anasının müalicəsinə xərcləmişdir. Lakin bir tərəfdən də sənədin düzəlməsi üçün müəyyən adamlara müraciət etmiş, həmçinin tanışı Təqsirləndirilən şəxs1a da demişdir. Eldar da çalışıb köməklik edəcəyini bildirmişdir. Bundan sonra Zahirlə danışıb Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yanında görüşmüşlər. Həmin vaxt torpağın sahibi Məzahir və yanında İlqar adlı şəxs də gəlmişlər. Söhbət zamanı Eldar sənəd məsələsini danışıb həll etməyə çalışacağını bildirmiş və torpağın sənədlərini götürüb 1 saylı Ərazi İdarəsinə getmiş, geri qayıtdıqdan sonra bildirmişdir ki, sənədi verib, orada məsələ ilə maraqlanıb çıxarış verilməsinin mümkünlüyü yoxlanılacaq. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Zahir ona zəng edərək bildirmişdir ki, “nə üçün Eldar mənə demədən Məzahirdən 7.000 manat pul istəyib?”. Bu məsələdən onun da xəbəri olmamışdır. Ona görə də Zahirə demişdir ki, bunu Eldarla özü danışsın. Sonradan eşitmişdir ki, Zahir Mazahirdən 7.000 manat pul alıb və həmin puldan 5.000 manatı Eldara verib. Lakin o, nə həmin pulun alınmasında, nə də ki, Eldara verilməsində iştirak etməmişdir. Bundan sonra Məzahir Zahirdən pulunu istədiyi üçün Zahir də ondan pulu geri istəməyə başlamışdır. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışmış, onun tərəfindən ələ keçirilmiş pul tam şəkildə qaytarılmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, övladı X7 2022-ci ilin iyun ayında Abşeron rayonu ərazisində külli miqdarda narkotik vasitə daşıdığına görə tutularaq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həbs olunmuşdur. O da övladının maddəsinin yüngülləşdirilməsi üçün adam axtarmışdır. Təqsirləndirilən şəxs2 qardaşı Kamranın vasitəsilə tanımışdır. Belə ki, Ruslan onun qardaşı ilə birlikdə mənzillərin təmiri ilə məşğul olurdu. O, qardaşına bu işin həll edilməsi üçün adam tapmasını xahiş etmiş, qardaşı da bu barədə Ruslana demişdir. Ruslan da keçmiş polis əməkdaşı və daxili işlər orqanlarında yaxşı əlaqələri olan Eldar adlı tanışının olduğunu deyərək övladının maddəsinin yüngül maddəyə keçməklə həbsdən azad olunmasına, işin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə yox, Abşeron Rayon Məhkəməsinə göndərilməsinə köməklik göstərəcəklərini bildirmişdir. O da sevinib Ruslan və Eldarla görüşmüşdür. Həmin şəxslər ona bildirmişdilər ki, 40.000 manat pula övladının həbsdən azad olunmasına köməklik göstərə bilərlər. Xüsusilə Eldar demişdir ki, Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri ilə əlaqələri var, həmin adamların vasitəsilə onun oğlunun maddəsini 234.1-ci maddəsinə tövsif etdirəcəkdir. Bundan sonra o, pul vermək qərarına gəlmişdir. Ona görə də Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən mənzilini satışa çıxarmışdır. Eyni zamanda Eldar bildirmişdir ki, pulu hissə-hissə vermək lazımdır. Ona görə də 10.000 manat borc pul alıb 2022-ci ilin dekabr ayının 8-də, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, A.Zeynallı küçəsində yerləşən adsız çay evində Ruslan və Eldarla görüşmüşdür. Həmin vaxt yanında olan qardaşı Kamranın iştirakı ilə 10.000 manat pulu Ruslana vermişdir. Eldar bir daha əmin etmişdir ki, məsələ həll olunacaq. Eldarın sözünə görə 25.000 manat pul əvvəlcə, qalan 15.000 manat isə işin axırında, yəni iş prokurorluğa gedəndə verilməli idi. Bundan sonra o, mənzilini dəyər-dəyməzə satmış və 15 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində həmin çay evində Eldar və Ruslanla görüşmüşdür. Bu zaman onun yanında qardaşı Kamran və ailəvi dostları olan Şahid1 da var idi. O, həmin şəxslərin iştirakı ilə 15.000 manat pulu Ruslana təqdim etmiş, eyni zamanda Ruslan ondan işi düzəltdiyi üçün ayrıca 2.000 manat istədiyinə görə əlavə olaraq ona da 600 manat vermişdir. Eldar 05 gün ərzində məsələni həll edəcəyinə söz versə də, oğlunun işinin həll olunmadığını görüb Ruslan və Eldarla əlaqə saxlayıb məsələnin niyə belə uzandığını soruşmuş, onlar da müxtəlif bəhanələr gətirimişlər. 09 ynavar 2023-cü il tarixdə isə oğlunun cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bundan sonra başa düşmüşdür ki, Ruslan və Eldar onu aldadıb pulunu ələ keçirmişlər. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlardan şikayətçi deyil. Məhkəmədə Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisinin qərb hissəsində yerləşən, Bakı şəhəri Binəqədi Rayon Bələdiyyəsinin 10 dekabr 2012-ci il tarixli, 50 nömrəli qərarı ilə X4 adına rəsmiləşdirilmiş 1.000 m2 torpaq sahəsi varıdır. 2021-ci ilin yay aylarında bu torpaq sahəsini özəlləşdirmək istəmiş, buna görə tanışı Şahid2 bu barədə məlumat vermişdir. İlqar da bildirmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olan X8 adlı şəxs var, onun vasitəsilə işi həll etmək olar. Daha sonra İlqar onu Zahirlə tanış etmiş və söhbət zamanı Zahir bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbər vəzifəli şəxsi ilə ali məktəbi birlikdə oxuyub, qrup yoldaşı kimi onunla yaxın münasibəti var və həmin şəxsin vasitəsilə işi həll edəcək. Sonra Zahir ondan torpağın sənədinin surətini götürmüş və bu görüşdən 2 gün sonra İlqarla birlikdə yenidən onunla görüşmüşdür. Bu vaxt Zahir bildirmişdir ki, razılığ alıb, işi həll etmək üçün 80.000 manat pul lazımdır və ondan işə başlamaq üçün beh olaraq 10.000 manat pul istəmişdir. O, pulu sənədi aldıqdan sonra verəcəyini bildirsə də, Zahir israrla işə başlamaq üçün pul lazım olduğunu, pul verilmədiyi təqdirdə işin alınmayacağını demişdir. Bundan sonra o, 10 avqust 2021-ci il tarixdə 10 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən İlqarın yaşadığı evdə sonuncunun iştirakı ilə Zahirə 10.000 manat pul vermişdir. Həmin vaxtı Zahirin deməsinə görə 15 günə sənəd hazır olacaq idi. Təxminən 10-15 gün sonra Zahir onu Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə çağırmış və “008” adlı çayxanada ondan əlavə 20.000 manat pul istəmişdir. Lakin o, qəti şəkildə buna razı olmamış və işin alınmadığı üçün pulunun qaytarılmasını istəmişdir. Həmin görüşdən təxminən 02 gün sonra Zahir demişdir ki, guya iş pozulmasın deyə onun əvəzinə 20.000 manat faizə pul götürüb və bütün pulları vəzifəli şəxsin köməkçisinə verib. Ona narahat olmamağı söyləyərək işin tezliklə həll olunacağını bildirmişdir. Təxminən oktyabr ayında Zahir onu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yanındakı çayxanaya görüşə çağırmış və həmin vaxt yanında olan Təqsirləndirilən şəxs4 ilə tanış edərək onun vəzifəli şəxsin pul məsələlərinə baxan şəxs kimi təqdim etmişdir. Yenə də onu inandırmaq üçün müxtəlif sözlər vermiş, işlərin öz qaydasında getdiyini deyərək qısa vaxt ərzində sənədlərin hazır olacağını bildirmişdir. Təxminən 2021-ci ilin noyabr ayının ortalarında Zahir onu yenə həmin yerə görüşə çağırmış və ondan sənədlərin əslini gətirməyini istəmişdir. O, İlqarla birlikdə həmin yerdə onunla görüşmüşdür. Bu dəfə Zahirin yanında Hüseyndən əlavə Təqsirləndirilən şəxs1 adlı şəxs də olmuşdur. Zahirin deməsinə görə Eldar guya Hüseynin köməkçisi idi. Hüseyn də demişdir ki, sənədləri Eldara ver. Eldar ondan sənədlərin əslini götürüb 1 saylı Ərazi İdarəsinə getmiş və bir neçə dəqiqədən sonra geri qayıdaraq sənədi artıq idarədə qəbul edildiyini və bir neçə gündən sonra onu idarədən çağıracaqlarını demişdir. 03 dekabr 2021-ci il tarixdə Eldar ona zəng edib işin həlli üçün 8.000 manat pul istəmiş, o da bildirmişdir ki, işi Zahirlə danışdığı üçün pulu da ancaq ona verə bilər. Sonra Zahirə zəng edərək nə səbəbə Eldarın ondan pul istədiyini soruşmuş, Zahir də ona işlərin yekunlaşmaq üzrə olduğunu deyərək 7.000 manat pulun verilməsini söyləmişdir. 04 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, 14 saylı ünvanda yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Zahirlə görüşüb 7.000 manat pulu ona vermişdir. Sonra görmüşdür ki, Zahir pulu ondan götürdükdən sonra yaxınlıqda yerləşən “McDonalds” adlı restoranın yanında Eldar ilə görüşür. Bundan sonra Zahir, Eldar və Hüseynlə müxtəlif vaxtlarda zəngləşmiş, lakin həmin şəxslər onu aldadaraq vaxtı uzatmağa başlamışlar. O da hər dəfə şikayət edəcəyini bildirəndə, Zahir pulu qaytaracağına inandırıb vaxtı uzatmışdır. Bu minvalla aradan bir neçə ay keçmiş, heç bir nəticə əldə edə bilmədiyi üçün onların barəsində şikayət etmişdir. Hazırda ona vurulmuş ziyan Zahir və Hüseyn tərəfindən ödənildiyi üçün onlarla barışmış və bu şəxslərə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 isə şikayətçidir, çünki o, ona vurulmuş zərərin aradan qaldırılması üzrə tədbirlər görməyib, ümumiyyətlə onun pulunun ələ keçirilməsini etiraf etmir, həm də sənəd məsələsində ona daha çox yalanlar danışıb. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 2021-ci ilin əvvəllərindən ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Zahir Sadigovi isə 2020ci ildən etibarən tanımış, sonuncunun Ramana qəsəbəsində yerləşən evinin elektrik işlərini görmüşdür. Zahirin evində işləyən zaman sonuncu həmişə özünü iş görən şəxs kimi tanıtmış, Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifəli şəxslərin adlarını çəkərək guya onlarla dost olduğunu və əmlakla bağlı bütün məsələləri həll edə bilmək imkanının olduğunu demişdir. 2021-ci ilin yay aylarında Məzahirlə söhbət edərkən sonuncu Binəqədi rayonu, 6-cı mikrorayonda bələdiyyə sənədi ilə 10 sot torpaq sahəsinin olduğunu və ona dair çıxarış almaq istədiyini bildirərək bu işi həll edə biləcək adam tapa bilmədiyini demişdir. Həmin vaxt onun yadına Zahir düşmüş və bu barədə Məzahirə məlumat verəndə, sonuncu Zahirlə onu görüşdürməyini istəmişdir. O da bu barədə Zahirlə demiş və onları tanış etmişdir. Söhbət zamanı Zahir Əmlak Məsələləri Dövlət Xidmətində işləyən yüksək vəzifəli bir şəxslə ali məktəbi birlikdə oxuduğunu, qrup yoldaşı kimi onunla yaxın münasibətlərinin olduğunu bildirmiş və telefonla torpağın sənədlərinin şəklini çəkib bir müddət sonra xəbər edəcəyini bildirmişdir. Həmin görüşdən 02 gün sonra Zahir ona zəng edərək məsələni artıq danışdığını, görüşüb söhbət etmək lazım olduğunu demişdir. O da öz növbəsində bu barədə Məzahirə məlumat vermiş və birlikdə Zahir ilə görüşmüşlər. Söhbət zamanı Zahir işi həll etmək üçün 80.000 manat pul lazım olduğunu bildirmişdir. Eyni zamanda demişdir ki, guya bir neçə dəfə iş gördükdə onu aldadıb pulu verməyiblər, o da pis vəziyyətdə qalıb. Buna görə də işə başlamaq üçün beh olaraq 10.000 manat pul istəmiş, Məzahir də Zahirlə razılaşmış və 10 avqust 2021-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 6-cı döngədə yerləşən ona məxsus evdə Məzahir 10.000 manat pulu ona vermiş və o da həmin vəsaitit Zahirə təqdim etmişdir. Zahir də təxminən 01 ay ərzində işi həll edəcəyini demişdir. Təxminən 10 gün sonra Zahir ona zəng edərək sənədin demək olar ki hazırlandığını, lakin əlavə 20.000 manat pulun lazım olduğunu demişdir. O da bu barədə Məzahirə məlumat vermiş, lakin Məzahir etiraz edərək belə danışmadıqlarını bildirmiş və pul verməkdən imtina etmişdir. Bir neçə gündən sonra Zahir demişdir ki, guya iş pozulmasın deyə özü 20.000 manat faizə pul götürüb və bütün pulları vəzifəli şəxsin köməkçisinə verib. Təxminən oktyabr ayında Zahir onları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yanındakı çayxanaya görüşə çağırmışdır. O da Məzahirlə birlikdə oraya getmişlər. Həmin vaxt Zahirin yanında Hüseyn adlı şəxs olmuşdur. Zahir onları tanış edərək Hüseynin bu işlərlə məşğul olduğunu demişdir. Hüseyn də Zahirin dediklərini təsdiq etmişdir. Arada Hüseyn bayıra çıxmış və onlar Zahirdən onun kim olduğunu soruşmuşlar. Zahir isə Hüseynin guya tanıdığı vəzifəli şəxsin işlərini həll edən, pul məsələlərinə baxan şəxs kimi təqdim etmişdir. Aradan bir neçə gün keçdikdən sonra Zahir ona zəng edərək bildirmişdir ki, guya Hüseyn hazırda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində işi həll edir. Təxminən 2021-ci ilin noyabr ayının ortalarında Zahir onları yenidən idarənin yanına çağırmışdır. O, Məzahirlə birlikdə həmin yerə getdikdə Zahirin yanında Hüseyndən əlavə Eldar adlı şəxs də olmuşdur. X13 köməkçisi kimi təqdim etmişdir. Sonra Məzahir sənədləri Eldara vermiş, o da 1 saylı Ərazi İdarəsinə getmiş və bir neçə dəqiqədən sonra qayıdaraq sənədlər artıq qəbul edildiyi bildirmişdir. Təxminən dekabr ayının ilk yarısında Məzahirdən eşitmişdir ki, işin həlli üçün Eldar ondan pul istəyib və o, Zahirlə danışdıqdan sonra 7.000 manat pulu “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Zahirə verib. O özü də mütəmadi olaraq Zahirə zəng vurub işin nəticəsi ilə maraqlanmış, lakin Zahir hər dəfəsində bir söz deyərək vaxtı uzatmışdır. Daha sonra Məzahirlə qərara gəlmişlər ki, Zahirdən pulu geri istəsinlər. Bundan sonra Zahir pulu qaytarmaq üçün vaxt istəmiş və hər dəfə söz verdiyi müddət çatanda müxtəlif bəhanələr gətirmiş, Məzahir də məcbur olub həmin şəxslər barəsində şikayət etmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 132/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.91-95); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1161/2023 saylı qərarı ilə X8 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olaraq onun haqqında “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.98-107); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.129-130); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin: -xx.xx.2023-cü il tarixli arayışı əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (l cild, i.v.111-112); - xx.xx.2023-cü il tarixli arayışlarına görə X8 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29,178.2.1 və 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2.500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəmiş, Təqsirləndirilən şəxs4 barəsində isə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (lİ cild, i.v.132-134); - Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış, notariat qaydasında təsdiq edilmiş ərizəsinə görə ona vurulmuş 25.600 manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənildiyindən, onun onlara qarşı heç bir iddia və tələbi yoxdur, şikayətçi deyil (İİİ cild); - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, BPM**********90 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş 3.100 manat ziyanın 25% miqdarında – 775 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir (İİİ cild); - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, BPM**********58 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs4 tərəfindən cinayət nəticəsində vurulmuş 5.000 manat ziyanın 25% miqdarında – 1.250 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir (İİİ cild); - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, BPM**********12 və BPM**********97 saylı ödəniş qəbzlərinə əsasən X8 tərəfindən cinayət nəticəsində vurulmuş 7.000 və 5.000 manat ziyanın 25% miqdarında – 1.750 və 1.250 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir (İİİ cild). Beləliklə məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisinin qərb hissəsində yerləşən, Bakı şəhəri Binəqədi Rayon Bələdiyyəsinin 10 dekabr 2012-ci il tarixli, 50 nömrəli qərarı ilə X4 adına rəsmiləşdirilmiş 1.000 m2 torpaq sahəsini sonuncunun adına özəlləşdirib xüsusi mülkiyyətinə keçirəcəyi və bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mülkiyyət hüququna dair müvafiq çıxarış əldə edib ona təqdim edəcəyinə dair yalan vəd verib aldadaraq onun ümumilikdə 17.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq yolu ilə alıb öz aralarında bölərək Z.Sadigovi 7.000 manat, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 isə hər biri 5.000 manat pulu ələ keçirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 övladı X2 Abşeron Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə törətdiyi cinayət əməlinin daha yüngül cinayət əməlinə tövsif edilməklə həbsdən azad olunmasını təşkil etmək barədə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 25.600 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq yolu ilə alıb öz aralarında bölərək Təqsirləndirilən şəxs1 22.500 manat, Təqsirləndirilən şəxs2 isə 3.100 manat pulu ələ keçirmişlər. Eyni zamanda məhkəməyə təqdim olunmuş bank sənədlərinə əsasən cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsinə, habelə vurulmuş zərərin həcminə uyğun olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında ələ keçirilmiş pulunun X8 12.000 manatın 25%-ni - 3.000 manatı, Təqsirləndirilən şəxs4 isə 5.000 manatın 25%-ni - 1.250 manatı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında ələ keçirilmiş pulunun Təqsirləndirilən şəxs2 3.100 manatın 25%-ni - 775 manatı cinayət məsuliyyətindən azad olunması üçün dövlət büdcəsinə ödəmişlər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X9 tərəfindən törədilən cinayətlərdə zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyindən və cinayətlərin törədilməsində faktiki iştiraklarının xarakterindən və dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələblərinə uyğun dövlət büdcəsinə ödəniş edildiyindən onlar cinayət məsuliyyətindən azad olunaraq barələrində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərər çəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, X8 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, sonuncu dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X5 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 hər birinə 60 saat üçün nəzərdə tutulan 360 manat, X6 06 saat üçün nəzərdə tutulan 36 manat, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs4 həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə X8 həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. X8 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X5 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 hər birinə 60 saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat, X6 06 saat üçün nəzərdə tutulan 36 (otuz altı) manat, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-381/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-381/2023
29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver