Məhkəmə qərarları › İş №1(006)-382/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-382/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-382/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 03, ev 04-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17.04.2021ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 44/27 saylı binanın 8-ci mərtəbəsindəki ümumi dəhlizdə saxlanılan, Zərərçəkmiş şəxs2 məxsus 600 manat dəyərində bir ədəd “Giant” markalı, “ATX GX28” modelli velosipedin divara bağlanılmış qıfılını kəsiçi alətlə qırıb onu oğurlayaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bundan başqa o, 18.04.2021-ci il tarixdə, saat 19:39-da ünvan 4 binanın 10-cu mərtəbəsində ümumi dəhlizdə saxlanılan, Zərərçəkmiş şəxs1 məxsus 350 manat dəyərində “Trinx” markalı, “D700 Elite” modelli velosipedi gizli talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin, o, 21.04.2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan “Qara” ləqəbli şəxsdən 20 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,249 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımış, həmin günü saat 22:45-də Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1/11 saylı ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılmış, orada üzərində axtarış keçirilərkən əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan iç cibindən həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik istifadəçisi olduğu üçün oğurluqlar etmiş, əldə etdiyi pula narkotik almışdır. 17.04.2021-ci il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanda yerləşən 16 mərtəbəli binanın blokunun giriş qapısının açıq olduğunu görüb içəriyə keçərək liftlə yuxarıya qalxmış, mərtəbələrlə aşağı düşdükdə 8-ci mərtəbənin dəhlizində iki velosiped görmüşdür. Bu velosipedlərin biri uşaqlar üçün, digəri isə böyüklər üçün nəzərdə tutulmuşdur. Böyüklər üçün nəzərdə tutulmuş, üzərində “Giant” sözü yazılan velosipedi divardakı dəmirə xüsusi zəncir vasitəsilə bağlanmışdır. Onun zəncirini özündəki kəsici alətlə kəsib velosipedi götürərək dərhal liftlə aşağı düşüb binanı tərk etmiş, daha sonra onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mağazalardan birinə 100 manata satmışdır. Bundan əlavə o, 18.04.2021-ci il tarixdə, saat 19 radələrində ünvan 4 ünvanda yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən qara rəngli velosipedi oğurlamış və onu “Space TV” kanalının yanında yerləşən “Şaurma” restoranının qarşısındakı maşın dayanacağında nəzarətçi işləyən Nəbi adlı şəxsə 100 manata satmışdır. Eyni zamanda 21.04.2021-ci il tarixdə, saat 20 radələrində “Papanin” deyilən ərazidə olarkən “Qara” ləqəbli şəxsdən 20 manata siqaretin gümüşü rəngli kağız bükümündə heroini alıb cibinə qoymuş, həmin günü axşam vaxtı ünvan 1 ünvanda olarkən özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər şəxs ona yaxınlaşıb onu 20-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə üzərində axtarış aparılmış və bu zaman o əynindəki gödəkçənin sol iç cibindən heroini çıxarıb təqdim etmişdir. Qeyd edir ki, hazırda müalicə olunmuş və narkotik istifadə etmir, bir daha bu pis vərdişə qayıtmaq fikrində deyil. Oğurladığı velosipedlərin tapılıb sahiblərinə qaytarılması üçün onları satdığı yerləri ibtidai istintaq dövründə bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 18.04.2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 44/27 saylı binanın yaşadığı 8-ci mərtəbəsinin blokuna baxdıqda ona məxsus “Giant” markalı, “ATX GX28” modelli velosipedin yerində olmadığını görmüşdür. Bundan sonra oğurluq barədə “102” xidmətinə məlumat vermişdir. Hadisə ilə bağlı binanın müşahidə kamerasına baxdıqda 17.04.2021-ci il tarixdə, sat 17 radələrində onun evdə olmadığı vaxt 30-35 yaşlarında bir kişinin velosipedini blokdan çıxarıb apardığını görmüşdür. Onun velosipedi qaytarıldığından təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2020-ci ilin may ayında Sumqayıt şəhərindən özünə 750 manata “Trinx” markalı velosiped almışdır. 19.04.2021-ci il tarixdə, saat 08 radələrində velosipedinin yaşadığı ünvan 4 binanın 10-cu mərtəbəsində olmadığını görmüşdür. Dərhal “102” xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Binanın müşahidə kamerasına baxdıqda 18.04.2021-ci il tarixdə, saat 19:39-da bir nəfərin onun velosipedini pilləkənlə düşürüb blokdan çıxardığını görmüşdür. Velosipedi qaytarıldığı üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 21.04.2021-ci il tarixdə, saat 21:45-də iş yoldaşı Şahid2lə birlikdə ünvan 5 ünvanda xidmətdə olarkən bir nəfər şəxsin, adı sonradan məlum olan Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs onun oğurluqda şübhəli olduğunu bildirdikdə, sonuncu oğurluq etdiyi etiraf etmişdir. Bundan sonra onu 20-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış aparılmadan əvvəl ona özündə ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan iç cibindən siqaretin gümüşü rəngli kağız bükümündə olan narkotik maddəni təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bu maddənin heroin olduğunu, müxtəlif ünvanlardan velosiped oğurlayıb satmaqla əldə etdiyi pula narkotik aldığını söyləmişdir. İş materiallarında olan:  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin:  22 aprel 2021-ci il tarixli, 6/1573 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Vət.Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,249 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,199 qram, aparılmış tədqiqatın dəyəri isə 81,82 manat təşkil edir (İ cild, i.v.46-49);  06 may 2021-ci il tarixli, 9/2706 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, bir ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş “Giant” markalı, “ATX GX28” modelli, dəyişən sürətli tam komplektli velosipedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına orta bazar qiyməti təxminən 600,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.216-217);  17 may 2021-ci il tarixli, 9/2705 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, bir ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş “Trinx” markalı, “D700 Elite” modelli, dəyişən sürətli tam komplektli velosipedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına orta bazar qiyməti təxminən 350,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.219-220);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 haqqında 28.04.2021-ci il tarixli, 1294 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.213-214);  Maddi sübut kimi tanınmaq haqqında” 23, 27 aprel 2021-ci il tarixli və Sübutlara qiymət verilməsi haqqında” 31.05.2021-ci il tarixli qərarlarla Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Giant” markalı, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Trinx” markalı velosipedlər, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,199 qram heroin və hadisələri əks etdirən 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, velosipedlər hər biri öz sahiblərinə qaytarılmış, iki ədəd DVD disk isə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.106, 190, 201, İİ cild, i.v.02-11);  “Şübhəli şəxsin tutulması haqqında” 21.04.2021-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 4(006)-175/2021 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.16-17, 145-152);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.210);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 04.07.2015-ci il və 09.03.2018-ci il təvəllüdlü iki övladı var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş zərərin aradan qaldırılmasını və onlarla barışıq əldə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ekspertiza tədqiqatlarının dəyəri 181,82 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,199 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd “Giant” markalı, “ATX GX28” modelli velosiped sahibi Zərərçəkmiş şəxs2, “Trinx” markalı, “D700 Elite” modelli velosiped sahibi Zərərçəkmiş şəxs1 istifadəsində, iki ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 03, ev 04-ü hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatlarının dəyəri 181 (yüz səksən bir) manat 82 (səksən iki) qəpik pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,199 qram narkotik vasitə heroin məhv edilsin, bir ədəd “Giant” markalı, “ATX GX28” modelli velosiped sahibi Zərərçəkmiş şəxs2, “Trinx” markalı, “D700 Elite” modelli velosiped sahibi Zərərçəkmiş şəxs1 istifadəsində, iki ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar