Məhkəmə qərarları › İş №1(006)-383/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-383/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-383/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 mart 2022-ci il tarixdə, saat 03 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus elektron əşyaların satışını həyata keçirən “Texno Mart” mağazasının qarşısına gələrək əvvəlcədən əldə etdiyi istintaqa məlum olmayan daş parçası ilə mağazanın giriş qapısının şüşəsini qismən sındırıb mağazaya qanunsuz daxil olmasını asanlaşdırmaqdan ötrü sınmış şüşələrə bir neçə təpik zərbəsi endirdikdən sonra qanunsuz olaraq oraya daxil olub satış üçün vitrinə qoyulmuş zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 3229 manat dəyərində 128 Gb yaddaşlı “İphone 13 Pro Max”, 01 ədəd 2899 manat dəyərində 128 Gb yaddaşlı “İphone 13 Pro”, 01 ədəd 1239 manat dəyərində 128 Gb yaddaşlı “İphone SE”, 01 ədəd 1549 manat dəyərində 128 Gb yaddaşlı “İphone 11”, 01 ədəd 1989 manat dəyərində 128 Gb yaddaşlı “İphone 12” markalı 5 ədəd mobil telefonu və 01 ədəd 159 manat dəyərində “X3” markalı smart qol saatını gizli olaraq talamaqla zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 11064 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı maddi cəhətdən sıxıntıları olmuş, həmçinin anası xəstə olmuş və dərman almaq lazım olmuşdur. İşləmədiyi üçün buna pulu olmamışdır. Bu səbəbdən də çıxış kimi oğurluq etmək qərarına gəlmişdir. 08 mart 2022-ci il tarixdə, saat 17 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri ərazisində gecəyə kimi gəzmişdir. 09 mart 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ərazisində gəzərkən “Texno Mart” adlı mağazanın yanından keçən zaman həmin mağazanın nəzarətsiz olduğunu, içəridəki mobil telefonların qutularında açıq vəziyyətdə olduğunu görmüş və oraya daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün yerdən bir ədəd daş götürmüş və həmin daş ilə mağazanın pəncərəsini sındıraraq oraya daxil olmuşdur. İçəri daxil olan kimi vitrində olan bir ədəd “İphone 13 Pro Max”, bir ədəd “İphone 13”, bir ədəd “İphone SE”, bir ədəd “İphone 11”, bir ədəd “İphone 12” və bir ədəd “Lenovo” markalı qol saatı oğurlayaraq mağazadan qaçıb kənarlaşmışdır. Həmin telefonları səhər saatlarında Nəsimi rayonu, 28 May ərazisində yerləşən mağazalara satmışdır. Belə ki, “İphone 13 Pro Max” markalı mobil telefonu “Bakcell” dükanına 2200 manata, “İphone 13” markalı mobil telefonu adını xatırlamadığı dükana 1280 manata, “İphone 12” və “İphone SE” markalı mobil telefonları isə Puşkin küçəsində yerləşən “Azercell” dükanına ümumilikdə 1200 manata satmışdır. Həmin telefonları satan zaman özünə aid olduğunu, pul lazım olduğu üçün satdığını bildirmişdir. Qeyd olunan əşyaları hər üç dükana da şəxsiyyət vəsiqəsi vasitəsi ilə satmışdır. “Lenovo” markalı qol saatını isə itirmiş, lakin pulunu ödəmişdir. “İphone 11” markalı mobil telefonu isə satmamış, polis əməkdaşları onu saxlayan zaman həmin mobil telefonu onlara təhvil vermişdir. Daha sonra törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, dəymiş zərərin tamamilə ödənildiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində "xxxx" MMC-yə məxsus “Texno Mart” mağazasına naməlum şəxs daxil olaraq oradan 01 ədəd dəyəri 3229 manat olan “İphone 13 Pro Max”, 01 ədəd dəyəri 2899 manat olan “İphone 13 Pro”, 01 ədəd dəyəri 1989 manat olan “İphone 12”, 01 ədəd dəyəri 1239 manat olan “İphone SE”, 01 ədəd dəyəri 1549 manat olan “İphone 11” markalı mobil telefon və 01 ədəd dəyəri 159 manat olan “X3” markalı smart saatı oğurlamışdır. Bu barədə ona mağazanın müdiri məlumat vermişdir. Oraya baxış keçirilən zaman onlara həmin şəxsin mağazanın avtomatik olaraq açılıb-bağlanın şüşə qapısını naməlum əşya ilə sındıraraq içəriyə daxil olduğu məlum olmuşdur. Oğurluq olduqdan sonra “İphone 13 Pro Max” və “İphone 13” markalı mobil telefonlar aktivləşdirilmişdir. Digər telefonlar isə aktiv olmamış və MMC tərəfindən istifadəsi bloklanmışdır. Oğurlanmış telefonların və smart saatın ümumi dəyəri 11064 manat təşkil etmişdir. Qapının təmirinə isə 130 manat pul xərclənmişdir. Ümumilikdə "xxxx" MMC-yə 11194 manat dəyərində maddi ziyan dəymişdir. Daha sonra hazırda təqsirləndirilən şəxs tərəfindən zərər ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Bakcell” telefon mağazasında satıcı işləyir. 09 mart 2022-ci il tarixdə səhər saatlarında mağazada olan zaman adının sonradan Vüqar oluğunu bildiyi şəxs mağazaya daxil olaraq özünə məxsus “İphone 13 Pro Max” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, ilk öncə həmin mobil telefonun oğurluq olub-olmadığını dəqiqləşdirmiş və həmin şəxs ona telefonun oğurluq olmadığını, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartdıqdan sonra orada həmin telefona aid İMEİ nömrəsini qeyd etmiş və həmin şəxs özü də orada imza etmişdir. Telefonun qutusu da olduğundan bu, onda həmin telefonun oğurluq olmaması ilə bağlı əminlik yaratmışdır. Həmin telefonu 2.200 manata almış və təxminən 1-2 saatdan sonra tanımadığı şəxsə satmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən telefon mağazasını işlədir. Təqsirləndirilən şəxs telefonu gətirib satan vaxt o, mağazada olmamışdır. Mağazada işləyən işçi zəng edib bir nəfər şəxsin “İphone 13” markalı mobil telefon satmaq istədiyini bildirmişdir. O da ilk öncə həmin telefonun oğurluq olub-olmadığını dəqiqləşdirmələrinə və ondan sonra almalarına dair göstəriş vermişdir. Telefonu 1280 manata almış və daha sonra isə həmin telefonu başqa şəxsə satmışlar. Sonradan telefonun oğurluq olduğu müəyyən edilmişdir. Mağazanın müşahidə kameralarına baxan zaman telefonu satan şəxsin hazırkı iş üzrə təqsirləndirilən şəxs olduğunu görmüşdür. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, fərdi qaydada Nəsimi rayonu, Puşkin küçəsində yerləşən telefon mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs tanımır. 09 mart 2022-ci il tarixdə səhər saatlarında mağazada olan zaman adının sonradan Vüqar olduğunu bildiyi şəxs mağazaya daxil olmuş, özünə məxsus olan “İphone 12” və “İphone SE” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Bunun üçün həmin şəxsin şəxsiyyət vəsiqəsini tələb etmiş və onun ksero surətini çıxartdıqdan sonra orada həmin telefona aid İMEİ nömrəsini qeyd etmiş və həmin şəxs özü də orada imza etmişdir. Həmin telefonun qutusu da olduğundan onun oğurluq olmadığını düşünmüşdür. “İphone 12” və “İphone SE” markalı mobil telefonlar üçün ümumilikdə həmin şəxsə 1200 manat pul vermişdir. Təxminən 1-2 saatdan sonra həmin telefonları tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışdır. Həmin mobil telefonların İmei kodunu yoxlamış, orada mobil telefonların qeydiyyatlı olduğunu və kreditdə olmadığını görmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.61-62); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Kənan Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.82-83); - “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.84-85); - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs oğurluq cinayətini hansı qaydada törətdiyini, oğurladığı mobil telefonları hara satdığını hadisə yerlərində əyani göstərməklə istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir (i.v.90-94); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə, yəni ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus elektron əşyaların satışını həyata keçirən “Texno Mart” mağazasına baxış keçirilmişdir (i.v. 10-12); - “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon İphone 11 markalı olmaqla qarşı hissəsinin sensor ekrandan ibarət olması müəyyən olunmuşdur. Mobil telefonun arxa tərəfində fotoşəkil çəkmək üçün kameraları vardır. Mobil telefon təzə və işlənməmiş vəziyyətdədir, üzərində hər hansı bir zədə izləri müşahidə olunmur. Mobil telefonun üzərində hər hansı bir GSM nömrəsi müəyyən olunmur, həmçinin telefon söndürülmüş və istifadə olunmamış vəziyyətdə olduğu üçün içərisində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmamışdır (i.v.97); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd şəxsiyyət vəsiqəsinin surəti Təqsirləndirilən şəxs məxsus olmaqla AZE seriyalı ******** nömrəlidir, şəxsiyyət vəsiqəsinin surəti vərəqinin orta hissəsində «xx.xx.2022; iphone 13 max (128gb); **********63052 imeyli telefon satdım. Oğurluq olmadığı cavabdehliy daşıyıram *** *** ** **» sözləri əlyazma ilə yazılmışdır. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartdıqdan sonra həmin kserosurətə aldığı mobil telefonun İMEİ kodunu və Təqsirləndirilən şəxs bildirdiyi mobil telefon nömrəsini yazmışdır (i.v.104-105); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surəti Təqsirləndirilən şəxs məxsus olmaqla AZE seriyalı ******** nömrəlidir, şəxsiyyət vəsiqəsinin surəti vərəqinin orta hissəsində «xx.xx.2022; iphone 13 max (128); **********12672; imza *** *** ** **» sözləri əlyazma ilə yazılmışdır. Baxışda iştirak edən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartdıqdan sonra həmin kserosurətə aldığı mobil telefonun İMEİ kodunu və tarixi yazmışdır (i.v.113-114); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, protokola əlavə edilmiş Nümayəndə təqdim etdiyi diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə bir ədəd videofayl vardır. Həmin videofayl açıldıqda videofaylın 02 dəqiqə 40 saniyə müddətində olduğu müşahidə olunur. Həmin videofayl izlənildikdə videofaylın 20-ci saniyəsində bir nəfər qara rəngli gödəkçədə olan başı keçəl şəxsin “Texnomart” mağazasının giriş qapısına tərəf qaçaraq əlindəki daşla mağazanın qapısının şüşəsini sındırması, daha sonra isə bir neçə təpik zərbəsi ilə şüşəni tam sındıraraq mağazaya daxil olması, mağazaya girişdən sol tərəfdə olan vitrindən bir neçə ədəd telefon və başqa əşya götürüb qapının şüşəsindən çıxmaqla hadisə yerindən uzaqlaşması müşahidə olunur. Videofayl izlənildikdə oğurluq hadisəsinin 30 saniyə ərzində baş verməsi müəyyən olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videofaylı izləyib həmin videofaylda qara gödəkçədə olan şəxsin özünün olduğunu, istintaqa verdiyi ifadəsində göstərdiyi kimi həqiqətən də “Texnomart” mağazasından oğurluq etdiyini bildirmişdir (i.v.118-119); - xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, “İphone 11” markalı, **********36592 İMEİ kodlu mobil telefon, “İphone 12” markalı, **********76009 İMEİ kodlu mobil telefon, “İphone 13” markalı, **********63052 İMEİ kodlu mobil telefon, “İphone 13 pro max” markalı, **********12672 İMEİ kodlu mobil telefon və “İphone SE” markalı, **********58728 İMEİ kodlu mobil telefon həqiqətən Zərərçəkmiş şəxs mülkiyyətindədir (i.v.120); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “İphone 11” markalı mobil telefon xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmiş və təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılmışdır (i.v.152-160); - "xxxx" MMC-nin hüquqşünası, Nümayəndə Niyaz oğlu tərəfindən Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi X1 verilmiş qəbzdən görünür ki, sonuncudan MMC-yə məxsus “Apple İphone 11” markalı, 128 GB yaddaşı olan mobil telefonu təhvil almış, bununla baqğlı heç bir şikayət və tələbi yoxdur (i.v.176); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3479 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi (9259,0 manat) müəyyən edilir: - 01 ədəd istifadədə olmamış, 128 GB yaddaşlı “İphone 13 Pro Max” markalı mobil telefonun 2022-ci ilin mart ayına orta bazar qiyməti 2650 manat, - 01 ədəd istifadədə olmamış, 128 GB yaddaşlı “İphone 13 Pro” markalı mobil telefonun 2022-ci ilin mart ayına orta bazar qiyməti 2450 manat, - 01 ədəd istifadədə olmamış, 128 GB yaddaşlı “İphone 12” markalı mobil telefonun 2022-ci ilin mart ayına orta bazar qiyməti 1700 manat, - 01 ədəd istifadədə olmamış, 128 GB yaddaşlı “İphone SE” markalı mobil telefonun 2022-ci ilin mart ayına orta bazar qiyməti 1000 manat, - 01 ədəd istifadədə olmamış, 128 GB yaddaşlı “İphone 11” markalı mobil telefonun 2022-ci ilin mart ayına orta bazar qiyməti 1300 manat, - 01 ədəd istifadədə olmamış, “Lenova E1 Max” markalı smart saatın 2022-ci ilin mart ayına orta bazar qiyməti 159 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v.137-139); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.3, 181.2.1; 181.2.2; 181.2.5; 32.3, 182.2.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum olunmuş, Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə cəzası 09 ilə endirilmiş, xx.xx.2013-cü il tarixdə Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 1.1-ci bəndinə əsasən azad edilmişdir (i.v.67-68); - Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü azyaşlı övladı var (i.v.79); - Baş vermiş cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd videofayl vardır. Həmin videofayl açıldıqda videofaylın 02 dəqiqə 40 saniyə müddətində olduğu müşahidə olunur. Həmin videofayl izlənildikdə videofaylın 20-ci saniyəsində bir nəfər qara rəngli gödəkçədə olan şəxsin “Texnomart” mağazasının giriş qapısına tərəf qaçaraq əlindəki daşla mağazanın qapısının şüşəsini sındırması, daha sonra isə bir neçə təpik zərbəsi ilə şüşəni tam sındıraraq mağazaya daxil olması, mağazaya girişdən sol tərəfdə olan vitrindən bir neçə ədəd telefon və başqa əşya götürüb qapının şüşəsindən çıxmaqla hadisə yerindən uzaqlaşması müşahidə olunur. Videofayl izlənildikdə oğurluq hadisəsinin 30 saniyə ərzində baş verməsi müəyyən olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs videogörüntüdə olan həmin şəxsin özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.4-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, dəymiş zərəri tamamilə ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, dəymiş zərəri tamamilə ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün tutulma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 11” markalı mobil telefonun zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Niyaz oğluna təhvil verilməsi nəzərə alınmalı, baş vermiş cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 144 (yüz qırx dörd) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün tutulma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına barəbər tutulsun və həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 11” markalı mobil telefonun zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Niyaz oğluna təhvil verilməsi nəzərə alınsın. Baş vermiş cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar