Məhkəmə qərarları › İş №1(006)-384/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-384/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-384/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçiləri “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X12 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəslərində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, rəsmi işləməməklə İslam dininə aid dini mahnılar, toy və digər məclislərdə məddah kimi iştirak etməklə dini nəğmələr ifa edir. Özü Azərbaycan Respublikasının vətəndaşı olaraq həmişə dövlətin maraq və mənafelərini müdafiə etməklə ölkə prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləmiş və heç vaxt dövlətin mənafeyinə zidd addımlar atmamışdır. Qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 özünü “Turan” Partiyasının sədri kimi təqdim etməklə müxtəlif televiziyalarda ekspert qismində iştirak edir və müxtəlif mövuzlar barədə fikirlərini bildirir. Artıq uzun müddətdir X5 həm kütləvi informasiya vasitələrində, həm də fərdi şəkildə gizli və aşkar formada qarayaxmalar şəklində haqqında böhtan xarakterli çıxışlar edir, dəqiqləşdirilməmiş və yalan informasiyaları yayaraq işgüzar nüfuzunu zədələyən ifadələr işlədir. Belə ki, xx.xx.2025-ci il tarixdə C.İsmayılov aparıcısı Elçin Əlibəyli olan “Baku tv”nin efirində canlı yayımda “Türklərlə kürdləri üz-üzrə qoymaqda İranın əsas məqsədi nədir?” mövzusu altında yayımlanan verilişdə haqqında təhqir və ağır cinayətin törədilməsində ittiham etməklə böhtan xarakterli fikirlər ifadə edərək heç bir əsas olmadan göstərmişdir. “..siz özünüz bilirsiniz ki, İranda olan kürdlərin yüzdə səksəni məzhəbcə sünnidir... və eyni zamanda türklər də şiə məzhəbindəndir. doğrudumu?.. sünni olanlar da Türkiyədəki türklərdi... doğrudumu?.. rejim kürdləri, yəni bu gün komeli, pejak və digər güclər ayağa qalxıb... pkk.. orda Urmu da ..Azərbaycanın digər şəhərlərində bayram şənliyi təşkil edirsə deməli burda İran rejiminin onlarla bir bağlılığı var və onlar birgə kürd hərəkatını təşkil edirlər..süni bayramlaşmanı onlar yaradırlar ki, türklərdə qıcıq yaratsınlar..sonra da türklərə deyirlər ki, görürsünüz ki, bunlar sizin evlərinizi alır..məqsəd bunları üz-üzə gətirməkdi.. amma bu dəfə onların niyyəti etnik zəmində üz-üzə gətirmək deyildi., məzhəbçilik zəminində üz-üzə gətirmək idi..məqsədləri o idi ki, belə bir fikir yaratsınlar ki, sünnilər, yəni rejimin mahiyyətindən danışıram..şiə türklərin, yəni şiələrin..onların anlayışında deyək..torpaqlarını alırlar., onların üzərində bir basqı yürüdürlər., və rejim insanları ayağa qaldıranda siz fikir verdiniz daha çox “Haydar- Haydar” şarkıları səsləndirirdilər., şüarları verirdilər., məqsəd bölgəni səfəvilik dövrünə çəkib ordan türk amili üzərində şiə və sünni davasına gətirib .. kürd., kürdləri də sünni obrazı ilə ortaya qoymaqla məqsəd Türkiyəni hədəf göstərmək idi., ana niyyət bu idi., siz bunun ana xəttini nədə görə bilərsiniz??Pezeşkiyanın seçilməsində..Pezeşkiyanı niyə seçdilər?..rejim razılıq verdi., seçməyə də bilərdi..üstündən xətt çəkərdi., heç seçkiyə buraxmazdı., ona görə seçdilər ki, türk amili o qədər gücləndi ki, rejim bölgəni, dövləti kontrolda saxlamaq üçün...türklərin ayağa qalxmasını İran hakimiyyəti təşkil elədi..arxasında durdu..amma bir amma var., bunu xalq özü..türkləri götürək bildirlər., xüsusi ilə bilirdilər niyyətləri nədir..bu təzə sıradan bir məsələ deyil..29 dekabrda Ərdəbildə Amulinin rəhbərliyi ilə konsert təşkil edib Azərbaycanı və Türkiyəni təhqir eləmişdilər..yadınıza gəlir hər halda..Mehdi Rəsulun rəhbərliyində şərqilər, təhqirlər., orda nəyi qoymuşdurlar., səfəvilərin dövrünə çəkmək istəyirdilər ki, o zaman da biz İranla savaşdılar., bizi qırdılar., anlayışını ortaya gətirib., bir türk və türkə qarşı qoyma siyasəti vardı., o siyasət bu gündə davanı edir.. bu gün də Azərbaycandan qastrola gedən müğənnilər var ki, sərhəd bölgələrində səfəvilik dövrünə aid şərqilər səsləndirirlər..xalqın içərisində ələvi və sünni, şiə və sünni davasını qızışdıran böyük tədbirlər keçirirlər.. X15.. bu gün orda qastroldadı..mehdi rəsuli ilə bir yerdə..onlar xamneyinin artistləridir..o bölgələrdə təbliğat aparırlar.artıq xalq bilir ki, rejim içəridə məzhəbçilik üzərindən bütün türkləri şiəlik ətrafında toplamaq niyyətindən şiələr və sünnilər anlayışı ilə türkə qarşı bir savaş hazırlayırlar”. Qeyd edir ki, həmin veriliş xx.xx.2025-ci il tarixədək 12.933 dəfə izlənilmiş, həmçinin 280 bəyənmə edilmişdir. Həmin çıxışda səsləndirilən “bu gün də Azərbaycandan qastrola gedən müğənnilər var ki, sərhəd bölgələrində səfəvilik dövrünə aid şərqilər səsləndirirlər..xalqın içərisində ələvi və sünni, şiə və sünni davasını qızışdıran böyük tədbirlər keçirirlər.. X15.. bu gün orda qastroldadı..mehdi rəsuli ilə bir yerdə..onlar xamneyinin artistləridir..o bölgələrdə təbliğat aparırlar, artıq xalq bilir ki, rejim içəridə məzhəbçilik üzərindən bütün türkləri şiəlik ətrafında toplamaq niyyətindən şiələr və sünnilər anlayışı ilə türkə qarşı bir savaş hazırlayırlar” ifadələri onun cəmiyyət arasında nüfuzuna, ailə üzvlərində dərin narahatlıq yaradan paylaşılan və heç bir qanuni əsası, sübutu olmayan ifadələrdir. Ancaq ki, bu işlə əlaqədar istintaq aparılmadan və məhkəmənin bu barədə qanuni qüvvəyə minməmiş hökmü və ya qərarı olmadan barəsində həmin ittihamları kütləvi informasiya vasitəsində bildirməklə bunun ictimaiyyətə yayılması hesab edir ki, açıq-aşkar ona atılan təhqir və böhtandır. X3 aparıcısı Elçin Əlibəyli olan “Baku tv”nin verilişdə canlı yayında səsləndirdiyi həmin fikirlərə münasibət olaraq bildirmək istəyir ki, deyilənlər həqiqəti əks etdirmir, C.İsmayılov onu ağır cinayətdə ittiham edərək, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyir. Lakin hazırda qeyd etdikləri, işə əlavə edilmiş sənədlər bir daha sübut edir ki, C.İsmayılov ona qarşı ittiham xarakterli və ləyaqəti alçaldan, sübuta əsaslanmayan qərəzli fikirlər bildirir. Barəsində edilmiş bu çıxışda səsləndirilən fikilər təhqir və böhtan xarakteri daşıyır. “onlar xamneyinin artistləridir” sözlərini deməklə onu təhqir edir, alçaldır, nüfuzuna ləkə gətirir, şərəf və ləyaqətini aşağılayır. Bu da onun hüquqlarını kobud şəkildə pozur. “bu gün də Azərbaycandan qastrola gedən müğənnilər var ki, sərhəd bölgələrində səfəvilik dövrünə aid şərqilər səsləndirirlər..xalqın içərisində ələvi və sünni, şiə və sünni davasını qızışdıran böyük tədbirlər keçirirlər.. X15.. bu gün orda qastroldadı..mehdi rəsuli ilə bir yerdə..onlar xamneyinin artistləridir..o bölgələrdə təbliğat aparırlar, artıq xalq bilir ki, rejim içəridə məzhəbçilik üzərindən bütün türkləri şiəlik ətrafında toplamaq niyyəttindən şiələr və sünnilər anlayışı ilə türkə qarşı bir savaş hazırlayırlar” ifadələri ağır cinayətin törədilməsində ittiham etməklə böhtan atmaqdır. O cəmiyyət içərisində tanınan şəxs olmaqla bu günə kimi fəaliyyətində hansısa pozuntu olmamışdır. Əgər olsaydı o zaman bu barədə müvafiq tədbirlər görülərdi. C.İsmayılov əsassız, sübutu olmayan ittihamlar irəli sürərək, ona ağır cinayətin törədilməsində böhtan atmaqda, şərəf ləyaqətini alçaltmaqla, təhqir edir və şəxsinə qarşı cinayət törədir. C.İsmayılov KİV-dəki çıxışlarının ölkə ictimaiyyəti tərəfindən izlənildiyini çox yaxşı bilir və düşünür ki, onu ictimaiyyət önündə necə təhqir etməsini, ağır cinayət törətməkdə böhtan atmasını görməzlikdən gələcək və o da istədiyi kimi onu bu yarıtmaz hərəkətlərinə davam edəcək. Yanılır, çünki, o, haqqını qanuni məhkəmə yolu ilə bərpa edəcək və bunun nəticəsində C.İsmayılov layiqli cəzasını almalıdır. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd olunub ki: “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz”. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində vətəndaşların fikir və söz azadlığı tanınaraq qeyd edilir ki: “Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı Konstitusiya ilə onlara verilmiş fikir, söz, məlumat, yaradıcılıq azadlıqlarını həyata keçirən zaman qanunlara dönmədən əməl etməli, başqa şəxslərin hüquqlarına hörmətlə yanaşmalıdırlar. Hər kəsin hüquq və azadlıqları digər şəxslərin hüquq və azadlıqlarının başladığı yerdə bitir. Həmçinin, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqaları qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilir. Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasım tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. AR CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatın dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin məcəllənin 145.2-ci maddəsinə görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əasalanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. Hesab edir ki, X5 onun barəsində “bu gün də Azərbaycandan qastrola gedən müğənnilər var ki, sərhəd bölgələrində səfəvilik dövrünə aid şərqilər səsləndirirlər..xalqın içərisində ələvi və sünni, şiə və sünni davasını qızışdıran böyük tədbirlər keçirirlər.. X15. bu gün orda qastroldadı..mehdi rəsuli ilə bir yerdə..onlar xamneyinin artistləridir..o bölgələrdə təbliğat aparırlar, artıq xalq bilir ki, rejim içəridə məzhəbçilik üzərindən bütün türkləri şiəlik ətrafında toplamaq niyyətindən şiələr və sünnilər anlayışı ilə türkə qarşı bir savaş hazırlayırlar” sözlərini deməklə onu ağır cinayətin - təcavüzkar müharibəni planlaşdırma və hazırlamada ittiham etməklə böhtan atır. Belə ki, Cinayət Məcəlləsinin 100.1-ci maddəsində təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama cinayətini ehtiva edir və həmin cinayətə görə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəza növü nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, o, dini mahnılar oxuyan şəxsdir və dini mərasimlərdə iştirak edən şəxs olaraq sənətini nümayiş etdirmişdir. Onun hər hansı siyasi mövqeyi olmamış və dövlətin mənafeyini dəstəkləyən şəxslərdən biridir. X3 onun barəsində dediyi fikirlərə əvvəllər əhəmiyyət verməsə də, sonradan “Baku Tv”də onun barəsində qeyd etdiyi fikirlərlə onu təhqir etməsini və barəsində böhan xarakterli məlumat verməsini bildikdən sonra şikayət etmək və sonuncunun qanuni cəzasını almasını təmin etmək istəmişdir. Belə ki, Cahandar İsmayılov onun guya “Xomeyinin artisti” olmasını, “Mehdi Rəsuli” adlı şəxslə əlbir olmasını, həmçinin barəsində “Gədə” sözünü işlətməklə təhqir etməsini görmüşdür. Halbuki, onun “Mehdi Rəsuli” adlı şəxslə əlaqəsi olmamışdır və dövlət əleyhinə sözlər deyən şəxslərə qarşı nifrət hissi olmuş, həmçinin həmin şəxslərdən bacardıqca uzaq olmuşdur. Cahandar İsmayılov “Artist” və “Gədə” deməklə onu təhqir etmədiyini qeyd etsə də, onun qarşılıqlı olaraq həmin şəxsə eyni sözləri deməsini qarşı tərəf təhqir kimi qiymətləndirəcəkdir. Bundan əlavə, Cahandar İsmayılov onu “Şiə” və “Sünni” məzhəbləri arasında qarşıdurmanı “qızışdıran” şəxs kimi tanıtmış, halbuki onun bu məzhəblər arasında qarşıdurmanı dəstəkləyən hər hansı çıxışı olmamışdır. Qeyd olunanları nəzərə alaraq, Cahandar İsmayılovun təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 bildirdi ki, onun bugünədək yüzlərlə televiziya və radioda çıxışları olmuş və bütün çıxışlarında dövlətin maraqlarını üstün tutmuşdur. Mahiyyəti üzrə xüsusi ittihamçının onun barəsində qeyd etdiyi fikirlər tamamilə əsassızdır. Belə ki, o, İran İslam Respublikasının rəhbər şəxslərinin hərəkət və siyasi davranışlarını tənqid edən şəxs olaraq həmin şəxslərə dəstək verən şəxsləri də tənqid etmişdir. Onun mahiyyəti üzrə demək istədiyi məsələ Taleh Boradigahi və digər şəxslərin İran İslam Respublikasının təşkil etdiyi tədbirlərə qatılmamaq niyyətini ehtiva etmişdir. X18 təhqir etmək niyyəti olmamış və ya sonuncunun barəsində böhtan xarakterli hər hansı fikir bildirməklə fakt göstərməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 bildirdi ki, xüsusi ittihamçının şikayətindən də görünür ki, həmin şikayətin verilməsinə əsas ondan ibarət olmuşdur ki, guya, X1 Tale Mirhadi oğlunu “...Xalqın içərisində ələvi və sünni, şiə və sünni davasını qızışdıran böyük tədbirləri keçirən şəxs kimi ittiham edərək, onu ağır cinayətin - təcavüzkar müharibəni planlaşdırma və hazırlamada ittiham etməklə böhtan atır”. Halbuki, İran İslam Respublikasında Azərbaycan Respublikasının, onun rəhbərlərinin əleyhinə səslənən hamıya məlum olan tədbirlər keçirilir. X5 çıxışında həmin tədbirlərdə Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş fikir və söz azadlığından istifadə edərək həmin maddənin İİİ hissəsində qeyd edilmiş təşviqatına və təbliğatına yol verilməyən hərəkətlərə tənqidi yanaşmayaraq öz vətəndaş mövqeyini bildirməyən Azərbaycan vətəndaşlarını tənqid edərək öz fikrini bildirmişdir. Hər kəsin fikir və söz azadlığı vardır. “X15.. Bu gün orda qastroldadı. Mehdi Rəsuli ilə bir yerdə” bildirmiş X2 Boradigahinin İran İslam Respublikasında Mehdi Rəsuli ilə bir yerdə qastrolda olması faktını demişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində “böhtan” yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma" kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 148-ci maddəsində “təhqir” kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma” kimi müəyyən olunmuşdur. Hazırkı halda qeyd edilən maddələrin dispozisiyalarında göstərilən şərtlər ödənilmədiyindən, X3 çıxışında bildirdiyi həmin fikirlər böhtan və təhqir kimi qiymətləndirilə bilməz. Qeyd etdiklərini və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİ bəndinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışna təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Buradan da aydın olur ki, X17 tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə ünvanlanmış şikayət ərizəsi cinayət-prosesual qanunvericiliyində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında şikayət ərizəsinin tərtib olunmasına dair tələb olunan forma və məzmunun tələblərinə riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 tərəfindən verilmiş şikayət ərizəsində qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. X17 şikayətdə X3 CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsini bildirmiş, lakin şikayətdə göstərilən cinayətin törədilmə halları hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isətəqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Tərəflər arasında mübahisə predmeti olan paylaşımlarda X14 Əsədov barəsində təhiqiramiz ifadələrdən istifadə etməsinə gəlincə, məhkəmə hesab edir ki, həmin epizodlarla bağlı cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin mövcudluğu barədə məsələ ilə bağlı hazırkı işin hallarından asılı olaraq, mahiyyəti üzrə məhkəmə baxışı keçirilmədən, tərəflər dinlənilmədən və digər sübutlar tədqiq edilmədən birmənalı hüquqi mövqe nümayiş etdirilməsi mümkün deyildir. Ancaq müvafiq şikayət ərizəsində sadalanan nöqsanlara yol verilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasların yaranması artıq istinad edilən xüsusatların mahiyyəti üzrə araşdırılması zərurətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 göstərilmiş 6 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X4 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məblğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar