Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-385/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1991-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəza növü təyin edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,268 qram çəkidə narkotik vasitə heroini və 0,710 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 16 aprel 2022-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİnin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 2,268 qram çəkidə həmin narkotik vasitə heroin və bir bükümdə 0,710 qram çəkidə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluğu olmuşdur. Artıq bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. Təxminən 1 il öncə tanıdığı İran vətəndaşı olan Behnam adlı şəxsdən bir dəfəlik istifadə etmək üçün sonuncunun ona göndərdiyi yadında qalmayan hesab nömrəsinə “Milli ön” ödəniş terminalı vasitəsi ilə 70 manat pul göndərmişdir. Behnam da “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində meyvə-tərəvəz satışı ilə məşğul olan mağazanın yanına gedərək oradan daşın altından narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürəcəyini bildirmişdir. O da xx.xx.2022-ci il tarixdə yaşadığı Masallı şəhərindən Behnamın dediyi yerə gələrək narkotik vasitəni və psixotrop maddəni götürmüşdür. Həmin zaman həm narkotik vasitə heroinin, həm də ki, psixotrop maddə metamfetaminin hansı miqdarda olduqlarını bilməmişdir. Bunun üçün o, narkotik vasitələrin aludəçisi olduğundan narkotiki qəbul edərkən dozasının çox olub ona pis təsir etməməsi üçün taski fəaliyyəti ilə məşğul olan zaman təxminən bir neçə ay bundan öncə Moskva Univermağında qızıl-zinyət əşyalarının satışını həyata keçirən bir müştəri kiçik ölçülü elektron tərəzisini onun maşınında unutduğundan həmin tərəzini götürərək gəzdirmişdir. Həmin tərəzi maşında qaldığından o, həmin şəxsi çox axtarsa da, daha sonra tapa bilməmiş və bundan sonra narkotik vasitələri çəkərək istifadə etməyi üçün saxlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında narkotik vasitəni və psixotrop maddənin bir hissəsini qəbul etmiş, yerdə qalan hissəsini də istifadə etmək üçün Nəsimi rayonu ərazisində yer axtarmışdır. Üzərində həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olduğundan ehtiyatlı davranmağa çalışmışdır. Həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi 24 ünvanının qarşısında olan zaman ona iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələri əldə etməsi və qəbulunda şübhələndiklərini bildirib ondan onlarla birlikdə polis bölməsinə getməyini xahiş etmişlər. Nəsimi RPİ-nin 20-ci polis bölməsində onu saxlayan polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və baxış zamanı o əynində olan qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung A 10S” markalı mobil telefonu, həmin gödəkçənin sol iç cibindən bir ədəd kiçik ölçülü elektron tərəzini, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində açıq qəhvəyi rəngli maddə olan heroini, həmin idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli kristal şəkilli maddə olan metamfetamini çıxararaq təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. “Samsung A 10S” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokollaşdırılmışdır. Zərfin üzəri isə iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra etdiyi əməlini səmimi etiraf etməsini, azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin 20-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 4 ünvanın qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs şifahi sorğu zamanı narkotik vasitə aludəçisi olduğunu onlara bildirmişdir. Həmin şəxsin şəxsiyyətinin müəyyən olunması üçün onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla polis bölməsinə gəlmiş, bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, eləcə də narkotik vasitə olub-olmamasına dair əsaslı şübhələr olduğundan üzərində şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung A 10S" markalı mobil telefonu, həmin gödəkçənin sol iç cibindən bir ədəd üzərində heç bir yazısı olmayan tərəzi, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində açıq qəhvəyi rəngli maddə, həmin idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf kristal şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan salafana bükülmüş içərisində açıq qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, həmin idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf kristal şəkilli maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr və tərəzi zərfə qoyularaq qablaşdırılmış, Nəsimi RPİ-nin 20-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 188 nömrəli möhürü ilə üzəri möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nə gətirərkən ona qarşı heç bir müqavimət göstərilməmiş, bundan əlavə Təqsirləndirilən şəxs da, onlara qarşı heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20-21); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-217/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.109-111); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung A10 S” markalı mobil telefondan istintaq üçün sübut əhəmiyyətli heç bir şey aşkar edilməmişdir (i.v.135); - “Baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda keçirilmiş axtarış zamanı mənzildən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir (i.v.128-134); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2190 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №188” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: - üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,268 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,710 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (i.v.57-59); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3662 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üzərində “On/Off...Tare..Light” yazısı olan gümüşü rəngli elektron tərəzidə heroinə və metamfetaminə məxsus izlər aşkar edilmişdir. Metamfetamin və heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (i.v.176-177); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2022-ci il tarixli, 3812 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.167- 168); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1832 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstələyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, barəsində tibbi xarakterli məcburi müalicə təlbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (i.v.170-172); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,268 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,710 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 2,218 qram hissəsi, psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 0,660 qram hissəsi və 01 ədəd elektron tərəzi təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olduqdan sonra saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keşirilən zaman aşkar edilərək götürülmüş “Samsung A10 S” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması üçün Nəsimi RPİ-də saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.198-208); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Masallı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.138- 139). - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əlini əynində olan qısaqol gödəkçəsinin sağ yan cibinə salaraq oradan bir ədəd arxa hissəsi göy, ön hissəsi isə şüşə olan “Samsung A 10S” markalı mobil telefon, həmin gödəkçənin sol iç cibindən bir ədəd üzərində heç bir yazısı olmayan tərəzi, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində açıq qəhvəyi rəngli maddə, həmin idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli kristal şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra o, əynində olan idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş içərisində açıq qəhvəyi rəngli maddəni əli ilə göstərərək həmin maddənin heroin olduğunu, əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli kristal şəkilli maddəni əli ilə göstərərək həmin maddənin metamfetamin olmasını, təxminən 1 il öncə İran vətəndaşı olan Behnam adlı şəxs ilə tanış olduğunu, həmin şəxs ilə sonuncunun istifadəsində olan +**********49 saylı mobil nömrəsi ilə “whatsapp” sosial şəbəkəsi ilə yazışaraq ondan narkotik vasitə əldə etdiyini, 10 gün öncə Masallı şəhərində olan zaman yenidən narkotik vasitə əldə etməsi üçün İran vətandaşı olan Behnam adlı şəxsin +**********49 saylı mobil nömrəsi ilə “whatsapp” sosial şəbəkəsi ilə yazışdığını, Behnam adlı şəxsin yadında qalmayan ona dediyi hesab nömrəsinə “Milli ön” ödəniş terminalı vasitəsilə 400 (dörd yüz) manat pul göndərdikdən sonra, həmin günü Bakı şəhərinə gələrək sonuncunun onun mobil telefonuna göndərdiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində meyvə-tərəvəz satışı ilə məşğul olan mağazanın yanına gedərək oradan daşın altından 10 qram narkotik vasitə olan heroin və 5 qram psixotrop maddə olan metamfetamini götürdüyünü bildirmişdir. - “Azemis Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində 30 iyun 2014-cü il təvəllüdlü bir azyaşlı övladı var. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsini, himayəsində azyaşlı uşağının olduğunu Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 2,268 qram olan narkotik vasitə heroin müvafiq qanunla müəyyən edilmiş həmin növ narkotik vasitənin şəxsi istehlak miqdarından 15 dəfə və təmiz çəkisi 0,710 qram olan psixotrop maddə metamfetamin isə müvafiq qanunla müəyyən edilmiş həmin növ psixotrop maddənin şəxsi istehlak miqdarından 4 dəfə çoxdur. Bu hal da Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini artıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 16 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 Ekspert Komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından qalıq qalmış 2,218 qram narkotik vasitə heroin və 0,660 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olnsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,218 qram narkotik vasitə heroin və 0,660 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-385/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-385/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver