Məhkəmə qərarları › İş №1(006)-388/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-388/2021

09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-388/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Abşeron Rayon Məhkəməsinin 15.03.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 07.01.2019-cu il tarixli qərarı ilə Qaradağ Rayon Məhkəməsinin qərarı dəyişdirilməklə qəti olaraq 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 15.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 mart 2021ci il tarixdə, saat 18:30 radələrində ünvan 3 ünvanının qarşısında hərəkətdə olan 165 saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs çiyninə asdığı əl çantasından içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, tələbə bileti, 150 manat pul və zərər çəkmiş şəxsin qiymətləndirilməsinə görə 20 manat dəyərində gümüş boyunbağı olan 30 manat dəyərində çəhrayı rəngli dəri pul kisəsini çıxarıb gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 29 mart 2021-ci il tarixdə, saat 15 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka" adlanan ərazidə, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 20 manat pul müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.203 qram təşkil edən narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, həmin gün saat 19 radələrində ünvan 4 ünvanın qarşısında Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xəstə anası və 2 azyaşlı övladı ilə birlikdə yaşayır və tikintidə fərdi olaraq fəhlə işləyir. 10 ildir ki, fasiləli olaraq ara-ara narkotik maddə istifadə edir və eyni zamanda 5 ilə yaxındır ki, Sumqayıt- Bakı şəhərdaxili sərnişin avtobuslarında cibgirliklə məşğul olur. Narkotik maddə əldə etdiyi üçün eləcə də cibgirlik etdiyinə görə sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin hökmü ilə 03 il 04 ay azadlıqdan məhrum edilmişdir. Lakin 29.03.2021-ci il tarixdə üzərində narkotik vasitə olmamışdır. Belə ki, həmin vaxt yolda qonşusu Ramillə rastlaşmış, onunla birgə evə gedərkən polis əməkdaşları onlara yaxınlaşıb bölməyə aparmış, Ramil dövlət işində işlədiyindən o, narkotik vasitənin özünə məxsus olduğunu bildirərək cinayəti öz üzərinə götürmüşdür ki. onları polis bölməsindən buraxsınlar. Həmçinin digər bir cinayət əməlini də törətmədiyi halda onun boynuna qoyulmuşlar. Belə ki, o, cibgirlik ilə məşğul olmasına baxmayaraq, ittiham aktında göstərilən oğurluq əməlini törətməmişdir. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, “X4”ndə həkim-koordinator işləyir. Arada bir Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasına özünə geyim əşyaları və paltar almaq üçün gedir və buna görə də arada bir yaşadığı yerin yaxınlığından keçən 165 saylı sərnişin avtobusundan istifadə edir. 29 mart 2021-ci il tarixdə təxminən saat 18:30 radəsində yaşadığı evdən çıxıb Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən geyim mağazalarına getmək üçün 165 saylı sərnişin avtobusuna minmişdir. Həmin vaxt avtobusda sərnişinlər çox olduğu üçün oturmağa yer olmamış və buna görə də, sıxlıq olsa da, ayaq üstə dayanmışdır. Avtobus hərəkət etdikdən təxminən 20 dəqiqə sonra, yəni saat 18:50 radələrində həmin avtobus Memar Əcəmi metrostansiyasının yaxınlığına çatmış və o, həmin avtobusun orta qapısından düşmək istəyən zaman sol çiynində olan əl çantasının içərisinə əlini salıb sürücüyə pul vermək istədikdə həmin əl çantasının içərisində olan çəhrayı rəngli pul kisəsinin orada olmadığını görmüşdür. Bu zaman pul kisəsinin oğurlandığını başa düşmüşdür. Oğurlanmış pul kisəsinin içərisində 150 manat nağd pul, özünə məxsus 20 manat dəyərində klonu olmayan gümüş boyunbağı, eləcə də, özünə məxsus şəxsiyyət vəsiqəsi və tələbə bileti olmuşdur. Pul kisəsinin dəyəri isə 30 manat olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Sonradan isə oğurlanmış əşyalarından bir ədəd gümüş boyunbağı və bir ədəd pul kisəsi ona qaytarılmışdır. Hadisədən sonra ona qaytarılmış boyunbağını itirmiş, pul kisəsini isə cırılaraq yararsız hala düşməsi səbəbindən zibilə tullamışdır. Daha sonra Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını və dəymiş zərərin ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsə cəza təyin edilərkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 izahatında bildirmişdir ki, 29 mart 2021-ci il tarixdə Sumqayıt şəhərində yaşayan və Nəsimi rayonuna tez-tez gəlib-gedən “Yaşar” adlı şəxsin özündə narkotik vasitə saxlaması, daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq və “Yaşar” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədilə onun, Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid1 və Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 29 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, şöbəyə gətirilərək üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni şəxsin özü təqdim etmiş və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsin üzərindən aşkar olunan narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin pul qabını oğurlamasını da təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 izahatında bildirmişdir ki, 29 mart 2021-ci il tarixdə Sumqayıt şəhərində yaşayan və Nəsimi rayonuna tez-tez gəlib-gedən “Yaşar” adlı şəxsin özündə narkotik vasitə saxlaması, daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəisə məruzə olunduqdan sonra həmin məlumatı yoxlamaq və həmin “Yaşar” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədilə onun, Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid1 və Nəsimi RPİ-nin 19-cu PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 29 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində ünvan 6 ünvanın qarşısında xarici görünüşünə görə Yaşar adlı şəxsə bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Sonra həmin şəxsdən özü barədə məlumat verməsini istəmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitə saxlaması, daşıması, istifadəsi və satışı ilə məşğul olması ilə bağlı şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması zərurəti yarandığını bildirmiş və onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razılaşmış və onlarla birlikdə 19-cu PŞ-nə gəlmişdir. Orada hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmiş və vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə ona üzərində, paltarında və paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, həmçinin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret paketi və bir ədəd qırmızı rəngli alışqanı, əynindəki gödəkçənin sol yan cibindən isə bir ədəd çəhrayı rəngli qadın pul kisəsini çıxarıb təqdim edərək stolun üstünə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya aşkar olunmamışdır. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaları bir-bir göstərib bildirməsi təklif edilmişdir. Bu vaxt bir ədəd sellofan bükülüdə olan maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan və nə məqsədlə əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qadın pul kisəsinin içərisində Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və tələbə bileti, bir ədəd gümüşü rəngli boyunbağı, eləcə də 150 manat məbləğində nağd pul olduğu müəyyən olunmuşdur. Həmin qadın pul kisəsini haradan və nə vaxt, necə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin pul kisəsini 29 mart 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrostansiyasının yaxınlığında 165 saylı marşrut xətt avtobusunda bir nəfər tanımadığı qadının əl çantasına əlini salaraq oradan oğurladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükülü götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra isə həmin pul kisəsi də götürülmüşdür. Daha sonra isə şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, heç bir əlavə və ya düzəliş daxil olmamış və düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Şübhəli olan şəxsin tutulması” haqqında 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respubliksı CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.22-23); - 30 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir (İ cild, i.v.68-69); - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 4(006)-140/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 mart 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.101-102); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 6/1249 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,203 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış tədqiqatın dəyəri 81,82 manat təşkil edir (İ cild, i.v.54-57); - “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı aşkar edilərək götürülmüş 1,203 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0.050 qram sərf edildikdən sonra qalıq 1,153 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.154-161); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 17 may 2021-ci il tarixli, 1470 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.148-149); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 20 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 15.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserdə qeydiyyata alınmış, Qaradağ Rayon Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 07.01.2019-cu il tarixli qərarı ilə Qaradağ Rayon Məhkəməsinin qərarı dəyişdirilməklə qəti olaraq 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.02.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, i.v.109-112). Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xidməti otaqların birində polis əməkdaşlarının və mütəxəssisin iştirakları ilə 20 may 2021-ci il tarixdə, saat 11:40 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman sonuncuya üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülü, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret paketi və bir ədəd qırmızı rəngli alışqan, əynindəki gödəkçəsinin sol yan cibindən isə bir ədəd qadın pul kisəsini çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzəri axtarılmış və başqa heç bir əşya və ya maddə aşkar edilməmiş, sorğu zamanı isə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülünün içərisində "kakos" deyilən narkotik vasitə olduğunu, onu “Kubinka" adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmiş, onun təqdim etdiyi bir ədəd qadın pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və tələbə bileti, bir ədəd gümüşü boyunbağı və 150 manat nağd pul olması müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin pul kisəsini 29 mart 2021-ci il tarixdə təxminən saat 18:30 radəsində M.Əcəmi metrostansiyasının yaxınlığında 165 saylı marşrut avtobusunda bir nəfər tanımadığı qadının əl çantasına əlini salaraq oğurladığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu üzərində hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünü, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret paketini və bir ədəd qırmızı rəngli alışqanı, əynindəki gödəkçəsinin sol yan cibindən isə bir ədəd qadın pul kisəsini çıxararaq masanın üzərinə qoyur, həmin maddənin "kakos" deyilən narkotik vasitə olmasını və həmin narkotik vasitəni 20 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını, təqdim etdiyi bir ədəd qadın pul kisəsini isə 29 mart 2021-ci il tarixdə təxminən saat 18:30 radəsində M.Əcəmi metrostansiyasının yaxınlığında 165 saylı marşrut avtobusunda bir nəfər tanımadığı qadının əl çantasına əlini salaraq oğurladığını bildirir. Məhkəmə belə qənaətə gəlir ki, əvvəllər cinayət məsuliyyətinə dəfələrlə cəlb edildiyindən Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun dəymiş ziyanı ödədiyini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs oğlu əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olmasını, cinayətin törədilməsi vərdişinin dayanıqlılığını, məhkum edildikdən sonra cinayətkar fəaliyyətin davam etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 29 mart 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 17 may 2021-ci il tarixli, 1470 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,153 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.5-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 29 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,153 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 81,82 (səksən bir manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar