Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-388/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olan, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, barəsində «həbs» qətimkan təbdiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 noyabr 2024-cü il tarixdə saat 03:30-da Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 105 saylı binanın 16 saylı mənzilinin yerləşdiyi, yalnız bina sakinlərinin sərbəst istifadəsi üçün nəzərdə tutulmuş eyvana qanunsuz daxil olub orada asılqandan asılmış Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 110 manat dəyərində qırmızı rəngli ədyalı, 01 ədəd 450 manat dəyərində boz rəngli paltonu, 01 ədəd 45 manat dəyərində boğazlı köynəyi, 01 ədəd 35 manat dəyərində boğazsız köynəyi, 01 ədəd 300 manat dəyərində tünd göy rəngli gödəkçəni, 01 dəst ümumilikdə 40 manat dəyərində qara rəngli şərf, əlcək və papağı, 01 dəst 35 manat dəyərində mavi rəngli alt paltarını, 01 dəst 30 manat dəyərində yasəmən rəngli alt paltarını, 01 dəst 120 manat dəyərində idman paltarını, 01 ədəd 30 manat dəyərində ağ rəngli köynəyi, 25 manat dəyərində şort və maykadan ibarət dəsti, 01 ədəd 30 manat dəyərində ağ rəngli köynəyi gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 1250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2024-cü ilin sentyabr ayında azadlığa çıxmış, həmin müddətdən etibarən isə müxtəlif ünvanlarda gündəlik olaraq kirayə qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində tək piyada hərəkətdə olarkən zivədə qurudulması üçün asılmış bir sıra paltarlar görmüş, həmin vaxt hava çox soyuq olduğu üçün, eləcə də geyiməyə başqa heç bir paltarı olmadığı üçün zivədəki paltarları oğurlamaq qərarına gəlmişdir. Bununla da, ünvan 3 ünvanında olan binanın 3-cü mərtəbəsinə həmin binada yaşayan sakinlərin istifadə etdikləri pilləkənlər vasitəsi ilə qalxaraq, orada zivədən qurudulması üçün paltar sancağı ilə asılmış vəziyyətdə olan 1 ədəd qırmızı rəngli ədyalı, 1 ədəd boz rəngli paltonu, 2 ədəd ağ rəngli köynəyi, 1 dəst ağ rəngli gecə paltarını, 1 dəst ağ rəngli idman paltarını, 1 ədəd boğazlı qara rəngli könəyi, 1 ədəd boğaz hissəsi olmayan qara rəngli köynəyi, 1 ədəd tünd göy rəngli gödəkçəni, 1 cüt qara rəngli olmaqla 1 ədəd şərf, əlçək və papağı, 1 cüt mavi rəngli alt geyim paltarını və 1 cüt yasəmən rəngli alt geyim paltarını zivədən çıxardaraq oğurlamış, bundan sonra oğurluq yolu ilə ələ keçirdiyi geyim paltarlarını gündəlik olaraq müvəqqəti yaşadığı Kubinka adlanan yerə aparıb saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra oğurladığı əşyaları qaytarmışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və oğurladığı əşyaları bir qismini qaytarmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında təxminən 15 ildir ki, ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 01:00 radələrində özünə məxsus təmiz paltarları evinin önündə quraşdırdığı zivədən asmış, həmin gecə bir daha oyanmamış, səhərisi gün saat 06:00 radələrində oyanıb səhər idmanına gedən zaman paltarlarının zivədən oğurlanmasını aşkar etmiş, müşahidə kameralarına baxdıqda oğurluq hadisəsini qonşuluqdan tanıdığı Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd dəyəri 110 manat təşkil edən qırmızı rəngli ədyalı, 01 ədəd dəyəri 450 manat təşkil edən boz rəngli paltonu, 01 ədəd boğazlı dəyəri 45 manat təşkil edən köynəyi, 01 ədəd boğazsız dəyəri 35 manat təşkil edən köynəyi, 01 ədəd tünd göy rəngli dəyəri 300 manat təşkil edən gödəkçəni, 01 dəst ümumi dəyəri 40 manat təşkil edən qara rəngli şərfi, əlçək və papağı, 01 dəst mavi rəngli dəyəri 35 manat təşkil edən alt paltarını, 01 dəst yasəmən rəngli dəyəri 30 manat təşkil edən alt paltarını, 01 dəst dəyəri 120 manat təşkil edən idman paltarını, 01 ədəd dəyəri 30 manat təşkil edən ağ rəngli könəyi, 01 dəst ağ rəngli şort və maykadan ibarət dəyəri 25 manat təşkil edən gecə paltarını, 01 ədəd ağ rəngli dəyəri 30 manat təşkil edən köynəyi oğurlamış, hadisə nəticəsində ona ümumilikdə 1250 manat ziyan dəymiş, qeyd etdiyi geyim əşyalarının hamısını 2024-cü il tarixdə müxtəlif vaxtlarda müxtəlif paltar geyim mağazalarından almış, aldığı geyim paltarlarının dəqiq markalarını xatırlamır. Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 105, 16 nömrəli mənzilin qarşısında olan eyvanda qurudulması üçün paltar sancağı vasitəsi ilə paltarlar asılmış zivə onun mənzilinə aid olan hissədir, həmin hissəyə kənar şəxslərin daxil olmasına icazə yoxdur. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin qismən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə AR CM-nin 177.1-ci maddəsi ilə məkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v.4); - “Məhkəməyədək sadələşdirilmiş icraat materialları əsasında cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair tərtib edilmiş yekun protokolu Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən təsdiq edilməyərək fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1-2); - “Şübhəli şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması üçün barəsində axtarış elan edilmişdir (i.v.117); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.131); - “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir (i.v.135); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir (i.v.137); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.157); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.166-167); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.177); - “Təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.199, 201); - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaqın davam etdirilməsi Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Ağabala Cəfərova həvalə olunduğundan həmin tarixdə dayandırılmış icraat sonuncu tərəfindən təzələnərək icraatına qəbul edilmişdir (i.v.205); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olması nəzərə alınaraq cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.208); - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” və “Qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v.211, 214); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi yenidən ittiham elan edilərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır (i.v.216-220); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.222); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-388/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarışı elan edilmiş, Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır; - Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-47207/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-388/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvandır (i.v.8-9); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən eidlmişdir ki, həmin diskdə 1 ədəd fayl vardır. Həmin fayl 51 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər qadın cinsinə məxsus şəxs pilləkənləri qalxıb zivədən asılmış vəziyyətdə olan geyim əşyalarını oğurlayır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə əks olunan qadın cinsindən olan şəxs özüdür, o, həmin oğurluq hadisəsini xx.xx.2024-cü il tarixdə törətmişdir (i.v.18); - “Könüllü təqdim etmə və götürmə aparılması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirdiyi 1 ədəd üzərində "Ferrari" yazılanı olan qırmızı-göy rəngli ədyalı, 1 ədəd "Esenyurt" markalı boz rəngli paltonu, 1 dəst ağ rəngli "Crep" markalı idman paltarını, 1 ədəd ağ rəngli "Terranova" markalı köynəyi, 1 ədəd ağ rəngli "Cencored" markalı paltarı könüllü olaraq təqdim etmişdir (i.v.20-23); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X1 "Ferrari" yazıları olan qırmızı-göy rəngli ədyal 1 nömrəsi, 1 ədəd "Esenyurt" markalı boz rəngli palto 4 nömrəsi, 1 dəst ağ rəngli "Crep" markalı idman paltarı 8 nömrəsi, 1 ədəd ağ rəngli "Terranova" markalı köynək 9 nömrəsi, 1 ədəd ağ rəngli "Cencored" markalı paltar 3 nömrəsi ilə şərti olaraq nömrələnmiş paltarları nəzərdən keçirib həmin əşyaların özünə məxsus xx.xx.2024-cü il tarixdə oğurlanmış əşyalar olmasını bildirmişdir (i.v.24-28); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9994 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 05 adda geyim əşyalarının istifadədə olması və yuxarıda göstərilən xüsusatları (üzərində kəsiklər, söküklər və s. olmaqla) nəzərə alınmaqla yerli internet saytlarında 2024-cü ilin noyabr ayına satışı və qiymətləri barədə məlumat olmadığından qiymətləndirmə aparılmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.47-50); - “Maddi sübutun tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd üzərində "Ferrari" yazıları olan qırmızı-göy rəngli örtük, 01 ədəd "Esenyurt" modelli boz rəngli palto, 01 dəst ağ rəngli "Crep" modelli idman paltarı, 01 ədəd ağ rəngli "Terranova" modelli köynək, 01 ədəd ağ rəngli "Cencored" modelli paltar maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i.v.193); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 09 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 09 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır (i.v.181-182); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-116/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-15/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2023-cü il tarixdə tutulduğu 01 (bir) gün, həmçinin 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət olmaqla cəmi 05 (beş) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.36-45). Məhkəmə iclasında hadisənin videogörüntülərinin əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər qadın cinsinə məxsus şəxs pilləkənləri qalxıb zivədən asılmış vəziyyətdə olan geyim əşyalarını oğurlayır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan qadının özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanı qismən ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, vurulmuş ziyanı qismən ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində "Ferrari" yazıları olan dəyəri 110 manat olan qırmızı-göy rəngli örtüyün, 01 ədəd "Esenyurt" markalı dəyəri 450 manat olan boz rəngli paltonun, 01 dəst ağ rəngli "Crep" markalı dəyəri 120 manat olan idman paltarının, 01 ədəd ağ rəngli "Terranova" markalı dəyəri 30 manat olan köynəyin, 01 ədəd ağ rəngli "Cencored" markalı dəyəri 25 manat olan paltarın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 308 (üç yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində "Ferrari" yazıları olan dəyəri 110 manat olan qırmızı-göy rəngli örtüyün, 01 ədəd "Esenyurt" markalı dəyəri 450 manat olan boz rəngli paltonun, 01 dəst ağ rəngli "Crep" markalı dəyəri 120 manat olan idman paltarının, 01 ədəd ağ rəngli "Terranova" markalı dəyəri 30 manat olan köynəyin, 01 ədəd ağ rəngli "Cencored" markalı dəyəri 25 manat olan paltarın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 (iyirmi səkkiz) saata görə 308 (üç yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-388/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-388/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver