Məhkəmə qərarları › İş №1(006)-389/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-389/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-389/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, ev 11, mənzil 10-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13.02.2020-ci il tarixdə, saat 18:35 radələrində ünvan 1 ünvanda yerləşən “Rich Life” minik maşınlarının icarəsi xidməti ilə məşğul olan ofisə müştəri qismində daxil olub işçilərin orada olmamasından istifadə etməklə stulun üzərinə qoyulmuş, X2 məxsus 2.500 manat dəyərində, üzərində 20 manatlıq ***-***-**-** saylı GSM nömrə olan “iPhone 11 Pro Duas” markalı mobil telefon aparatını oğurlayaraq zərər çəkmiş şəxsə 2.520 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan əlavə o, 24.03.2020-ci il tarixdə, saat 17:46 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən müxtəlif növ eynəklərin satışı və təmiri ilə məşğul olan “X7” mağazasına müştəri qismində daxil olub orada stolun üzərinə qoyulmuş, üzərində 10 manat dəyərində yaşıl rəngli qoruyucu örtüyü və 1 manatlıq danışıq limiti olan 25 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə istifadə edilən 2.550 manat dəyərində bir ədəd “iPhone 11 Pro” markalı və üzərində 10 manatlıq ***-***- **-** saylı GSM nömrə ilə istifadə olunan 100 manat dəyərində bir ədəd “iPhone 5S” markalı mobil telefon aparatlarını götürərkən mağazanın işçisi tərəfindən bu əməli aşkar edilmiş, lakin buna əhəmiyyət vermədən həmin əşyaları açıq talayıb qaçaraq zərər çəkmiş şəxsə 2.696 manat dəyərində maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə qəbul etmiş və maddi durumu çətinləşdiyindən özünə narkotik almağa pulu olmamışdır. Buna görə də 13 fevral 2020-ci il tarixdə, saat 18 radələrində o, ünvan 1 ünvanda olarkən “Rich Life” adlı avtomobillərin icarəsi xidməti ilə məşğul olan mağazadan oğurluq edib əldə etdiyi pula narkotik vasitə almaq qərarına gəlmişdir. Bir qədər ofisdən çöldə dayanıb içəridəki şəxslərin oradan uzaqlaşmasını gözləmişdir. Daha sonra heç kimin olmadığı bir vaxtda fürsət tapıb açıq qapıdan mağazaya müştəri kimi daxil olmuşdur. Bu vaxt oradakı stulun üzərində gördüyü tünd yaşıl rəngli, “iPhone” markalı mobil telefon aparatını götürüb qapını bağlayaraq mağazadan çıxıb dərhal qaçmışdır. Həmin günü saat 20 radələrində oğurladığı telefonu metronun “20 Yanvar” stansiyası yaxınlığındakı mobil telefonların alqı-satqısı ilə məşğul olan mağazada 300 manata satmışdır. Bundan başqa, 24 mart 2020-ci il tarixdə, günorta saatlarında o, dostu Samirlə metronun “Nizami” stansiyasının yaxınlığında gəzərkən hər ikisində narkotik asılılığı olduğundan ağrıları başlamış, lakin pulları olmadığından maddə ala bilməmişlər. Aralarında belə razılığa gəlmişlər ki, pul tapıb narkotik vasitə əldə etsinlər. Elə bu fikirlə onlar şəhərin mərkəzinə gəlmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə S.Əsgərova küçəsinin kəsişməsində yerləşən eynək satışı ilə məşğul olan mağazanın qarşısından keçərkən o, Samirə içəriyə girməyi təklif etmişdir. Orada olarkən içəridə heç kimin olmadığını fürsət bilib mağazadan oğurluq etmək qərarına gəlmişdir. Samir eynəklərə baxanda o, mağazanı nəzərdən keçirib məlumat mərkəzindəki stolun içəri tərəfində bir ədəd yaşıl rəngli “iPhone 11 Pro” markalı və bir ədəd ağ rəngli “iPhone 5S” markalı mobil telefon aparatlarını görmüşdür. O, həmin stolun içəri tərəfinə əyilib iki ədəd mobil telefonu götürərək cəld qapıya doğru hərəkət etmişdir. Bu ərəfədə dəhlizdən gələn bir nəfər şəxs ardınca onu səsləmişdir. O həmin şəxsin onun əməllini bildiyini düşünüb ona əhəmiyyət vermədən küçəyə çıxıb qaçmağa başlamış və kiminsə onun ardından gəldiyini hiss etmişdir. Oğurladığı “iPhone 11 Pro” markalı telefonu “20 Yanvar” dairəsinin yaxınlığında 300 manata satmışdır. Məhkəməyə çağırılmasına baxmayaraq zərər çəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmiş, sonuncu isə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Eyni zamanda müdafiə tərəfi işə zərər çəkmiş şəxslərin iştirakı olmadan baxılmasını xahiş edərək zərər çəkmiş şəxs X1 əvvəlki məhkəmə baxışında verdiyi ifadəsi ilə razı olduqlarını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 isə ibtidai istintaq dövründə verdiyi ifadəsinin elan olunmasına etiraz etmədiyini söylədilər. Məhkəmədə zərər çəkmiş şəxslərin ifadələri elan olunmuşdur. Zərər çəkmiş şəxs X1 iş üzrə keçirilmiş 03.11.2020-ci il tarixli məhkəmə baxışı iclasının protokolunda əks olunmuş ifadəsinə əsasən Kamranbəy Zeynallı onun dostudur. 13 fevral 2020-ci il tarixdə, saat 16 radələrində o, dostu Kamranbəyin işlədiyi ünvan 1 ünvanda yerləşən “Rich Life” adlı avtomobillərin icarəsi xidməti ilə məşğul olan mağazaya qonaq getmişdir. Bu zaman ofisdə Kamranbəy və onun qaradaşı Orxanbəy olmuşdur. Söhbət ərəfəsində o, özünə məxsus 2.500 manat dəyərində bir ədəd “iPhone 11 Pro” markalı mobil telefonu ofisdəki oturacağın üzərinə qoyub digər otağa keçmişdir. Qəfildən giriş qapısının səsi eşidilmişdir. O, Kamranbəyə qapının açıldığını, içəriyə deyəsən kiminsə gəldiyini söyləmişdir. Kamranbəy də qardaşı Orxanbəyi kimin gəldiyinə baxmağa yollamışdır. Orxanbəy ofisin əsas otağına keçdikdə onlar sonuncunun kiməsə “a kişi, dayan” deyə səslənməsini, daha sonra isə cəld addımlarla ayaq səslərini eşitmişlər. O, Kamranbəylə giriş qapısına tərəf gedəndə oranın açıq qaldığını və ətrafda heç kimin olmadığını görmüşlər. Kamranbəylə çölə çıxıb orada olan şəxslərdən ofisdən qaçan adamın hansı tərəfə getdiyini maraqlanmış, onlar da bu şəxsin “Mazaki” mağazası istiqamətində qaçdığını bildirmişlər. O, Kamranbəylə deyilən istiqamətə doğru qaçmağa başladıqda, sonuncu ofisdə heç kim olmadığndan oraya qayıtmasını söyləmişdir. O, ofisə qayıdıb zəng vurmaq istədikdə, ofisin əsas otağındakı stulun üzərinə qoyduğu “iPhone 11 Pro” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Artıq ofisə gələn həmin şəxsin onun mobil telefonunu götürüb qaçdığını başa düşmüşdür. Bir az sonra Orxanbəylə Kamranbəy ofisə qayıtdıqda onlara da oğurluq barədə bildirmişdir. Orxanbəy həmin şəxsi tuta bilmədiyini, ardınca qaçıb ondan dayanmasını tələb etsə də, onun çağırışlarına məhəl qoymadığını söyləmişdir. Onlar birlikdə ofisi axtarıb telefonu tapa bilməmiş, orada olan kameranın videogörüntülərinə baxmışlar. O, bir daha ofisə gələn naməlum şəxsin telefonu oğurladığına əmin olmuşdur. Kamranbəy baş vermiş oğurluq hadisəsi ilə əlaqədar “102” xidmətinə zəng edib məlumat vermişdir. Telefonun üzərində 20 manatlıq 050 ***-**-** saylı GSM nömrə olmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur (İİ cild, i.v. 187-190). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsindən aydın olur ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən müxtəlif növ eynəklərin satışı və təmiri ilə məşğul olan “X7” mağazasını icarə əsasında işlədir. 24 mart 2020-ci il tarixdə, saat 17:46 radələrində o və satıcısı Pərvin mağazada olarkən iki nəfər şəxs müştəri qismində içəriyə daxil olmuşdur. O, mağazadakı müşahidə kameralarından müştərilərə nəzarət edərkən onlardan birinin məlumat mərkəzinə yaxınlaşdığını, digərinin isə eynəklərə baxdığını görmüşdür. Məlumat mərkəzinə yaxınlaşan müştərinin oradaki stolun üzərindən içəri hissəyə doğru əyilərək hansısa əşyanın götürdüyünü müşahidə etmişdir. O, şübhələnib həmin şəxsə yaxınlaşaraq ondan etdiyi hərəkətin səbəbini soruşduqda, sonuncu dərhal giriş qapısından çıxıb qaçmağa başlamışdır. O da hansısa əşyanı oğurladığından şübhələnib onun ardınca R.Behbudov küçəsi istiqamətində qaçmış, lakin sonradan izini itirmişdir. Mağazaya qayıdanda Pərvin yolda olarkən ona zəng vurub mağazanın məlumat mərkəzindəki stolun üzərində qoyduğu iki ədəd mobil telefonun yerində olmadığını söyləmişdir. O, artıq qaçan şəxsin mağazadan onun mobil telefonlarını götürüb getdiyini başa düşmüşdür. Dərhal oğurluq barədə polisə məlumat vermişdir. Hadisə nəticəsində onun üzərində 10 manat dəyərində yaşıl rəngli qoruyucu örtüyü və 1 manatlıq danışıq limiti ilə 25 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 2.550 manat dəyərində bir ədəd “iPhone 11 Pro” markalı, üzərində 10 manatlıq ***-***-**-** saylı GSM nömrə olan 100 manat dəyərində bir ədəd “iPhone 5S” markalı mobil telefon aparatları oğurlanmışdır (İ cild, i.v.29-31). İş materiallarında olan:  “Kontakt Home” mağazası tərəfindən verilmiş qızıl zəmanət talonu və müqavilədən görünür ki, 17.03.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 2.550 manata “iPhone 11 Pro 64 Gb” telefon almışdır (İ cild, i.v.18-22);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.03.2020-ci il tarixli, 4(006)- 164/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25.03.2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.95-98);  “Baxış və götürmə barədə” 02.04.2020-ci il tarixli protokol və “Sübutların qiymətləndirilməsi haqqında” 09.06.2020-ci il tarixli qərara əsasən bir ədəd “iPhone 11 Pro” markalı mobil telefon, bu telefonun üzərində olan yaşıl rəngli qoruyucu örtük və “iPhone 5S” markalı mobil telefon götürülərək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır (İ cild, i.v.105-113, İİ cild, i.v.63-76);  Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 10.09.2020-ci il, 16.02.2021-ci il və 16.07.2021-ci il tarixli teleqramlarda onun Təqsirləndirilən şəxs şikayətçi olmadığı, ona dəymiş ziyanın ödənildiyi qeyd olunur (İİ cild, i.v.151-152, İV cild);  X4 tərəfindən məhkəməyə ünvanlanmış 03.11.2020-ci il tarixli ərizədə onun Təqsirləndirilən şəxs şikayətçi olmadığı, onunla barışdığı qeyd olunur (İİ cild, i.v.192);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.04.2020-ci il tarixli arayışı və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.04.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14.08.2015ci il tarixli qərarı ilə cəzası 04 il 09 aya endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur (İ cild, i.v.124- 136, 238-240). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir (5-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətlərə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cinayətkar vərdişini, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da yüksək ictimai təhlükəli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 25 mart 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “iPhone 11 Pro” markalı mobil telefon, bu telefonun üzərində olan yaşıl rəngli qoruyucu örtük və “iPhone 5S” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə, həmin Məcəllənin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 mart 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “iPhone 11 Pro” markalı mobil telefon, bu telefonun üzərində olan yaşıl rəngli qoruyucu örtük və “iPhone 5S” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs2 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar