Məhkəmə qərarları › İş №1(006)-389/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-389/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-389/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli klasik şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,036 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmərək ifadəsində göstərmişdir ki, o, yaşıl bazarı adlanan yerdə dayanacaqda işləyir. May ayının əvvəllərində işdə olarkən bir nəfər şəxsin avtomaşını idarə edərək qıza sataşmağını görmüş və qız ondan kömək istəmişdir. O, da həmin şəxsə yaxınlaşaraq öz iradını bildirdikdə, sonuncu onu təhqir etməyə başlamış o, da maşının qapısını açıb onu vurmuşdur. Sonradan həmin oğlan avtomaşından düşərək ona hədə qorxu gəlmiş, özünün Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı Orxan olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixidə sahə müvəkkili onu Nəsimi RPİ-yə dəvət etmiş, o, işdən sonra İdarəyə getmiş və orada polis əməkdaşları onu saxlamışlar. Orada qarşısına silah və narkotik vasitə qoyaraq ondan seçməsi təklif olunmuş, o, isə silahın başqa cinayətdə istifadə edildiyindən şübhlənərək psixotrop maddə olan metamfetamini götürmüş və polis əməkdaşlarının ona verdikləri tapşırığa əsasən izahatını imzalamışdır. Həmçinin polis əməkdaşları şprisi onun qırmızı-göy rəngli zolaqlı uzun qol köynəyinin sol yan döş cibinə və 01 ədəd şəffaf polietilen selofana bükülmüş kristal şəkilli ağ rəngli bükümü onun əynindəki göy rəngli klassik şalvarının sağ yan cibinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş o, da çəkiliş zamanı polis əməkdaşlarının ona dediklərini sözbəsöz təsdiq etmişdir. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Nəsimi RPİ-yə gedərkən orta dərəcəli içkili vəziyyətdə olmuş və polis əməkdaşlarının ona qarşı edilmiş qanunsuz hərəkətləri ilə bağlı heç bir yerə şikayət etməmişdir. Daha sonra özünü təqsirli bilməməsini nəzərə alaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, S.Əsgərova küçəsi ev 180 ünvanında Elşad adlı şəxsin narkotik maddələrin saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə xx.xx.2022ci il tarixdə saat 10 radələrində Şöbənin kiçik inspektoru Şahid2 iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi dair qərar qəbul etmiş və birlikdə ünvan 4 ünvanına yollanmışlar, həmin günü saat 11 radələrində ünvan 2 ünvanının qarşısında “Elşad” adlı şəxsin olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib, onun üzərinə baxış keçirilməsi məqsədilə Şöbəyə dəvət etmişlər. Şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində idarənin TŞ-nin təhqiqatçısı polis mayoru Saleh Salahzadə tərəfindən müdafiəçi təyin edilərək, üzərinə şəxsi axtarışın keçirilməsi və axtarışın aparılmasını video çəkilişlə aparmaq üçün mütəxəssis dəvət edilmiş, onun, və Şahid2, təhqiqatçı S.Salahzadənin, müdafiəçinin və mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra sonuncunun əynindəki qırmızı-göy rəngli zolaqlı uzun qol köynəyinin sol yan döş cibinə baxılmış, 01 ədəd alışqan, 01 ədəd iynəsi üstünə qoruyucu ilə taxılmış şpris, 01 ədəd kilid açarı və əynindəki göy rəngli klassik şalvarının sağ yan cibinə baxılmış 01 ədəd şəffaf politelin selofana bükülmüş kristal şəkilli ağ rəngli büküm aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə sonuncunun üzərində axtarış aparılmağa başlanılmış və onun üzərindən hər hansısa başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu və öz şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə “28 May” metrostansiyasının yeni çıxışında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata aldığını qeyd etmişdir. Daha sonra aşkar olunmuş 01 ədəd büküm və 01 ədəd iynəsi üstünə qoruyucu ilə taxılmış şpris təhqiqatçı tərəfindən qablaşdırılmasını, zərfə qoyularaq üzəri möhürlənərək bağlanılmiş və protokol iştirakçıların hamısı tərəfindən imzalanmışdılr. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2, ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qırmızı-göy rəngli zolaqlı uzun qol köynəyinin sol yan döş cibindən 01 ədəd alışqan, 01 ədəd iynəsi üstünə qoruyucu ilə taxılmış şpris, 01 ədəd kilid açarı və göy rəngli klassik şalvarının sağ yan cibindən 01 ədəd şəffaf politelin selofana bükülmüş kristal şəkilli ağ rəngli büküm aşkar edilmişdir. Cinayət işinin 23-24-cü vərəqələrində olan 31 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 89-93-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 may 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 53-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 6/3047 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkat edilmiş maddə...» yazıları, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,036 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd 2 mil-lik şprisin içərisində 0,2 ml həcmdə qəhveyi rəngli maye heroin məhluludur, quru halda təmiz çəkisi 0,006 qramdır. Qeyd: Ekspertiza tədqiqatı zamanı metamfetamin təmiz çəkisi 1,036 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,986 qram qalıq qalmışdır. Cinayət işinin 54-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 123-127-ci vərəqələrində olan 02 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,986 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd 2 mil-lik şprisin içərisində 0,2 ml həcmdə qəhveyi rəngli maye heroin məhlulu saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 23 iyul 2022ci il tarixli, 4025 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 106-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 3-cü dəfə ACDİÜ Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 181.2.2, 181.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı ilə həmin Məcəllənin 178.1-ci maddəsi hökmdən xaric edilərək, həmin Məcəllənin 66.3-cü madəsinə əsasən cinayətlərin məcmusu üzrə sonuncunun üzərində qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə cəzadan azad azad edilmişdir. Cinayət işinin 111-116-cı vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 181.2.2, 181.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 117-119-cu vərəqələrində olan qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı ilə həmin Məcəllənin 178.1-ci maddəsi hömdən xaric edilərək, həmin Məcəllənin 66.3-cü madəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 48-ci vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, çəkiliş 31 may 2022-ci il tarixdə saat 12-40-dan başlamış və çəkilişdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Sonuncunun əynindəki qırmızı-göy rəngli zolaqlı uzun qol köynəyinin sol yan döş cibinə baxılmış, 01 ədəd alışqan, 01 ədəd iynəsi üstünə qoruyucu ilə taxılmış şpris, 01 ədəd kilid açarı və əynindəki göy rəngli klassik şalvarının sağ yan cibinə baxılmış 01 ədəd şəffaf politelin selofana bükülmüş kristal şəkilli ağ rəngli büküm aşkar edilərək masanın üzərinə qoyulur və Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu və öz şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə “28 May” metrostansiyasının yeni çıxışında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş və 20 ilə yaxın müddət ərzində müxtəlif vaxtlarda narkotik vasitədən istifadə etdiyini bildirmiş, həmçinin məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri könüllü olaraq imzalamış və ona istinad edilən əməli tam etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş CD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki qırmızı-göy rəngli zolaqlı uzun qol köynəyinin sol yan döş cibindən 01 ədəd alışqan, 01 ədəd iynəsi üstünə qoruyucu ilə taxılmış şpris, 01 ədəd kilid açarı və əynindəki göy rəngli klassik şalvarının sağ yan cibindən 01 ədəd şəffaf politelin selofana bükülmüş kristal şəkilli ağ rəngli büküm aşkar edilərək masanın üzərinə qoyulur və Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu və öz şəxsi istifadəsi üçün 30 may 2022-ci il tarixdə “28 May” metrostansiyasının yeni çıxışında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyət etmədi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə ACDİÜ Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 181.2.2, 181.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı ilə həmin Məcəllənin 178.1-ci maddəsi hökmdən xaric edilərək, həmin Məcəllənin 66.3-cü madəsinə əsasən cinayətlərin məcmusu üzrə sonuncunun üzərində qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad azad olunmasına baxmayaraq, altı il keçmədən, yəni xx.xx.2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 31 may 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 23 iyul 2022-ci il tarixli, 4025 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,986 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd 2 mil-lik şprisin içərisində 0,2 ml həcmdə qəhveyi rəngli maye heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 55 (əlli beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili C.A.Səmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,986 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd 2 mil-lik şprisin içərisində 0,2 ml həcmdə qəhveyi rəngli maye heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar